Şair-publisist Murad Köhnəqala AYB sıralarına geri
qayıtması və bunun arxasında dayanan səbəblərdən danışıb. Şair öncə
quruma üzv olmasına və AYB ilə yollarını birləşdirməsinə
toxunub.
Axar.az Murad Köhnəqalanın Yeni Müsavat-a müsahibəsini təqdim edir.
- Yazıçılar Birliyinə üzv olduğum doğrudur. Bir dəfə mən Kəramət
Böyükçöllə müsahibəmdə Anar haqqında sözlər demişdim. Anarla bağlı
söhbətdə hardasa günahı özümüzdə görmüşdüm. Anardan açıqlama alanda
da o demişdi ki, Murada bütün qapılarımız açıqdır. Bundan sonra
Elçin Hüseynbəylinin vasitəçiliyi ilə Anar müəllimlə görüşdüm.
Yazıçılar Birliyinin üzvlüyünə bərpa olunmaq üçün müraciət etdim və
məni üzv qəbul elədilər. Bəli, dedikləriniz düzdür.
- Yenidən qayıtmaq üçün etdiyiniz müraciətin kökündə nə
dayanır? Siz qalmaqallı şəkildə ordan çıxmışdız və etirazlar
edirdiz...
- (Müdaxilə edir) Yox, yox... Elə deyil. Biz o vaxt Azad
Yazarlar Ocağını (AYO) təsis edəndə nizamnaməmizə belə bir bənd
salmışdıq ki, AYO-nun üzvü olan heç bir ədəbi birliyin üzvü
olmamalıdır. O zaman da o bəndi mən saldırmışdım. Çünki Yazıçılar
Birliyinin üzvü olan uşaqların çoxu bizə müraciət edirdi ki, bizi
də üzvlüyə qəbul edin. Biz də deyirdik ki, ikili oynamaq olmaz. Ya
o üzdən olun, ya da bu üzdən. Mən bu məsələni aydın şəkildə
qoymuşdum. Ərizəmi də qurumun o vaxtkı katibi, rəhmətlik Arif
Əmrahoğluna vermişdim. Qalmaqalsız və sakit şəkildə. Ərizəmdə də
qeyd etmişdim ki, biz belə bir ədəbi qurum təsis etmişik və ona
görə də Yazıçılar Birliyindən çıxmalıyam.
- Murad bəy, o vaxtdan bu vaxta AYB-də dəyişən nə var
ki, siz bu qədər fasilədən sonra yenidən ora qayıtdınız? Məqsəd
təkcə təqaüd və ya hansısa sosial şərtləri təmin etməkdən
gedir?
- Bilirsiz məsələ nə yerdədir? AYO-nu Rasim Qaraca və Həmid
Herisçi ilə birgə təsis etmişik. AYO-nun ideyası mənə məxsus olub
və bunu Rasim Qaracaya danışmışam. Rasim əvvəlcə buna razı olmayıb.
Belə bir təşkilat yaratmağın mənası olmadığını deyib. Sonra bu
söhbətə 1 ay sonradan qayıtdıq. Bulvarda söhbət edirdik. Dedik ki,
bu qurumu kimlə, necə yaradaq? Həmid o vaxt Bəhram Gurun heykəlinin
yanında yerləşən bacısının evinin qabağında idi. Getdik ora. O da
orda bizi gözləyirdi...Həmidi də orda razılaşdırdım. Dərhal sonra
müəyyənləşdirdik ki, nələr etməliyik, strategiyamız
nədir-filan.
- Bəy, üzr istəyirəm, mənim sualım başqa idi. Siz
qurumun yaranma hekayəsini danışırsız, mən isə...
- Yox, ona gətirirəm də. Bir yerdə AYO-nu yaratdıq, dost olduq.
Sonra AYO-dan da çıxdım. Səbəblərini açıqlamıram. Amma sözsüz ki,
narazılıqlarım oldu. Oradan çıxandan sonra bizim əlaqələrimiz itdi.
