Gəncliyə biganə yanaşmaq olmaz
"Ədəbiyyat qəzeti"ndəki müzakirədən
sonra...
Ədəbiyyatımızın çeşidli sorunlarının canlı müzakirəyə
çıxarılması mənəvi həyatımızda gedən prosesləri daha dərindən
görmək, incələmək və dəyərləndirmək istəyindən irəli gəlir.
"Ədəbiyyat qəzeti"nin "Müzakirə saatı" bu baxımdan uğurlu layihədir
və maraqla oxunur.
Sonuncu müzakirə çağdaş Azərbaycan ədəbiyyatşünaslığında nəzəri-
metodologiya probleminə həsr edilmişdir və söhbətin mətninə qəzetin
15 və 22 oktyabr saylarında 9 səhifə yer ayrılmışdır. Az deyil və
redaksiyanın bu məsələyə nə qədər diqqətli yanaşdığını
göstərir.
Müzakirə saatının qonaqları ədəbiyyatşünaslıqda kifayət qədər
nüfuzu, xidməti olan tanınmış alimlər - AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun professorları Şirindil Alışanlı və Zaman Əsgərli,
filologiya üzrə fəlsəfə doktorları, qəzetin baş redaktoru Azər
Turan, Elnarə Akimova, İradə Musayeva və Xəzər Universitetinin
dosenti Dilbər Zeynalova olmuşlar.
Redaksiyadan verilmiş giriş sözündə də müzakirənin "milli
müstəqillik qazandığımız iyirmi beş illik" dövrü əhatə edəcəyi
vurğulanır.
Bunu nəzərə alaraq, söhbətin aparıcısı, tənqidçi-alim Elnarə
Akimova müzakirəyə konkret sualla başlayır: Şirindil Alışanlının
"Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı"
kitabından çıxış edərək, müəllifdən soruşur ki, 90-cı illərdən
başlayaraq ədəbiyyatşünaslıq elmi milli-bədii, ictimai düşüncənin
daşıyıcısı kimi hansı fərdilik kəsb etdi.
Dəyərli dostum Şirindil Alışanlı 20-ci əsr dünya
ədəbiyyatşünaslığına informatiklik baxımından çox dolğun bir
ekskursiya edir. Yəqin tarixlə burda vidalaşmaq və əsas mövzuya -
ədəbiyyatşünaslığımızın çağdaş durumunun müzakirəsinə başlamaq
olardı. Lakin belə olmur.
Söhbətdə ədəbiyyatşünaslığa aid olan və olmayan bir sıra
sahələrin çoxlu ağrılı problemlərinə toxunulur: rus
ədəbiyyatşünaslığından və Moskva kitabxanalarından qopan kimi
"zəifləməyimiz", ədəbiyyatşünaslıq məktəbləri, metod və
metodologiya məsələləri, ədəbi- estetik fikrimizin əsas
istiqamətləri, ədəbiyyatımızın dövrləşmə sorunları, sovet dövrü
ədəbiyyatımızın yetişdirdiyi böyük şair nasir və ədəbiyyatşünaslar,
onların yaradıcılığının təməlində dayanan ideoloji prinsiplər,
yazıçı tənqidi, Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin
vəziyyəti, ədəbiyyatımızda modernizmin olub-olmaması, hermenevtika
və paradiqmaya münasibət, ortaq türk ədəbiyyatı və bizim
dərsliklərimizdə onun yeri və s. Bunlar hamısı çox maraqlıdır. Amma
çox şeydən danışmaq diqqəti əsas mövzudan yayındırır, çağdaş
ədəbiyyat və ədəbiyyatşünaslıq müzakirədən kənarda qalır.
Belə çıxır ki, sovet dövrünün bitməsi ilə bizdə bədii
yaradıcılıq da bitmişdir; ədəbiyyat yoxdur; varsa da onu elə köhnə
nəsil yaradır.
