SSRİ-nin çökəndən dərhal
sonra özünün geosiyasi maraqlarını bəyan etməməyini Prezident Putin
son 25 ildə Rusiyanın ən böyük siyasi səhvi hesab edir. O bu haqda
son müsahibələrinin birində deyib. Əslinə qalsa, biz ondan tamamilə
fərqli bəyanat gözləyirdik.
Düzdür, siyasətçilər səhvlərini heç vaxt etiraf etmirlər və bunu
daha çox tarixçilərin öhdəsinə buraxırlar, ən azı ona görə ki, belə
etirafların bir çox hallarda hüquqi nəticələri ola bilərdi. Amma
Rusiyanın siyasi isteblişmentinin Putindən əvvəlki dövrdə də böyük
səhvləri olmuşdu. O, ən azı bu haqda danışa bilərdi.
Həm də bizə elə gəlir ki, bu gün - dünyanın açıq qarşıdurma
yaşadığı bir dövrdə itirilmiş şanslardan danışmaq daha məqbul
olardı. Bu şanslar bir vaxt həqiqətən də böyük idi. Hamı soyuq
müharibənin birdəfəlik gömüldüyünü və bir daha böyük siyasətə
qayıtmayacağını düşünürdü.
Bu isə Rusiyanın necə dövlət olacağından asılı idi. Amma Rusiya
dünya siyasətində yeni biçimdə zühurunu öz ətraflarında münaqişələr
yaratmaq və öz geosiyasi ambisiyaları haqda düşünülməmiş bəyanatlar
verməklə biruzə verdi. Ona görə də bu gün Rusiyanın "səhv"ləri
haqqında Putinin "açıqlama"larını oxuyanda adam bir az təəccüb
edir: əcəba, Rusiya nə vaxt öz geosiyasi ambisiyalarını unudub? Heç
belə bir şey olubmu? Nədənsə biz belə halı heç xatırlamırıq. Rusiya
həmişə "barıt çəlləyi"ni xatırladıb, həmişə ABŞ-ı və Avropanı özünə
rəqib görüb.
90-cı illərin əvvəlləri yaxşı yadımızdadır. Varşava Paktı
çökmüşdü. Bəlkə də Rusiya gözləyirdi ki, NATO da çökəcək. Amma NATO
çökmədi və Rusiya da bunu Qərbin ən böyük xəyanəti hesab etdi. Amma
Rusiyaya da şans verildi. O, NATO-ya üzv olmağa dəvət edildi. Dünya
az qala nəhəng bir prosesin astanasında idi. Özünüz təsəvvür edin.
Əgər o vaxt Rusiya NATO-nun dəvətini qəbul etsəydi, indi hansı
böyük dəyişikliklərin şahidi olmazdıq? Bunu təsəvvür və ən əsası
isə təsvir etmək mümkün deyil. Rusiya özü tamam başqa ölkə ola
bilərdi. Onun ətraflarında tamam başqa mənzərə yaranardı. İndi
yaşadığımız münaqişələrin heç biri qalmazdı. Sivil ölkəyə çevrilən
Rusiya öz keçmiş satellitlərinin Qərbə inteqrasiyasının yolunda
əngələ çevrilməzdi.
Amma nə baş verdi? Böyük şans itirildi. Dünya soyuq müharibədən
sadəcə, kiçik bir tənəffüs əldə etdi, bir müddətdən sonra hər şey
təzədən başlayacaqdı.
Bir daha deyirəm ki, o vaxtlar - 90-cı illər indiki kimi
yadımdadır. NATO keçmiş sovet ölkələrilə əməkdaşlıq üçün "Sülh
naminə tərəfdaşlıq proqramı"nı təsis etmişdi və o vaxt hamının gözü
Rusiyada idi: görən, ruslar imkan verəcəkmi?
Rusiyanın özünə də NATO-ya üzv olmaq təkilf olunmuşdu – bunu da
bir daha vurğulamaq zorundayıq. Amma gəl, Rusiya nə etdi? NATO-dan
ən azı rəsmi olaraq heç bir dövlətin malik olmadığı hüququ – xüsusi
status tələb etdi. Təbii ki, heç kim buna razı ola bilməzdi.
Beləcə, Rusiya normal dövlətə çevrilmək şansını, dünya isə
təhlükəsiz və qorxulu Rusiyasız bir dövrə və düzənə qədəm qoymaq
şansını itirdi. İndi bu haqda yalnız təəssüf hissilə danışmaq
mümkündür.
V.Putin isə "səhv"lərdən danışır. Fəqət, post-sovet dövründə
Rusiyada bəlkə də heç kim onun qədər səhv etməyib. Bu gün dünya
əslində Putinin səhvlərinin nəticələrini yaşamaqla məşğuldur. Elə
bir məchulluq yaranıb ki, ən yaxşı halda bir ay bundan sonra nə
olacağını demək mümkündür, özü də çox böyük bir xəta ilə.
Kimsə deyə bilər ki, Rusiya ABŞ-ın "geosiyasi instrument"i olan
NATO-ya üzv olmamaqda düz etdi! Amma gəlin, bir suala cavab verək.
Rusiya Böyuk Britaniyadan, Fransadan və Almaniyadan daha qüdrətli
və daha çox müstəqildirmi? Rusiya bu dövlətlərdən daha çox inkişaf
edibmi? Güman edirəm, oxucu da qəbul edər ki, heç də belə
deyil.
Bu gün Türkiyə daha çox NATO-nun hesabına Türkiyədir. Demək
olarmı ki, Türkiyə müstəqil deyil?
Əgər NATO-ya üzv olsaydı və təhlükəsizliyini digər ölkələrlə
eyni bir geosiyasi müstəvidə axtarsaydı, Rusiya da belə
təhlükəsizlik çətiri və təminatı əldə edə bilərdi. Biz də tamam
başqa bir dövran yaşaya bilərdik – Qarabağ problemi, Osetiya və
Abxaziya problemləri, Dnestr münaqişəsi həll olunardı. Qafqaz bir
ümumi geosiyasi çətirin altında olardı və "Qafqaz evi" ideyası
gerçəkləşərdi. Bunların hər biri Rusiyadan asılı idi.
Amma şair A.Fet düz deyibmiş: Rusiyanı ağılla dərk etmək mümkün
deyil! Güman ki, bu prizmadan baxanda Rusiya siyasətçilərinin
çıxışlarında məntiq axtarmaq tamamilə səmərəsiz bir məşğuliyyətdi.
Bəli, Putin itirilmiş böyük şansdan danışa bilərdi. Amma o, tamam
fərqli bir şey danışdı...