Axar.az musavat.com-a
istinadən xalq şairi Sabir Rüstəmxanlı ilə müsahibənin birinci
hissəsini təqdim edir.
Mayın 20-də xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri,
Dünya Azərbaycanlıları Konqresinin həmsədri və artıq sabiq hesab
olunan deputat Sabir Rüstəmxanlının 70 yaşı tamam olur. Yubiley
ərəfəsində 70 illik həyat yoluna, yaradıcılığına nəzər salmaq,
iştirakçısı olduğu milli-azadlıq hərəkatı, ondan sonrakı dövlət
quruculuğu prosesi, 25 illik deputatlıq fəaliyyəti ətrafında söhbət
etmək üçün onu redaksiyamızda qonaq etdik. Çay süfrəsi ətrafında
baş tutan səmimi söhbətdə "Yeni Müsavat" qəzetinin baş redaktoru
Rauf Arifoğlu, musavat.com saytının redaktoru Xalid Kazımlı və bu
sətirlərin müəllifi iştirak etdi.
R.Arifoğlu:
- 70 illik yubileyiniz yaxınlaşır. Bu 70 ilin 28 ili
mənim gözümün önündə olub. Mənim nəzərimdə siz hələ də gəncsiniz.
Öz gözünüzdə necəsiniz? Bu 70 rəqəmi sizin üçün nə ehtiva edir? Bir
şair kimi, bu rəqəmin poetikası, sizdə yaratdığı təəssürat necədir?
70 yaşa qarşı sizdə bir kompleks varmı?
- Əvvəlcə onu qeyd edim ki, mənim yubileyim artıq Türkiyədə qeyd
olunub. Mayın 14-də İstanbul Böyük Şəhər Bələdiyyəsi "Fatih"
Mədəniyyət Mərkəzində yubiley tədbiri keçirdi. Türkiyənin "Bengü
Türk " telekanalı 3 saat yarım davam edən tədbiri olduğu kimi efirə
verdi. Bələdiyyə və Türk Dünyası Araşdırma Vəqfi böyük afişalar
buraxmışdı.
"Ülkər" televiziyasında, "Hürriyyət" qəzetində müsahibəm dərc
olundu. Türkiyədə başqa heç bir şair və ya yazıçının yubileyi o
möhtəşəmlikdə keçirilməyib. Yubileyimi bu cür keçirməklə boynuma
böyük bir minnət qoydular. Bunun səbəbi isə o idi ki, bizim bütün
həyatımız Türkiyə ilə bağlıdır. Biz Türkiyə-Azərbaycan arasına
ayrı-seçkilik qoymuruq, əksinə, iki ölkə arasında mənəvi körpülər
salırıq. Orada danışanlar da mənim haqqımda təxminən eyni sözü
dedilər. Sözüm ondadır ki, Rəfail Hüseynov orada mənim haqqımda
çıxışında dedi ki, Dədə Qorqudun dövründə 100 yaş demirdilər, üç
otuz, bir on deyirdilər. İndi Sabir Rüstəmxanlının da iki otuz, bir
on yaşı var (gülür).
Mən indi desəm ki, 50 yaşımla 70 yaşım arasında heç bir fərq
hiss eləmirəm, bu şişirtmə olar. Ancaq görünür, insan ölənə kimi
yaşını hiss eləmir. Əgər sağlamdırsa, sevdiyi işlə məşğul olursa,
bu, insanı xoşbəxt edir. Ancaq bir fərq var ki, mən cavanlığımda
"Ədəbiyyat" qəzetində işləyəndə əlyazma ilə 25-30 səhifə yazı yaza
bilirdimsə, indi kompüterdə 5 səhifə yazıram, ondan artıq yaza
bilmirəm.
- Deməli, yaş məsələsi yaradıcılıq tempinə təsir
edir...
- Bəli, təsir edir. Ancaq bir tərəfdən də kompüter insanın
gözünə pis təsir edir.
- Bəs niyə əvvəlki kimi kağıza yazmırsınız?
- Xəttim o qədər pisdir ki, onu ancaq müəyyən adamlar oxuya
bilir. Əks halda, gərək sonradan diktə edəm. Latın qrafikasına
keçəndən sonra xəttim bir qədər korlandı, tələsik yazıram.
Kompüterdə daha dəqiq yazıram, o yazını redaktə eləməyə ehtiyac
olmur. Yəni yaş məsələsini ancaq yazıda hiss edirəm, başqa heç nədə
hiss eləmirəm. Əlbəttə, son 30 ilimiz çox ağır keçdi. Nəzərə alsaq
ki, bizim kimi kənddən gələn adamlar Bakıda özlərinə bir həyat
qurana kimi ömürlərinin təxminən 25-30 ilini itirirlər. Hələ mənim
bəxtim gətirdi ki, 4-cü kursdan "Ədəbiyyat" qəzetində işləməyə
başladım. Ondan sonra bütün Azərbaycanın ədəbi-mədəni
ictimaiyyətinin nümayəndələri ilə görüşdüm. Məni tanıdılar,
qarşımda yollar açıldı. Amma Bakının hər yerində kirayə yaşadım. Ev
alana kimi, özümə həyat qurana kimi 30 yaş getdi. Təəssüf ki, bu
gün də rayondan gələnlər o zülmü çəkirlər.
Ona görə də biz ömrümüzün ən gözəl, enerji ilə dolu olan
illərini həyatın bizdən asılı olmayan ehtiyaclarına qurban verməli
oluruq. Arada deyirəm ki, gərək insana cavanlıqda, 20-30 yaşında
təqaüd versinlər, qocalıqda işləsin. Təbii ki, bu fantaziyadır.
Sonradan Azərbaycanın müstəqillik davası və məlum hadisələr
başladı. Bir yandan dünyanın bizə haqsızlığı, digər tərəfdən,
özümüzün öz içimizdə yaratdığımız problemlər ömrümüzün bir
hissəsini aldı. Duyğularımızdan, həyatımızdan qurbanlar verdik.
Ancaq bizi xilas edən bir möcüzə var ki, o da insanın sevdiyi işlə
məşğul olmasıdır.
- 70 yaş həm də geridə qalan illərə baxmaq imkanı verir.
Əlinizdən buraxdığınız fürsətlər varmı? Həyatla bağlı,
yaradıcılıqla bağlı, ölkə ilə bağlı...
- İndi mənim bilgisayarda hazır, çapını gözləyən 15 cild əsərim
var. Bunun içində əvvəllər çap olunan əsərlər də var, yenilər də
var. Bunun təkcə iki cildi mənim parlamentdə, dünyanın müxtəlif
ölkələrindəki çıxışlarımdır. Çap olunmayan romanlarım, şeirlərim,
povestlərim var.
X.K.:
- Çox maraqlıdır, o romanların çapı üçün Şahbaz
Xuduoğluna müraciət etmək olmazmı? Qohumluğunuz da var
(gülür).
- Yox, orada elə əsərlər var ki, heç bəzilərinin çap olunmasını
istəmirəm. Cavanlıqda yazdığım "Astar" adlı bir romanım var,
həyatın astar üzünə, görünməyən tərəflərinə həsr olunub. İndi onun
çap olunmasını istəmirəm. Təbii ki, çox fürsətlər qaçıb... Mənim
belə bir şeirim də var:
Neçə yazılmamış şeirlərimi,
Atdım meydanların izdihamına,
Qatdım millətimin gur ilhamına.
Bizcə söz saxladım- azadlıq sözü,
Dönüb yumruq olmaq öyrətdim ona...
Bir çox məqamlar oldu ki, oturub şeir yazmağa vaxt olmadı. Bu,
illərlə davam elədi. Şeir yazmaq üçün ilham ki, gəlir, o, köçəri
quş kimidir, dərhal yazmadınsa, uçub gedir.
R.A.:
- Sabir bəy, bu qaçan fürsətlərdən biri də o oldu ki,
sonralar "Ömür kitabı" kimi bir kitab yaza bilmədiniz... Yəni bütün
ölkənin, gəncliyin düşüncəsini dəyişə bilən, "Ömür kitabı"ndan da
üstün bir kitab yaza bildinizmi?
- Bu yaxınlarda bir məktəbə görüşə getmişdim. Həmin məktəbin
direktoru şagirdlərə dedi ki, mən "Ömür kitabı"nı oxuyandan sonra
özümü dərk elədim. Həmin vaxta qədər başqa insan idim. Mənim
fikrimcə, sonradan zaman dəyişildi. O zaman sanki "Ömür kitabı" bir
sosial sifariş idi. İnsanların o kitaba ehtiyacı var idi. Sonra
zaman dəyişdi, əlifba dəyişdi, kitab oxuyanlar azaldı. "Ömür
kitabı"nın ruhu ilə zamanın ruhu bir-birindən ayrıldı. Ancaq o
vaxtlar zamanın ruhu kitabın ruhu ilə bir idi. Mənim üçün Meydan
hərəkatı haqqında yazdığım "Xətai yurdu" romanım "Ömür kitabı"ndan
az qiymətli deyil. Orada meydanın böyük bir ruhu var. Sonra "Difai
fədailəri" kitabım var. Mənim romanlarımın bədii ruhu "Ömür
kitabı"ndan daha güclüdür. Amma təsir gücü onun qədər deyil. Çünki
zaman o zaman deyil, adamlar da o adamlar deyil. "Ömür kitabı" 250
min tirajla çıxmışdı. Sonradan həmin kitab 2000 tirajla çap olundu.
Bilmirəm, heç onu alıb oxuyan oldu, ya yox (gülür). Ancaq o zaman
"Ömür kitabı"nı qızlara cehiz verirdilər. İndi də o kitabdakı
problemlər Azərbaycan üçün aktualdı. Ölkə bütövləşməyib,
Azərbaycanın bir çox mənəvi, iqtisadi, siyasi problemləri həll
olunmayıb. Sanki indi uşaqlara "Ömür kitabı"nın ruhunu aşılamaq
yaddan çıxıb.
R.A.:
- Bu 30 ildə Sabir Rüstəmxanlı hamının gözünün
qarşısında olub. Millət vəkili olub, nazir olub, dövlət işlərində
işləyib, partiya sədri olub. Bu mənada siyasətçi olan Sabir
Rüstəmxanlı, yaradıcı Sabir Rüstəmxanlının əlindən nələri
alıb?
- Çox şeylər alıb. Bunun bir səbəbi də var. Məsələn, Rauf
Arifoğlu qələmi ilə, mövqeyi ilə cəmiyyətdə tanınan bir adamdır.
Ancaq sabah o, deputat seçilib Milli Məclisdə əyləşəndən sonra
qəzetin sifəti bir qədər dəyişəcək. Çünki Milli Məclisdə
proseslərin, vəziyyətin bütün dramatizminin içində olursan. O zaman
onların bəzilərini yazmağa da ehtiyac qalmır. Mən Milli Məclisdə
hər zaman sözümü demişəm. Orada öz sözümü deyirdim, stenoqrama
düşürdü, ancaq cəmiyyətin xəbəri olmurdu. Sən orada danışıb öz
ürəyini boşaltdığın üçün o haqda artıq yazmaq istəmirsən. Amma
kənarda qalıb yazmaq üçün daha sərbəst şərait olur. Ona görə də mən
nazir olduğum 5 ildə heç nə yaza bilmədim. Latın qrafikasına
keçməli idik, dərsliklər dəyişməli idi, dağılan mətbəələr bərpa
olunmalı idi. Komitəni nazirlik elədik. Rusiya ilə əlaqələr
yaratdıq ki, kağız gəlsin, avadanlıqlar gəlsin. O illər necə keçdi,
bilmədim.
X.K.:
- Yeri getməmişkən soruşum, nazir vəzifəsindən istefa
verməyiniz necə, sizin öz təşəbbüsünüzlə oldu, yoxsa bu təşəbbüs
yuxarıdan gəldi?
- Yox. O zaman bizi mətbuatda tənqid edirdilər ki, niyə bu
adamlar həm nazirdirlər, həm də deputatdırlar. Çoxu bu tənqidləri
qulaqardına vururdu. İndinin özündə də Milli Məclisdə iki vəzifə
daşıyan adamlar var. Ancaq mənə ağır gəldi ki, biz özümüz
demokratiyanı quran adamlarıq, ədalət axtarırıq, eyni zamanda
özümüz onu pozsaq doğru olmaz. O baxımdan mən seçki vaxtı, mayın
19-da ərizə ilə o vaxtkı prezident mərhum Heydər Əliyevin yanına
getdim. Dedim ki, mən nazirlikdən çıxmaq istəyirəm. Soruşdu ki,
kimdir səni nazirlikdən çıxaran? Dedim, özüm çıxmaq istəyirəm, bir
ayağı Milli Məclisdə, bir ayağı nazirlikdə qalmaq istəmirəm. Dedi
ki, o zaman Milli Məclisdən çıx, nazir kimi davam elə. Mən güldüm
və dedim ki, əgər nazirlikdə qalsam, mənim ixtiyarım sizin əlinizdə
olacaq. İstədiyiniz zaman əmr verib çıxara bilərsiniz. Ancaq Milli
Məclisdə ən azı 5 il təminat var ki, mən millət vəkiliyəm. Güldü və
dedi ki, yox, səni heç kim çıxartmaz, ancaq getmək istəyirsənsə,
eybi yoxdur, get, ərizən qalsın. Məndən sonra mənim haqqımda xeyli
şikayətlər oldu ki, guya seçki vaxtı keçəndən sonra ərizə verib
nazirlikdən çıxıb. Ayın 17-nə kimi ərizə vermək olardı, mən isə
19-da getmişdim. Sonradan prokurorluq da maraqlandı. Heydər
Əliyevin nə qədər dəqiq dövlət adamı olduğuna mən o zaman
təəccübləndim. Məlum oldu ki, mən ona ayın 19-da ərizə vermişəm, o
isə ərizənin üstünü 17-si tarixinə yazıb. Mən diqqətsizlik etmişəm,
ancaq o mənim səhvimi düzəltmişdi. Yəni qısa desəm, öz ərizəmlə
çıxdım. Mənim haqqımda çoxlu şikayət var idi. Onlardan biri də bu
idi ki, guya mən nazir olduğum müddətdə 13 ölkəyə getmişəm. Mən də
Nazirlər Kabinetindən arayış aldım və məlum oldu ki, mən bu 13
ölkənin hamısına getmək üçün cəmi 740 manat pul xərcləmişəm. Çünki
bütün ölkələrdə dostlarım var idi. Mən də yazdım ki, indiki
nazirlər bu pulla evlərindən bayıra çıxmırlar. Mən 13 ölkəyə nazir
olaraq getmişəm, cəmi 740 manat xərcləmişəm.
- Sabir bəy, neçə il deputat oldunuz?
- 25 il.
- Sizin qədər uzun müddət deputat olan
varmı?
- Var. Məsələn, Zeynəb Xanlarova.
- Ancaq bu dəfə seçkilərə getmədiniz...
- Bəli, getmədim.
- Həyatınızda bir dəyişiklik varmı, yaxşılığa və ya
pisliyə doğru? Mandatsız yaşamaq necədir?
- İtirilmiş fürsətləri bərpa etməyə çalışıram.
- Səmimi sözünüzdürmü?
- Bəli, səmimi deyirəm. İndi yazı-pozu işi ilə daha ciddi məşğul
oluram. Bu, işin bir tərəfidir. İkinci tərəfdən, mən Milli Məclisdə
deyiləm deyə, indi onun haqqında danışmaq istəmirəm. Ancaq bir şeyi
qeyd edim ki, Məclis sona doğru artıq dözülməz olmuşdu. Xüsusən
Gəncədə Rəsulzadənin büstünün başına çuval keçirilməsi məsələsini
mən Milli Məclisdə qaldıranda, parlament rəhbərliyi mənə qarşı
qalxdı ki, "bu nə söhbətdir edirsiniz..." O zaman gördüm ki, mənim
orada oturmağım çətindir. Bir ölkənin qanunverici orqanı o ölkənin
qurucusuna bu münasibətə məndən əvvəl reaksiya verməli idi. Mən
orada dedim ki, bu çuval Rəsulzadənin başına keçirilməyib, Milli
Məclisin başına, bu millətin başına keçirilib. Ondan sonra mənə
qarşı münasibət dəyişdi. Başladılar əleyhimə yazılar yazdırmağa. O
zaman içimdən qırıldım və gördüm ki, Milli Məclisin başında dayanan
adamlar özləri də buna razıdırlar. Axı o dövlət qurulmasaydı, indi
sən orada otura bilməzdin. Dövləti isə Rəsulzadə və onun dostları
qurublar. Sən ona sayğısızlığa necə dözə bilərsən? Bu məsələ mənə
çox ağır gəldi. İndi sanki o sıxıntıdan qurtuldum. Təbii ki,
məsələnin başqa bir tərəfi də var. Hamıya elə gəlir ki, 25 il
deputatlığa öyrəşəndən sonra ayrılmaq çətin olacaq. Çünki millət
vəkilisən, cibində diplomatik pasportun var. Gedəndə VİP salondan
keçirsən, bütün qapılar üzünə açıqdır.
- İndi pasportunuz elə deyil, eləmi?
- Yox, diplomatik pasportu o dəqiqə alırlar. İndi sadə vətəndaş
pasportudur. Bu da ədalətsizlikdir və doğru deyil. Türkiyədə belə
şey yoxdur. 25 il millət vəkili olasan, sonradan pasportunu əlindən
alsınlar... Ancaq bir şey də var ki, mən millət vəkili olarkən
üzümə açıq olan qapılar, indi ondan da geniş açılır. Hava limanına
gedəndə insanların içinə qarışmağa macal tapmamış, oranın gənc
işçiləri qabağıma gəlir, heç tanımadığım insanlar məni qarşılayır
ki, Sabir müəllim, siz buradan gəlin. Bütün yollar açılır və mən
keçirəm. Camaatın içində millət vəkili olduğum zamandan da artıq
sayğı görürəm. Mən xalq şairi adı alanda da yazmışdım ki, bu mənim
sirrimin üstünü açdı. Çünki hamı elə bilirdi ki, mən çoxdan xalq
şairiyəm. Millət vəkili vəsiqəsi ayrıdır. O parlamentdə mən elə
deputatlar gördüm ki, 5 ildə bir dəfə də ağızlarını açmadılar və
mən indi də onların adını bilmirəm.
- Öz deputat yoldaşınızın adını 5 ildə
bilmədinizmi?
- Yox, bilmədim. Çünki bu adam bir dəfə danışmadı, bir dəfə
səfərə çıxmadı. Sakitcə gəlib bir küncdə oturur və çıxıb gedir. O
Məclisdə 15-20 ildə ağzını bir dəfə açmayan deputatlar varsa, sən
onları nə cür tanıyacaqsan?
- 70 illik yubileyinizi Türkiyədə keçirdiniz. Azərbaycan
dövləti olaraq, istiqlal mücadiləsində liderlik etmiş, 25 il
deputat olmuş xalq şairinin yubiley törəni olacaqmı?
- Mədəniyyət Nazirliyi, deyəsən, Yazıçılar İttifaqının məktubu
ilə bir tədbir hazırlayır. Mayın 25-də Dövlət Dram Teatrında mənim
üçün yaradıcılıq gecəsi keçiriləcək. Mən özüm də hər 5 ildən bir
yaradıcılıq gecəsi keçirirdim. Maraqlı bir şey də deyim. 1996-cı
ildə, 50 yaşımda mənim yubileyim Opera və Balet Teatrında qeyd
olunurdu. Tədbirə 2 gün qalmış birdən dəvətnamələri geri yığdılar.
Dedilər ki, möhür vurulacaq, prezident gələcək. Rəhmətlik Heydər
Əliyev gəldi. Mən onu qarşılayanda dedi, yəqin indi müxalifəti
yığmısan oraya. Mən də gülüb dedim ki, bu mənim taleyimdir, nə edə
bilərəm? Müxalifət də burada olacaq, iqtidar da. Doğrudan da o
məclisdə həm müxalifət bütövlüklə var idi, həm də iqtidar. Sonda da
yazıçılarla görüşündə dedi ki, Azərbaycanda heç bir yazıçının 50
ilik yubileyi o səviyyədə qeyd olunmayıb, heç birində də dövlət
başçısı gəlib 3 saat oturmayıb. Qabil dedi ki, Səməd Vurğunun
yubileyi bu səviyyədə olub. Heydər Əliyev isə dedi ki, Qabil, səhv
eləmə, Səməd Vurğun o zaman xəstə idi, həm də orada dövlət başçısı
iştirak etməmişdi. Dedi ki, bu bizim sənə olan münasibətimizdir.
Onda çıxış edərək dedim ki, mənim Meydan hərəkatında iştirak edən
bəzi dostlarım indi həbsdədir. Burada çıxış edənlərin bəziləri
onların əleyhinə danışır. Dedim ki, əgər Meydan hərəkatında iştirak
etmək cinayətdirsə, onda birinci məni həbs edin. Nəyə görə biz
rahat gəzirik, onlar isə həbsdədir?