Yuxarı

Dələduzlardan necə qorunmalı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dostum Tofiq Mamedov təqaüddə olan milis podpolkovnikidir, uzun müddət Moskva milisində işləyib, sahə müvəkkilindən şöbə rəisinə kimi şərəfli bir yol keçib.

"Lenin" ordeni almasa da, medalı, nişanı boldur, indi də asanda, kitelinin yaxasında boş yer qalmır. Mamedov bunlarla fəxr edir, deyir, hər medal açılan hadisədir, hər nişan qazanılan qələbədir. Deyirəm, bir polkovnikdən-zaddan da olmadın ki, bu formanı, medalları daimi gəzdirmək imkanı qazanaydın. Dostum köksünü ötürür, deyir, Moskva milisində sovet dövründən qalma, yazılmamış bir qayda var, qafqazlıları, "tem bole", müsəlmanları kapitandan yuxarı buraxmırlar. Mənim hələ bəxtim gətirib, podpolkovnik olmuşam...

Kefi kök olanda, bir az da mən üz vuranda, eşitdiklərindən, gördüklərindən, başına gələn maraqlı hadisələrdən danışır, mən də bir az orasını-burasını düzəldirəm, bir az bədii rəng verirəm, olur "Milis hekayələri". Deyilənə görə pis alınmır, hətta bəzən maraqlı olur - oxuyurlar…

***

Tofiq Mamedov bu dəfə dələduzluqdan danışdı. Dedi son vaxtlar dələduzluq yaman artıb, əməlli başlı bəlaya çevrilib. Dost dosta pul atır, qohum qohumu, qardaş qardaşı aldadır. Bunun qarşısını almaq, günahkarı cəzalandırmaq isə çətindir, çünki bəzən arada nəinki notariusun verdiyi sənəd, hətta vətəndaşın qol çəkdiyi adi kağız belə olmur. Amma əvvəllər belə deyildi, inam vardı, etibar vardı. İnsanlar, hətta tanışlar və qonşular bir-birindən borc alardı, vaxtında qaytarardı. İndi nə almaq olmur, nə də alanda qaytarmaq…

Soruşdum ki, bu problem sovet dövründə də olub, yoxsa bu da sair bəlalar kimi demokratiyanın töhfəsidir? Dostum dedi, dələduzluq 3-cü qədim peşədir (fahişəlik və oğurluqdan sonra) və şübhəsiz ki, erməni mənşəlidir. Amma bir rus misalı var, deyirlər alanda özgənin pulunu alırsan, qaytaranda isə öz pulunu qaytarırsan. Odur ki, borc alıb qaytarmamaq, yəni atmaq problemi həmişə, hər yerdə olub. Yadımdadır, sovet dövründə də vətəndaşlar tez-tez bu məsələ ilə bağlı milisə müraciət edirdilər. Amma indi çox artıb, yayılıb. Yəqin burda qanunvericilikdə olan boşluqlarla bərabər, demokratiyanın, qloballaşmanın da öz rolu var. Axı indi postsovet məkanı sivil dünyaya inteqrasiya edir, demokratiyanı öyrənir. Yad dili öyrənəndə isə məlum olduğu kimi, birinci söyüşləri öyrənirsən...

***

- Yuxarıda dediyim kimi, dələduzluq üçüncü qədim peşədir, - sözə belə davam edir dostum. - Bunun da borc alıb qaytarmamaqdan başqa daha iki klassik forması var: biri "üskük" oyunudur, biri "muncuq". Birincini dələduzlar avamlara qarşı oynayırlar, burada heç bir ağıl, pul tələb olunmur. Söhbət sadəcə olaraq, əl itiliyindən gedir. Üsküyü fırladan, adətən, yumşaq, yüngül materialdan olan şarı üsküyü geri çəkməklə ovcuna götürə, irəli itələməklə, əksinə üsküyün içinə sürüşdürə bilir. Yanında da 3-4 nəfər qolu zorlu, başı və vicdanı boş keşik çəkir. Oyun uzun çəkmir, ətrafda milis görünən kimi hərəsi bir tərəfə əkilir. Burda bütün hallarda udmaq ehtimalı sıfra bərabərdir. Təsadüfən şarı tapsan, qoluzorluların zoruna məruz qalırsan. Amma insaf xatirinə demək lazımdır ki, burda da günah uduzandadır. Təsəvvür edin ki, ömründə üskük oynamayan avamlar bu işdə baş ağartmış əclaflarla oynamaq və hətta udmaq istəyirlər.

