Son zamanlar ortaya bir talış söhbəti atıblar, xüsusilə
sosial şəbəkələrdə. Geniş müzakirələr gedir. Xaricdə yerləşən,
hansısa dövlətlər tərəfindən maliyyələşən səhifələr bu məsələni
daha geniş fırladır, xalqları üzbəüz qoymağa
çalışırlar.
Ermənistan lap canıyanan çıxıb. Talışca bir televiziya açıb, bir
radio açıb və Azərbaycanın əleyhinə, azərbaycançılıq əleyhinə geniş
bir təbliğat aparır. Yuxaqulağı sulayanlar da tapıblar. Söyüşlər,
təhqirlər… Bir sözlə, ilana ağı verənlər kef eləyir. Azərbaycan
türküylə, talışıyla, ləzgisiylə, kürdüylə, yəhudisiylə, rusuyla,
tatıyla, avarıyla, inqiloyuyla bir çələngdi. Bu çələngdə hər xalqın
öz ətri var. Və Azərbaycanın müstəqiliyində, inkişafında da hər
xalqın öz qatqısı var. Və bu çələngi dağıtmağa indiyədək kimsənin
gücü çatmayıb, indən belə də çatmayacaq.
Bir ara ləzgiləri ayağa qaldırmaq istədilər, SADVAL yaratdılar
və arxalarında böyük güclər olsa da, aldıra bilmədilər. Ləzgi xalqı
o separatçıların arxasınca getmədi, Ulu Öndərin ardınca getdi.
Ələkrəm Hümbətov xarici güclərin dəstəyi ilə Talış-Muğan
Respublikası yaratdı, amma yenə aldıra bilmədilər. Talış xalqı
Ələkrəmin ardınca getmədi, Ulu Öndərin ardınca getdi.
Həm də ona görə aldıra bilmədilər ki, dini bir, adət-ənənəsi
bir, tarixi, mədəniyyəti bir olan və bir-birinə qaynayıb-qarışmış,
min bir yerdən qohumluq əlaqələri olan xalqları üz-üzə qoymaq
mümkün deyil.
Arada bir kürd söhbəti də salmaq itstədilər, o da alınmadı.
Alınmaz da.
1918-ci ildə Azərbaycan müstəqillik qazananda bu müstəqillik
uğrunda bu xalqlar bir yerdə mübarizə aparmışdı. Və imperiya
orduları erməni kölələri ilə bərabər Azərbaycanda soyqırım
törədəndə baxmamışdı bu türkdü, talışdı, ləzgidi, yəhudidi, kürddü,
tatdı.
20 Yanvarda da imperiya tanklarının qarşısına bu xalqlar birgə
çıxmışdılar, özü də əliyalın.
Çünki Vətən bölünmür. Bu Vətən həm türkündü, həm talışındı, həm
ləzginindi, həm yəhudinindi, həm tatındı…
Qarabağ savaşında döyüşənlərin və şəhid olanların 80 faizi
könüllü idi. Ailələrini, evlərini-eşiklərini, övladlarını atıb öz
ciblərinin puluna aldıqları silahlarla Qarabağa gəlib bu Vətən
naminə erməni işğalçıları ilə vuruşurdular: kürdü ilə, talışı ilə,
ləzgisi ilə, yəhudisi ilə, rusu ilə.
Onları heç kəs məcbur göndərməmişdi, yuxarıda qeyd etdiyimi
kimi, könüllü idi hamısı. Bu Vətənin qeyrətini, namusunu,
gələcəyini, hər qarış torpağını qorumaq üçün gəlmişdilər.
Üstündən keçib, heç bəlkə də sirr deyil, həmin müharibədə demək
olar ki, bütün telsizlərdə işləyənlər hamısı talışıydı. Həm
kəşfiyyatçılar, həm hərbi hissələr, həm batalyonlar bir-biriylə
talış dilində əlaqə saxlayırdılar. Çünki ermənilər Azərbaycan
dilini bilirdilər və bizim danışıqlarımızı telsizlərdə
dinləyirdilər.
İndi həmin o talışları, Qarabağda son damla qanına qədər vuruşan
talışları, bu torpaqlar uğrunda saysız-hesabsız şəhidlər verən
talışları bu dövlətin, Azərbaycanın əleyhinə qaldırmaqmı olar?!
Təbii ki, ortada yuxaqulağı sulayanlar var. Saxta profillərlə
türkləri, türkçülüyü təhqir edənlər və saxta profillərlə talışları
təhqir eləyən türklər. Bunlar da barmaq sayı, uzaqbaşı onların
üstünə ayaq barmaqlarını da gəl.
Mənim "Dolu" romanımda, həm də "Dolu" filmində nə bir obrazın
adı var, hamısı rəmzidi, nə də bir rayonun adı çəkilir.
Yalnız bir Lənkəran adı var. Niyə məhz Lənkəran?
Romanda buna geniş yer versəm də, filmdə bircə yerdə qeyd olunur
ki, Lənkərandan 25 nəfər könüllü gəlib və silahları da var, düzdü,
amma azdı. Yəni silahsız, əli yalın gəliblər Qarabağda savaşmağa –
baltayla, dəhrəylə. Necə ki savaş başlayanda elə çoxları baltayla,
yabayla, dəhrəylə savaşırdı.
Niyə məhz Lənkəran? O da bir simvoldu, cənub bölgəsinin
paytaxtıdı Lənkəran. Həm də müharibədə şahidi olduğum bir hadisəyə
görə yazdım bunu.
Lənkərandan 18 yaşlı bir uşaq bəlkə də evdən qaçıb gəlmişdi
Ağdamda vuruşmağa. Qeyrətlə də vuruşurdu, sonra şəhid oldu.
Batalyon komandiri Hacı Əkbər Rüstəmovun qucağında can verdi.
"Dolu"dakı Pələng kimi! Adətən başqa bölgələrdən olan şəhidləri
valideynləri ya özləri gəlib aparırdı, ya da döyüşçü yoldaşları
aparıb öz el-obalarında dəfn edirdilər.
Həmin lənkəranlı gəncin (çox təəssüf ki, adını unutmuşam. Atası
və ya qohum-əqrəbası bu yazını oxuyursa, mənimlə əlaqə
saxlasaydılar, sevinərdim) atası
gəldi Ağdama. Amma oğlunun nəşini Lənkərana aparmadı. Dedi, şəhid
şəhid düşdüyü torpaqda, qanı tökülən torpaqda dəfn olunmalıdır. Və
o gənci Ağdam Şəhidlər Xiyabanında dəfn etdilər. Sözgəlişi, Ağdamda
üç Şəhidlər Xiyabanı vardı. Və sonra o qeyrət dağarcığı olan gəncin
atası Lənkərana dönmədi. Dedi, oğlumun silahını verin mənə və
qoşuldu oğlu yaşlı gənclərə, girdi oğlunun şəhid olduğu səngərə.
Bax, məhz bu mənə Lənkəranın adını yazdırdı romana, çəkdirtdi
filmə.
İndi o talış balasının ruhundan qorxun! Qarabağda şəhid olan
yüzlərlə talış oğullarının ruhundan qorxun! Onların ruhu talışları
Azərbaycan xalqının üstünə qaldırmaq istəyənləri boğar!