Deyirlər, dünyada 124 min peyğəmbər olub, mən bunu
yazılarımda da, televiziya çıxışlarımda da demişəm. Bu 124 min
peyğəmbərin hətta min nəfərinin adını çəkə biləcək nə bir din
xadimi var, nə bir alim, nə tarixçi, nə də statistik.
Yəni, əslində, dünyada 7 peyğəmbər var. Onları da bütün dünya
qəbul edir. Və özümü təkrar eləmək istəmirəm. Bir də dünyaya elə
insanlar gəliblər ki, peyğəmbər kimi. Amma onların peyğəmbərliyi
qəbul olunmayıb. Onlar filosof kimi qəbul olunublar, şair kimi
qəbul olunublar, rəssam kimi qəbul olunublar, bəstəkar kimi qəbul
olunublar, sərkərdə kimi qəbul olunublar, alim kimi qəbul
olunublar. Və bir də var ki (peyğəmbərlər bütün dünya üçün nəsə iş
görürlər), belələri öz milləti üçün peyğəmbərlik eləyiblər. Misal
da çəkə bilərik - Çingiz xan, Əmir Teymur, Şah İsmayıl, Pyotr,
Napoleon, Atatürk, Heydər Əliyev...
Və bir də insanlar var ki, onlar, əslində, peyğəmbər kimi
doğulublar, amma peyğəmbər ola bilməyiblər. Ya özlərinin gücləri
çatmayıb, ya cəmiyyət imkan verməyib, ya da nə bilim nə.
Deyirlər, heç nə unudulmur, heç nə yaddan çıxmır. Belə bir söz
də var, adətən bu sözləri Vətən yolunda şəhid olanlara deyirlər:
"Vətən səni heç vaxt unutmaz!"
Boş sözdü, çox qəşəng unudur Vətən belə oğulları, yaddan
çıxarır. Belə oğullar Vətənin yaddaşında deyil, millətin yaddaşında
deyil, arxivlərdə yaşayır. Haçansa, Vətənin bir oğlu arxivdən bunu
tapır və yenidən millətin yadına salır.
Çıxaq bu ölkənin şəhərlərində bir sorğu keçirək. Aygün Kazımova
ilə Namiq Qaraçuxurlunu bu millətin pişikləri də tanıyır, amma
Məhəmməd Hadini (əgər o zaman ulu öndərimiz, general Heydər Əliyev
Həsən Seyidbəylini, İmran Qasımovu çağırıb bu faktı söyləməsəydi və
bunun sayəsində Mehdi Hüseynzadə tanınmasaydı, Mehdinin həyatından
bəhs edən "Uzaq sahillərdə" filmi çəkilməsəydi, heç Mehdi
Hüseynzadəni də qəhrəman kimi tanıyan olmayacaqdı. İki dəfə Sovet
İttifaqı Qəhrəmanı Heybət Heybətovu tanıyan varmı? Yoxdu! Heç
ölkənin bir faiz əhalisi də tanımır. Deməli, insan unudulur. Vaqif
Cəbrayılzadə (Vaqif Bayatlı Odər) çox gözəl yazır ki, bu dünyada
unudulanda ölümlər də gerçək olur. Yəni xalqımızın unudub
ölümlərini gerçəkləşdirdiyimiz oğulları çoxdur və onlardan biri də
Aydın Məmmədovdur), beş min adam tanısa, sevinərəm. Məhəmməd Hadi
bir az uzaq keçmişdədi, Allahverdi Bağırovu (Azərbaycanın Milli
Qəhrəmanı) görün neçə adam tanıyır? Tanımırıq, qardaş, tanımırıq!
Bu Allahverdinin bədbəxtliyi deyil, millətin bədbəxtliyidi.
Allahverdi Vətən yolunda vuruşdu, şəhid oldu, cənnətdədi. O yerdədi
ki, bizi ora buraxmayacaqlar. Ən azı ona görə ki, xalqımızın
cənnətlik oğullarını tanımırıq. Eləcə də Aydın Məmmədovu.
İctimai Televiziyanın rəhbərliyinə, əməkdaşlarına necə təşəkkür
edim?! Onlar birdən-birə bu xalqın peyğəmbər ola bilməyən, amma
peyğəmbər övladı Aydın Məmmədovu yenidən arxivlərdən tapdılar,
çıxardılar və millətə göstərdilər ki, sənin belə bir oğulun da var.