Muncuq oyununda isə ağıl və pul, vaxt, hətta reklam lazımdır. Müasir anlamda buna totalizator, piramida da deyilir, çünki oyuna çoxlu insan cəlb edilir və onu artıq hüquqi şəxslər həyata keçirir. Əsas mahiyyəti budur ki, ilkin mərhələdə 5-10 nəfərə ucuz muncuq dəstləri verilir və müəyyən pul müqabilində onları ipə düzmək tələb olunur. Muncuğu alan tez bir zamanda onu ipə düzür və qəbul məntəqəsindən vəd olunan məbləği alır. Üstünü düzəldir, verib yenə muncuq alır, sonra borca girir, daha sonra maşınını, hətta evini satır, muncuq alır. Muncuq alanlar da, qoyulan pullar da, reklamın hesabına hər gun artır. "Muncuq" dələduzluğunun başında duranlar da "qurbanlar"ın çoxalmasını, "maşın və ev" mərhələsinin çatmasını gözləyirlər. Bu mərhələ yetişən kimi pulları da götürüb aradan çıxırlar. Nəticədə minlərlə adam borca girir, yüzlərlə adam maşınını, onlarla adam evini itirir. Muncuğa verilən pullar isə bir qayda olaraq batır. Çünki dələduzlar artıq hardasa Avropada, Amerikada, bəlkə də Avstraliyada, amma başqa ad altında kef çəkir. Ən qəribəsi və deyərdim ki, ən dəhşətlisi isə odur ki, "muncuq" oynayanlar, bir qayda olaraq, ağıllı, savadlı adamlar olsa da, biri də fikirləşmir ki, bu qədər muncuq bu filankəsin nəyinə lazımdır? Ən azı, ipə düzülən muncuqları onlara verilən pula satmaq olarmı?

Burda mən müdaxilə edirəm, dözə bilmirəm:

- Bunlar ümumi şeylərdir, biz hamımız bu barədə müəyyən dərəcədə məlumatlıyıq. İstəyirdim ki, dələduzluğun konkret formalarından danışaq, yəni bu və başqa halda dələduz adamları necə aldadır? Axı, hər yerdə və hər adamı eyni cür aldatmaq olmaz. Həm də, dediyin kimi, bu gün adamların əksəriyyəti avam deyil, ən azı qəzet oxuyur, televizora baxırlar. Onları aldatmaq, axırıncı pullarını əllərindən almaq elə də asan deyil, üçküyün, muncuğun da vaxtı çoxdan keçib.

Dostum adəti üzrə bir siqaret çıxarıb yandırır, acı tüstünü içinə çəkib bir anlıq fikrə gedir. Amma bu sükut uzun çəkmir:

- Dələduzluğun forma və növləri çoxdur. Yerindən və vaxtından asılı olaraq dəyişir. Təbii ki, dünən keçən "priyom"lar bu gün keçmir, insanları aldatmaq, pullarını əllərindən almaq getdikcə çətinləşir. Odur ki, dələduzlar da inkişaf edir, bazara daha inandırıcı, daha aldadıcı təkliflərlə çıxırlar. Amma dələduzların bütün fırıldaqları, faktiki olaraq, üskük və muncuq oyunlarına əsaslanır. Yəni ya tək-tək adamları şirnikləşdirib qarmaqla tuturlar, ya da maliyyə piramidaları yaradıb yüzləri, minləri tora salırlar. Bu barədə iki hadisə danışmaq istəyirəm, biri müasir üskük məsələsidir, o biri müasir muncuq. 90-cı illərin ortalarında Rusiyada özəlləşmənin aparıldığı, vauçerlərin satıldığı dövrü götürək. Bu dövdə Rusiyada özbaşınalıq, cəzasızlıq hökm sürdüyündən, dələduzluq üçün də münbit şərait vardı. Orda da bizdəki kimi, ilk vaxtlarda vauçerlər bahalaşmışdı, dörd vauçerin, yəni bir çekin qiyməti Moskvada iki yüz dollara qalxmışdı. İşbazlar regionlardan çekləri bir az ucuz alıb maşınlarla paytaxta daşıyırdılar. Şəhərin müxtəlif yerlərində alış-satış məntəqələri fəaliyyət göstərsə də, qara bazar da çiçəklənirdi, vauçer alverinin yarıdan çoxuna nəzarət edirdi.