Söhbətin axırına yaxın Elnarə Akimova diqqəti yenidən əsas
mövzuya yönəltməyə çalışır. Müzakirə iştirakçıları bu və ya digər
şəkildə müstəqillik dövründə də ədəbiyyat yarandığını etiraf
edirlər. Amma məsələ bununla da bitir. Bu dövrün nə ədəbiyyatı, nə
ədəbiyyatşünaslığı yada düşür...
Halbuki, ədəbi tənqidlə, çağdaş ədəbiyyatşünaslıq məsələləri ilə
bağlı son 25 ildə, pərakənda halda olsa da, çoxlu məqalə, icmal,
kitab yazılmışdır; müzakirədə iştirak edənlərin özlərinin də yeni
dövr ədəbiyyatının ayrı-ayrı nümunələri haqqında xeyli yazısı
vardır. Bundan əlavə, akademik İsa Həbibbəylidən başlayaraq,
tanınmış ədəbiyyatşünas alimlərimizdən Nizami Cəfərov, Teymur
Kərimli, Kamal Abdulla, Qəzənfər Paşayev, Rəhim Əliyev, Nizaməddin
Şəmsizadə, Kamil Vəli Nərimanoğlu, Vaqif Yusifli, Cahangir
Məmmədli, Rüstəm Kamal, Azər Turan, Elnarə Akimova, İradə Musayeva,
Nərgiz Cabbarlı, Sərvaz Hüseynoğlu, Əsəd Cahangir, Tehran
Əlişanoğlu, Bəsti Əlibəyli, Cavanşir Yusifli, Salidə Şərifova və
onların adını çəkə bilmədiyim digər həmkarlarının kitab və
məqalələrini xatırlatmaq olar. Hər halda bu illərdə ədəbiyyatın özü
ilə müqayisədə ədəbi tənqid və ədəbiyyatşünaslıq nə qədər geridə
qalsa da, yenə müəyyən işlər görülmüşdür.
Müzakirə zamanı görülən işləri ümumi şəkildə gözdən keçirməklə,
müasir ədəbiyyatşünaslığın vəziyyətini, əhatə dairəsini, peşəkarlıq
səviyyəsini, elmi-nəzəri, metodoloji arsenalını, ənənəyə və dünya
təcrübəsinə yiyələnmə yollarını, dil, üslub və terminologiya
xüsusiyyətlərini, müstəqil Azərbaycanın humanitar düşüncə
sistemindəki yerini, ədəbi proseslə ədəbi tənqidin qarşılıqlı
əlaqələrini, xalqımızın çağdaş milli-mənəvi idealları və
ideya-estetik tələbləri ilə uyuşma qabiliyyətini, yeni əsərlərə
yanaşmada izlədiyi əsas prinsipləri təhlil edib qiymətləndirmək
olardı.
Görəsən nəyə görə çağdaş ədəbiyyatşünaslıqdan söhbət gedəndə
alimlərimiz Yaşar Qarayevdən və Akif Hüseynovdan bəri keçə
bilməmişlər? Ədəbiyyatşünaslıq varsa varlığından, yoxsa yoxluğundan
danışmaq lazımdır.
Çağdaş ədəbiyyatşünaslığa həsr edilmiş söhbətdə çağdaş
ədəbiyyatın qapı arxasında qalmasının səbəbi üzə çıxır.
Həmkarlarının diqqətini yeni ədəbiyyata yönəltməyə çalışan İradə
Musayeva Zaman Əsgərlidən 90-cı illər nasirlərindən kimi oxuduğunu
soruşur. Bundan sonra dialoq belə davam edir:
"Zaman Əsgərli: Mən Elçin Hüseynbəylini oxumuşam, bir romanın da
heç başa düşməmişəm, aclıqdan danışır, nədən danışır. Əlabbasın
əsərlərini oxumuşam. O birilərdən də Anarı, Elçini.
