Doğrusu, belə günün olduğunu
heç bilmirdim. Bəli, bu həftə, daha doğrusu, martın 3-də ümumdünya
yazıçılar günü qeyd olundu. Bəli, bir daha deyirəm ki, əvvəl belə
günün olduğunu heç təsəvvür də etmirdim.
Nədən o mənim diqqətimi özünə çəkdi? Rusların bir deyimi var.
Onu elə olduğu kimi qeyd edəcəm: "Poet v Rossii bolşe, çem
poet..."
Hər dəfə bu deyimin mahiyyətinə varmaq istəyirəm. Uzun
çək-çevirdən sonra düşünürəm ki, bu, təkcə Rusiyada belə deyil. Çox
yerlərdə yazıçıdan, şairdən, sadəcə, yazıçı və şair olmaqdan daha
çox şey umulur.
Ola bilsin, bununla razılaşmayacaqlar. Bəlkə də kimsə bunun
fərqində deyil, kimsə özünü reallığın və zamanın fövqündə görür,
amma bu, nəyisə dəyişmir, bir daha deyirəm ki, biz yazıçılardan,
şairlərdən umuruq.
Azərbaycanda iki cür yazar var. Özünü yazıçı hesab edənlər, bir
də yazıçı kimi qəbul olunanlar. Razıyam, qəbul olunmaq bir az qəliz
məsələdir və o daha çox mövcud reallıqlarla bağlıdır, o haqda
söhbət gedəndə ilk yada düşən şey mövcud konyunktura olur.
Amma bu amil çox mühüm olsa da, hər halda, həlledici də deyil.
Əsas odur ki, yazıçı olasan və əsas da odur ki, yaxşı yazasan.
Ədəbi nəsillər məsələsi həmişə çox qəliz olub. Bir az öncə
yazarlardan umduğumuzu desəm də, hər nəsildən böyük ədəbiyyat ummaq
olmur. Böyük ədəbiyyat sifarişlə yaranmır.
Əgər "xronoloji pilləkən" qursaq, buna daha yaxşı əmin olarıq –
Dante, Servantes, Şekspir və Höte kimi yazarların arasında bəzən
yüz illərlə ölçülən fasilələr, zaman intervalları olub.
Biz isə böyük ədəbiyyatı iyirmi, hətta on ilə sığışdırmaq
istəyirik. Təbii ki, bu səbəbdən də diskomfort yaranır – bir də
görürsən ki, kimsə vay-şivən qaldırır ki, bəs qoymayın,
ədəbiyyatımız əldən getdi!
Amma əsil ədəbiyyat heç vaxt "əldən getmir", ən azı ona görə ki,
o, həm də əbədiyyət sözü ilə səsləşir.
Bəziləri gerçəkliyə münasibətini ondan qaçmaqla ifadə edir.
Deyirlər ki, Azərbaycan kanallarına baxmıram və ya Azərbaycan
yazarlarını oxumuram. Mən bunu deyə bilmirəm - kanallara da
baxıram, bizim yazarları oxumağa da çalışıram.
Başqa necə ola bilər ki? Nə qədər kosmopolit olsaq da, harada
olduğumuzu və kim olduğumuzu tamam-kamal unuda bilmərik.
Bir az əvvəldə ədəbi nəsillər məsələsinə toxundum. Mənim üçün
yetmişinci və hətta heç vaxt unudulmayacaq altımışıncı illərin
nəsli də elə fövqəlmaraq kəsb etmir.
Amma bizim nəsil haqda bunu deyə bilmirəm. Ən azı ona görə ki,
bu nəsli digərlərindən daha yaxşı tanıyıram, onlar haradasa elə biz
özümüzük. Həm də ona görə ki, bu nəsil böyük hadisələrin şahidi
oldu. Siyasi sistem dəyişdi. İqtisadi model təzələndi. Ölkə tamam
müstəqil oldu. Əvvəlki dövrlərlə müqayisədə yaradıcılıq və ya
yaradıcı söz azadlığı bir xeyli genişləndi. Bütün bunların
ədəbiyyatda ifadəsini görmək maraqlı olardı.
Yox, bunu "plakat ədəbiyyatı"na çağırış kimi qəbul etməyin.
Qətiyyən o mənada demədik. Sadəcə, maraqlıdır, görən, bu ölkədə
ədəbiyyat necə yaranır? Maraqlıdır ki, sifarişsiz ədəbiyyat necə
olur?
Həm də ədəbiyyat böyük məsələdi. Təbii ki, keçmişlərdə olduğu
kimi, onun tərbiyə etdiyini və insanı dəyişdiyini güman
etmirik.
Fəqət burada azacıq düşünməli olursan. Bu yaxınlarda bir rus
filminə baxırdım. Qəhrəmanlardan biri deyir ki, rus ədəbiyyatına
nifrət edirəm, ona görə ki, o, bizə yalnız kiməsə və nəyəsə qarşı
olmağı öyrədib!
Həqiqətən də böyük ittihamdır. Mən doğrusu, təsəvvür də edə
bilmirəm ki, bu gün Rusiyadan onun böyük ədəbiyyatını qoparsan nə
qalar?
Amma məsələ bunda da deyil. Ondadır ki, nə qədər desək də, inkar
etsək də, ədəbiyyat həqiqətən də öyrədir. Özü də əməlli-başlı
öyrədir!
Düzdür, bir dəfə İranın dini lideri Ə.Xameneinin hansı
yazıçıları sevdiyi haqda yazılmışdı. Əsasən də V.Hüqonun və bir də
M.Şoloxovun adı çəkilirdi.
Bəlkə də təkcə bu fakt yetərlidir ki, ədəbiyyatın son nəticədə
heç kimi və heç nəyi dəyişmədiyini birdəfəlik qəbul edəsən.
Bəli, ən yaxşı halda biz Jan Valjanı və ya yepiskopu sevirik,
amma heç vaxt onlar kimi olmağı düşünmürük. Və yaxud da Şoloxovun
ardınca onun qəhrəmanlarının acı iztirablarını duyur, amma həmin o
iztirabları azaltmağın yolları haqda fikirləşmirik. Lakin yenə də
hesab edirəm ki, bizi dəyişə bilməsə də, hər halda, böyük ədəbiyyat
bizi düşündürür, ürəklərimizdə hansısa izlər buraxır. Ən başlıcası
da odur ki, böyük ədəbiyyat bizimlə yaşayır, nəfəs alır.
Çoxu "sosial ədəbiyyat" deyilən şeyi sevmir. Təbii ki, sosial
ədəbiyyat deyimi də bir şərtilkidir. Əsil ədəbiyyat sözsüz ki,
"izm"ləri sevmir. Onlardan çox-çox yüksəklərdə dayanır.
Həm də bilirsiniz, daha maraqlı olan nədir? Nobel mükafatı
veriləndə mükafatın verilməsinin şərtləri bir-iki cümlə ilə
açıqlanır. Şoloxovla bağlı bir-iki söz yadımda qalıb. Yazmışdılar
ki, yazar böyük rus romanının ənənələrinə sadiq qalaraq kazakların
həyatını göstərib.
Bəli, yaddaşım aldatmırsa, məhz belə idi və bu bir-iki söz böyük
ədəbiyyatın missiyasını yetərincə cızır – insanları və həyatı
göstərmək.
Situasiyalar, şərait, çərçivələr, sosial-siyasi gerçəkiliklər
müxtəlif ola bilər. Əsas odur, belə müxtəlif gerçəkliklərin fonunda
insanı və həyatı göstərə biləsən. Bəlkə məhz buna görə M.Bulqakov
və yaxud da A.Platonov bu gün də oxunur? Elə bu həftə, dünya
yazıçılar gününə təsadüf olunan həftə də bizə yalnız həmin o
səbəbdən maraqlı göründü – bir daha insanları və həyatı göstərən
aynaya boylanmaq və o aynadan dünyaya baxmaq istədik...