Elə təkcə bu verilişi ərsəyə gətirmək kifayətdir deyək ki, İctimai
Televiziya bir daha xalqın, millətin televiziyası olduğunu
təsdiqləsin, yamanlar nə deyir, desin.
Aydın Məmmədov mənim üçün həmişə yaşayan bir adamdı. Rəşad Məcid
şahiddir, Zakir Fəxri şahiddir, digər dostlarım şahiddir ki, biz
Bakıdan durub Şəkiyə, Aydın Məmmədovun məzarını ziyarət eləməyə
gedirik. Düzdür, son 1-2 ildə getməmişik, bu da bizim bir
günahımız. İctimai Televiziya bir daha bizə günahımızı xatırlatdı,
qandırdı.
Evimdə tez-tez bu qeyri-adi adam haqqında söhbətlər gedir.
Dəhşətlisi odur ki, Aydın Məmmədov şair deyildi ki, tez-tez
şerlərini oxuyaydılar, Aydın Məmmədov yazıçı deyildi ki, romanları,
povestləri haqqında danışaydılar, kitablarını çap edəydilər (Bir
Vidadi Məmmədov da vardı, onu sevənlər üçün həmişə var, inşallah,
bir gün onun haqqında da sözümüzü deyərik, hələ bir Vidadi Paşayev
də vardı). Alim idi, tənqidçi idi, bunlar da çox kiçikdi İNSAN
sözünün yanında. Aydın Məmmədov İNSAN idi, peyğəmbər ola bilməyən
İNSAN. Həm də ictimai xadim idi. İctimai xadim idi ey, ictimai
xədim deyildi.
Bir dəfə Leninqraddan (Sankt-Peterburq onda Leninqrad idi) iki
akademik gəlmişdi Elmlər Akademiyasında simpozium keçirirdilər və
sübut eləmək istəyirdilər ki, azərbaycanlılar türk deyil, farsdı.
Onda Aydın Məmmədov (Azərbaycanın böyük alimləri Ziya Bünyadov da,
Mirəli Seyidov da onlarla mübahisədə məğlub oldular) həmin
akademikləri, loru dildə desək, elmlə soxdu itin qılçına. Və çox
qəribə bir hadisə oldu. Aydın Məmmədov həmin akademiklərdən birinin
öz sözlərini inkar eləyən, yəni azərbaycanlıların türk olduğunu
sübut eləyən bir faktını misal gətirdi. Akademik dedi ki, o heç bir
əsərində, heç bir kitabında belə bir fikir söyləməyib. Aydın
Məmmədov qalxdı, getdi yazı taxtasına, təbaşiri götürdü və həmin
alimin təxminən iki kitab səhifəsi həcmində yazdığı fikri yazı
taxtasına yazdı. Dedi ki, bu sizindir və filan kitabınızda, filan
səhifədə yazılıb. Dedi, yox, mən belə şey yazmamışam! Aydın
Məmmədov məndən xahiş elədi ki, gedim onların evinə, həmin alimin
filan kitabını gətirim. Dərhal oturdum maşına, gedib kitabı
gətirdim.
Aydın Məmmədov kitabı götürdü və həmin alimdən xahiş elədi ki,
buyur, özün oxu. Alim həmin yeri oxudu, məlum oldu ki, Aydın
Məmmədovun yazı taxtasına yazdığı həmin alimin fikirlərində bircə
vergül səhvi də yoxdu.
Aydın Məmmədov ucaboy adam idi. Həmin iclasda tez-tez yerindən
durub etiraz eləyirdi. Leninqraddan gələn akademiklərdən biri dedi
ki, siz oturun danışın, onsuz da siz bizdən uzunsunuz (bu rusca
daha gözəl çıxır, amma mən rusca yazmıram), Aydın Məmmədov da
güldü, dedi, mən sizdən uzun deyiləm, sizdən ucayam.
