Yuxarı

Ürək parçalayan üç xatirə və...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərab və İnsan

"Şərab və insan" mövzusunda danışmaq istəyirəm. Araşdırmaq istəyirəm ki, görəsən, niyə insan şəraba bu qədər meyl edir, illərlə zərrə-zərrə, damcı-damcı canına qəsd edir? Görəsən, şərab insanları necə yoldan çıxarır, hərəni bir cür, yoxsa hamını eyni cür aldadır? Bəlkə, doğrudan da günahkar zəmanədir, bəlkə hər kəsin taleyi öz əlindədir, şair demiş, işində, gücündə, əməlindədir?

Şərab haqqında eşitdiklərimi, oxuduqlarımı, gördüklərimi şəxsi təcrübəmin süzgəcindən keçirib kağıza köçürmək niyyətindəyəm. Təcrübəm isə böyükdür, mənim şərabla tanışlığım hardasa 30 ilə yaxındır. Amma bu tanışlıq heç zaman dostluğa çevrilməyib. Bilmirəm, bu onun, ya mənim istəyimdəndir, bəlkə də bəxtimdəndir. Tanıdığım, hətta ürəkdən bağlandığım insanlar arasında isə şərabla dost olanlar az deyil. Bəzisi indi də əzmlə bu dostluğu davam etdirir. Bəziləri isə şərabla dostluğa öz həyatlarını veriblər.

Düşünürəm ki, şərabın dostlarını üç qrupa bölmək olar. Birincilər, hamıya məlum olan, el arasında "alkaş", "alkoqolik" adlanan həmin məxluqlardır ki, başlarındakı və bəxtlərindəki boşluğu şərabla doldurmaq istəyirlər. Bunların şərabla dostluğu instiki, bəlkə də irsi bir məsəlsdir. Bunlar elə bil ki, anadangəlmə aludəçilərdir, bunlar üçün şərab narkotik kimidir. Odur ki, "keçmiş narkoman olmur" misalı bunlara da aiddir. Evdən yalnız iki fikirlə çıxırlar: harada içmək və kiminlə yatmaq. İkincini hər deyəndə tapmasalar da, birincini həmən tapırlar, çünki nə olsa, harda olsa içirlər. Yaşa dolduqca, "kiminlə yatmaq" problemi tamam aradan çıxır. Şərab sözün əsl mənasında onları həyata səsləyən yeganə stimula çevrilir. Ayıq vaxtı da sərxoş kimi səndələyirlər, ayaqlarını gen qoyub, matros kimi yellənə-yellənə gəzirlər. İçəndən sonra isə onları evin dalında, pilləkannın altında, hətta gölməçənin içində axtarmaq lazımdır. Bunlar karikaturaçı rəssamlara geniş material verən həmin ikiayaqlı məxluqlardır.

İkincilər istedadlı, yaradıcı insanlardır. Öz güclərinə inanırlar, həyatda özlərinə arxayındırlar. Həyatda öz yerlərini tapsalar, yaradıcı təxəyyülün hesabına çox uzağa gedə, görünməmiş zirvələr fəth edə bilərlər. Amma həyatda öz yerlərini tapmayanda, ya da tale onlara zərbə vuranda şəraba üz tuturlar. Onlarda şəraba qarşı andangəlmə həvəs olmur, bu, onlarda irsən keçən yox, necə deyərlər, sonradan qazanılan xəstəlikdir. Şərabla tanışlığa da ayıq başla, qalib gələcəklərinə, ondan istifadə edəcəklərinə daxili bir inamla gedirlər. Özlərini aludəçi yox, istifadəçi hesab edirlər. Əvvəllər şərabdan dərman kimi iyrənirlər, hətta ona nifrət edirlər. Yeni başlayanda hamısı deyir ki, araqdan dərman iyi qəlir. İlk vaxtlar bu dərmanı içmək istəmirlər, az qala özlərini zorlayıb içirlər. Hər dəfə içəndə xəstələnirlər, elə bil ki, zəhərlənirlər. Əvvəllər xəstəlik günlərlə çəkir, özünü pis hiss edirsən, hər gün içmək istəmirsən, sonra yavaş-yavaş öyrəşirsən. Şərab narkotik kimidir, gündəlik norma bilmir, getdikcə daha çox içirsən və içdikcə daha çox istəyirsən.

