Bu gün bütün Azərbaycan xalqının ürəyi cəbhədəki
oğullarımızın yanındadır. Gün boyu hər kəsin ovqatı da,
sözü-söhbəti, qayğıları da müharibə meydanından gələn xəbərlərə
köklənib. Hamının bir yumruğa dönüb düşmən üstə getdiyi bir
məqamdır bu gün.
Dünyanın müxtəlif ölkələrindən Azərbaycanın haqq işinə dəstək
verənlərin də sayı artmaqdadır. 25 ildən bəri, bir vaxt dost,
qardaş deyib bağrımıza basdığımız nankorların yolumuzu kəsdiyi
doğma torpaqlarımız azadlıq havası, igidlərin nərəsi ilə ayağa
qalxıb. Bu gün hər kəs qələbə deyir, bu gün hər bir vətəndaşımız
Ali Baş Komandanın səsinə səs verir. Biz də deyirik: ermənilər
ölmək istəmirlərsə, qoy çıxıb öz evlərinə getsinlər! Bu torpaqlar
bizim torpağımızdır, bizim ulu babalarımızın əsrlər boyu yaşadığı
böyük Vətənin bir parçasıdır.
Birinci Qarabağ savaşından sonra elan olunan atəşkəsdən keçən 22
il ərzində (12 may 1994-cü ildən bəri) bizim ölkəmiz öz mövqeyini
ən yüksək beynəlxalq səviyyələrdə dəfələrlə bəyan eləyib, "biz qan
tökmək istəmirik, torpaqlarımızı sülh yolu ilə qaytarmaq
istəyirik!" - deyib. Amma erməni tərəfi, Ermənistanın daşnak ruhlu
liderləri nəinki bu xoşməramlı çağırışa, heç BMT-nin qətnamələrinə
belə məhəl qoymadan, dədə-baba torpağıymış kimi Şuşada kilsə
ucaldıb, işğal elədiyi Kəlbəcərə, Laçına və digər tarixi
məkanlarımıza turist səfərləri təşkil eləyir. Halbuki 1988-ci
ildən, Ermənistandakı və dünyadakı hayların sərsəm "Böyük
Ermənistan" xülyasının ilk mərhələsi başlayandan, yüz minlərlə
azərbaycanlının həyatını kabusa çevirən müharibədən sonra biz
Şuşaya da, Qarabağa da həsrət qaldıq. Bu gün mənim kimi milyonlarla
Azərbaycanlının əzəli və əbədi torpaqlarına getmək imkanı yoxdur.
Mən nə övladlarımı, nə nəvələrimi nə də ölkəmə gələn qonaqlarımı
göz bəbəyimiz olan Şuşaya apara bilmirəm. Niyə, nə üçün? Siz deyin,
ay ermənilərin havadarı olan ikiüzlülər, dünyada özünü mədəni,
sivil sayan hansı ölkələrin əhalisi bizim üzləşdiyimiz vəziyyətə bu
qədər duruş gətirə bilərdi? Bizim teatrda çalışan qaçqınlar hər
Novruz bayramı gələndə göz yaşlarını saxlaya bilmirlər: "Hər kəs bu
əziz gündə doğmalarının qəbrini ziyarətə gedir, bəs biz hara gedək,
əzizlərimizin qəbrini necə ziyarət edək, onların nigaran ruhunu
necə ovudaq" - deyə sual edirlər. Onlara təsəlli verməkdən başqa,
təəssüf ki, gücümüz heç nəyə çatmır. Ermənilərin həyasızlığı və
cəzasızlığı hətta o həddə çatıb ki, Rusiya vətəndaşı olan iki
Azərbaycanlını dədə-baba torpaqlarına gəliblər deyə, ömürlük həbs
cəzasına məhkum ediblər və nədənsə Rusiya öz vətəndaşlarının
taleyinə bu günə kimi biganə qalıb, halbuki bu insanlar heç bir
cinayət törətməyiblər, onların yeganə günahı azərbaycanlı
olmalarıdır. Ermənilər işğal elədikləri torpaqlara xaricdən
artistlər dəvət etməkdən, bu yerlərdə müxtəlif festivallar
keçirməkdən belə çəkinmirdilər! Amma onlar unutmuşdular ki,
günlərin bir günündə nəhayət ki, Haqq, Ədalət öz yerini tutacaq,
Azərbaycan xalqının da səbir kasası daşacaq, bu xalq qarşısındakı
nadana öz yerini və həddini göstərməyə qadir olduğunu sübuta
yetirəcək!
Azərbaycan Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev
öz çıxışlarında həmişə vurğulayır ki, "Düşmən bizim sülh
təkliflərimizi, danışıqlar masasına oturmaq ideyamızı, onlarla
insani davranışımızı başqa cür yozub və mövqelərimizə hücum çəkib.
Belə olan halda təbii ki, Azərbaycan əsgəri rəşadət göstərərək
düşmənin vertolyotunu məhv edib. Ondan sonra bizdən qisas almağa
başlamışlar. Hətta Ermənistanın ən yüksək rütbəli, vəzifəli
şəxsləri demişlər ki, biz qisas alacağıq. O faşist ideologiyasının
nəticəsində onlarla erməni əsgəri təmas xəttində həlak olmuşdu. Mən
demişəm və bir daha demək istəyirəm ki, ölmək istəmirsinizsə,
Ağdama, Füzuliyə getməyin, oturun öz yerinizdə. Qisasa gəldikdə isə
qisası biz almalıyıq və alırıq da. Biz Xocalı qurbanlarının
qisasını alırıq və alacağıq. Şəhidlərimizin qanı yerdə qalmamalıdır
və qalmır".
Bizim heç kəsin torpağında gözümüz yoxdur! Bu bizim humanist və
sülhsevər xalqımızın yaşam kredosudur! 1918-ci ildə ermənilərə
dünyadakı havadarlarının (dünya bizə niyə belə qahmar çıxmır,
bilmirəm!) dəstəyi ilə bizim torpaqlarımızda respublika yaradılanda
da bizi susdurmağa müvəffəq oldular. Başımızı min bəhanə ilə
aldatdılar, əlimizdən Zəngəzur mahalını da alıb bu riyakarlara
peşkəş verdilər və yenə də Azərbaycanı susdurmağa müvəffəq
oldular.
Lakin indi dövran dəyişib. Başımızın üstündə SSRİ adlı
imperiyanın Demokl qılıncı yoxdur! Müstəqil Azərbaycanın dövlətlər
arasında mövqeyi, bayraqlar sırasında bayrağı, imzalar içində
imzası var! Bu gün biz öz torpağımıza sahib çıxmaq əzmindəyik və 3
gündən bəri davam edən döyüşün ilk nəticələri də bunun bariz
nümunəsidir. Ölkə başçısının Azərbaycan xalqına ilk təbriki sabahın
böyük Qələbə xəbərinin müjdəçisidir!
Bu gün hər kəs döyüş, hər kəs qələbə deyir! Ordumuz Ali Baş
Komandanın əmri ilə öz torpaqlarımızı düşməndən təmizləməyə
başlayıb. Bizim əsgərimiz qaçqın və məcburi köçkünlərin, şəhid
ailələrinin və 9 milyonluq bir xalqın HAQQINI özünə qaytarmaq üçün
silaha sarılıb.
Hər kəs bu qələbəyə öz payını verməyə çalışır. Müharibədə
yaralanan 19 yaşlı döyüşçü Elçinin: "Tez olun, məni sağaldın,
səngərdə dostlarım yolumu gözləyir!" - çağırışı yaşından asılı
olmayaraq hər bir vətəndaşımızın qəlbini intiqam hissi ilə
coşdurur. Dünən erməni saytları Sisyan rayonunda döyüşə gedən
saçı-saqqalı ağarmış ermənilərin video görüntülərini yayıb. Həmişə
olduğu kimi, bu quldurlara (əminəm ki, onların hamısı Xocalı
qətliamının iştirakçıları, Ağdərənin, Füzulinin, Kəlbəcərin,
Ağdamın, Zəngilanın, Cəbrayılın, Şuşanın kəndlərini yandıranlar,
dinc əhalimizə divan tutanlardır) erməni kilsəsi xeyir-dua verir.
Mən sadəcə bir insan kimi anlaya bilmirəm ki, bu adamlar niyə
gələcəklərini fikirləşmirlər, niyə başa düşmürlər ki, bu gün
Azərbaycan onların 22 il əvvəl gördüyü siyasi və iqtisadi cəhətdən
zəif bir ölkə deyil, yüksək inkişaf mərhələsinə qədəm qoymuş bir
ölkədir ki, onun öz torpaqlarını qaytarmaq üçün hər cür imkanı
var!
Bu gün biz hamımız özümüzü arxa cəbhədəki kimi hiss etməliyik.
Ona görə biz Ali Baş Komandanımızın sözləri ilə səciyyələndirsək,
"daha da güclü olmalıyıq, daha da güclü orduya sahib olmalıyıq".
Biz bir-birimizi qorumalıyıq, şayiələrə uymamalıyıq, cəbhədən gələn
xəbərlərə təmkinlə yanaşmalı, şəhid ailələrini bağrımıza
basmalıyıq!
İndi doğma torpağımız uğurunda canını fəda edən igidlərimizə
"Böyük Azərbaycan uğrunda şəhidliyin mübarəkdir", - deməyi bacaran
bir xalqın Haqq divanı başlayıb! Ədalət və Haqq divanın var olsun,
Vətən!