Bəzən mənə elə gəlir ki, siyasətdən-filandan çox
yazırıq. Bəlkə də 25 illik siyasi publisist "stajı" olan adamdan bu
sözləri eşitmək bir az qəribə görünəcək. Amma bu hiss mənə çoxdan
hakim kəsilib. Neçə illərdir, siyasi yazarlardan daha çox
ədəbiyyatçıların yazdıqlarını oxumağa, rejissorları, artistləri və
rəssamları dinləməyə cəhd edirəm.
Dünyanın düz vaxtında, hamının əlindən qəzetlər düşəməyən
dövrlərdə belə demək olar ki, siyasi yazıları oxumurdum. Buna görə
bəzən məni qınayırdılar, deyirdilər ki, eqoistsən. Deyirdilər ki,
başqalarını da oxusan, yazıların daha əhatəli və daha sanballı
olar. Mən də deyirdim, elə indi də deyirəm ki, mən yazı yazıram,
mətbuat icmalı hazırlamıram.
Qoy, bizim gözəl jurnalistlər, yazarlar bundan inciməsinlər, min
şükür ki, fikrinə dəyər verdiklərimin hamısı ilə canlı ünsiyyətim
olub və onların baxışlarını, fikirlərini, hətta müəyyən səbəblərdən
yaza bilmədiklərini birinci mənbədən, özlərindən almışam, çox vaxt
yazıları oxumağa heç ehtiyac olmayıb.
Siyasətdən isə həmişə kitab oxumuşam, özü də xoşbəxtlikdən seçmə
adamların kitablarını. Ona görə ki, kitablarda konsepsiya olur,
metodologiya olur.
Amma ədəbiyyat və mədəniyyət bir az başqadır, hətta acgözlüklə
izləmişəm onları, o cümlədən də bizimkilərin bəzisini, xüsusən də
cavanları.
Bunun üçün bizim tele-kanalların kasad imkanlarından da
yararlanmağa çalışmışam. Bilirsinizmi niyə? Sadəcə, başa düşmək
istəmişəm, ən əvvəl də bir fərd kimi özümü anlamağa çalışmışam.
Qərəz, siyasət-filan bütün hallarda səbəb deyil, əsas, həlledici
deyil, uzağı bir nəticədir, həm də çox şərti nəticədir, törəmədir.
Anlamaq üçün resurslar da, nə bilim, dürlü "siyasi araşdırmalar"da
və hansısa "analitk təhlil"lərdə deyil, daha dərin və daha mübhəm
etno-psixoloji qatlardadır, daha dərin milli "kod"lardadır.
Mənə elə gəlir ki, ilk azərbaycanlı psixoloq da, elə ilk
ictimai, siyasi təhliçi də M.Cəlil olib. Bu məktəb böyük problem
qoymuşdu qarşısına – azərbaycanlı insanını anlamaq problemini.
Sözsüz ki, nəticələri, qənaətləri mübahisəlidir, qəbul edən də
var, etməyən də - bu, təbiidir. Amma onlar ilk idilər!
Qərəz, enək yerə. Düşünürəm ki, irtisadi, sosial, daha nə bilim,
hansı böhranlar da ikinci dərəcəlidir. Hamısı mədə ilə bağlıdır.
Amma bir böhran da var ki, ürəklə bağlıdır, ürəklə əlaqəlidir.
Bəli, elə böhran var ki, şəxsən özüm onu otuz ildir yaşayıram.
O, siyasi sistemlərlə, hakimiyyətlərlə, sosial-siyasi dövrlələ və
şərtiliklərlə bağlı deyil.
Min şükür, o qədər azad insanam ki, bəzən hansı ildə yaşadığımın
fərqində olmuram. Amma hətta sosial, iqtisadi və siyasi böhranlar
çəkiləndə, sosial narahatlıq sovuşanda belə öz böhranımı yaşamaqda
davam edirəm, yerimi tapa bilmirəm.
Bilirsiniz, bəlkə də gülməli görünəcək, ilk dəfə müstəqil həyata
atılan andan, bəli, düz otuz ildir ki, mən də Azərbaycanı və
azərbaycanlıları anlamağa cəhd edirəm. Azacıq sovetlərin vaxtında
da yaşamışam. Sonra başqa, tamamilə fərqli sistem gəldi, amma bütün
bu proseslərdə dəyişməz bir gerçəklik qaldı – o da bizik, biz
azərbaycanlılarıq.
52 yaşım var. Əlli iki il olmasa da, bəlkə qırx ildir ki,
bərələmiş gözlərlə özümə və ətrafımdakılara baxıram. Bizə nə olub?
Kim qarğıyıb? Görən, bu adamları niyə başa düşə bilmirəm? Niyə
bütün situasiyalarda uduzan, haqsız çıxan mən oluram? O hansı
"elmdir" ki, mən onu öyrənə bilmirəm? O hansı "biclikdir" ki, onu
tapa bilmirəm? Niyə ətrafımdakıların rəğbətini, etimadını
qazanmağın, onlarla bir olmağın, onlardan biri olmağın yolunu tapa
bilmirəm?
Ruslar özlərini anlaşılmaz millət hesab edir. Onların arasında
çox yaşamışam. Demirəm ki, hamısını başa düşmüşəm. Yox, bu, böyük
iddia olardı, mən elə də iddialı adam deyiləm. Amma bir də
görürdün, "orta statistik" rus İvan qəfil elə bir mərdlik edirdi
ki, məəttəl qalırdın və düşünürdün ki, ilahi, bu nədir, bu, mənəvi
güc haradan gəlir?
Çox düşünmüşəm. Mənə elə gəlib ki, o dövrdə də, indi də bizim
cəmiyyətimizdə bir şeyin qıtlığı olub – düzgün meyarın qıtlığı.