Belə bir məqamda Moskvada üskük fırladanlar, yəni avam adamları aldadanlar da fəallaşmışdılar, vauçer bazarından öz paylarını almağa çalışırdılar. Onu da deyim ki, dələduzlar, bir qayda olaraq, "işə" tək getmirlər, adətən bir neçə nəfər olurlar. Yalnız iki halda dələduz "işə" tək gedə bilər: işə təzə başladıqda, yəni diletant olduqda, ya da yüksək səviyyəli peşəkar olduqda. İndi danışacağım hadisə də ikincilərə, yəni peşəkarlara aiddir. Moskvada da belə peşəkarlardan biri o vaxtlar dillər əzbəri olmuş bir dələduzluq edir. O vaxtlar pensiyalar verilmədiyindən, dolanışığın çətinliyindən mərkəzdə yaşayan pensiyaçılar öz evlərini kirəyə verirdilər, ya da satıb şəhərin kənarına gedirdilər. Bizim "qəhrəman" da çətinlik çəkmədən Moskvanın mərkəzində, yaxşı bir yerdə üçotaqlı mənzildə bir otaq kirələyir. Axşam evə gələndə də əli dolu gəlir, o vaxtlar defisit olan kofe, şokolad konfet gətirir, ev yiyələrinin könlünə girir, onlara "mama", "papa" deyir. Gündüzlər isə axşama kimi əynində bahalı kostyum, qalstukla vauçer bazarlarını fırlanır, qurbanlıq quzu axtarır. Axtaran tapar deyirlər, nəhayət tapır. Vauçerləri topdan satan qrupların birinə yaxınlaşır. Salamlaşır, deyir mən imkanlı adamların nümayəndəsiyəm, min vauçer (yəni 250 çek) almaq niyyətindəyəm. O, slavyan mənşəli olduğundan və Moskva ləhcəsində danışdığından alverçilərdə şübhə yaratmır. Və bundan məharətlə istifadə edir, pulun məbləği böyük olduğundan onu ancaq evdə çatdıra bilərəm deyir. Sonra isə cibindən o vaxtlar yenicə yayılan və hər adamda olmayan kiçik mobil telefonunu çıxarıb "xozeyi"nə zəng edir və qiymətlər haqqında məlumat verir.

Onun təklifi maraqlı, amma gözlənilməz olduğundan alverçilər hər ehtimala qarşı məsləhət edirlər. Min vauçer alğı-satqısının (yəni 50 min dolların) bazarda elə də böyük rəqəm olmaması, müştərinin ziyalı görkəmi, mobil telefonu hətta üzü üzlər görmüş alverçiləri də çaşdırır, razılıq verirlər. İki nəfər içində iki yüz əlli çek olan bağlamanı götürüb ona qoşulur, taksiyə minib müştərinin evinə gəlirlər. Bizim qəhrəman evə girən kimi "babushka"nı öpür, deyir "mama", bağışla, bu gün dostlarımla gəlmişəm, sənə bir əziyyət verəcəyəm. Bizə bir kofe hazırla, mən dostlarımla bir az söhbət edim. Ev sahibəsi tanımadığı adamları görüb özünü itirir, amma kirayənişin ona özünə gəlməyə imkan vermir, qonaqları ilə öz otağına keçir. Elə təzə oturub söhbətə başlayırlar ki, müştərinin telefonuna zəng gəlir. O, göz edir ki, "xozeyin"dir, özü isə telefonda deyir, bəli evdəyəm, mal da məndədir, indi düşürəm. Qonaqlarına isə bildirir ki, "xozeyin" gəlib, aşağıda maşında gözləyir. Sonra şkafdan şampan, şokolad çıxarıb stolun üstünə qoyur. Deyir, bizim alveri mütləq yumaq lazımdır. Anam kofe hazırlayana qədər mən aşağı düşüm, malı "xozeyin"ə verim, pulu alım gəlim. Qonaqlar təbii ki, etiraz edir, onun təklifini fərziyyə kimi də qəbul etmək istəmr. Bizim "qəhrəman" heç təəccüblənmir, "mən sizi də başa düşürəm", - deyir və yenidən ""xozeyin"ə zəng edir. Sonra qonaqlarına müraciət edir:

