Yuxarı

Əsədi Səddamın taleyi gözləyir...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demək olar ki, hamı maraqla ABŞ və Rusiya prezidentlərinin görüşünü gözləyirdi. Görüş baş tutdu, amma müşahidəçilər onu "konstruktiv" və "faydalı" adlandırsa da, ümumi izahatlardan belə məlum olub ki, prezidentlərin danışığı alınmayıb, hər iki prezident öz mövqeyində israr edib və B.Əsədlə bağlı mövqelərini yaxınlaşdıra bilməyiblər.

Doğrusu, görüş ərəfəsi ümidlər çox, olduqca böyük idi. Daha çox ona ümid edilirdi ki, iki böyük ölkə arasında münasibətlərin mülayimləşməsi dünyanı təhdid edən böyük iqtisadi böhran qorxusunu aradan qaldırar. Hətta deyərdim ki, bu gözləntilər Suriyadan da irəli idi. Təbii ki, bir görüşlə belə böyük məsələlər həll olunmur. Amma hətta bir görüş də barışığa yol aça bilərdi və bu görüş də məhz bu səbəbdən önəmli idi.

Təbii ki, Suriya ilə bağlı da gözləntilər vardı. Görüş ərəfəsində Rusiya mənbələri eyforiya içində yazırdılar ki, Qərb Rusiyasız Şərqdə baş çıxarmağın mümkün olmadığını anlayıb...

Etiraf edirik ki, bizi motivlər çox az düşündürürdü. Əsas o idi ki, bu müsəlman ölkəsini bürümüş hərbi-siyasi fəlakətə son qoyulsun. Amma hiss olunur ki, bunu hələ bir müddət yalnız arzulamaq lazım gələcək. Ona görə ki, V.Putin hakimiyyəti daha çox B.Əsədi gücləndirməklə məşğuldur. Həm də deyildi ki, Rusiya Suriyaya quru qoşunlar göndərməyəcək. Bu isə o deməkdir ki, müharibə tonqalına bir az da "benzin töküləcək" və o, daha şiddətlə alovlanacaq...

V.Putin BMT-nin toplantısında Qərb dövlətlərinə "Siz bilirsinizmi nə edirsiniz" sualı ilə müraciət etdi. Amma bilmək olmadı ki, bu, bir ritorika idi, yoxsa bu çağırışda həqiqətən də təlaş və təşviş vardı?

İndi Suriya əsil böyük müharibə teatrına çevrilib – burada oyunçular, tamaşaçılar və bir də rejissorlar var. Hamıının da bu teatrdan öz gözləntisi var. Az qala süqut etmək ərəfəsində olan B.Əsəd Rusiyanın və İranın timsalında güclü hamilər tapdı...

Hətta düşünürük ki, İranın Həcc ziyarətində həlak olmuş zəvvarlarla bağlı Səudiyyə Ərəbistanına qarşı böyük kampaniyaya başlaması da daha çox onun Səudiyyə krallığına təsir etmək istəyilə bağlıdır. Təbii ki, zəvvaralrın həlak olması çox böyük faciədir, xüsusən də əgər İranın gətirdiyi ədədlər doğrudursa! Üstəlik, əgər səbəb kimi göstərilən hadisə - kral oğlunun Kəbəni "maneəsiz" ziyarət etməyə çalışması haqda deyilənlər həqiqətdirsə, bunlar Səudiyyə krallığına çox böyük bir minus gətirir...

Amma düşünürük ki, bütün hallarda məsələnin içində İranın Səudiyyəyə təzyiq etmək istəyi də var. Ona görə ki, bu ölkə B.Əsədə qarşı çox kəskin bir mövqe tutub və təbii ki, həmin mövqe Əsədi dəstəkləyən İrana xoş gəlmir...

Rusiyanın Əsədə münasibətinə gəldikdə isə, düşünürük ki, burada səmimi bağlılıq yoxdur – böyük ehtimalla Rusiya indi Əsədə siyasi bazarda qoyulan qiyməti yoxlamaqla məşğuldur. Yaxın Şərq despotlarını siyasi hərraca çıxarmaq Rusiyanın çoxdankı şakəridir.

Vaxtilə Rusiya S.Hüseyni də "müdafiə" edirdi. Guya ki, Rusiya M.Qəzzafiyə də dəstək verirdi. Amma bütün bunların nəticəsi nə oldu? Güman edirik ki, ən azı yaşlı oxucular bütün bunları yaxşı xatırlayır...

Ən qorxulusu isə budur ki, bu "xəmir" hələ çox su apara bilər. S.Hüseyn də bir günə devrilmədi...

Həm də Suriya ilə bağlı ABŞ-ın bu günə qədər formalaşdırdığı cinahda da hər şey heç də qaydasında deyil. Türkiyə iki cəbhədə vuruşur: həm İŞİD-ə qarşı çarpışır, həm də PKK-ya qarşı. PKK ilə mücadilə qətiyyən ABŞ-ın Suriyadakı planlarına daxil deyil. Amma PKK Türkiyənin problemidir, özü də ciddi bir problemidir. Elə bu səbəbdən də Türkiyə B.Əsədlə bağlı ABŞ-ı qane edən bir mövqe tutsa da, onun PKK-ya qarşı cəbhə açması istər-istəməz B.Əsədə qarşı və həm də İŞİD-ə qarşı vuruşan ümumi cinahı zəiflədir...

Qərəz, bu bölgədə indi o qədər qarışıq vəziyyət yaranıb ki, heç bir formal sxem reallığı bütün dolğunluğu ilə əhatə edə bilmir. Bu, azmış kimi Rusiya ilə ABŞ-ın sövdələşməsi də baş tutmadı. Üstəlik, ABŞ BMT TŞ-da Rusiyanın təklifilə Suriya ilə bağlı müzakirələri boykot etmək niyyətindədir, çünki ABŞ belə hesab edir ki, mövqelər çox fərqlidir...

Beləcə, dünya növbəti məchulluq içindədir. Bu məchulluq dünyanı hara aparacaq, bütün bunlar necə qurtaracaq - hələ heç kim bu sualların cavabını və ən başlıcası isə çarəsini bilmir... Bəlkə də ona görə ki, çarə qılmaq iqtidarında olanlar bunu istəmirlər, çünki zavodlar boş dayanmamalıdır, güllə, top-tüfəng buraxmalıdır, ən əsası isə, bu güllələr haradasa atılmalıdır, bu toplar haradasa guruldamalıdır...

Tarix
2015.10.02 / 08:45
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla