Ötən həftənin axır günləridi. Tezdən kompüteri yandırıb
təzəcə saytlara baxırdım ki, gözüm bir xəbərə sataşdı. Umberto Eko
vəfat edib... Nə demək olar? Bəli, 84 yaş. Oxucu dərhal qayıdıb
deyər ki, kaş, elə hamımıza bu qədər yaşamaq qismət
olaydı!
Nə deyim? Amin! Amma məsələ bundadır ki, 80-84 il yaşayanlar az
olmayıb. Fəqət elələri (bəlkə də çoxu!) olub ki, insanlar onların
həyatından bir şey xatırlamağa çalışıb, amma bunun üçün 80 söz
tapmayıblar. Eko elə bir adam idi ki, hələ uzun illər onu
xatırlamaq üçün minlərlə söz qalacaq - ən azı ona görə ki, özünün
dediyi kimi, tarix bitəndə əfsanə başlayır.
Onunla (bu adama yazıçımı deyim, filosofmu deyim?!) ilk
"tanışlığ"ım, bu adamın adını ilk dəfə nə vaxt eşitdiyim dəqiq
yadımda deyil. Hər halda, dünən, srağagün olmayıb. Bir xeyli vaxt
keçib. Elə yazıçılar olub ki, əvvəl bu adamların özü haqqında daha
çox oxumuşam, nəinki əsərlərini. Eko da belələrindən idi.
Mənim üçün onu maraqlı edən o idi ki, Eko həm də jurnalistika
(əgər belə demək mümkündürsə!) ilə məşğul olurdu. Arabir bu və ya
digər qlobal və ya mənəvi problemlə bağlı onun fikirləri sızırdı
dünya mediasına. Dünya deyəndə ki, o, bizim üçün elə də geniş
deyil, əsasən rus, türk, bir azacıq da ingilis mətbuatından
ibarətdir.
Beləcə, bu dar pəncərədən əvvəlcə filosof, publisist və
jurnalist Ekonu tanıdım. Yazıçı kimi "tanışlığ"ımız gec, çox gec
baş tutdu. Halbuki, neçə illər idi onun romanlarının adını əzbər
bilirdim. Amma oxumamışdım. Təkcə ona görə yox ki, əlim çatmırdı,
vaxtım yox idi və s. Yox, əgər bu ölkədə gündəlik dərd-sərdən
macal, vaxt tapıb "yazı" yaza biliriksə, deməli, Ekonu oxumaq üçün
də vaxt tapa bilərdik!
Səbəb tamam başqa idi. Xeyli müddət Ekonu oxumağa ehtiyat
edirdim. Nə başınızı ağrıdım, məndə belə təsəvvür yaranmışdı ki,
elə o da Ceyms Coys kimi yazır.
Bunu heç kim beynimə yeritməmişdi. Öz qənaətim idi. Coysla da
tarixçəmiz maraqlı olmuşdu. Onun haqqında ilk dəfə Moskvada
eşitmişdim. Bir rus dostum deyirdi ki, hə, belə bir ədəbi şarlatan
olub, bir neçə yüz səhifəlik əsər yazıb, hələ də hamı oxuyur, heç
kim də heç nə başa düşmür!
Onda Coysla ciddi maraqlanmaq ağlıma da gəlmirdi. Dostoyevski
vardı, Markes vardı, Aytmatov, hətta Tendrayakov vardı və bir də
rus dilində türk sevgi romanları. Düsturdan–formuldan baş açanda
onları oxuyurdum ki, beynim azacıq açılsın.
Sonra Azərbaycana qayıtdım. Bir çox illərdən sonra axır qərara
gəldim ki, oxuyub görüm, axı, bu Coys nə yazıb? Bir nəfərdən
tapdım. Bir təhər, ölə-ölə oxudum və hələ də bilmirəm ki, buna
oxumaq demək olardımı?