Nəticəyə aparan yol bizi çox vaxt maraqlandırmayıb. Hətta bir dəfə
bir əcnəbi də demişdi ki, təəssüf ki, sizi pulun, sərvətin, daha nə
bilim, sosial statusun mənşəyi, onlara çatmağın sosial resepti az
maraqlandırır.
Bəli, biz həmişə nəticə ilə hesablaşmışıq. Necə deyərlər,
qalibləri mühakimə etməmişik.
Tələbəlikdən dönüb ilk dəfə Baklya qayıdanda göylərdə uçurdum.
Cavan idim, ümidli idim, enerjilidim. Amma qısaca müddətdə acı
reallıq şillə kimi sifətimə çırpıldı: "Bura sənin üçün Moskva
deyil!".
Düzgün başa düşün, heç nəyi ideallasdırmaq və rəngli boyalarla
təqdim etmək fikrində deyiləm. Fəqət həmin "Bura sənin üçün Moskva
deyil!" sözləri ömrümə çəkilmiş şillə oldu. O şillə otuz ildir ki,
təkrar-təkrar sifətimə çırpılır, bu üzümü çəkirəm, o biri üzümə
vururlar!
Bəli, o sözləri eşidəndən əzablı axtarışlarım başladı, o vaxtdan
"buradakı" insanlar kimi olmağın, onlar tərəfindən qəbul olunmağın
yollarını axtarmağa başladım. Amma tapa bilmədim, həmişə "özgə"
oldum...
Bilirsiniz, bu, hakimiyyət-müxalifət məsələsi deyil, kimin
harada olması məsələsi deyil, şərti siyasi bölgülərdən, siyasi
dedi-qodulardan qat-qat dərində olan məsələdir – bu, sadəcə,
taledir, adi bir tale.
Əvvəldə dedim ki, siyasət-filan qətiyyən səbəb deyil, ən yaxşı
halda nəticədir.
Son nəticədə siyasəti də biz yaradırıq, elə qalan şeyləri də.
Hər şeyin başında tamam başqa məsələ dayanır: bir insan olaraq biz
kimik?
Bu günlərdə bir nəfərlə söhbət edirdim. Sağ olsun ki, heç
olmasa, dinlədi.
İnanın, bəzən dinlənilmək də bir imtiyazdır. Dedi ki, hamı nə
edir, sən də onu et, hamı kimi ol!
Ona heç nə demədim. Amma elə bildim "Bura sənin üçün Moskva
deyil!" şilləsi bir çırpıldı sifətimə! Demədim, ona deyə bilmədim
ki, ay başına dönüm, axı mən elə hamı kimi olmağın yolunu tapa
bilmirəm də!
Yenə də deyirəm ki, bu, siyasət-filan məsələsi deyil. Şərti
çərçivələrdən qat-qat dərində olan dərddir. Mənim üçün siyasi
bölgülər həmişə şərti olub, həmişə düşünmüəm ki, son nəticədə
hamımız azərbaycanlıyıq. Amma o "hamı" deyilən toplum heç vaxt məni
özününkü kimi qəbul etməyib – məni ağrıdan budur.
Əvvəldə böhranlardan danışdım. O böhranı ki, mən görürəm, o
böhran ki, ən azı mənim həyatım qədər çəkdi, bax, o, məni
qorxudur!
50 yaşını adlayandan sonra adam Allah haqqında, bu dünyadakı və
o dünyadakı yeri haqqında daha çox düşünməyə başlayır. Bu dünyada
yerini tapa bilməyənlər belə düşüncələrə daha həssas olurlar - bunu
da etiraf etmək zorundayam və bunu ilk növbədə özümə aid
edirəm.
Nədir bizim dərdimiz? Nədir bizi giriftar edən? Bəlkə də
demokratiya biliciləri mənimlə razılşamayacaq, amma mənə elə gəlir
ki, əxlaq Allahdan gəlir, Allahın göndərdiyi kitablardan gəlir.
Bəli, deyə bilərlər ki, onda ateistlərin əxlaqı yoxdur? Demirəm ki,
yoxdur. Amma bir istinad nöqtəsi olmalıdır, hamının üz tutduğu
ünvan olmalıdır! Bəlkə də səhv edirəm, amma mənə elə gəlir ki, biz
o Qanuna xor baxmışıq!
İstəyirsiniz, məni qınayın, lap vurub öldürün, odda yandırın,
fəqət, həmişə demişəm və bir daha deyirəm ki, mən hacılar gördüm,
kərbəlayilər gördüm, hətta ən nümunəvi dindar adamlar da gördüm,
amma çox az, barmaqla sayılası qədər ALLAH ADAMI gördüm!
Ən böyük böhranımız, ən böyük dərdimiz də budur! Qalan böhranlar
çəkiləcək, yaddan silinəcək. Amma belimizi dikəldə bilməyəcəyik,
hər böhran bizdən nəsə aparacaq, hər böhran möhrünü vuracaq
bizə.
Ona görə ki, həyatda uğura, ayaq üstə durmağa və "Günəş altında"
yerini tutmağa aparan vasitələrə seçim məsələsində etinasızıq,
bütün vasitələr bizim üçün məqbuldur.
Yaxınlarda "Səfillər" filminə baxırdım. Bir məsələni də deyim
ki, ilk dəfə "Səfillər"i oxuyan andan Avropanın əsil peygəmbərini
Hüqonun timsalında görmüşəm. Qərəz, keşiş deyir ki, mən səni
TANRIYA qaytardım, daha heç vaxt günah iş görməyəcəksən.
Ona görə də mən deyən böhran, o böhran ki, şəxsən mənim həyatımı
yedi, biz hamılıqla Tanrıya qayıdanda çəkiləcək...