Deyilənə görə, bir dəfə Eynşteyndən soruşublarmış ki,
üçüncü dünya müharibəsi haqqında nə düşünürsünüz? Cavab veribmiş
ki, üçüncünü deyə bilmərəm, amma əminən ki, dördüncü dünya
müharibəsində insanlar qılıncla, oxla vuruşacaqlar.
Bəlkə də indi, yeri gəldi-gəlmədi, jurnalistlər növbəti dünya
müharibəsi haqqında danışmasaydılar, bu sözlər bir qədər başqa cür
qəbul olunardı. Amma danışırlar, üstəlik, tək özləri də danışmır,
diplomatları da bu suallarla yorurlar.
Diplomatları da bilirsiniz də! Onlara dil fikirlərini gizlətmək
üçün verilib – hamısı elə danışır ki, sanki ölkələri dünyanın ən
humanist və ən "başıaşağı" ölkəsidir.
Bəli, indi Rusiya ilə Qərb arasında, hətta Rusiya ilə Türkiyə
arasında böyük gərginlik yaşanır – o, gah artır, gah azalır.
Artanda narahatlıq keçiririk, azalanda isə bir az toxtayırıq və
fikirləşirik ki, deyəsən, məsələlər çözüləcək.
Narahatlıq tək qlobal müharibə təhlükəsilə bağlı deyil.
Dünyadakı böhran, neftin qiymətinin kəskin düşməsi də sırf
geosiyasi fenomendir. Biz faktiki və hətta de-yure olaraq iki
nəhəngin arasındakı ziddiyyətlərin fəsadlarını yaşamaqdayıq.
Kimdir günahkar? Kim geri çəkilsə, daha düzgün olar? Birmənalı
şəkildə demək olmur. Ona görə ki, bir nəfər demişkən, siyasət nəcib
qızlar klubu və yaxud da institutu deyil, heç kim də "az aşın
duzu"deyil, hamıda nəsə tapmaq mümkündür. Sadəcə, nisbət məsələsi
var.
Ruslar özlərindən "Müharibə istəyirikmi" deyə, soruşmağı
sevirlər, üstəlik, bunu bir mahnıya da çeviriblər, onu paqonlu
müğənnilər oxuyur - bu, hamıya bəllidir.
Amma inanın, Ukrayna hadisələri başlamazdan, Krım hələ ilhaq
olunmazdan əvvəl bəndəniz yazırdı ki, Rusiya müharibə üçün
yerikləyir. Mən bunu abstrakt olaraq sezmirdim, rusiyalı
siyasətçilərin davranışından, bəyanatlarından hiss edirdim.
İndi MDB–nin bir hissəsi hərbi teatra çevrilib. Bu, azmış kimi,
Suriya məsələsi də bir tərəfdən. Bu haqda yazmağı sevmirəm, çünki
hamının yazdığı məsələlərdən yazmaq mənim üçün həmişə məşəqqət
olub.
Rusiya ilə Türkiyə arasında sözün əsl mənasında əsəb müharibəsi
gedir. Rusların telekanallarına baxmaq olmur, adamın başı
gicəllənir. Siyasətçilər bir tərəfə, keçmiş rahiblərin
"peyğəmbərliy"indən danışırlar.
Guya ki, onlar hələ bir neçə yüz il bundan əvvəl xəbər
veriblərmiş ki, üçüncü dünya müharibəsini Türkiyə başlayacaq, amma
nəticəsi onun üçün yaxşı olmayacaq – Konstantinopol xristianlara,
daha doğrusu, provaslavlara qaytarılacaq. Təsəvvür edirsinizmi?
Bunlar Konstantinopol davası aparırlar!
Bəli, ruslar israr edir ki, Bəşər Əsədin taleyini suriyalılar
həll etməlidirlər, hələ bu da azmış kimi, ona suriyalıların
dəstəyindən danışırlar. Amma hansı dəstəkdən söz gedə bilər? Əsədin
siyasəti sayəsində milyonlarla suriyalı qaçqın düşüb, yüz minlərlə
insan həlak olub. Bu halda hansısa dəstəkdən danışmaq
mümkündürmü?
Suriya əsl humanitar fəlakət yaşayır. Əslində, dünya
siyasətçiləri Suriya üzrə də beynəlxalq tribunal yaratmaq haqqında
düşünməldirdlər. Həmişə tək Əsədin adı çəkilir. Bu, mənə bir qədər
başqa cür təsir edir. Əsəd tək deyil və onun hökuməti, nazirləri və
komandası var. Onlar niyə cavab verməməlidirlər ki?
Əslində, onlar da cavab verməlidir – bir daha deyirik ki,
milyonlarla insan qaçqın düşüb, yüz minlərlə adam həlak olub, ölkə,
onun infrastrukturu tamam dağılıb, neçə ildir amansız vətəndaş
müharibəsi gedir, bu adam öz vətəndaşlarının üzərinə tankları və
təyyarələri göndərir. Ona görə də cavab verməlidir.
