Yeni il ərəfəsi idi.
Evdə darıxdım. Dedim, şəhərə çıxım, bir az dolanım. Bakıda da bütün
yollar bulvara aparır. Elə mənim də nə vaxt bulvara gəlib
çıxdığımdan xəbərim olmadı. Bir də gördüm ki, bulvar boyu dənizə
baxa-baxa addımlayıram. Adam çox idi. Çoxu da uşaqlarla gəlmişdi.
Bulvarı ora-bura qaçan balacaların səs-küyü başına
götürmüşdü.
Amma bulvarın daha başqa daimi sakinləri də var. Onlar
fotoqraflardır. Bu adamlar əllərində fotoaparat gəlib-keçənlərə
ümidlə baxır, ayaq saxlayıb şəkil çəkdirmək istəyən olanda lap uşaq
kimi sevinirlər. Bir az kənara çəkilib onlardan birini seyr etməyə
başladım. Heç şəkil çəkdirmək istəyən yox idi deyəsən. Axırda
dözməyib özüm ona yaxınlaşdım. Məlum oldu ki, bir neçə ildir bu
peşə ilə məşğul olur. Amma indi yaman gileylidi. Səbəbini soruşanda
dedi ki, görmürsənmi, hərənin əlində bir telefon var, indi şəkil
çəkidirənə çox az təsadüf olunur. İndi hamı özünün fotoqrafı olub.
Ola bilsin, bir müddətdən sonra bu peşəyə heç ehtiyac da
olmayacaq...
Yavaş-yavaş metroya tərəf addımlamağa başladım. Həqiqətən də
kədərli hekayə idi. İtib gedən, yox olan peşələr haqda mən əvvəllər
də oxumuşdum və eşitmişdim. Hətta məktəb illərində oxuduğum qoca
çəkməçi haqda kədərli bir hekayəni də xatırlayıram.
Amma tale elə gətirdi ki, biz çəkməçilərin xidmətindən çox
istifadə etməli olduq. Kim bilir, bəlkə fotoqraflar da belə olacaq?
Bəlkə hansısa zərurət və ya bəlkə də hansısa təsadüf onların da
peşəsinin ömrünü uzadacaq?
Amma kim bilir, bəlkə də bir çox yaxşı şeylər kimi fotoqraf
peşəsi də sovetlər vaxtında qalacaq..
Yadıma gəlir, Moskvada bizim yataqxananın yanında bir kinoteatr
vardı. Orada tez-tez foto-sərgilər təşkil edilirdi. İnanın, bu, heç
də rəssamlıqdan maraqsız peşə deyildi. Sərgidə elə gözəl, elə
mənalı fotolar olurdu, elə əsərlər sərgilənirdi ki, onlar əsl sənət
əsəri idi.
Mən hələ o dövrlərin qəzetlərini, maqazin-jurnallarını demirəm!
Orada əsl sənət əsərləri çap olunurdu ki!
O vaxt qəzeti və jurnalı fotosuz və fotoqrafsız təsəvvür etmək
olmurdu. Necə ki, indi şadlıq saraylarını fotosuz və fotoqrafsız
təsəvvür etmək olmur. Amma əlahəzrət telefon yavaş-yavaş elə burada
da peşə adamlarının, peşəkar fotoqrafların dabanını tapdayır.
Qərəz, o gün bulvarda aldığım yüngül, xəfif kədər yükü məni
bütün günü tərk etmədi. Dedim ki, bu haqda kiçik də olsa yazı yazım
ki, bəlkə kədərim sovuşub keçdi. Ola bilsin, kimsə deyəcək ki, bu,
texniki tərəqqidir, bir peşə bu yolla gedir, başqa birisi isə peyda
olur...
Ümumiyyətlə, düzdür. Hətta bəlkə də çox düzdür. Amma bir daha
deyirəm ki, bu, əsl sənət idi. İnsanların bir qismi bununla peşəkar
şəkildə məşğul olur və əsl sənət yaradırdılar. İndi bunlar necə
olsun? Mən hələ telefonla çəkilən peşəkar sənət əsəri
görməmişəm.
Adamı qəmləndirən də elə bu peşə və peşəkarlar söhbətidir. Bir
peşəkarın yetişməsi üçün bilirsiniz nə qədər əmək və vaxt sərf
olunur? Hətta deyə də bilərlər ki, foto meydana çıxanda rəsm və
rəssamlıq dəbdən düşmədi, əksinə, böyük sənət kimi qaldı.
Bu da doğrudur. İndi ümumiyyətlə, istənilən fikri təsdiq və ya
inkar edən onlarla arqument söyləmək mümkündür. Bəlkə həyatın
özünün mürəkkəbliyi buna səbəb olur?
Amma mənim yadımdan o dövrün fotoları silinmir... Xüsusən də o
vaxtki Pribaltikadan bir fotoqraf-rəssam vardı. Kişi elə sözün
həqiqi mənasında sənətkar idi.
Bəlkə elə fotoqrafları da elə bu peşəkarlıq xilas edəcək? Ancaq
düyməni basa bilənlər bu sahədən gedəcək, peşəkarlar isə
qalacaq.
Hətta bununla da razılaşmaq, bununla da barışmaq olardı. Deyim
ki, bazar iqtisadiyyatı peşəkar adama dəyər verməyi bilir – kim
olursansa ol, amma peşəkar ol.
Fəqət, bu dünyada ölən peşələr də var. Onlar da adamlar
kimidirlər. Bir qərinə yaşayır, sonra isə ölüb gedirlər. Bir də bu
dünyada bir Don Kixot olmaq təhlükəsi var. Vaxtı keçəni, ölüb
gedəni yaşatmaqda israr edəndə adam dönüb lap Don Kixot olur!
Kaş elə olsun ki, bizim fotoqrafları bu aqibət gözləməsin. Ən
azı ona görə ki, onlar da bir anı fiksə edirlər. Bir an isə bəzən
bir əbədiyyətə dəyər...