- Mən sizə dedim ki, "xozeyin" tanınmış adamdır, amma demədim ki, deputatdır. O, sizinlə görüşmək istəmir. Necə istəyirsiz, elə də edək…

Bu dəfə zəng etmək növbəsi qonaqlara çatır, onlardan biri cibinə güclə yerləşən, o vaxtlar "dubinka" adlanan mobil telefonunu çıxarır və öz "xozeyni"nə zəng edir. Elə bu dəmdə otağın qapısı döyülür, ev sahibəsi kofe gətirir. Bizim qəhrəman yenidən onu öpür, "mama, sağ ol" deyir. Deyəsən, kofenin ətri qonaqları yoldan çıxarır, razılaşırlar, amma deyirlər birimiz səninlə düşməliyik. Kirayənişin də razılaşır, çek dolu bağlamanı götürən biri ilə otaqdan çıxır. Evdən çıxanda "mama, qapını bağlama, mən indi gəlirəm", - deyir. Aşağıda blokun qabağında bağlamanı alverçidən alır, bir az aralıda onu gözləyən qara "QAZ-31"-ə minir. Qara maşın alverçinin gözü qarşısında uzaqlaşır. Və o, yalnız indi görür ki, maşının arxa nömrəsi palçıqlıdır, görünmür…

***

- Üskük məsələsindən danışdıq, indi də keçək muncuq məsələsinə. Rusiyanın 90-cı illərdə yaradılan, məlum maliyyə piramidası AO MMM (Mı Mojem Mnoqoe) yadındadır?! Bu dələduzluğun muncuq formasıdır, Azərbaycanda məşhur olan Vahid Bankın "böyük qardaşı"dır. Yəni Vahid Bank on minlərlə insanı aldatmışdısa, MMM on milyonlarla insanı aldatmağa müvəffəq olmuşdu. Vahid Bank milyonları yığmışdısa, MMM yüz milyonları qamarlamışdı. Bəs bu qurumlar bu qədər insanı necə aldadır, bu qədər pulu necə qazanırdılar? Bunlar insanlara artıq muncuq deyil, pul verirdilər. Məlum olduğu kimi, həmin dövrdə bütün postsovet məkanında inflyasiya maksimum həddə idi. Maliyyə piramidaları da pul alıb üzv qəbul etdikləri insanlardan müəyyən maliyyə vəsaiti götürür və onu dərhal valyutaya, məsələn, dollara çevirirdilər. Bir ay ərzində isə inflyasiya 50, 70, hətta 100 faiz olurdu. Maliyyə piramidaları da dolları yenidən pula çevirir, inflyasiyadan qazandıqları pulun 30-40 faizini müştərilərə verir, 60-70 faizini isə mənimsəyirdilər. Beləliklə, sözdə əhalinin kasıb təbəqələrinə kömək edir, işdə isə inflyasiyanın güclənməsinə təkan verirdilər. Amma dövlətin iqtisadi qüdrəti artdıqca, inflyasiya da cilovlanırdı. Eyni zamanda, maliyyə piramidaları da maliyyə bataqlığına yuvarlanırdı, odur ki, "balaqlar"ını çırmayırdılar və fürsət düşən kimi aradan çıxırdılar. Amma bu, hamısına qismət olmurdu. Yeri gəlmişkən, AO MMM-in də, Vahid Bankın da rəhbərləri həbs olundular, öz haqlı cəzalarını aldılar, amma arada camaatın pulu batdı. Əlbəttə, pulunu alanlar, hətta AO MMM kimi əjdahalara "atanlar" da oldu. Onlardan biri də qarşınızdadır, icazənizlə, hadisəni məruzə edir. Deməli, danışacağım hadisə də həmin dövrə, 90-cı illərə təsadüf edir. Mən artıq milis podpolkovniki idim, Moskvada milis bölmələrinin birinin rəisi idim. AO MMM-in də bərk getdiyi, az qala Rusiyanın yarısını üzvlüyə qəbul etdiyi bir dövr idi. Mənim Aleksandr İvanıç adlı 20 illik köhnə dostum, paqon yoldaşım var, yanıma gəldi. Onunla Ximkidə sahə müvəkkili işlədiyim dövrdən tanış idik, xoş günlərimizdə olduğu kimi, çətin günlərimizdə də bir-birimizə müraciət edirdik. Dostum əslən Stavropol vilayətindən, orda Apşeronsk adlı bir qəsəbə var, ordan idi. Səksənin ortalarında, Moskva milisində pensiyaya çıxan kimi, doğma Apşeronska qayıtmış, arıçılıqla məşğul olmağa başlamışdı. İşə savadlı yanaşdığından və kredit alıb maya qoyduğundan tez bir zamanda arıların sayını yüzə çatdırmış, əməlli-başlı fermerə çevrilmişdi. Əlaqələrimiz isə kəsilməmişdi, o, Moskvaya gələn kimi mənə dəyirdi, mən də istirahətdə, məzuniyyətdə Stavropola gedir, dostumun fermasında 1-2 gün qalırdım. Hələ yazda, payızda bal kəsəndə mənim payımı da göndərirdi. Aleksandr İvanıç problemi mənə danışdı, onun Krasnodarda imkanlı bir dostu vardı, öz tamahının qurbanı olmuş, 100 min dollara qədər pulunu AO MMM-ə qoymuşdu. Amma geri ala bilmirdi, pulların batmaq ehtimalı vardı və hər gün artırdı. Həmin dövrdə bu, böyük pul sayılırdı, Moskvada iki ədəd üçotaqlı mənzil almaq olardı.

Dostumla süfrə arxasında oturduq, baş sındırdıq, böyük "Rasputin"in axırına çıxdıq. Amma ortaq bir məxrəcə gəlib çıxmadıq. MMM-in rəhbəri Sergey Mavrodi həmin dövrdə Dumanın deputatı, rəsmi milyonçu idi, ona milis bölməsi, idarəsi səviyyəsində batmaq mümkün deyildi. Bizim də bundan artığına imkanımız yetmirdi. Yaxşı yadımdadır, dostum nə isə deyirdi, mənim isə gözüm "Rasputin"in saqqalına zillənmişdi. Birdən elə bil başımda işıq yandı, İvanıç sonralar deyirdi ki, elə bil gözlərin də işıqlandı. Ayağa qalxdım, "Rasputin"in son damlalarını qədəhlərə süzdüm, dedim gəl son badələri bu "müqəddəs ata"nın sağlığına qaldıraq. Cavabı gözləməyib qədəhi başıma çəkdim, yerimə əyləşdim. Dostum heyrətlənmişdi, qədəhi hələ əlində idi. Dedi, axı, ən azı Rasputin "müqəddəs ata" olmayıb?! Razılaşdım ki, olmayıb, amma sən olacaqsan. Onu bir az da heyrətləndirdim, dedim, bu gün gecdir, arağını iç, yıxılaq yataq. Sabah qayıdarsan Krasnodara, dostunu taparsan. Deyərsən, onu şəhər kilsəsində yaxşı tanıyırlar, təmir elətdirib, ildə nə qədər pul verir. Dostun kilsədən bir arayış alır ki, AO MMM-ə qoyulan100 min dollar kilsənin vəsaitidir, təmir işlərinə xərclənməlidir. Dostunla bunun kimi (Rasputinin şəklinə işarə edirəm) iki saqqallı keşiş götürüb qayıdırsız Moskvaya, gedirsiz Dövlət Dumasına, deputat Sergey Mavrodinin qəbuluna. Vəssalam, şüttamam. Sonra mənə bir qonaqlıq verirsiz, dostun da pulun on min dollarını kilsənin fonduna keçirir.

İvanıçla AO MMM-ə pul almağa mən getməmişdim, amma qonaqlığa getdim, dostu keşişləri də özü ilə gətirmişdi. Yadımdadır, keşişlərin sağlığına badə qaldırdıq. Kefləri kök idi, deyirdilər ki, 100 min dolları rus pulu ilə qaytarıblar, iki kisə olub...

Tarix
2015.01.26 / 23:00
Müəllif
Qаlib Аrif
Şərhlər
Digər xəbərlər

Sahibkarların “xiyar siyasəti”

Növbəti Dördgünlük savaş nə vaxt olacaq?

Ermənilər Abbasovdan niyə razı qalırdı?

Qərb-Rusiya savaşı: 2016 nə vəd edir? – Təhlil

Ərdoğanın qeyri-adi bəyanatı

Alternativ enerji nədir? – Mənbələr

Mahal dilini dinc saxlasaydı...

KQB mayorunun Sovetləri titrədən qətli

Tələ: Gözəl qız oğlanı evə gətirir, bu zaman...

“Qatil qarajda elektrik stulu düzəldibmiş” - Polis

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla