Bu gün Azərbaycan Mətbuat Şurasında media
nümayəndələrinin İranın Azərbaycana yeni təyin olunmuş fövqəladə və
səlahiyyətli səfiri Cavad Cahangirzadə və İslam Respublikasının
ölkəmizdə səfərdə olan İRNA xəbər agentliyinin icraçı direktoru
Məhəmməd Xoddadi ilə görüşü keçirilib.
Mətbuat Şurasından Axar.az-a verilən məlumata görə, toplantını
giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun
Amaşov Azərbaycan və İran dövlətləri arasındakı əlaqələrin yüksək
səviyyədə olduğunu vurğulayıb. Bu yaxınlığın media sahəsinə daha
çox sirayət etməsinin vacibliyindən söz açan MŞ sədri bildirib ki,
qarşılıqlı əməkdaşlıq üçün kifayət qədər münbit zəmin var. Fikrini
əsaslandıran Ə.Amaşov rəhbərlik etdiyi qurumla İranın Mədəniyyət və
İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti
arasında 9 noyabr 2016-cı il tarixdə imzalanmış memoranduma diqqət
çəkib: "Sənədin İranın və Azərbaycanın kütləvi informasiya
vasitələri, ümumən hər iki ölkənin media cameəsi arasında
münasibətlərin yeni dinamikasını müəyyənləşdirəcəyinə tam əminəm.
10 maddədən ibarət olan memorandum media orqanlarımızı qarşılıqlı
əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər,
hesabatlar və s. daxil olmaqla öz məhsullarının qarşılıqlı
mübadiləsini həyata keçirməyə təşviq edir. Sənəddə informasiya
nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə
dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və
texniki əməkdaşlıq məsələlərininin reallaşdırılması, kütləvi
informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi
birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir
və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin
təşkili və digər məsələlər əksini tapıb. Bütün bunlar son dərəcə
vacibdir. Ümumən hesab edirəm ki, noyabrın 4-dən 10-dək Tehrana
səfərim çərçivəsində keçirdiyim görüşlər qarşılıqlı
əməkdaşlığımızın möhkəmlənməsi üçün kifayət qədər pozitiv
məqamlarla yadda qaldı. Tehranda olarkən cənab Xoddadi ilə də
söhbətimiz oldu. Bu gün o bizim qonağımızdır. Fürsətdən istifadə
edib ona, eləcə də İrana səfərimin təşkilində əməyi keçən hər kəsə
təşəkkürünü bildirirəm", - deyən Ə.Amaşov İrana səfərində
məqsədinin İran mətbuatı və xəbər agentliklərinin 22-ci beynəlxalq
sərgisində iştirak olduğunu xatırladıb, tədbirin yüksək səviyyədə
təşkilini isbatlayan məsələləri qeyd edib. Deputat həmçinin İRNA
xəbər agentliyinin icraçı direktoru M.Xoddadini Azərbaycan Mətbuat
Şurasının diplomu ilə də təltif edib.
İRNA xəbər agentliyinin icraçı direktoru M.Xoddadi Azərbaycan və
İran xalqları arasında tarixi bağlılıq əlaqələrinin yaşadılmasının
zəruriliyindən söz açaraq hər iki ölkə mediasının bu istiqamətdəki
fəaliyyətini bir qədər də intensivləşdirməsinə ehtiyacın
duyulduğunu vurğulayıb. Müasir dövrdə informasiyanın müstəsna
mahiyyət daşıdığını bildirən M.Xoddadi digər sahələrdəki inkişafda
da informasiya amilinin həllediciliyinə diqqət çəkib.
İcraçı direktor çıxışında rəhbərlik etdiyi agentliyin
Azərbaycanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığa hər
zaman hazır olduğunu deyib. Cənab Xoddadi həmçinin İranın
Azərbaycana yeni təyin olunmuş səfiri Cavad Cahangirzadənin digər
sahələrdə olduğu kimi, media sahəsində də İran və Azərbaycan
arasındakı münasibətlərin dərinləşməsinə mühüm töhfə verəcəyinə
əmin olduğunu bildirib.
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab
Cavad Cahangirzadə media nümayəndələri ilə görüşün Azərbaycanın
Milli Dirçəliş Günündə baş tutmasını xoş təsadüf adlandırıb və
əlamətdar gün münasibəti ilə toplantı iştirakçılarına təbriklərini
çatdırıb. Səfir hər iki ölkə arasındakı münasibətlərin yüksək
səviyyədə olduğunudan məmnunluğunu ifadə edib, İranı və Azərbaycanı
bir-birinə bağlayan cəhətlərdən söz açaraq ortaq dəyərlər,
adət-ənənələr üzərində dayanıb. Azərbaycanın regionda böyük nüfuz
sahibi olduğunu vurğulayan C.Cahangirzadə müasir dövrdə
İran-Azərbaycan iqtisadi münasibətlərinin təkcə region deyil,
bütövlükdə dünya üçün faydalı tərəflərini sadalayıb, mövcud
istiqamətdə geniş dəyərləndirmələr aparıb. O, zaman-zaman İranla
Azərbaycan arasındakı yaxınlığı gözü götürməyən qüvvələrin olduğunu
da diqqətə çatdırıb. Səfir media orqanlarının ictimai-siyasi,
sosial-iqtisadi və mənədi proseslərdəki rolunun əhəmiyyətini
qabardaraq bildirib ki, bu rolun daim müsbət çalarlarla yadda
qalması neqativ meylləri sıradan çıxaran təsirli mexanizmdir.
C.Cahangirzadə Azərbaycanın jurnalistika ilə bağlı dünya
miqyaslı tədbirlərə evsahibliyinin ölkənin hərtərəfli inkişafını
tamamlayan vacib element kimi xarakterizə edib, rəhbərlik etdiyi
diplomatik missiyanın İran-Azərbaycan media əməkdaşlığını nəzərdə
tutan tədbirlərə hər zaman dəstək verməyə hazır olduğunu
vurğulayıb.
MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə çıxışında İran-Azərbaycan media əməkdaşlığının
vacibliyini əsaslandıran cəhətlərə diqqət yetirib. O, qarşılıqlı
təmasların indiyədək əldə edilmiş nailiyyətləri daha da
möhkəmləndirmək, ortaq problemlərə vahid prizmadan yanaşmaq
baxımından mühüm önəm daşıdığını vurğulayıb.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun
rəhbəri Umud Rəhimoğlu çıxışında diqqəti Qarabağ münaqişəsinə və
Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı
faktına çəkərək İranın və Azərbaycanın media orqanlarının taleyüklü
məsələlələrdə haqq və ədalətin çarçısı kimi çıxış etməsinin vacib
tərəflərindən söz açıb.
Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri – "Bakı
xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Paralel" qəzetinin
baş redaktoru Tapdıq Abbas, "Şərq" qəzetinin baş redaktoru Akif
Aşırlı, "Teleqraf Holdinq"in rəhbəri Aynur Quliyeva, "Assa İrada"
İnformasiya Agentliyinin direktoru Fazil Abbasov və başqaları
bildiriblər ki, mövcud şəraitdə bölgə, xüsusən də İran və
Azərbaycan jurnalistləri yalnız təcrübə mübadiləsi ilə
kifayətlənməməli, habelə regionumuzun bugününü və sabahını nəzərdən
keçirməlidirlər. Onlar həmçinin hər iki ölkə jurnalistləri
arasındakı təmasların intensivləşməsindən məmnunluqlarını ifadə
edərək perspektiv planların həyata keçməsinə dəstək göstərməyə
hazır olduqlarını bildiriblər.