17 yaşlı Anarın 40 yaşına
Sizə bir oğlandan danışmaq istəyirəm. Əliyev Anar Akif oğlundan.
Bu ad sizə heç nə demir. Tanımırsınız.
Anar mənim dayım oğludu. Amma həm də oğlum kimidi. Deyərsiniz,
necə yəni! Məsələnin qəribəliyi onda deyil ki, cəmi səkkiz yaş
böyüyəm ondan, adam səkkiz yaşda ata olmur. Qəribəlik mənim ona
bağlı duyğumdadı.
Atalıq yaşa yox, o duyğunu bəslədiyin adama bağlıdı. Məsələn,
atam onu ölümə aparan xəstəliyə tutulanda yerimiz dəyişdi, daha
atam yox, oğlum oldu. O, ərköyün oğul, mənsə narahat ataydım. Ona
yönəlik bütün qərarları mən verirdim, ata kimi.
Anara atalıq duyğum isə bir başqa cür idi. Bu sirli hissi onun
adqoyma mərasimində yaşadım. Onda bu hissin adını bilmirdim, sadəcə
üstündə sonacan anlamadığım məsuliyyətim olacaqdı elə bil. Qoy,
tarixçəni danışım, bəlkə fikrimi daha asan izah edə bildim.
Demək, Anar doğulanda qohum-əqraba nənəmgilə yığılmışdı. 1976-cı
il, mayın 26-sı idi. Səkkiz yaşım vardı. Dayımın sevimlisi
olduğumdan idi yəqin, dedi, adını Vahid qoyacaq. Ciddi bir tapşırıq
almışam kimi, bir az tərəddüdlə qabağı çıxdım, amma çox
fikirləşmədim:
"Xarlamov!", – dedim. Şaqqanaq çəkib güldülər. Yeni doğulan
uşağa sovetin 17 nömrəli məşhur xokkeyçisi Valeri Xarlamovun adını
qoydum. Uşaqlıq kumirim idi.
"Xarlamov familyadı, sən bir
ad de". Bir xeyli düşünüb, "Anar", – dedim. Anar həmin il biz
Qubadlıda olanda dostlaşdığım qonşu oğlunun adı idi. Bəyəndilər,
eləcə adı Anar oldu.
17 rəqəmin bir tilsimi vardımı?! Beş il sonra Xarlamov yol
qəzasında öləndə ağladım.
İllər ötdü, onunla aramızda qəribə münasibət yarandı. Elə bil
onun tərbiyə-təhsilinə mən də cavabdeh idim.
O, sakit, qaradinməz, adamayovuşmaz idi. Qapalılıydı. Dalğın
olardı çox vaxt, elə bil nəyisə düşünürdü. İndi ha fikirləşirəm,
gülüşü yadıma gəlmir.
İnsanın qəlbinə yol onun keçirdiyi hissləri duyub bölüşməyindən
keçir. Səmimi bir ünsiyyətdən. Bəzən ünsiyyət adamın bütün başqa
ehtiyaclarına üstün gəlir.
Mehrini nənəmə salmışdı. Onun nənəmə ürək qızdırması verdiyi
suallardan, elədiyi söhbətlərdən görünürdü. Çoxlu sualları
vardı.
Bir səfər Bakıdan gələndə nənəm mənə belə dedi: "Onu da apar sən
gedən şəhərə. Qoy oxusun, o, ağıllıdı". "Məktəbi qurtarsın hələ", –
dedim. Az qalmışdı məktəbi bitirməyinə.
Ona Bakıdan danışırdım. Bulvarda qol-qola gəzən qızlardan,
oğlanlardan, kinoteatrların arxa sıralarından, "Neftçi"nin oyununda
qışqırıb bağırmağımızdan, yer altında metrodan, sanki əlləri
Tanrıya uzanan telli trolleybuslardan, Xəzərin çimərliklərindən,
İçərişəhərdən, gəmi gəzintisindən, bir sözlə, qaynar Bakı
həyatından.
"Mən də getmək istəyirəm Bakıya, oxumaq istəyirəm", – deyib
arzularından danışırdı hər dəfə. Elə sənin, mənim arzumuz kimiydi
onun da arzusu.
Bir yol eşitdim ki, məktəbdə bir qıza aşiq olub. Birbaşa
soruşdum, aşiq olmusanmı, deyə. Adam da elə allanarmı, ilahi! Guya
ayıb şeymiş – boynuna almadı!
Dünyanın ən kədərli sevgisi nakam sevgilər deyil, etiraf
edilməyən sevgilərdi. Anar həyada biri yüz il qala öz sevgisini
istədiyi qıza deyə bilməzdi.
Sonra müharibə başladı…
Bir gün xəbər gəldi ki, Ala Yaqubun özünümüdafiə batalyonuna
qoşulub. Məktəbi də, mənə danışdığı arzusunu da qoyub cəhbəyə
gedib. Hamı onu dilə tutdu. Rəhmətlik Yaqub dəfələrlə "Çıx get, get
dərsini oxu! Müharibə sənlik deyil", dedi.
Hamımızın fağır, sakit, mağmın bildiyimiz Anar inadından
dönmədi. Mən də xeyli dilə tutdum, oxumalısan, dedim. "Təsəvvür
edirsən, Ağdama girsələr Xocalıda elədiklərinin on qatını
edəcəklər!? Bakıya sonra gələcəm, müharibədən sonra. Paraxoda
minərik".
Axırıcı dəfə həyətində hamamı olan başqa bir dayımgildə gördüm
onu. Ayrı rayonlardan gəlib batalyonunda döyüşən əsgər dostlarını
çimməyə gətirmişdi. Gedəndə dayımdan soruşdu: "Əmi, olar hərdən
dostlarımı gətirim yuyunsunlar?" "Gətir, qaqa, gətir, niyə
olmur!"
Ağır illər idi. Müharibənin miqyası böyümüşdü, səngər davasına
keçmişdi. Biz də kommunistləri devirib, milli hökumət qurmuşduq,
böyük arzularımız, umudlarımız vardı. Amma Gəncədə qiyam qalxmışdı.
Gecəni də işdə yatırdıq. Prezident aparatında işləyirdim onda.
Bir gün anam zəng elədi. 1993-cü ilin 26 iyun günüydü. Onun ölüm
xəbəri məni günün günortasında tutdu. Şok yaşamadım. Çünki neçə
günün şoku canımdaydı, keyimişdim. Aləm qarışmışdı. Ölkə başçısı
Bakını tərk edib getmişdi. Hökumət başın itirmişdi. Prezident
aparatına qəribə adamlar ayaq açmışdı. Ermənilər girəvəliyib hər
yandan hücuma keçmişdilər. Təzə başbilənlərimizsə Milli Məclisdə
köhnə haqq-hesablarını çürüdürdülər. Ölkənin müharibə getməyən
hissəsində adamlar parlament "razbokaları"nın tamaşasına durmuşdu,
ciddi maraqla.
Azad cəmiyyət qurmaq istəyimiz də Anarın arzuları kimi yarıda
qaldı.
Mən Anarın dəfninə gedə bilmədim. Qiyam xəyal-dövlətimizi artıq
boğazlamışdı. Anarların hər gün on-on, yüz-yüz ölən günüydü.
Anarın ölümündən bir ay sonra Ağdam işğal olundu. Arzusu Bakıya
getmək olan Anarın ömür yolu Xramord dağınacan çatdı, onu keçə
bilmədi.
…O vaxtdan elə bilirəm, həm də onun yarım qalan ömrünü
yaşayıram.
***
Bu gün sənin 40 yaşındı! Böyüyüb yekə kişi olmusan! Ruhun da
böyüyübmü görən? Mələk qanadlarınla cənnətin hansı bağında uçursan
indi?! Bilirsən, səndən sonra Ağdamı qoruya bilmədik. Bakı da
simasını dəyişdi, daha əvvəlki şəhər olmadı. Sənin təsəvvüründəki
alabəzək şəhər yoxa çıxdı. Bombozdu, elə indi də!
Yarımçıq ömür olmur! Bütün ömürlər dolub bitir. Baxır adam bu
ömrü nəylə doldurur. Sənin 17 yaşının boyu çox ucadı, elə 40 yaş
boyda. Şərəflidi, ona görə!
Sən ölməmisən, sağsan, bizimləsən! Bir yerdəyik! Amma onu
bilmirəm, sən mənim yanımdasan, ya mən sənin!
Nəysə, səhər açılır. Gözlədim açılsın, 40 yaşını təbrik edim!
Mənim əziz oğlum, qardaşım, dostum Anar!