Bəli, fikirləşəndə görürsən ki, tarixdə daş dövrü ona
görə başa çatmadı ki, daşlar qurtarmışdı. Təsadüfi deyil ki,
dünyanı bürüyən iqtisadi böhranı, neftin ucuzlaşmasını təhlil
edənlər getdikcə daha tez-tez bu müdrik deyimi təkrar
edirlər.
Hələ də çoxu belə düşünür ki, indi neftin ucuzlaşması daha çox
mövcud geosiyasi konyunktura ilə bağlıdır. Amma başqa cür
düşünənlər də az deyil. Bəziləri israrla iddia edirlər ki, böyük
ehtimalla bahalı neft erası birdəfəlik arxada qaldı.
Düzdür, neft hələ bir o qədər də tükənməyib və dünyanın neft
ehtiyatları azı yüz il kifayət edər. Böyük neft hövzələri var ki,
onlar insanlar tərəfindən hələ işlənməyib. Məsələn, belə bir faktı
qeyd etməyə dəyər ki, Arktikada böyük neft ehtiyatları var ki,
onların hasil edilməsi bu gün üçün elə də asan texnoloji problem
deyil.
Amma getdkcə daha çox adam alternativ enerji mənbələrinə meyl
göstərir. Bir neçə il bundan əvvəl bu, bir ekzotika kimi
görünürdüsə, indi onun haqqında tamamilə ciddi şəkildə danışırlar.
Burada belə bir faktı qeyd etməyə dəyər ki, məsələn, Çinin
qeyri-ənənəvi üsullarla istehsal etdiyi enerji Rusiyanın istehsal
etdiyi bütün enerjidən azı üç dəfə çoxdur.
Alternativ enerji mənbələri insanların diqqətini təkcə neftin
tükənməsilə bağlı cəlb etmir, həm də belə bir faktı qeyd etməyə
dəyər ki, bu üsullarla əldə edilən enerji ekoloji cəhətdən də
təmizdir.
Öz tərəfimizdən də qeyd edək ki, alternativ enerji mənbələri bir
zərurətdir. Bəşər övladı gec-tez bu istiqamətə üz tutacaq. Amma bu,
nə vaxt baş verəcək və yaxud artıq baş verib - bax, bunu demək elə
də asan deyil.
Burada belə bir məsələ də diqqəti cəlb edir – insanlar deyir ki,
təbii ehtiyatlar çox ədalətsiz şəkildə bölünüb. Bu ədalətsizliyi
aradan qaldırmağın bir yolu da karbohidrogen erasına son
qoymaqdır.
Bir daha deyirik ki, hələ bu, ekzotika kimi görünür. Amma bu
vaxta qədər nə qədər ekzotik planlar reallığa çevrilib?! Çox keçməz
ki, bu da bir reallıq olar.
Alternativ enerji mənbələri arasında elələri var ki, biz də
onları inkişaf etdirə bilərik və bu sahədə artıq Azərbaycanda da
xeyli iş görülüb. Hətta bu xüsusda dövlət proqramı da mövcuddur.
Həm də əvvəldən Abşeronun küləkli, ölkənin isə ümumi günəşli iqlimi
bu konteksdə həmişə diqqəti cəlb edib. Bu istiqamətdə nəinki
hökumət tərəfindən, hətta ayrı-ayrı insanların özləri tərəfindən
cəhdlər də edilib – ölkədə hətta elə evlər ki, onlar məhz
alternativ enerji ilə təmin olunurlar.
İndi neftin ucuzlaşması daha çox geosiyasi konyunktura ilə
bağlıdır. Bunu bir az əvvəldə qeyd etdik. Amma qısa müddət üçün
nəzərdə tutulan və daha çox da Rusiyanı çökdürmək məqsədi gedən
həmin strategiya uzun müddətli də ola bilər və daha böyük dövrü
əhatə edər.
Bir daha deyirik ki, biz hələ daha çox neft ölkəsiyik. Hərçənd,
potensial neft ehtiyatlarımız bir o qədər də böyük deyil. Fəqət,
iki böyük gücün savaşından irəli gələn çətinlikləri biz də
yaşayırıq. Və daha çox da onda ümidliyik ki, proses uzun müddət
davam etməyəcək, neft yenidən bahalaşacaq.
Fəqət, bu period qeyd etdiyimiz kimi, başqa məna da kəsb edə
bilər, o, total qeyri-neft erasının başlanğıcına çevrilər.
Bəs nə etmək olar? Neftin ucuzlaşması qeyri-neft sektoruna
diqqəti bir az da artırdı. Əvvəllər də Azərbaycanda bu sahəyə
xüsusi önəm verilirdi. Amma indi bu, daha da aktual oldu. Aydın
oldu ki, ən əvvəl ərzaq təhlükəsizliyimizi təmin etməliyik.
Ona görə də ucuz neft erasının ən birinci dərsi bəlkə də o oldu
ki, biz öz iqtisadiyatımızı üç nəhəng sektor üzərində qurmalıyıq.
Bunlar turizm, kənd təsərrüfatı və bir də ölkənin tranzit
imkanlarıdır.
Bu sahədə də xeyli iş görülür: tranzit imkanlarını inkişaf
etdirmək üçün xüsusi qurum yaradıldı, turizm və kənd təsərrüfatı
isə ciddi diqqətdədir. Bu işlərin intensivliyini artırmağa, bəlkə
də bu sahəyə əlavə subsidiyalar yönələtməyə ehtiyac da yaranacaq.
Həm də gərək daim yadda saxlayaq ki, ən böyük qeyri-neft sektoru
elə birinci növbədə kənd təsərrüfatıdır. Bu, həm də ərzaq
təhlükəsizliyi baxımından çox əhəmiyyət kəsb edir.
Etiraf edək ki, texnika və texnologiya o qədər inkişaf edib ki,
gənc dövlətlərin bu sahədə liderlik edən ölkələrlə yarışması
çətindir. Amma kənd təsərrüfatı başqa məsələdir: burada yerli
imkanlar, iş vərdişləri və ən başlıcası isə maliyyə resursları var.
Elə bu səbəbdən də çox kiçik müddətdə bu sahədə yüksək inkişafa
nail olmaq mümkündür. Neftdən fərqli olaraq bu resurs tükənməzdir
və bərpa olunandır.
Əsas odur ki, hökumət də bu sahəni prioritet elan edib. Deməli,
inkişaf üçün həm də istək var. Sadəcə, bir daha qeyd edirik, bir
müddət bu sahəyə əlavə subsidiyalar yönəltmək lazım gələcək. Belə
olsa, neft erasının bitməsi bizim üçün, ən əsası da gələcək
nəsillər üçün sürpriz olmaz.