İradə Musayeva: Mən 90-cı ilərin gəncliyini deyirəm.
Zaman Əsgərli: Gəncləri çox oxumamışam. Bir də mən axı tənqidçi
deyiləm, ədəbiyyatşünasam. Tənqidçi və ədəiyyatşünas ayrı-ayrı
anlayışlardır. Mən başqa işlə məşqulam, siz başqa".
Maraqlıdır, nə vaxtdan tənqid ədəbiyyatşünaslıqdan ayrılımışdır?
Düzdür, dünya təcrübəsində onları ayırmaq meyilləri var. Ancaq
əksəriyyətin fikrincə, yenə də tənqid ədəbiyyatşünaslığın bir
bölümüdür (Ədəbiyyat nəzəriyyəsi və ədəbiyyat tarixindən sonra
üçüncü bölüm). Mətnşünas və ya klassik ədəbiyyat mütəxəssisi olmaq
da heç bir filoloqu bugünün ədəbi- bədii-estetik düşüncə və
meyarlarından ayırmır.
Yazıçıların tənqidi yazılarından söhbət gedəndə də siyahı sovet
dövründən bəri gəlmir: C.Cabbarlı, S.Vurğun, S.Rəhimov, R.Rza,
M.Hüseyn, İ.Əfəndiyev...
Mən müstəqillik dövründə yaşayan onlarla gənc müəllifin adını
çəkə bilərəm ki, onların ədəbi tənqidi, estetik, nəzəri yazıları
həm peşəkarlıq, həm dünya təcrübəsindən faydalanmaq, həm cəlb
olunan bədii materialın keyfiyyəti və coğrafiyası, həm köhnəlmiş
ideologiya qəliblərindən uzaqlıq, həm vətəndaşlıq mövqeyinin, milli
maraqların aydınlığı baxımından adları çəkilən böyüklərimizin
tənqidi yazılarından əsla geri qalmır. Onları niyə görmürük və ya
nəyə görə müstəqllik dövründə də sovet təfəkkür tərzindən qopa
bilmirik?
Sona yaxın müzakirə iştirakçıları əsas mövzunun unudulduğunu
hiss edirlər. İradə Musayeva "Ədəbi proses gedir, söhbət canlı,
hal-hazırda olan ədəbi prosesdən gedir". Dilbər Zeynalova: "Bəli
yeni ədəbi-bədii nümunələr yaranır", - deyir. İradə xanım həssas
bir nöqtəyə də toxunur: "Bəlkə biz onlara daha səmimi və inamla
yanaşsaq, ədəbiyyat da, ədəbiyyatşünaslıq da nəsə qazanar".
Buna baxmayaraq, yeni nəsil "uşaq" hesab edilir. Alimlər yeni
nəslin hansı ideal uğrunda yazdığını, hansı amalla yaşadığını şübhə
altına alırlar, onları "paradiqmasız" hesab edirlər, onların
itirilmiş və əzilmiş nəsil sayılmasına etiraz etmirlər. Lakin İradə
xanımın sözüylə desək, "Əzilmiş insanların da ədəbiyyatı var".
Bəli, əsas məsələ budur! Yeni nəsil nə qədər itirilmiş, əzilmiş,
paradiqmasız, idealsız sayılsa da yaşayır, yaradır və yaşlı nəsil
onların taleyinə cavabdehdir. Ədəbi proses dayana bilməz və
dayanmamışdır. Xalqımızın iç dünyasını, mənəvi-psixoloji durumunu
və problemlərini göstərmək baxımından bəlkə də ötən əsrin 30-cu
70-ci illər ədəbiyyatından daha canlı və cəsarətli, dil-üslub
baxımından daha yetkin, daha ağrılı, poetik, ritorikadan uzaq, daha
duyğusal bir ədəbiyyat yaranır. Fərqli olan yeni əsərlərə, yeni
tamaşalara, mədəniyyət hadisələrinə bəzi rəsmi dairələrin
münasibətidir. O vaxt yeni əsərlər az qala dövlət səviyyəsində
müzakirə olunur, milli-ictimai hadisəyə çevrilirdi. İndi gənclərin
kitabları əlaqədar qurumlar tərəfindən və lazımı tirajla çap
olunmur. Kənd kitabxanalarının əksəriyyətinə kitab getmir.
