Hərə bir söz deyir. Bəli,
biri deyir ki, Tramp seçilərsə, hərbçilər qiyam qaldıracaq. Digəri
buyurur ki, Tramp seçilsə, amerikalılar köçüb Kanadaya gedəcəklər.
Nə olub? Nə baş verir?
Əvvəlcə onu deyək ki, bəlkə də ABŞ-dakı ilkin seçkilər ilk
baxışda yalnız siyasi təhlilçilər üçün maraqlı görünə bilər, çünki
adi, sadə adamlardan fərqli olaraq onlar həm də bu dünyada baş
verən prosesləri anlamaq yükünü çəkirlər. Düzdür, bu maraq da
prinsip etibarilə heç nəyi həll etmir - seçilənlər də, seçənlər də
amerikalılardır.
Fəqət hətta Amerikanı qəbul etməyənlər belə, haradasa, onun
dünya dövləti olduğunu qəbul etmək zorundadırlar.
Elə ona görə də maraqlanmaqdan, izləməkdən başqa çarəmiz yoxdur
– təbii ki, hamı öz payına düşən qədər. İndi bu məsələ həm də ona
görə aktualdır ki, ilkin seçkilərdə çoxdan ABŞ-ın öz V.Jirinovskisi
peyda olub. Həmin adam adını ən əvvəldə çəkdiyim cənab Donald
Trampdır.
Bəli, bəlkə də o, ilk baxışda Vladimir Volfvoviçdən xeyli
fərqlidir, ən azı ona görə ki, milyardları var, milyardçıdır. Bu
isə heç də az şey demir və bizim Vladimir Volfoviçdən fərqli olraq
o öz sərvətini müxtəlif siyasi xidmətlərin sayəsində
qazanmayıb.
Amma ABŞ-da milyardçıların prezidentliyə yolu elə də asan olmur.
Bunu sübut etmək üçün hətta yaxın keçmişdən də misallar gətrimək
olar. Bu gün isə diqqət çəkən odur ki, hətta ABŞ
respublikaçılarının özü növbəti Jirinovskidən – Trampdan yaxa
qurtarmağın yolunu düşünür. Amma tapa bilmirlər. Hələlik Tramp
bütün digər respublikaçı namizədləri qabaqlayır. Ona qarşı durmaq
iqtidarında ola biləcək adam kimi əvvəl Ceb Buş fərz edilirdi. Amma
bu adam elə bu yaxınlarda özünün seçki kampaniyasına "stop!" dedi.
Amerikalı təhlilçilər də bunu belə yozdu ki, ölkə Buş familiyalı
prezidentlərdən yorulub.
Ola bilər. Tramp üçün də həlledici anlardan biri ötən çərşənbə
axşamı hesab edilirdi. Həmin gün düz 12 ştatda respublikaçıların
ilkin seçkiləri baş tutmalı idi. Bu seçkilərdən Tramp qalib çıxdı.
Hətta o qədər qalib oldu ki, çoxunun onun prezident seçkilərində
respublikaçıların namizədi olacağına zərrə qədər belə şübhəsi
qalmadı.
Doğrusu, Tramp hamı kimi məni də qorxudur. Bu adam artıq indidən
özünün antimüsəlman ritorikası ilə diqqəti çəkib. Ölkəyə
müsəlmanların gəlişini yasaq etməyi tələb edir. Terrorizmə qarşı
mübarizədə terroristlərin ailələrini məhv etməyi təklif edir. Fəqət
onu deyək ki, sonuncu məsələdə o bir elə də orijinal deyil –
Çeçenistanda R.Kadırov artıq çoxdan terroristləri elə onların
ailələrinin "köməyi ilə" zərərsizləşdirir.
Başqa nə demək olar? Düzdür, ilkin seçkilər daha böyük siyasi
meydana – prezident seçkilərinə adlamaq üçün bir tramplindir. Amma
Tramp və tramplin sözləri çox səsləşir, deyilmi?
Ona görə də kim bilir? Dünyada nələr olmur?! Bir daha deyirik
ki, hətta respublikaçıların özləri ondan canlarını qurtarmaq
istəyirlər. Ona görə ki, nə qədər mühafizəkar olsalar da, nə qədər
xristian dəyərlərinə önəm versələr də, Amerika dəyərləri deyilən
bir anlayış da var və heç kim həmin dəyərləri belə asanlıqla
itirmək istəmir.
ABŞ ənənəvi olaraq mühacirlər ölkəsi olub. Bura gələn insanların
dini baxışları, siyasi əqidələri heç kimi maraqlandırmayıb, çünki
belə hesab edlib ki, həmin adamlar ABŞ-a məhz dini və siyasi
əqidələrini reallaşdırmaq və daha azad həyat yaşamaq üçün gəliblər.
Bu, həqiqətən də mühüm məsələdir. Amerika dəyərləri deyilən anlayış
da elə ilk növbədə budur.
Mənə elə gəlir ki, ABŞ seçicisi hansısa yolla Tramp problemini
həll etməyin yolunu tapacaq. Hər halda, buna ümidliyəm.
Tramp gəlsə, müsəlman dünyasına münasibət bir az da pisləşə
bilər. Düzdür, respublikaçı siyasətçilər geopoliotika məsələlərinə
həmişə daha çox önəm və diqqət verir, ABŞ-ın milli maraqlarının
fərqində olurlar.
Fəqət onların da özəllikləri olur. Elə kiçik Buş da az
qorxurtmurdu adamı – bir də görürdən ki, "fövqəlqüvvlər"lə
danışdığını, İsa peyğəmbəri yuxusunda gördüyünü deyirdi. Adam hər
dəfə fikirləşirdi ki, görən, onun bu sayıqlamaları nə ilə
bitəcək?!
Səddam Hüseynlə bağlı dedikləri hələ də yadımdıadır. Başqa bir
söz tapmayanda da qayıtdı ki, ən azı o mənim atamı təhqir etmişdi!
Düzdü, S.Hüseyn rədd olmalı və iraqlıların canı ondan qurtarmalı
idi. Amma ABŞ prezidentinin bunu əsaslandırmaq üçün şəxsi
haqq-hesabdan savayı bir şeyi tapa bilməməsi onda da, elə indi də
məni az təəccübləndirmir.
Düzdür, sayıq oxucu deyər ki, kiçik Buş 907-ci düzəlişin
qüvvəsini dayandırdı. Tamamilə doğrudur! Elə mən də məhz ona görə
əvvəldə yazdım ki, respublikaçı siyasi elita həmişə geopolitik
nüanslara həssas olur. İndi də buna ümid edirik. Hər halda, hər şey
qarşıdadır. Trampın çarəsini ya seçicilər, ya respublikaçılar, ya
da demokratlar tapacaq. Amma demokratların özlərinin də Sanders
problemi var və bu adam radikallığa görə heç də Trampdan geri
qalmır – biri super-radikal sağçı, digəri isə solçudur.
Ümid edirik ki, amerikalılar əvvəldə dediyimiz Amerika
dəyərlərinin varlığını bir daha təcrübədə sübut edə biləcək.
İndi isə irəli qaçmağın mənası yox. Bir azacıq gözləmək lazım
gələcək. Həm də düşünürük, o kəslərin ki əlində gözləməkdən də
qeyri vasitə var, bu adamlar əllərini yanlarına salıb
durmayacaqlar.