Doğrudur, içki sənin başını dumanlandırır, amma bədəninə təsir etmir, şərab səninçün adi bir şeyə çevrilir. Yəni nə qədər içsən də özünü idarə edə bilirsən, harda içsən, özün durub evə gedirsən. Öz-özünə öyünürsən ki, içkiyə öyrəşmirsən, istəyəndə içirsən, istəməyəndə içmirsən. Amma bu tələdir, şərabın səninüçün, yüzlərlə sənin kimi qurbanlar üçün qurduğu tələdir - o, səni uçuruma doğru itələyir. Şərabın istifadəçisi olmaq üçün illər, aludəçisi olmaq üçün isə on illər lazım gəlir. Həyat isə qısadır. İllər keçir, on illər keçir, bir də görürsən başın, bədənin, bütün orqanizmin od tutub yanır, şərab tələb edir. İçməyəndə yeyə bilmirsən, işləyə bilmirsən, yaşaya bilmirsən, qanın qaralır, başın fırlanır. Hətta əlin-ayağın əsməyə başlayır. Artıq şərabı tələbat kimi, dərman kimi içməyə başlayırsan (artıq uçurumun başındasan!), yenə aldanırsan, güman edirsən ki, o, sənə kömək edir. Amma o, səni uçurumdan aşağı – "alkaşlığ"a itələyir…

Üçüncülər dahilərdir, Allahın sevdiyi, seçdiyi şəxsiyyətlərdir, anadangəlmə liderlərdir. Olsun ki, Allah onları xarizmatik bir lider yaratmaq istəyib, ağlı, istedadı, özünə inamı yox deyincə verib. Amma özləri hardasa səhv ediblər, taleyin pilləkanında büdrəyiblər. Bu adamlar daim birinci olmaq, kütləni arxasınca aparmaq, Allah vergisi olan nəhəng enerjilərini reallaşdırmaq istəyirlər. Amma həmişə alınmır, bəzən onların - anadan dahi doğulanların da bəxti gətirmir, oxu daşa dirənir. Bu zaman onlar içərilərində olan odu, alovu, ehtirası şərabla söndürmək istəyirlər, alovlu bir ehtirasla şəraba hücum edirlər. Bu, od püskürən yanğının coşqun sellərlə toqquşmasına bənzəyir. İlk nəzərdən adama elə gəlir ki, od suyu yeyəcək, məhv edəcək. Şəraba hücum edən dahilər də belə düşünür, şəraba qalib gəldiklərini zənn edirlər. Şərab onlara ilham verir, "namərd" dünya ilə "sən"lə danışmağa imkan verir…

Kefin kökəlir, özünü saxlaya bilmirsən, sözləri, cümlələri dəyirman kimi üyüdüb tökürsən. Amma beynin saat kimi sərrast işləyir, hər fikir nizamlı əsgər kimi yerindədir, öz növbəsini gözləyir. Hər fikir vəhy kimi sanki qeybdən gəlir, dahiyanə, dəqiq və orijinal səslənir. Dünənki hadisələr beynində bu gün kimi canlanır, fikirlər paraddakı hərbi hissələr təki sıralanır. Sən onları istədiyin kimi götürə, istədiyin yerə düzə bilirsən. Sən aydın danışa bilirsən, çünki aydın düşünürsən. Sən kütləni ətrafına yığmağa və arxanca aparmağa qadirsən. Şərabın gücü də bundadır - beynini günəş kimi işıqlandırır, yalanı sənin dilinlə deməyə başlayır. Sən taleyin səndən aldığını şərabdan almağa başlayırsan, yenə də aldanırsan.

Amma bütün bunlar müvəqqətidir, ötəridir. Allahın qəzəbinə gəlmiş sələmçi kimi şərab da hər nə versə, artıq alandır, dedikləri də hamısı yalandır. Bəli, şərabla dost olanların niyyəti bir olmasa da, aqibəti bir olur. Birincilər gölməçənin içində düşüb qalırlar, hətta bu cür həyatdan zövq alırlar. İkincilər isə şərabdan asılı vəziyyətə düşürlər, içməsələr yaşaya bilmirlər, yavaş-yavaş alkoqolikə çevrilirlər. Odla suyun mübarizəsi isə uzun çəkmir, bir qayda olaraq, soyuq su isti odu söndürür, məhv edir. Dahilər bu dünyadan tez gedir…

Əli müəllim

Olduğu kimi qalıb yaddaşımda Əli müəllim (məlum səbəblərdən adını dəyişmişəm). Hündür alnı, zabitəli baxışları vardı. Əyninə həmişə taleyi kimi qara kostyum (öz sözləridir - Q.A) geyərdi, daha da ciddi görünərdi. Taleyin acısını çox tez dadmış, ağır faciə yaşamışdı. Həyat yoldaşı gənc yaşında bədbəxt bir təsadüfün qurbanı olmuş, onu iki körpə uşaqla bir dam altında tək qoymuşdu. Kişi kimi davam gətirmişdi taleyin zərbəsinə. Universtetdə dərsinə, elmi işinə baxmayaraq, evlənməmişdi, şəxsi həyatını iki balasına qurban vermişdi, "evə ögey ana gətirmərəm" demişdi. Amma bu dərd ona yer eləmişdi, onun dünyasında şəraba yer eləmişdi.

Fiziki şikəstliyi olsa da, ümidi əsaya qalsa da, civə kimi bir yerdə qərar tutmazdı, xeyirdən-şərdən qalmazdı. Səsi gah Naxçıvanından, gah Şamaxıdan, gah da Şuşadan, Lənkərandan gələrdi. Qohumlarının, dostlarının, qonşularının, hətta tələbələrinin toyuna gedərdi. Əsil məclis adamı idi. Yaxşı tamadalığı vardı, bala-bala vurduqca səsi açılardı. Elə bil ki, Levitan azərbaycanca danışardı. İndi də gözlərimin önündədir, toy aparır Əli müəllim.

Azərbaycanın məşhur adamları ilə dostluq edirdi, evinə tanınmış yazıçılar, xalq artistləri gəlib-gedirdi. Yaxşı, savadlı müəllim idi, tələbələri onu çox sevirdi. Özü də uşaqla uşaq, böyüklə böyük olmağı bacarırdı. Keçmiş tələbələrindən imkanlı, vəzifəli olanları vardı, onu yaddan çıxarmırdı. Yaxşı yadımdadır, 91-92-ci illər, ağır vaxtlar idi. Rəhmətlik zəng etdi, məni çağırdı. Yaxın qonşu idik, bir binada yaşayırdıq. Yaş fərqimizə baxmayaraq, dostluq edirdik, tez-tez görüşürdük. Bu dəfə də gəldim. Əli müəllimin kefi bir az yuxarı idi, stolun üstündəki yarımçıq "Rasputin" də bundan xəbər verirdi. Dedi mənə rayondan bir qoç gətiriblər, biz də evdə üç nəfərik, bu qədər əti neynirik. Oğlum sənə kömək etsin, əti doğrayın, qonşuda kasıb adamlar var, paylayın. Elə də etdik, hələ adama bir-iki şiş kabab da çəkdik, "Rasputin"lə yavaş-yavaş əritdik. Arada nə isə götürmək üçün balkona çıxdım, "Rasputin"i yeşiklə gördüm…

Deyirlər, dərd də çiçək kimidir, buketlə gəlir. Əli müəllimin də bəxtinə dərd buketlə gəldi. Kürəkəni Moskvaya getdi, bir daha qayıtmadı. Qızı körpə uşaqla evdə tək qaldı. Universtetdə oxuyan oğlu narkotrafikə qoşuldu, tutuldu, on il iş aldı. Əli müəllim üzdən sınmasa da, bərk dayansa da, daxilən sındı, taleyindən incidi, şəraba güc verdi. 90-cı illərin axırları idi. "Ulduz" jurnalında Qarabağ müharibəsi ilə əlaqədar povestim çıxmışdı. Zəng etdim, Əli müəllimgilə getdim, üstünü yazmaq, ona bağışlamaq istəyirdim. Stolun üstündə iki şüşə vardı, biri boşalmışdı. Özü də qocalmışdı, başı ağarmış, ağzı boşalmışdı. Məni gördü ağladı, "Mən Allaha neyləmişdim?!" sualı ünvanladı. Cavab verə bilmədim…