Şair Sabir Rüstəmxanlı bir dəfə dedi ki, Moskvada SDL-də iki rus
şairi sübut etmək istəyirdi ki, Azərbaycan dili poeziya dili deyil,
poeziya dili rus dilidi və bizi küncə sıxışdırmışdılar. Bu vaxt
Aydın Məmmədov gəldi. Təxminən yarım saatın içində nəinki sübut
elədi ki, Azərbaycan dili dünyanın ən gözəl poeziya dilidi, hətta
sübut elədi ki, ümumiyyətlə, rus dili yoxdu, bu dil türk dilinin
bir qoludur. Və hər iki rus şairi əlinin dalını yerə qoydu.
Aydın Məmmədov bizim adət etdiyimiz çərçivədə yaşaya bilmirdi və
bəlkə də yaşamaq istəmirdi. Çünki Aydın Məmmədov bəzən ətrafındakı
adamların nadanlığını görəndə dəli olurdu.
Oxucu, yormuram ki, səni? Söhbət sənin tanımadığın Aydın
Məmmədovdan gedir. Özü də bildiklərimin hamısını yaza bilmirəm axı.
Aydın Məmmədov haqqında on kitab yazarsan, qurtarmaz. Bir balaca
qəzet səhifəsində bunu necə yazım axı? Ona görə birdən dağa
gedirəm, birdən arana gəlirəm, birdən də Aydın Məmmədovun Şəkidəki
məzarının iyirmi addımlığındakı Kiş çayında batıram.
...1990-cı il. Ali Sovetə deputat seçkiləridi. Aydın Məmmədov
Nərimanov rayonundan namizədliyini irəli sürüb, daha doğrusu, onda
namizədliyini irəli sürürdülər, hansısa bir təşkilat, nə bilim nə.
Aydın Məmmədovla eyni dairədən bir cəbhəçi də namizədliyini irəli
sürmüşdü. Hamı Aydın Məmmədovdan tələb edirdi ki, o, namizədliyini
geri götürsün cəbhəçinin xeyirinə. Onda cəbhəçilər dəbdəydi və
kimliyindən asılı olmayaraq, cəbhəçiydinsə, sən hamıdan
yuxarıdaydın, lap indiki YAP-çılar kimi.
Aydın Məmmədov cavanlığında yeyib-içən oğlan olmuşdu. Çox pullu
bir kişinin oğlu idi. Aydın Məmmədovun Moskvadakı tələbə yoldaşları
deyirdi ki, o illərdə Aydın pul çıxarmırdı, qızıl onluq, qızıl
beşlik çıxarırdı hesab verəndə. Sonra həbsxanaya düşdü, elmi atdı.
Həbsxanadan çıxandan sonra elmə qayıtdı və qayıdan kimi də "Ulduz"
jurnalında böyük bir məqaləsi dərc olundu, özü də bir neçə nömrədə:
"Zamanla səsləşən şeirlər sorağında". Və həmin məqalədə
Azərbaycanın ömrü boyu tənqid görməyən, həmişə təriflənən,
sığallanan xalq şairlərini belə, loru dillə desək, yıxdı-sürüdü.
Təbii ki, məntiqlə, ilahi poeziyanın gözüylə və bizim, yəni
ictimaiyyətin gözləmədiyi bir baxışla. Hamı düşdü üstünə. Amma
Aydın Aydın idi, sındıra bilmədilər, əzə bilmədilər, əzab verdilər,
amma yenə deyirəm, əzə bilmədilər. Nə isə. Həbsxanadan çıxandan
sonra şərab içmirdi.
1990-cı il, yenə seçkilər vaxtı. Birdən-birə Etibar Məmmədovun
xalqa bir müraciətini (onda da Etibar Məmmədovun Comolunqma zirvəsi
olan vaxtı idi) bütün Bakıya yaydılar, divara yapışdırdılar ki,
Aydın Məmmədova deyil, həmin cəbhəçiyə səs verin.
Bakıda bir "Gülnarə2 kafesi var. Məmməd Arazın evi həmin kafe
olan binanın 11-ci mərtəbəsində idi. Və mən də Məmməd Arazın
yanında, kişi kimi desək, qoltuğunda yaşayırdım, amma pulum-param
vardı. Bütün qonaqları "Gülnarə"yə aparırdım. Seçkilər vaxtı bir
otağı da daim saxlayırdım ki, Aydın Məmmədov və onun vəkilləri orda
yeyib-içsinlər və sabahkı planlar da məhz burada tutulurdu. Kişi
gərək düzünü desin, restoranın hesabına da Rəşad Məcidlə
şərikiydik.
