İyul ayının 24-də, Akademik
Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin "Ölülər"
pyesinin yeni tamaşasına baxdıq. Unudulmaz bir axşam idi. Çoxdan
bəri bir teatr tamaşasından bu qədər razı qalmamış, bu qədər zövq
almamışdım.
"Ölülər" Azərbaycan və dünya dramaturgiyasının şah əsərlərindən
biridir və ilk tamaşasından keçən 100 il ərzində müxtəlif teatrlar
onu dəfələrlə səhnələşdirmişlər və tamaşaçılar biri-birindən
maraqlı rejissor yanaşmalarının şahidi olmuşlar. Dünənki tamaşadan
öncə tamaşanın məsləhətçisi, Cəlil Məmmədquluzadə yaradıcılığını ən
dərindən araşdıran və bilən tədqiqatçı-alim, akademik İsa
Həbibbəylinin dediyi kimi, Azərbaycan səhnəsində bir çox uğurlu
tamaşa hazırlamış məşhur relissor Azər Paşa Nemətovun
səhnələşdirdiyi "Ölülər" öz orijinallığı və müəllifin ruhuna
yaxınlığı ilə seçilir və milli teatrımızın uğurudur. Dəqiq
qiymətdir. Bu münasibətlə həm rejissor dostumuzu, həm də tamaşanın
yaradıcı heyətini ürəkdən təbrik edirəm.
Dünənki axşamın yadımda qalan bir neçə özəlliyi var. Əvvəla, son
illərdə heç bir teatrımıza, heç bir tamaşaya eyni vaxtda bu qədər
ziyalı gəlməyib. "Ölülər"ə baxmağa gələnlər arasında Milli Elmlər
Akademiyasının alimləri və millət vəkilləi çoxluq təşkil edirdilər.
Teatrda bir mədəniyyət bayramı havası vardı və bu, şübhəsiz aktyor
oyununa ciddi təsir göstərən hadisədir. Bu ziyalıların bir qismi
teatra, yeni tamaşalara ardıcıl gəlib-getsələr, inanıram ki,
tamaşaların keyfiyyəti bir xeyli yaxşılaşar, teatrın ab-havası
dəyişilər...
İkincisi, köhnə həqiqət bir daha öz təsdiqini tapmışdır: teatr
yaradıcılıq meydanıdır və onun simasını inzibati rəhbərlik yox,
yaradıcı lider, yəni baş rejissor müəyyənləşdirir. Teatrlarımızın
uzun müddət baş rejissorsuz qalması və direktorların iradəsinə
uyğun keçici müqavilələrlə tamaşalar hazırlanması yanlış idi və
yaxşı ki, qarşısı alındı. Bu baxımdan haqqında danışdığımız
tamaşanı hazırlayan Azər Paşa bəyin milli teatrımızın baş relissoru
olması uzun müddet çəkişmələr meydanı olmuş teatrımıza ciddi bir
yaradıcılıq havasının gəldiyindən xəbər verir.
Tamaşa üçün mükəmməl bir aktyor heyəti seçilib. Epizodik rollar
belə tanınmış, istedadlı aktyorlara tapşırılmışdır və onlar tamaşa
boyu cəmi iki-üç söz söyləsələr də, tamaşaçı yaddaşına həkk
olunurlar.
Tamaşada Şeyx Nəsrullah və Kefli İsgəndər rollarının ifaçıları
çox uğurlu seçilib. Gənc aktyor Anarın Kefli İsgəndəri ölülər
aləminin faciəli və çarəsiz qəhrəmanının öz mühitini dəyişmək
yolunda mübarizəsi və yaşantılarını süni pafosdan uzaq, təsirli bir
şəkildə təqdim edir.
Tamaşanın əsas ağırlığı, şübhəsiz, Şeyx Nəsrullah rolunun
ifaçısı, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlının
çiynindədir. Azərbaycanın çağdaş aktyor sənətinin şəksiz lideri,
səhnədə və filmlərdə biri-birindən parlaq obrazlar yaratmış
görkəmli sənətkarımızı biz daha çox müsbət rolların ifaçısı, böyük
tarixi qəhrəmanla öz təkrarsız ifası ilə əbədi həyat verən bir
sənətkar kimi tanıyırıq. "Ölülər"də biz Nurəddin Mehdixanlının
yaradıcılıq qüdrətinin yeni bir tərəfi ilə tanış olduq. O, səhnəyə
ilk gəlışındən tamaşaçıları bir növ səhnədəkilər kimi, ovsunlayır,
onları tamaşanın iştirakçısına çevirir və bu təsir tamaşa
qurtarandan sonra da çəkilib getmir. Bu rolla Nurəddin Mehdixanlı
bir daha Azərbaycan teatr sənətinin əsr yarımlıq tarixi boyu
yetişdirdiyi ən istedadlı, ən böyük aktyorlardan biri olduğunu
təsdiq edir. Bir daha göstərir ki, əsil sənətkar üçün rolun
böyüyü-kiçiyi, mənfisi-müsbəti yoxdur...
Nəhayət, tamaşa bizi bir daha öz həyatımız və mühitimiz haqqında
düşünməyə vadar edir və öz-özümüzə sual veririk: görəsən biz
"Ölülər"in yazıldığı vaxtdan bəri çoxmu dəyişilmişik.
Göz önünə həcc yolunu su yoluna döndərmiş pullular, lakin
imansızlar sürüsü gəlir, İran mollalarının farsca üyüdüb tökdükləri
və dinə dəxli olmayan cəfəngiyyatlara ağzını açıb heyranlıqla qulaq
asan cahil məclisləri və 1400 il əvvəl ərəblərin tayfa və
hakimiyyət davalarna bu gün də öz milli faciələrimizdən artıq yanan
və göz yaşı axıdan, zəncir vuran, baş yaran düşüncə korları gəlir,
islam adına yəhudi tarixinin uydurma miflərinə qulaq asmaqdan
yorulmayan, adı müsəlman olsa da, bircə gün də müsəlman kimi
yaşamayan, mayaları yalandan, haramdan, pislikdən, nankorluqdan
yoğrulmuş bədbəxtlər gəlir, dirilərinə sayğı göstərməyənlərin
ölülər üstündə bahalı məzarlar ucaltmaq yarışı gəlir, cənnət vədi,
divar söküb, divar ucaltmaq xəstəliyi ilə xalqın sərvətini göyə
sovuranların qorxu bilməyən oyunları, Allah deyə-deyə allahsızlıq
edənlərin cəzasızlığı gəlir...
Və öz- özümə düşünürəm: Yox, yüz ildə çox az şey dəyişilib, bəzi
məsələlərdə bir az da geri getmişik.
Ölülər mühiti də, şeyxnəsrullahçılıq da təkcə Azərbaycanda yox,
bütün islam aləmində və bütün dünyada davam edir. Kefli İsgəndərin
tamaşanın sonundakı "ölülər" pıçıltısı ölülərdən çox dirilərə, qan
tökməkdən, işqaldan, terrordan, din və məzhəb savaşlarından
yorulmayan ədalətsiz və ikiüzlü dünyaya aiddir. Görünür, bu pıçıltı
dünya durduqca səslənəcək və səslənməlidir.
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil...