Ermənistan türk mallarının idxalına qadağa tətbiq
edilməsi imkanlarını nəzərdən keçirir.
Axar.az erməni mediasına istinadla xəbər verir ki, bu sözləri
Ermənistanın İqtisadiyyat naziri Arsvik Minasyan parlamentdə çıxışı
zamanı bildirib. Parlamentdəki deputatlardan biri təklif edib ki,
türk mallarının idxalına qadağa qoyulsun, diplomatik münasibətlərin
olmadığını nəzərə alaraq Türkiyəyə aviareyslər dayandırılsın. Buna
səbəb kimi Qarabağ münaqişəsi ilə bağlı Ankaranın Bakıya açıq
dəstəyi göstərilib.
Minasyan isə məsələyə reaksiyasında bildirib ki, Ermənistan
iqtisadiyyatına təhlükə yaradan malların idxalı ilə bağlı qaydalar
nəzərdən keçiriləcək. Nazir qeyd edib ki, Türkiyə ilə ikitərəfli
siyasi münasibətlərlə bağlı qəti qərar qəbul ediləcək:
"Türkiyə kimi Ermənistan da Ümumdünya Ticarət Təşkilatının (ÜTT)
üzvüdür, ancaq bizim üzvlüyümüzü Ankara tanımır. Biz bunlardan
iqtisadiyyatımızı qorumalıyıq".
Qeyd edək ki, regiondakı bütün meqalayihələrdən kənarda qalan
Ermənistan yalnız İran və qismən Rusiya ilə ticari əlaqələr
saxlayır. Buna baxmayaraq, bu ölkədə yoxsulluq 70 faizi (gündəlik 5
dollara qədər qazancı olan ailələrlə bağlı yeni baxışa əsasən)
adlayıb.
Rəsmən iqtisadi və siyasi münasibətlərinin olmamasına
baxmayaraq, Ermənistan əhalisinin əhəmiyyətli hissəsi – 100 min
nəfər Türkiyədə işçi miqrant kimi çalışır və ailələrinə çörəkpulu
göndərirlər. İqtisadiyyatı dağılmış kiçik Ermənistanın "Türkiyəyə
sanksiya" iddiasını irəli sürməsi gülünclük və özünəqəsddir.