Rayonlarda kitab mağazaları yox dərəcəsindədir və olanlara da yeni
kitablar çatmır.
Mən nəsilləri qarşı-qarşıya qoymaq istəmirəm və çağdaş ədəbiyyat
deyəndə yalnız yeni nəslin yaradıcılığını nəzərdə tutmuram. Müasir
ədəbiyyatımız bütün nəsillərin ümumi səyilə yaradılır. Ancaq bu
prosesdə gənclərin payı getdikcə artır və buna təbii baxmaq
lazımdır.
Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bütün çətinliklərə
baxmayaraq, sovet dövründə yaşamış qələm sahibləri müstəqilliyin
bədii manifestini yazmış, onun fikir təməllərini hazırlamış və
müstəqillik hərəkatının liderlərindən olmaqla yanaşı, qələmi də
yerə qoymamışlar.
Dünyasını dəyişmiş qələm sahiblərindən İsmayıl Şıxlı, Bəxtiyar
Vahabzadə, İsa Muğanna, Sabir Əhmədli, Hüseyn Abbaszadə, Söhrab
Tahir, Xəlil Rza Ulutürk, Məmməd Araz, Maqsud İbrahimbəyov, Cabir
Novruz, Nüsrət Kəsəmənli, Vaqif Səmədoğlu, Məmməd Aslan, Zəlimxan
Yaqub, Rafiq Tağı və başqalarının müstəqillik dövründə yazdıqları
əsərləri yada salmaq kifayətdir.
O dövrün hələ yaşayan yazarlarından Nəriman Həsənzadə, Fikrət
Qoca, Fikrət Sadıq, Məmməd İsmayıl, Musa Yaqub, Çingiz Abdullayev,
Vaqif Nəsib, Ramiz Rövşən, Seyran Səxavət, Abbas Abdulla, Mövlud
Süleymanlı, Kamal Abdulla, Afaq Məsud, Vaqif Bayatlı Odər, Vaqif
Bəhmənli, Vahid Əziz, Rüstəm Behrudi, Tofiq Hüseyn, Ənvər Əhməd və
onların ardınca gələn Aqil Abbas, Rəşad Məcid, Əjdər Ol, Elçin
Hüseynbəyli, Adil Cəmil, Zirəddin Qafarli, Rasim Qusarçaylı, Sabir
Sarvan müstəqillik dövrünün də fəal ədəbi simaları olaraq qalırlar.
(Təvazökarlıqdan kənar sayılsa da, deməliyəm ki, bu sətirlərin
müəllifinin üç şeir, iki publisistika, yeddi nəsr kitabı da
müstəqillik dövrünün məhsuludur).
Kitabları tapmaq çətindir. Amma təkcə "Azərbaycan" jurnalında
son illərdə Anarın "Göz muncuğu" , Elçinin "Baş", Seyran Səxavətin
"Qaçhaqaç", Məmməd Orucun "Qısa qapanma" və "Qara güzgü", Vaqif
Nəsibin "Sənsizim, mənsizim, onsuzum", Mustafa Çəmənlinin "Ölüm
mələyi", "Üç yaşlı əsir", Əli Əmirlinin "Ağdamda nəyin qaldı"
romanları və saysız-hesabsız poetik nümunələr çap edilmişdir.
