İsveç kitabxanasından payız qeydləri
Dünən şəhər kitabxanasına getmişdim. Baltik dənizindən küləyin
gətirdiyi qara-qura buludların bozartdığı yağışlı havada getməyə
kitabxanadan yaxşı yer gəlmirdi ağlıma, həm də çoxdandır dəymirdim.
Çöldə çətirin suyun çırpıb, guya kitabları islanacaqmış kimi
ustufca girdim kitabxanaya. İsti, işıqlı bir yer.
Bizim dildə dörd kitab var burda, dördü də mənim yazdıqlarımdır.
Eləsi var, iki-üç ildir rəfdədir, qatı da açılmayıb. İyirmi-otuz il
keçə bir səhifəsini də çevirən olmaz, yəqin. Elə-belə, bizdən də
kitab olsun deyə vermişəm kitabxanaya. "Yad ölkənin kitabxanasında
kimdir azərbaycanca kitab soraqlayan!", - deyərsiniz. Bəlkə də
haqlısınız, amma dediyim odur ki, Yalamadan Astarayacan sərhədi
olan bu balaca dilimizin heç bapbalaca sayda oxuyanı da yoxdur.
Kitab oxumaqdan danışıram, muğam, meyxana oxuyanımız kalandır.
Elə həmin rəfin altındaca türkcə kitablar olan hücrədir.
Qırx-əlli kitab olar, içində Əziz Nesinin "Gözünüz aydın əfəndim",
Əlif Şəfəqin " Ustam və mən" kitabları da var. Əvvəl gördüyüm
kitablardır, yenilənməyib.
Sonra rusca kitablar olan bölməyə keçirəm. Beş yüzəcən kitab
olar, bizimkilərdən tək Çingiz Abdullayevin "Apoligiya zdrovoqo
smısla" kitabıdır, hər görəndə göz gəzdirib, əl sürtürəm,
özümüzünküdür, doğma gəlir.
Rus bölməsinin kitabları tez-tez dəyişir, yenilənir. İndi də
çoxdanın tanışı Aleksandr Podrabinekin "Dissidentı" qarışıq xeyli
təzə kitab gəlib, "əllər"də olanlar qayıdıb, oxuyub rəfə qoyduğumun
çoxu gözümə dəymir - "əllər"ə gedib.
Bu balaca İsveç şəhərində maraqlı rusdilli icma var, bir kəlmə
ondan da deyim. Çoxu isveçliyə ərə gələn, sovet zamanın xoş
xatırlayan, babat təhsil görmüş xanımlardır. Bir neçəsiylə hərdən
qəhvə içir, ədəbiyyatdan, sovetlərdən danışır, kitab dəyiş-düyüş
edirik. "Литературный Азербайджан" jurnalında çıxan yazılarımı
oxuyandan sonra mənə münasibətləri xeyli dəyişib. Elə bilirlər,
kitabdan, ədəbiyyatdan başım çıxır. Açığı, nəşrinə hazırlaşdığım
rusca "Ozonovıe lyudi" adlı kitabı çapa etməyi onlar ağlıma salıb,
məni elə onlar həvəsləndirib. Redaktoru da Elçin Şıxlınski olacaq,
söz verib. Sağlıq olsun!
Nə demək istəyirəm? Dediyim odur ki, kitab oxuyun! Yayda
çöl-bayır, dağ-dəniz baş qatırsa, payızda, qışda oxuyun. Yalan
sözdür – kitab dövrü keçməyib! Heç bir texnologiya onu əvəz edə
bilməyəcək. Kitab gün işığı kimidir. Günəş çölü-bayırı işıqladan,
isidən təki kitablar da adamın düşüncəsini aydınladır, ruhuna can
verir, qəlbinə işıq tutur, onu qara xəyallardan qoruyur. Elə bunu
deyirdim bayaqdan!
...İki saatımı kitablarla keçirdim – yağışlı boz bir günü
kitablarla nurlandırdım. Baxıb vərəqlədiklərimdən Vladimir
Nabokovun "əl"dən təzə qayıdan "Druqie bereqa" kitabını götürüb
eşiyə çıxdım. Daha hava boz gəlmirdi mənə, demə görmədim, elə bil,
günəş çıxmışdı.
Karlskrona, İsveç