Bir neçə ay sonra gözümdə yaş, qəlbimdə təlaş onun yas mərasimində iştirak edirdim… Həmin sualı ürəyimdə təkrar edirdim… Onun qohumları, tələbələri, dostları da burada idi. Bircə oğlu aramızda deyildi…

Vaqif Mamedoviç

Elmlər Akademiyasında işlədiyi institutda hamı onu bu adla tanıyırdı. Ortaboylu qarayanız adamdı, keçmiş komissarlar kimi qısa saqqal da qoyurdu. Mənimlə arası yaxşı idi, soruşurdum, müəllim, bu saqqalı neynirsən? Gülürdü, deyirdi, mən adi adamlardan fərqlənməliyəm, ya yox?

O, doğrudan da fərqlənirdi. Bəli, söhbət 1987-ci ildə Konstitusiyadan 6-cı maddənin çıxarılması tələbi ilə çıxış etmiş, başı bəlalar çəkmiş, Kommunist Partiyasını siyasi motivlərə görə öz ərizəsi ilə tərk etmiş bir ziyalıdan gedir. O, artıq həmin dövrdə bizə - gənc kommunistlərə gülürdü, deyirdi az qalıb, bu partiya dağılacaq, SSRİ parçalanacaq. İnstitutda çoxusu onu dəli hesab edirdi. Yaxşı yadımdadır, partiya iclaslarında siyasi söhbətlərinə görə bizim qocaman akademiklərdən biri "onu güllələmək lazımdır" demişdi. İşin tərsliyindən, heç kim onu güllələmirdi, hətta həbs etmirdi. O isə dissident olmaq istəyirdi.

Vaqif Mamedoviç aspiranturanı Moskvada qurtarmışdı, elmlər namizədi, istiyə davamlı, süni şüşələrin alınması üzrə respublikada yeganə mütəxəssis idi. Amma onun ideyaları kimi, elmi də heç kimə lazım deyildi. Faciə idi - bu səviyyədə savadlı, talantlı bir insan həyatda özünə yer tapmırdı. Odur ki, yavaş-yavaş içkiyə qurşanırdı. İki-üç nəfər savadlı, kimyaçı alim idilər, elə işdə "sobrazim" edirdilər, spirti suya qarışdırıb hər gün içirdilər. Qayda belədir - insanlardan küsəni şeytan öz tərəfinə tez çəkir.

Vaqifin yaxşı ailəsi vardı, öz aspirant yoldaşı ilə evlənmişdi. İkisi də savadlı, rusdilli ziyalı idilər. Gündə bir neçə dəfə bir-birinə zəng edər, hal-əhval tutardılar. Yadımdadır, Vaqif yoldaşına "müəllimə" deyirdi, sonra gülə-gülə izah edirdi: "Xanın arvadına xanım, bəyin arvadına bəyim deyilir. Mən müəlliməmsə, deməli, arvadım da müəllimədir".

Amma Vaqif içkiyə qurşandıqca, münasibətlər də deyəsən soyuyurdu. Artıq yoldaşı işə zəng etmirdi, Vaqif də bunu özünə dərd etmirdi. Təbii ki, vəziyyət belə davam edə bilməzdi və günlərin bir günü yoldaşı acıq etdi, uşağı da götürüb atası evinə getdi. Az keçməmiş tamam ayrıldılar, daha bir ailə içkinin qurbanı odu. Mənim dostum isə artıq başqa ideyalarla yaşayırdı…