Axşam yenə hamı ora yığışmışdıq. Aydın Məmmədov gəldi, dedi ki,
Rəşad, deynən mənə 100 qram konyak gətirsinlər. Hamımız
təəccübləndik. Təxminən 9 iliydi çörək yediyimiz, dostluq etdiyimiz
Aydın Məmmədov ilk dəfə içmək istəyirdi. Konyak gətirdilər, gördü
hamımız təəccüblə baxırıq, dedi:
- Etibar Məmmədovun müraciətini oxumusunuz?!
Sonra da içdi. (Və ondan sonra hərdən 100 qram yox, 50 qram
konyak içirdi). Və dedi:
- Mən sabaha görüş təyin eləmişəm və Əbülfəz bəyi də dəvət
etmişəm, həmin cəbhəçi ilə ikimiz bir yerdə görüş keçirəcəyik. Qoy
həmin cəbhəçi yox, o uşaqdı, onun ağsaqqalları, Bəy, Etibar,
gəlsinlər mənlə dialoqa, görək bu xalqa daha çox kim lazımdır.
Görüş oldu. Təbii ki, görüşdə Əbülfəz bəy də yoxuydu, Etibar bəy
də yoxuydu və millət ayaq üstə Aydın Məmmədovu alqışladı.
Çox qəribəydi ki, Aydın Məmmədovu nə Vəzirov hakimiyyəti
sevirdi, nə ondan sonra Mütəllibov hakimiyyəti sevirdi, nə də
cəbhəçilər. Aydın Məmmədov nə hakimiyyətdə olanlara, nə də
hakimiyyətə can atanlara lazım idi. Aydın Məmmədov bu xalqa lazım
idi. Çünki o, bu xalqın peyğəmbər ola bilməyən peyğəmbər övladı
idi. Çünki onu yalnız və yalnız bu xalqın taleyi maraqlandırırdı.
Onun üçün ailə də yoxuydu, övlad da yoxuydu, elm də yoxuydu, ömrünü
sərf elədiyi türkologiya vardı, türkçülük vardı və bu millət
vardı.
Və bu millət Aydın Məmmədovu qoruya bilmədi.
Hakimiyyətdəkilərin və hakimiyyətə gəlmək istəyənlərin qurbanı
oldu Aydın Məmmədov. Dərdə bax, bir donuz balası çıxır yola, sürücü
(hansısa bir rayonun 1-ci katibinin sürücüsü - Qaxıydı, Qəbələydi,
Zaqatalaydı, yadımdan çıxıb) donuz balasına qıymır, maşını yoldan
çıxarır və Azərbaycanın iki böyük övladını - Aydın Məmmədovu və
Dilarə Əliyevanı öldürür. Və bu cinayət işi də basdırılır, sürücü
də salamat qalır...
Aydın Məmmədov, əslində, həmin hadisədən təxminən bir həftə
əvvəl ölməliydi. Yadınıza düşürsə (bilirəm ki, millətin yadından
çoxdan çıxıb), Şuşada Aydın Məmmədovun mindiyi vertolyotu vurdular,
amma o, vertolyotdan sağ çıxdı. Ölümündən iki gün əvvəl dəniz
qırağında "Venesiya" deyilən yeməkxanada Aydın Məmmədovun sağ
qalmağı ilə əlaqədar bir qonaqlıq da verdik. Orda cibindən bir topa
sənəd çıxardı, dedi ki, məni öldürmək istəyirdilər. Xüsusilə də
qeyd elədi ki, bunu Polyaniçko təşkil edib, bilirdilər ki, mən bu
sənədi parlamentin növbəti iclasında üzə çıxaracam, amma gücləri
çatmadı, Allah qorudu, inşallah, növbəti iclasda mən iqtidarı da,
müxalifəti də məhv edəcəm.
Növbəti iclasa üç gün qalmışdı. İkinci günü Aydın Məmmədov həlak
oldu. O sənəd də getdi, filan da getdi, bəhmən də getdi... O
sənədlərdə nə vardı, bu gün də heç kim bilmir və heç vaxt da
bilinməyəcək!