Hə, az qala tamamilə yadımdan çıxmışdı – söhbət məşhur
"Uliss"dən gedir. Etiraf edim ki, bu əsər haqqındakı resenziyalar
özündən daha maraqlı göründü mənə. Sadəcə, bütün bu məşguliyyətdən
bircə detal yadımda qaldı. Coysa qədər bir ifadə uydurmuşdum
özümdən: şüur axını.
Nə fikirləşirsiniz?! "Uliss"lə bağlı tənqidi yazıları və
resenziyaları oxuyanda eynilə belə ifadəyə rast gəldim: "potok
soznaniya"! Bir daha əmin oldum ki, bizə qədər bütün kəşflər edilib
və bütün gözəl sözlər də yazılıb.
Qərəz, mənimki Coysla alınmadı. Razıyam, Coys iki məsələdə,
nədən yazmaq və necə yazmaq məsələsində inqilab edib. Amma bu
inqilab mənlik deyildi, bu, mənim inqilabım deyildi.
Hə, gələk Ekonun üstünə. Axır bir gün qərara gəldim. Dedim ki,
oxuyacam. Birinci oxuduğum "Fuko rəqqası" oldu. Coysa oxşayırdı da,
oxşamırdı da. Beləcə, bu mənim yazıçı Eko ilə ilk və hələlik son
tanışlığım oldu. Təbii ki, yazıçı haqda onun bircə əsəri əsasında
fikir yürütmək yaramaz – bu fikirlə tam razıyam.
Fəqət, yəhudi-xristian mistikası ilə yoğrulmuş detektiv süjetli,
bir az da siyasi çalarları olan bu əsər elə də dərin iz buraxmadı
məndə. Təbii ki, effekt Coysdan fərqlidi və hətta həmin əsərdən bu
günə qədər bəzi fikirlər də qalıb yaddaşımda. Birini əvvəldə
dedim.
O birisi də çox maraqlı idi. Deyir ki, N.K.Krupskaya ilə bircə
gecə keçirsən, ertəsi gün mütləq "Materializm və empriokrititsizm"
yazacaqsan!..
Amma bu, hələlik onunla yeganə yazıçı-oxucu "görüş"üdür. Beləcə,
ilk yazıçı–oxucu tanışlığı baş tutdu da, tutmadı da.
Bəlkə də səhv edirəm. Amma mən elə ədəbiyyatı sevirəm ki, həyatı
və insanı göstərsin. Razıyam ki, əslində, bütün yazıçılar elə bunu
etməyə çalışır və edirlər də, sadəcə, hərənin öz üslubu olur. Amma
mən bu kriptologiyaları, konspriologiyaları və "kabbalist"
sayıqlamaları sevmirəm. Hətta onu da deyim ki, bizim sufizmlə bağlı
da ilk dəfə ciddi oxuyanda buna bənzər hislər keçirmişdim.
Həm də ola bilsin ki, bu yəhudi "Kabbala"sı (adını düz
verirəmmi? bəlkə azərbaycanca başqa cürdür? bilmirəm, fərqi
yoxdur!) və ya xristian mistikası haqda o qədər oxumuşam ki,
bezdirib. Hətta fiziklər bu haqda çox şey deyib, çox yazıblar,
azmış kimi, ömrünü buna həsr edənlər də olub, özü də elə-belələri
yox, çox, olduqca böyükləri.
Yazıçı Ekodan aldığım ilk təəssürat belə oldu. Sonuncu dəfə buna
bənzər şeyi daha bir ədəbi moda dalğasında oxudum. Bəli, söhbət
D.Braunun "Da Vinçi kodu"ndan gedir. Elə orada da qədim xristian
mistikası yamanca yordu məni!
Qərəz, bir daha deyirəm ki, yazıçı Eko ilə oxuçu kimi
"tanışlığ"ımız belə oldu. Axıra çatmadı. Tez də qırıldı.
"Tanışılıq" sözünü hər yerdə təsadüfdən dırnaqda yazmadım. Ola
bilsin, onu yenə də oxuyacam. Ən azı ona görə ki, özü demişkən,
tarix bitəndə əfsanə başlayır. Elə yazıçı ömrü bitəndə də yeni
əfəsanə doğulur – yazıçı əfsanəsi...