Bu sıraya əlimə keçmiş bir neçə başqa əsərin də adını əlavə
etmək istəyərdim: Kamal Abdullanın "Unutmağa kimsə yox", Aqil
Abbasın "Dolu", Sona Vəliyevanın "İşığa gedən yol", Zahid
Sarıtorpağın "Əlifba bayramında qətl", İlqar Fəhminin "Bakı
tarixindən kollaj", Şərif Ağayarın "Gülüstan", Qaraqanın "A
romanı", Cavid Zeynallının "Günəşi gözləyənlər", Aslan Quliyevin
"Ağrı", Seymur Baycanın "Ana ürəyi", Xanəmirin "Maqlar", Qan
Turalının "Fələk qırmancı", Nəriman Əbdürrəhmanlının "Qurban" və
"Yolçu", Pərvinin "Balerina", Aysel Əlizadənin "Qadın peyğəmbər" və
b. Əksəriyyəti dəyərli əsərlərdir və mənim oxumadığım bir xeyli
başqa belə nümunələr var.
Bundan əlavə, bu dövrdə Yazarlar Birliyində və müstəqil ədəbi
qruplarda yaşı 20 ilə 60 arasında olan 2-3 nəsil istedadlı qələm
sahibi yetişmiş, onların yüzlərlə kitabı işiq üzü görmüşdür. Bu gün
ədəbiyyatımızı onlarsız təsəvvür etmək mümkün deyildir: Yunus Oğuz,
Salam, Aqşin, Həmid Herisçi, Faiq Balabəyli, Əlisəmid Kür, Əlabbas,
Barat Vüsal, Qəşəm Nəcəfzadə, Kamran Nəzirli, Rəsmiyə Sabir, Rasim
Qaraca, Qulu Ağsəs, Əkbər Qoşalı, Əyyub Qiyas, Kənan Hacı, Pərviz,
Elxan Zal, Vasif Süleyman, Meyxoş Abdulla, Sərvaz Hüseynoğlu,
Dəyanət Osmanlı, Orxan Fikrətoğlu, Elnur Astanbəyli, Nərmin Kamal,
Qurban, Fəxri Uğurlu, Günel Mövlud, Zahir Əzəmət, Murad Köhnəqala,
Mahir Qabiloğlu, Aydın Xan, Fərqanə, A.Yaşar, Səhər, Sevinc
Pərvanə, Kamil Əfsəroğlu, Afaq Şıxlı, Gülşən Lətifxan, Kəramət
Böyükçöl, Emin Piri, Əyyub Qiyas, Cəlil Cavanşir, Cavidan, Mina
Rəşid, Fərid Hüseyn, Əlirza Həsrət, Tərlan Əbilov, Firəngiz
Əhmədova, Sabir Yusifoğlu, İbrahim İlyaslı, Mirmehdi Ağaoğlu,
Ələmdar Cabbarlı, Rəfail Həbiboğlu, Fikrət Şahbazlı və b.
Yaşlarına, ədəbi xidmətlərinə görə bir-birindən fərqli olan
yazarların bir hissəsinin adını sadalamaqla bugün ədəbiyyatşünaslıq
üçün necə böyük bir fəaliyyət meydanı açıldığını nəzərə çatdırmaq
istəyirəm. İlk addımları ilə bizi sevindirən bir xeyli yeni imza da
var ki, hamısını yazmaq imkan xaricindədir.
Bütün bunlar var ikən ədəbi tənqid və ədəbiyyatşünaslıq niyə
ötən əsrin ortalarından qopub bu günümüzə gələ bilmir?
Dərsliklərmiz də elə bu prinsiplə yazılır.
Yeni dövr ədəbiyyatı köhnəlmiş "izm"lərin meyarları ilə
dəyərləndirilə bilməz. Bu əsərlərə köhnə açarlar düşmür. Bu
ədəbiyyatın nəzəri, bədii-estetik, poetik dəyərini onun öz içindən,
öz qanunauyğunluqlarından və ya qanunauyğunsuzluğundan çıxaraq
vermək olar.
Bu gün ədəbiyyatda realizm, romantizm, modernizm, postmodernizm
cərəyanları yanaşı yaşayır, kosmik, fantastik düşüncəylə mifik
yozumlar qovuşur. Ədəbi gənclik milli ədəbiyyatın və dünya söz
sənətinin təcrübəsini yaxşı bilir, ədəbi-bədii abidələrin dilimizə
çevrilməsində gənclərin yardımıyla böyük iş aparılır. O ki qaldı
yeni nəslin əzilmişliyinə, itirilmişliyinə və ya idealsız,
paradiqmasız olmasına, bu artıq dünya miqyasında gedən proseslərin
tərkib hissəsidir. Yeni nəsil savaşın, terrorun dünyanı bürüdüyü,
böyük dövlətlərin kiçik xalqları əzib keçdiyi, dialoq və
qloballaşma adı altında dinlərarası, mədəniyyətlərarası
ziddiyyətlərin körükləndiyi, multikulturalizm pərdəsi altında milli
birliyin təhdid edildiyi, insanlığın tarixi uğurları olan bir çox
mənəvi dəyərlərin dağıdıldığı və inkar edildiyi, humanizmin və
maarifçiliyin süquta sürükləndiyi, ədalətin və sosial güvənin
sarsıldığı xaotik bir dövrün övladlarıdır. Ədəbiyyatın ictimai
vəzifələri, sözün vətəndaşlıq borcu da mübahisə predmetinə
çevrilib. Azərbaycanda buna müharibə faciəsi və bir sıra başqa
özəlliklər də qarışır. Köhnə sistemlərin dağılıb yenidən qurulması,
keçid dövründə yaxşıyla pisin, düzlə əyrinin yerinin səhv düşdüyü
sosial müdafiəsizlik çağının yetirmələri olsalar da, bu Sosial
Sunami gəncləri susdura bilməmişdir.
Postmodernist sənəti təhlil etmək çətindir, çünki poetikası
ziddiyyətlidir, dünyadakı dəyərlər deformasiyası, düzənsizlik həm
də yazarların düşüncəsindəki xaosla davam etdirilir. Bütün nüfuzlu
şəxsiyyətlərə, əsərlərə biganəlik, keçmişə üstdən aşağı baxmaq,
ənənələrin inkarı, hər şeyə ironiya ilə yanaşmaq... İstedadlı qələm
sahibi bu xaosun içindən öz yolunu, əsil ədəbiyyatın yolunu tapar.
Paradiqma tələbi isə gözlənilməz ruh və ürək çağırışları ilə dolu
olan bədii yaradıcılıqdan daha çox, nəzəri və metodoloji sistemə
aiddir.
Yeni ədəbiyyat yaxşıdır, pisdir, ağrılıdır, uğursuzdur, ədəbi
ənənələrə bağlı deyil, keçmişi inkar edir, qəzəblidir, istehza və
həcvlə danışır... - fərqi yoxdur, ədəbi tənqidin və
ədəbiyyatşünaslığın diqqətindən kənarda qala bilməz.
Yuxarıda dediyim kimi, ədəbi proses haqqında hazır düsturlar,
ehkama çevrilmiş nəzəri qəliblər çərçivəsində danışmaq nəticə
verməz. Ədəbiyyat nəzəriyyədən yox, nəzəriyyə ədəbiyyatdan
doğur.
Güman edirəm, həmkarlarım bu yazıda mənim niyyətimi düzgün qəbul
edər və inciməzlər.
Söz ardı. Bu məqaləni yazandan sonra
Akademiyadan "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" adlı
ikicildlik, fundamental araşdırmanı aldım. Ondan sonra bu məqaləni
çap etdirməmək də olardı. Çünki həmin cildlər
ədəbiyyatşünaslığımızda haqqında danışdığım boşluğu doldurur, həm
də mənim bu yazıdakı mövqeyimi təsdiq edir.