Bir gün işə gülə-gülə gəldi, həmişəki kimi kefli idi. Cibindən çıxardı, mənə bir kağız verdi. Açdım, əllə yazılan şer idi, Vaqif hardansa köçürmüşdü. Oxumağa başladım, məni tutdu. İki dəfə dalbadal oxudum. Nəhayət başımı qaldırdım, Vaqifin qıyıq gözləri bic-bic baxırdı. "Hə, necədir?" - deyə soruşdu. Cavab vermədim, şerin təsiri altından çıxa bilmirdim. Bu, Vladimir Vısotskinin məhşur "Canavar ovu" idi. SSRİ-də ən çox qadağan olunmuş bir şey idi…

Bəli, Vaqif SSRİ-dən getmək, mühacirət etmək istəyirdi. Həmin zaman kəsiyində bu onun idealı idi. Artıq milli azadlıq hərəkatı dalğaları ölkəni bürümüşdü, imperiyanın dağılacağı heç kimdə şübhə oyatmırdı. Mənim uzaqgörən dostum isə həmişə kefli idi, deyirdi ki,onun sınıqları altında qalmamaq, tez qaçıb qurtarmaq lazımdır. Bu məqsədlə hər şeyə hazır idi. O, ümumiyyətlə çətin adam idi, başına bir şey girsəydi, mıxla da vurub çıxarmaq olmazdı. Vaqif Kuril adalarına getmək istəyirdi, deyirdi, SSRİ çökən kimi bu adaları Yaponiyaya verəcəklər. Mən də avtomatik azad ölkənin vətəndaşı olacağam, öz elmi işlərimlə məşğul olacağam, dünyada şöhrət qazanacağam. Sonra isə gülə-gülə əlavə edirdi ki, Nobel mükafatı alsam, size də yanıma çağıracağam. Artıq pul da tədarük etmişdi, Bakıdakı evini satmış, pulunu keçmiş yoldaşı ilə tən yarı bölmüşdü.

Vaqif Kuril adalarına gedəndən altı ay sonra işə teleqram gəldi ki, bəs Xabarovskdayam, Bakıya gələ bilmirəm. Dostlar, yoldaşlar birləşdik, ona yolpulu göndərdik. Yaxşı yadımdadır, yaz idi, instituta yanıma gəldi, üst-başı pis gündə idi. Dedi, şərab haqqında bir esse yazmışam, onu çap etməyə kömək edərsən? Dedim, əgər azərbaycanca olsa, edərəm. Dedi, yox ruscadır. Dedim, Vaqif, niyə yoldaşınla barışmırsan, heç olmasa gedib onlarda qalarsan… Dedi, əvvəla, Vaqif yox, Vaqif Mamedoviç, sonra sən mənim xətrimi istəyirsən, ya yox? Dedim, əlbəttə, istəyirəm. Dedi, onda bir araq al, gedək Cəfərin kababxanasına, sən ki, tikan deyilsən, mənim qəlbimə niyə girirsən?!

Vaqifin son iş yeri bulvardakı "İlan sərgisi" idi, gecələr qarovulçu işləyirdi. Deyilənə görə, maaşından verib heyvanlara yemək alırmış ki, ac qalmasınlar. Günlərin bir günü meymunları yedirir, kefli olduğundan gözünə yuxu gedir. Qəfəsə salınmamış meymunlar da sərgini, sözün əsl mənasında, tar-mar edirlər. Və bunun üstündə onu işdən çıxarırlar. Son ümid yerindən məhrum olan Vaqif Mamedoviç də borca bir araq alır, boşaldır, sonra özünü dənizə atır…

Tahir

Tahirdən danışanda indi də gözlərim dolur. Halbuki iyirmi ildən çoxdur ki, o, dünyada yoxdur. Məhləmizin yaraşığı idi Tahir. Onun sağlığında məhlədə biri artıq-əskik hərəkət eləyə bilməzdi, qız-gəlinə bir nəfər "lişni" söz deyə bilməzdi. Tahir belə oğlan idi. Onunla ilk tanışlığım qəribə bir şəraitdə baş vermişdi. 80-cı illərin axırları idi, Meydan hərəkatı artıq başlamışdı, mən hələ Elmlər Akademiyasında işləyirdim. Günlərin bir günü taksi ilə şəhərdən Çobanzadəyə, təzə evimizə gəldim. Taksi sürücüsü cığallıq etdi, əvvəlcədən danışdığımız pulu qəbul etmədi, çox istədi. Mən də ziddinə getdim, əməlli-başlı qalmaqal yarandı. Bir də gördüm, əynində "Adidas" kostyum olan, qartal burunlu kürən bir oğlan sürücünü yaxalayıb, deyir bir də bizim "akademik"lə işin olsa, sənin ağzını cıraram… Nə isə, sürücünü Tahirin əlindən güclə aldım, danışdığımız pulu verib yola saldım. Amma mənim adım o gündən "akademik" qaldı.

