O, 1958-ci ildə Ərəbistanın şərqindəki Əl-Qətif
şəhərində dünyaya gəlib. Atası Şeyx Məhəmməd ibn Nasir Əli Nimr,
babası Əli ibn Nasir Əli Nimr Səudiyyə Ərəbistanının Əhli-beyt
alimlərindən olublar.
Axar.az xəbər verir ki, söhbət
Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən edam olunan nüfuzlu şiə
alimi Nimr Baqir ən-Nimrdən gedir.
Hazırda dünya şeyx Nimrin
edamından danışır, bu hökmə görə İranla Səudiyyə arasında
münasibətlər gərginləşib, şiə cameəsi onun öldürülməsini
pisləyir.
Bəs kimdir bu şiə dini xadimi?
Nimr dini təhsilini Suriyada
alıb. Sonra Həzrəti Qaim mədrəsəsinin rəhbəri vəzifəsini icra edib.
Ərəbistana qayıtdıqdan sonra Avamiyyə şəhərində İmam Qaim elm
mərkəzini qurub. 2001-ci ildə isə İslam Mərkəzini təsis
edib.
Əvvəllər də dəfələrlə Səudiyyə
rejimi tərəfindən həbs olunub və işgəncələrə məruz qalıb. O,
şiələrə ikinci sinif vətəndaş rəftarına qarşı çağırışına görə həbs
olunmuşdu.
Digər səbəb isə Bəqi
qəbirisitanlığının vəziyyətinin ürəkağrıdan olmasını dilə gətirməsi
və dövlətin bura daha çox əhəmiyyət verməsinin vacib olduğunu
söyləməsi olub.
Ayətullah Nimr Səudiyyə
hakimiyyətindən tələb edirdi ki, əhalinin 20 faizini təşkil edən
şiələrə ikinci sinif vətəndaş kimi yanaşılmasın, onların öz dini
təhsillərini Səudiyyədə almaq hüququ tanınsın, şiəlik məzhəbi rəsmi
şəkildə qəbul edilsin, bu məzhəbə qulluq edənlər mətbuatda
aşağılanmasın.
Nimr çıxışlarında ölkə
rəhbərliyini ixtilaf üçün vəhhabi din xadimlərinə pul paylanmasına
son qoymağa çağırırdı. Müxalif liderə çevrilən şiə alimkasıb zümrənin vəziyyətinin
yaxşılaşdırılmasını tələb edirdi, şiələrin dövlət təşkilatlarında
işləməsinə imkan yaradılmasını istəyirdi.
İrana casusluqda ittiham
olunan Nimr Ərəb baharının başlandığı dövrdə doğma Əl-Qətif
şəhərində etirazların önündə gedirdi. O, təqib edilərkən 4 dəfə
ayağından güllə ilə vurulmuşdu. Onun Bəhreyndəki şiə gənclər
arasında da güclü elektoratı vardı.
Ayətullah Nimr 2011-ci ildə
etdiyi məşhur çıxışında silahı yox, sözü dəstəklədiyini
bildirmişdi: "Söz silahdan güclüdür. Çünki hökumət rəsmiləri
silahlı müharibədən faydalanacaqlar. Doğulduğum gündən bu ölkədə
təhlükəsizliyimə təminat olmayıb. Hər zaman təhdid altındayıq. Mən
həbs ediləndə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri dedi ki,
şiələrin hamısı ölməlidir. Onların məntiqi budur".