Aydın Məmmədovu nə iqtidardakılar sevirdi, nə də
müxalifətdəkilər. Aydın Məmmədov bir rayona çıxış etməyə gedəndə
həm iqtidar öz emissarlarını göndərirdi, həm müxalifət ki, Aydın
Məmmədovun dediklərini təkzib eləsinlər. Amma gücləri çatmırdı.
Çox istərdim ki, Aydın Məmmədovun Ali Sovetin iclaslarında
etdiyi çıxışların stenoqrafik mətnini çap eləsinlər. Mən onu
tənqidçi kimi, alim kimi, türkoloq kimi yazılarını qoyuram bir
kənara - onda görərlər millətini sevən kişi necə olurmuş!
Arxivimə əl atıram, görüm Aydın Məmmədovun məşhur "4-cü
mikrofon"dakı çıxışı zamanı çəkilən bir şəklini tapa bilərəmmi?
Tapa bilsəm, həmin şəkli verəcəm, tapa bilməsəm, Aydın Məmmədovun
şəklini verməyəcəm.
Mən sözümü bitirmədim. Bu mövzuya qayıdacam. Bir daha İctimai
Televiziyaya minnətdarlıq edirəm ki, məni və Aydınsevərləri
"danladı".
Sözümün axarında.
Aydın Məmmədovun nəşini həyətdə çiynimizə qaldırıb
qəbiristanlığa aparırıq. Darvazadan çıxanda atası bir söz dedi:
- Mən bir də Bakıya oğul vermərəm!
Mənim üçün çox dəhşətli bir söz idi. Aydın Məmmədov ailənin
yeganə oğlu idi. Və atasının da indən belə oğul əkmək imkanı
yoxuydu. Ata bu sözü dedi, özü də ağlayıb-eləmədən dedi. İlahi, bu
nə deməkdi, bu nə ağrıdı, bu nə acıdı, bu nə faciədi, bu nə
söyüşdü:
- Mən bir də Bakıya oğul vermərəm!
Mən bunun fəlsəfəsini aça bilərəm, açmaq istəmirəm. Bəlkə
hansısa bir yazıda bu mövzuya qayıdaram.
Amma ağsaqqal səhv edirdi. O, Aydın Məmmədovu Bakıya verməsəydi,
Azərbaycan xalqının Aydın Məmmədov kimi bir oğlu olmazdı. O, ata
kimi Bakıya övlad verməklə bir oğul itirdi, amma əvəzində mən, sən,
o, biz, bu MİLLƏT bir Aydın Məmmədov qazandı.
Rəhmətlik Vidadi Məmmədovun 1980-ci illərdə Ağdamda toyda dediyi
bir sağlığı olduğu kimi yazıram (düzdü, mən Aydın Məmmədov kimi
fenomen yaddaşa malik deyiləm):
- Biz Ağdama gələndə Bərdədən keçdik. Mən Bərdədə doğulmuşam.
Maşında gizləndim ki, Bərdə torpağı məni görməsin. Utandım bu
torpaqdan. Çünki Bərdə məni Bakıya göndərmişdi ki, Bərdəyə şərəf
gətirim, şöhrət gətirim, şan gətirim, gətirə bilmədim. Ona görə
utandım Bərdə torpağından. Amma Vaqif Cəbrayılzadə Cəbrayılda dik
yeriyə bilər, Əbülfəz bəy də Azərbaycanda!
İndi Aydın Məmmədov Azərbaycanda dik yeriyə biləcək bir oğlan
idi. Bağışla, Aydın Məmmədov, biz sənin bizə sevginin yüzdə birini
qaytara bilməmişik. Eybi yox, əsas odur ki, cənnətdəsən və əsas
odur ki, səni sevməyənlərin və səni öldürənlərin heç vaxt üzünü
görməyəcəksən.
Dəhşətlisi odur ki, biz onları tanıyırıq və demək olar ki,
tez-tez görürük.
P.S. Bağışla, hörmətli oxucu, bütün arxivimi axtardım, sizə vəd
etdiyim şəkli tapa bilmədim. Belədir də, dünya... Aydın Məmmədov
demişkən, "Yaşamaq lazımdır sabaha qədər".
Bilirsinizmi niyə? Peyğəmbər ola bilməyənlərin peyğəmbərliyindən
yazmaq üçün...
2006-ci il.
Qeyd: Bu gün böyük azərbaycanlı Aydın
Məmmədovun ölümündən 25 il ötür…