2015-ci il Rusiyada nə az,
nə də çox, ədəbiyyat ili elan olunmuşdu. Təcrübəmizdə hələ belə bir
hala təsadüf etməmişik. Məsələn, Azərbaycanda da illəri əlamətdar
hadisələrə bağlamaq təcrübəsi var. Amma hələ Azərbaycanda hansısa
il ədəbiyyat ili elan olunmayıb.
Rusiyada isə bunu etdilər. Amma nəticəsi nə oldu, bu, nə məqsəd
daşıyırdı - bu suallar hələ uzun müddət gündəmdə qalacaq.
Əslinə qalsa, 2015-ci il Rusiyada daha çox geosiyasət ili elan
olunmalı idi, çünki məhz bu ildə Rusiya bir neçə məntiqsiz və axıra
qədər düşünülməmiş geosiyasi ambisiyalara yuvarlandı ki, onların
acısını və ağrısını təkcə biz deyil, az qala bütün dünya çəkir.
Rusların özünə gəldikdə isə, Prezident V.Putin bu yaxınlarda
ilin əlamətdar hadisəsi kimi Böyük Vətən Müharibəsindəki qələbənin
70 illiyini qeyd etmişdi. Rəyi soruşulan rusiyalı vətəndaşların 40
faizindən çoxu isə 2015-ci ilin əlamətdar hadisəsi kimi ölkələrinin
Suriya münaqişəsinə cəlb olunmasını qeyd etmişdilər. Necə deyərlər,
prezident xalqından, xalq isə öz prezidentindən geri qalmır.
Ən diqqət çəkən detal isə bu oldu ki, ədəbiyyat heç kimin yadına
düşmədi. Bəli, Rusiya ədəbiyyatı sözsüz ki, böyük və nəhəng
ədəbiyyatdır. Amma biz daha çox ona alışmışıq ki, ədəbiyyatın
tərbiyəedici imkanları və resurslarını önə çəkək.
Fəqət, ədəbiyyat tərbiyə edirmi? O, nədir? Estetik, yoxsa etik
fenomen? Bu suallara birmənalı cavab vermək elə də asan deyil,
çünki təcrübədə, həyatda belə də düşünənlər var, elə də
düşünənlər...
Bu gün Rusiyada ədəbiyyat mühitinin insanları daha çox başqa
şeylərin fəqrindədirlər. Məsələn, onlar belarus yazıçısı
S.Aleksieviçin Nobel mükafatı almasını rus ədəbiyyatının və rus
dilinin təntənəsi kimi qeyd edirlər, çünki bu yazıçı rus dilində
yazır...
Biz bu qüruru rusların əlindən almaq istəməzdik. Bizi sadəcə,
bir sual düşündürür: böyük ədəbiyyat ölkəsinin insanları niyə belə
kiçilib? Niyə Rusiya cəmiyyəti tənbəl-tənbəl hakimiyyətin ardınca
sürünür? Niyə cəmiyyət tamam seyirçi mövqe tutub? Hanı L.Tolstoyun,
F.Dostoyevskinin vəsf etdiyi böyük Rusiya cəmiyyəti?
Bəlkə də bu sullara onunla yekun vurmaq olardı ki, əslində,
ədbiyyat heç vaxt tərbiyə etməyib və indi də etmir. İnsanlar bəlkə
də romanları, elə şeirləri də sadəcə, vaxt öldürmək və əyləncə üçün
oxuyurlar.
Məsələ heç təkcə rus ədəbiyyatında da deyil: heç yerdə insanlar
kitablarda yazılan kimi yaşamırlar. Bu günə qədər ən mübahisəli
məsələlərdən biri Aristotelin katarsis haqqında təlimi olub. Böyük
filosofa rəğmən, insanlar israr edirlər ki, nə faciələr, nə də
başqa ədəbi fenomenlər mənəvi saflaşma yaratmır.
İnsanlar kitablarda yazılanlar kimi olsaydılar, kitablarda
yazılanlar kimi yaşasaydılar, ən azı Tanrının nazil etdiyi
kitabları rəhbər tutardılar. Amma gəl ki, onlar həyatlarını həmin
kitablara uyğunlaşdırmaq əvəzinə, kitabları öz həyatlarına və
dünyagörüşlərinə uyğunlaşdırırlar.
Ona görə də "Ədəbiyyat tərbiyə edir" deyə bilmirik. Bəli, rus
şairi vəcdə gələrək "Qafqaz altımdadır..." deyə yaza bilərdi. Amma
o, heç vaxt fərqində olmurdu ki, bütün Rusiya imperiyası da çar
adlanan bir despotun altındadır.
Bəli, rus ədəbiyyatı rus insanını başa düşməyə və yönətlməyə
cəhd edib və bu gün də edir. Məsələn, bəzən deyirlər ki, Qoqoldan,
Gertsendən və hətta Belinskidən rus sosialist ideyaları yarandı.
Amma bunu da birmənalı olaraq qəbul etmək olmur. Ona görə ki, bu
ölkədə sadalananlardan daha qüdrətli qələm sahibləri vardı. Niyə
ruslar Tolstoyu və Dostoyevskini deyil, onlardan qat-qat zəif olan
Gertseni seçdilər? Əslində, çox güman ki, belə bir seçim olmayıb və
mental qatlar həmişə ədəbiyyatın baş vura biləcəyi qatlardan daha
dərin olub.
Həm də ola bilsin ki, təkcə Rusiyada deyil, eləcə də Qərbdə
ədəbiyyata daha çox estetik fenomen kimi yanaşırlar. Şərqdə isə
vəziyyət həmişə bir qədər fərqli olub - bunu da etiraf etmək
zorundayıq. Şərqdə ədəbiyyat həmişə tərbiyə etməyə çalışıb və
təəssüf ki, min illər ərzində bu yolda zərrə qədər də irəliləyə
bilməyib. Bu mədəni arealda demək olar ki, hər şey olduğu kimi
qalıb, əksər hallarda baxıb görürsən ki, insanların yalnız
qiyafəsi, xarici görünüşü dəyişib, beyinlərdə elə bir təbəddülat
baş verməyib.
Deməli, ədəbiyyat heç də tərbiyə etmir. Bunu sadəcə, biz
şərqlilər uydurmuşuq. Bəlkə də M.F.Axundov bunu nəzərdə tutaraq
yazırdı ki, əgər dünya nəsihətlə düzəlsəydi, iranlılar ən qabaqcıl
millət olardılar, çünki onlar min illərdir ki, yalnız nəsihət
oxumaqla məşğuldurlar.
Elə bu səbəbdən də salamatı budur ki, birdəfəlik etiraf edəsən
ki, həyat da, elə insanını özü də ədəbiyyatdan qat-qat qəlizdir. Ən
yaxşı halda ədəbiyyat bir insanın baş vura biləcəyi ictimai, mental
qatlara qədər gedib çata bilir. Amma o qatlar nə qədərdir? Onlar
birdirmi? İkidirmi?..