Üstündən bir həftə keçməmiş şuşalı bir dostum vardı, zəng etdi ki, mənə rayondan bi-iki litr tut arağı, bir şaqqa da ət gətiriblər, nağayraq? Dedim, heç nə, ətin yarısını, arağın da hamısını götür, gəl bizə. Dedi gəlirəm, aşağı düşərsən. Düşdüm aşağı, gördüm Tahir məhlədə təkdir, özü demiş, "dumkada"dır. Bizimlə oturmağı təklif etdim, ürəyindən oldu. Demə, Tahir əlindən hər şey gələn oğlan imiş, əti doğradı, balkonda bir manqal qaladı, gəl görəsən. İki gün yeyib-içdik.

Dediyim kimi, 80-cı illərin axırları, 90-nın əvvəlləri, pis vaxtlar idi. Cavanlar heç yerdə işləmirdilər, bütün günü həyətdə yığışır, ya qumar oynayır, ya da içirdilər. Şəhərə də çıxmağa qorxurdular ki, Rəhim Qazıyevin emissarları bunları basar avtobuslara, aparar birbaşa güllə qabağına. Beləliklə, gənclər, əsasən də onların savadsız hissəsi bekarçılıqdan içkiyə, hətta narkotikə qurşanırdı. O zaman mağazalar ucuz, keyfiyyətsiz içki ilə dolu idi. Yəni istədiyim yar idi, yetirdi pərvərdigar. Alırdılar, elə mağazada da vururdular. Bu proses günlərlə, aylarla davam edirdi. Tahir də həmin dəstədə idi. Günü-gündən elə bil geri gedirdi, üst-başı da pis gündə idi. "Adidas" kostyumu qaralmış, bir-iki yerdən cırılmışdı. Kömək etmək istəyirdim, amma əlimdən bir şey gəlmirdi. Hər dəfə görəndə, soruşurdum necəsən? Deyirdi, vururuq, "akademik", gəl sən də biznən vuraq. Süfrəmiz kasıb olsa da, ürəyimiz varlıdır…

1994-96-ci illərdə Rusiyada olduğumdan Tahirdən xəbər tuta bilmədim. 1997-ci ildə Bakıya qayıtdım. Artıq Çobanzadədəki evi satmışdıq. Amma mən uşaqları görmək, görüşmək üçün məhləyə getdim. Tahiri soruşdum, dedilər ölüb, sağ nə gəzir, bu gün-sabah qırxı gəlir. Göz yaşlarımı saxlaya bilmədim, dedim, axı, bu cavan adam idi, buna belə nə oldu? Dedilər çox içdiyindən evə getməyib, həftələrlə padvalda yatıb, qışa düşüb, möhkəm soyuqlayıb. Sonra xəstəxanaya aparıblar, xeyri olmayıb…

Tarix
2014.12.10 / 08:00
Müəllif
Qаlib Аrif
Şərhlər
Digər xəbərlər

Sahibkarların “xiyar siyasəti”

Növbəti Dördgünlük savaş nə vaxt olacaq?

Ermənilər Abbasovdan niyə razı qalırdı?

Qərb-Rusiya savaşı: 2016 nə vəd edir? – Təhlil

Ərdoğanın qeyri-adi bəyanatı

Alternativ enerji nədir? – Mənbələr

Mahal dilini dinc saxlasaydı...

KQB mayorunun Sovetləri titrədən qətli

Tələ: Gözəl qız oğlanı evə gətirir, bu zaman...

“Qatil qarajda elektrik stulu düzəldibmiş” - Polis

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla