Söz sözü çəkər. Bu soyuq yanvar günləri bir neçə
cəhətdən xarakterik idi. Böyük adamların bir qismi bu ayda doğulub,
böyük hadisələrin bir hissəsi elə bu ayda baş verib.
Amma əsas bu deyil. Ona qalsa, tarix öz səxavətini heç bir aydan
əsirgəməyib və bütün aylar nə iləsə xarakterikdir.
Yanvar ayında Martin Lüter Kinq anadan olub. Bu adama özəl
münasibətimiz olmasaydı, bəlkə də bu detala heç toxunmazdıq. Amma
Martin Lüter Kinq elə bir adamdır ki, o, bütün cəmiyyətlər üçün
örnək ola bilər.
Cəmi bircə dəfə ABŞ-da olmuşam. Orada deyirdilər ki, bu günə
qədər Amerika cəmiyyəti ona milli qəhrəman adı verib-verməməklə
bağlı mübahisə edir.
Sonradan bir ABŞ tarixçisinin əsərini oxudum. O, Martin Lüter
Kinqi bir adamı nə qədər aşağılamaq mümkündürsə, o qədər aşağılamış
və təhqir etmişdi.
Fəqət hətta bu da mənim ona münasibətimi dəyişmədi. Bilirsinizmi
niyə? Hələ rus dini filosofu P.Florenski yazırdı ki, adlar
insanların taleyini müəyyənləşdirir. Bu fikri oxuyandan sonra
M.L.Kinqin adındakı Lüter sözü haqda düşündüm. Kinq haradasa
Lüterin həyatını, taleyini təkrar etdi – onun kimi islahatçı
oldu.
Kinq insan haqları uğrunda mübariz idi. O insan haqları ki, hələ
də onunla bağlı ciddi mübahisələr gedir, hələ də onu bir fəlsəfə və
ideologiya kimi xarici təhlükəsizlik xidmətlərinin instrumenti
hesab edirlər.
Amma mən bunların heç birini qəbul etmirəm, insan haqlarının
aliliyini və universallığını həmişə qəbul etmişəm, indi də edirəm.
Kinq əsl azadlıq mübarizi idi. Onun qəbrinin üstündə bir cümlə
yazılıb: "Nəhayət ki, azadam!.." Bəlkə də Kinq olmasaydı, 60-cı
illərdə Amerikada və eləcə də dünyada insan haqları uğrunda
mübarizə bu qədər vüsət almayacaqdı.
Amma o, bunu etdi. Bəlkə də o olmasaydı, heç Obama da olmaycaqdı
və qaradərili insanın ABŞ prezidenti olması hələ uzun müddət bir
arzu olaraq, bir xəyal olaraq qalacaqdı.
Böyük insanların böyüklüyü də elə ondadır ki, onlar xəyal
sayılan, uzaq bir arzu hesab edilən şeyləri gerçəkliyə çevirirlər.
Bəli, M.L.Kinq Mahatma Qandiyə böyük rəğbət bəsləyir və o da zorsuz
müqaviməti təbliğ edirdi. Bu iki insanın xarakterində və taleyində
oxşar cəhətlər çox idi – hər ikisi siyasi mübarizəyə yeni fəlsəfə
gətirmiş, hər ikisi də sui-qəsd nəticəsində həlak olmuşdu.
İndi o vaxtlardan xeyli keçib. Amma Qandinin və Kinqin baxışları
müxtəlif formada siyasətdə təzahür edir. Mənə elə gəlir ki, azadlıq
və insan haqları uğrunda mübarizə həmişə qalacaq. Onlar qaldıqca da
bu iki adamın adı qoşa çəkiləcək.
Düzdür, praktik siyasət adətən filosofları və romantikləri
sevmir. Belə hesab edilir ki, real siyasət fəlsəfədən və ya
romantikadan çox uzaqdır. Düz deyirlərmi? Güman etmirəm. Siyasi
mübarizə üsulunu da haradasa reallıq diktə edir. Əgər reallıq
qəlizdirsə və insanlar ona baş vurmağa ehtiyat edirsə, o halda
siyasi mübarizə romantik və fəlsəfi çalarlar alır.
Həm də Qandi və Kinq öz mübarizələrindən adi bir insanın payına
düşəcəyindən artıq pay ummurdu. Onlar nə prezident olmaq
istəyirdilər, nə də baş nazir. Bu adamlar mübariz tribunlar
idi.
Adətən siyasətçiləri və ictimai fəalları biri-birindən
ayırırlar. Fəqət əsl real siyasi və ictimai mübarizə bir çox
hallarda çulğalaşır. Bəzən onları biri–birindən ayırmaq belə mümkün
olmur. Kinq siyasətə də çox təsir etmişdi. Bu da başadüşüləndir.
Elə insanlar olur ki, onlar siyasi dəyərləri dəyişdirirlər. Elə
vaxtlar olur ki, siyasətin özü haqqında təsəvvürlər dəyişir. Belə
hallar bəlkə də yüz ildə bir dəfə olur. O halda siyasi və ictimai
meydana elə insanlar daxil olur ki, onlar zorən demokrat olmurlar,
bunu ürəklərinin diktəsilə edirlər, demokratiya onlar üçün daxili
motivasiya olur. Qandidə də, Kinqdə də bu motivasiya vardı. Onları
sevdirən də elə budur.
Zaman keçəcək, siyasi mübarizəyə daha yeni çalarlar gələcək.
Bəlkə də bütün təsəvvürlər tamam dəyişəcək. Amma tarixdə siyasətin
fəlsəfəsini dəyişmiş adamlar həmişə anılacaq. Onlar unudulmayacaq.
Həyatın özü bunu diktə edir.
Bu gün bir ərəb A.Saxarov mükafatı alırsa, deməli, dəyərlər
ümumiləşir, insan haqları universallığını diktə edir – insanları
ayıran dil, din və rəng faktorları arxada qalır, hamımız bir
olduğumuzu və Yer adlı planetin sakinləri olduğumuzu dərk
edirik.