"Bizim vaxtımızda hər şey başqa cür idi" – demək elə bir
yenilik, çətin yozulan sosial fenomen deyil. Bütün insanlar əllini
aşandan sonra nə vaxtsa bu sözləri dilə gətirirlər. Bəlkə də ən
müdriklər, ən təvazökar insanlar belə izharlarda
bulunmurlar.
Amma bəzən baxıb görürsən ki, elə doğrudan da "bizim vaxtlar"da
hər şey başqa cür idi. İndi mən bizim abituriyentlərə, onların
dürlü testlərinə baxanda ürəyim sıxılır.
Ola bilsin, səhv edirəm, bəlkə də indiki sistemin üstnülükləri
daha böyükdür. Di gəl, mən həmişə "qızıl orta"nın tərəfdarı
olmuşam. Düşünürəm ki, əsl həqiqət nə keçmişdə, nə bu gündədir.
Düşünürəm ki, əsl iqtisadi qurtuluş yolu nə keçmişdəki planlı
dövlət iqtisadiyyatında, nə də indiki sərt və monetar
kapitalizmdədir. Hər şeyin yaxşısı qütblərdə deyil, haradasa
onların ortasındadır.
Düzdür, bir vaxtlar Andrey Saxarovun siyasi və iqtisadi
konvergensiya haqqındakı fikirlərini oxuyanda düşünürdüm ki, bu
adam sovet sosializminin təsirindən ayrıla bilmir. Amma budur,
inkişaf etmiş kapitalist ölkələri şərtsiz ödəniş sisteminə keçməyi
planlaşdırırlar. Bu, o deməkdir ki, işləyib-işləməməyindən asılı
olmayaraq, bütün vətəndaşlara hər ay müəyyən məbləğ ödəniləcək. Bu
məbləğ yaşamaq üçün kifayət qədər olacaq, orta aylıq əmək haqqından
çox da az olmayacaq.
Qatı kapitalizm tərəfdarı bunu eşidəndə nə deyərdi? Deyərdi ki,
insanlar tüfeylilik edəcək, işləməyəcək. Amma Qərbdə eksperiment
keçirilib, məlum olub ki, qətiyyən belə deyil. İnsanlar bunun
nəticəsində sadəcə, acından ölməmək üçün qarşılarına keçən hər
işdən yapışmır, ürəklərini oxşayan işlə məşğul olmağa başlayır,
hətta bu işlərə görə məvacibin az olmasına da baxmırlar.
Təsəvvür edin, eksperiment keçirilib. Eksperimentdə iştitrak
edən adamlardan biri gedib uşaqlarla işləməyə başlayıb, digəri
teatr tamaşaları qoymağa üstünlük verib! Kommunizm deyilmi? Bəli,
əsl kommunizmdir və baxıb görürsən ki, bizə illərlə kommunizm
haqqında danışdılar, amma gəl, kapitalist Qərbində onu
qurmaqdadırlar.
Ona görə də mən "Bizim vaxtlarda..." demirəm. Sadəcə, deyirəm
ki, o dövrü də unutmayaq, çünki bütün sahələrdə qurtuluş nə ayrıca
kapitalizmdədir, nə də sosializmdədir, onların çulğalaşmasındadır,
konvergensiyasındadır.
Bir az əvvəldə gətirdiyim misalda diqqət çəkən nədir? Odur ki,
insan daha çox azad olmaq istəyir, o, iqtisadi köləlikdən də
qurtulmağa, ehtiyacdan azad olmağa, ürəyi istəyən işlə məşğul
olmağa, sözün əsl mənasında kreativliyə can atır.
Bunu yalnız alqışlamaq olar. Elə inkişaf da budur: tezis,
anti-tezis və nəhayət, sintez.
Biz hamımmız inkardan başladıq. İndi "Bizim vaxtlarda..."
deyəndə yadıma düşür ki, hansı şövqlə N.Çernışevskini, A.Gertseni,
N.Dobrolyubovu və V.Belinskini oxuyurdum. İnanın ki, oxuyurdum! Özü
də acgözlüklə! Amma sonra onların inkarı baş verdi. Rusların bir
nəsli bütün uğrusuzluqlarını tamam bu adamlarda gördü. Onları
yamanladılar, aşağıladılar, gözdən saldılar, həmin bu adamları
dövrünün miskin və uğursuz adamları kimi qələmə verməyə
başladılar!
İş o yerə çatdı ki, heç kim bu adamları oxuduğunu deməklə öz
erudisiyasını nümayiş etdirməyə çalışmadı, hətta bunu gizlətməyə
cəhd etdi. Onların yerini Berdyayevlər, Rozanovlar tutdu. Biz də
acgözlüklə onları oxumağa başladıq. Amma nəsə çatışmırdı... Bəli,
çatışmayan İŞIQ idi. Adam subyektivliyə varmaqdan ehtiyat edir.
Amma Çernışevskidə, Gertsendə, Belinskidə və Dobrolyubovda bir İŞIQ
vardı.
Təbii ki, bütün pis zamanlar narahat yuxu kimi ötüb keçir,
unudulur. İndi baxıb görürəm ki, hər şey öz yerinə qayıdır. Təəssüf
ki, Rusiyada indi Dobrolyubovlar yoxdur. Amma Dobrolyubov özü
dirçəlir, insanlar yenidən bu adamları oxumağa başlayırlar.
Hətta bu böhranlı günlər məni bu fikrimdə tərəddüd etməyə sövq
etmir. Bəli, indi A.Smitin dediyi kapitalizm heç yerdə yoxdur.
Əvəzində sosial kapitalizm var, əvəzində yüksək rifah cəmiyyəti
var.
Təbii ki, kapitalizm Qərbdə öz işini gördü. O, insanları daha
əzmkar, daha mətin etdi, maddi və mənəvi sərvətlər yaratdı. Ona
görə də indi onun meyvələrini paylamağın, özü də hamıya paylamağın
və insanlara daha bir kreativ impuls aşılamağın vaxtıdır.
Ona görə mən "Bizim vaxtlarda..." sözlərini tamam başqa
konteksdə deyirəm. Bəli, o dövrü də unutmaq lazım deyil, yadda
saxlamaq lazımdır ki, sosial hüquqlar göylərdən nazil olmamışdı,
insanlar onların uğrunda çarpışmışdılar! Bir özünüz deyin, "Hamıdan
qabiliyyətinə görə, hamıya əməyinə görə!" sözlərində pis nə var ki?
Qərbdə artıq bununla da kifayətlənmirlər, "Hamıdan qabiliyyətinə,
hamıya tələbatına görə!" prinsipi ilə yaşamağa başlayırlar. Bunu
sosializmin apologetikası kimi qarşılamayın. Dedim ki, "qızıl orta"
heç nə keçmişdəki sosilizmdə deyil, nə də bugünkü kapitalizmdə.
Onların hər birindən götürülmüş ən yaxşı cəhətlərin
vəhdətindədir.
Elə bu səbəbdən də qocalar "Bizim vaxtımızda..." deyəndə onların
sözünü kəsməyə, onların ağzını yummağa tələsməyin, diqqət edin,
görün, nə deyirlər?
Bəlkə elə doğrudan da onlardan öyrənməli və eşitməli nəsə
var?