Rusiyanın davranışı, əslində, bizi təəccübləndirmir. Bu ölkə
Yuqoslaviya məsələsində hansı mövqeni tutmuşdu? Səddam Hüseynə
münasibəti necə idi? Digər məsələlərə necə baxırdı?
Hamısı yaddaşlardadır. Bəli, Rusiya coğrafi cəhətdən Suriyaya
ABŞ-dan daha yaxındır – bunu qəbul edirik. Siyasi həqiqət
baxımından isə sıravi suriyalıların mənafeyi və gözləntiləri
baxımından yaxın deyil. Rusiya həmişə xalqları deyil, onları idarə
edən siyasi marionetləri daha yaxşı "başa düşüb"!
Bir daha deyirik ki, digərlərini də mələk hesab etmirik. Amma
təəssüf ki, siyasətdə bir çox hallarda yaxşı ilə pis arasında
deyil, pis və ən pis arasında seçim etmək lazım gəlir. Təbii ki,
Əfqanıstan da, İraq da yaddan çıxmayıb və belə hesab edirik ki,
Qərb ölkələri sadalananlarla bağlı məsuliyyətini yetərincə dərk
etmədi – vurdular, aşırdılar, sonra da xaraba qoyub getdilər.
Amma cəmiyyətlərdən də çox şey asılıdır. 1946–cı ildə Yaponiya
da işğal olundu, onlara konstitusiya yazıb verdilər ki, belə
yaşamalısınız. Yaşadılar və dirçəldilər! Gözəl dövlət, gözəl
iqtisadiyyat qurdular! Əfqanlar, iraqlılar niyə belə ola bilmir?
Bilmirəm.
Qlobal müharibəyə gəldikdə, demək lazımdır ki, ABŞ-ın təkcə
hərbi büdcəsi Rusiyanın total büdcəsindən azı iki dəfə artıqdır.
Düşünmək olardı ki, bu, Rusiya siyasətçilərinə soyuq duş kimi təsir
edəcək və bu adamları ayıldacaq. Amma yox, onlar ayılmaq istəmirlər
– ölkə sürətlə kasıblaşır, hərbi xərclər artır, başlarını
gicəlləndirən 200 milyard dollarlıq valyuta ehtiyatları kəskin
şəkildə azalır, sanksiyalar sözünü deyir.
Bu günlərdə Medvedyevə qulaq asırdım. Bir tərəfdən deyir ki,
Rusiya sanksiyalardan qorxmur, o biri tərəfdən isə qayıdır ki,
təkcə Avropa ölkələrilə ticarətdən Rusiya ildə 400-450 milyard
dollar qazanırdı, indi bu ədəd iki dəfə azlaıb!!!
Soruşmaq lazımdır ki, bu, sanksiyların təsiri deyilmi? Siz nə
düşünürdünüz? İkicə il də gözləyin, görün, hələ nələr olacaq!
Bir strateji mərkəzin dünya siyasətinin perspektivilə bağlı
hesabatı yayılmışdı – elə Rusiyanın özünün nəşrlərində. Yox, üçüncü
dünya müharibəsi haqda bir kəlmə də yox idi. Amma Rusiya ilə bağlı
elə bir ssenari cızılmışdı ki, adam bu perspektivi burada
təkrarlamaq istəmir.
Dünya müharibəsindən söz düşəndə, həmişə A.Saxarovun bir
baxışını bölüşdüyümüzü deyirik – indi bundan çəkindirən amillər
var, ən əsası da nüvə silahıdır.
İkinci Dünya müharibəsindən sonra çoxlu lokal savaşlar olub,
amma şükür ki, bunlar qlobal xarakter almayıb. Birinci Dünya
müharibəsilə ikincisi arasında 23 il vaxt olmuşdu. İkinci Dünya
müharibəsinin bitməsindən isə 70 il keçib.
Bu illər ərzində əsəblər çox gərilib. Hətta elə anlar olub ki
(məşhur "Karib böhranı"nı yada salın!), hamı müharibənin artıq
labüd olduğunu düşünüb. Gəl ki, bir təhər sovuşdurmaq mümkün
olub.
İnanmazsınız, nüvə silahı Rusiyanın bir növ talismanına çevrilib
– birinci soyuq savaş zamanı da, indi də adamları bu ölkədə
nəzarətsiz qala biləcək və yaxud da Rusiyanın yerində yaranacaq
kiçik dövlətlərin əlinə keçə biləcək nüvə silahları qorxudur.
Əgər "nüvə qalxanı"nı yaratmaq mümkün olsaydı, bəlkə onda dünya
müharibəsi olardı. Fəqət hələ R.Reyqan buna cəhd edəndə məlum oldu
ki, elə də asan məsələ deyil.