Ana səhifə Gündəm |
Bu videonun yayılması haqda hələ 6 ay əvvəl məlumatlı idik. Anar Salmanov özü demişdi ki, şantaj edəcəm, Xaqani Məmmədovu ləkələmək üçün hər yola əl atacam.
Axar.az xəbər verir ki, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
O, APA-ya açıqlamasında barəsində yayılan rüşvət videosunu montaj adlandırıb.
2001-ci ildə Xorvatiyada baş tutan "Osiek" - "Dinaburq" görüşünün qalmaqallı kadrları yayımlanıb.
Videoda o vaxt 4-cü hakim funksiyasını yerinə yetirən Xaqani Məmmədovun baş hakim Asim Xudiyevə "qonaqlar heç-heçə üçün 15 dənə verirlər", - dediyi eşidilir.
Komitə sədri isə hesab edir ki, belə bir hadisəni xatırlamır: "Bu, Anar Salmanovun məhsuludur. Bizdən əvvəl "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukdan müsahibə alıblar.
Qriqorçuk həmin vaxt qonaq komandanın baş məşqçisi idi. O deyir ki, belə bir şey olmayıb, bundan söhbət gedə bilməz. İkincisi, belə bir təklif var idisə, həmin komandanın qapısına niyə penalti təyin olundu? Üstəlik, qonaqlar o görüşdə məğlub olmuşdular".
Sabiq FİFA referisi AFFA-da bu video ilə bağlı komissiya yaradılmasını da normal qarşılayıb.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib ki, araşdırma başlanıb. Onun sözlərinə görə, federasiya prezidenti Rövnəq Abdullayev də bundan xəbərdardır:
"AFFA prezidentinin tapşırığına əsasən, komissiya yaradılacaq və bu məsələyə baxılacaq. Komissiyanın tərkibi ilə bağlı sonra məlumat veriləcək".
Qeyd edək ki, həmin qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Tarix
2015.11.14 / 11:12
|
Müəllif
Emil Salamoğlu
|