Ömrü boyu Rasimə də, Həmidə də mən zəng edərdim. Onlar heç vaxt
mənə zəng etməzdi. Onlar böyük və ağır adamlardır. Özlərini də ağır
seyid kimi aparırdılar. Bir ara rayonda yaşadım. Bakıya gələndə bir
neçə dəfə şəhərdə Rasimi görmüşdüm. Rasim məni görməzliyə vurub
gedirdi. Mən onda anladım ki, bunlardan mənə dost olmaz. Çox peşman
oldum ki, Anarla dostluğumu davam etsəydim, yüz dəfə bundan yaxşı
olardı. Bizim ədəbi davalarımız estetik davalardır. Kimin nə
yazıları var, kim nə yazır, özü bilər. Daha konkret desək,
cərəyanlar, nəsillər davası olub. Bu davanı 60-cılar da 50-ci illər
nəsli ilə aparıb. Bu, təbiidir. Amma insani baxımdan yanaşanda
gördüm ki, Anar dostlarından heç birini atmayıb. Düzdür, Anarın
ətrafında çox adam olub, özləri hoppanıb-düşüblər, qaçıblar,
gediblər... Amma Anar bir dostuna belə etibarsızlıq etməyib. Gördüm
ki, bunların hamısından ən etibarlı Anardır. Yazıçılar Birliyinə
özüm qəsdən üzv olmaq istədim. İndi soruşursuz ki, təqaüd... Mən
heç bilmirəm ki, mənə təqaüd veriləcək, ya verilməyəcək... Verilsə,
alacam, verilməsə, heç kimdən inciməyəcəm. Mən təqaüdə görə AYB-yə
üzv olmamışam ki.
- Təqaüd üçün müraciət etməmisiz?
- Yox. İlk müsahibəmdə də demişəm ki, mənim Yazıçılar Birliyinə,
onların da mənə ehtiyacı yoxdur. Mən, sadəcə, vicdani bir söz dedim
Anar müəllim haqda. Əslində əvvəldən mənim Anarla aramda heç nə
olmayıb. Mən Anardan xeyli kiçiyəm. Mən kiməm ki, gündə Anar
müəllimlə bir məclisdə oturmurduq ki... Sadəcə, aramız yaxşı idi.
Mən Anar müəllimə, o da mənə hörmət edirdi. Sonra da aramız soyudu.
Aramız soyuyubsa, günah kimdədir? Məndə! Anar müəllim heç nə
etməyib. Mən vicdani olaraq bir müsahibədə bunu təsadüfən dedim.
Yazıçılar Birliyinə qayıtmaq fikrim yox idi. Sonra Elçin
Hüseynbəyli təşkilatçılıq etdi və belə bir görüş baş tutdu.
- Mən görüş barədə detalları soruşum. Təbii ki, mətbuata
açıqlaya biləcəyiniz qədər detalları... Anar müəllim hər zaman
müsahibələrində deyirdi ki, "tövbə qapımız açıqdı, kim gəlsə qəbul
edəcəyik" və sair. Söhbət "tövbə janrında" keçdi?
- Bizim yanımızda Elçin Hüseynbəyli də oturmuşdu. Anar müəllim
dedi ki, mənim səndən incikliyim yoxdur. Mən dedim ki, AYB-AYO
polemikaları oldu və olmalı idi. Bu, 50-cilərlə 60-cılar nəsli
arasında da olub. Dedi, düzdür. Dedim, bu polemikaların ədəbiyyata
da faydası oldu. Bunu da təsdiqlədi. Amma ardınca dedi ki, bəzən
sərhədi keçənlər də olmuşdu, sən də keçmişdin. Soruşdum ki, mən nə
zaman keçmişdim? Dedi, bir dəfə atamdan yazmışdın. Amma mən
xatırlamıram. Açığı, heç özüm də sevmirəm ki, kiminləsə polemikaya
girəndə onun valideynlərini də müzakirə obyektinə çevirim. Həmişə
də ətrafımda olan uşaqlara da deyirdim ki, kimlə problemin varsa,
onun özündən danış. Anar müəllimə də dedim ki, xatırlamıram. Bu
hadisədən uzun müddət öncə rəy sorğusu aparılaraq, "ən yaxşı şeir"i
soruşmuşdular. Mən Rəsul Rzanın "Rənglər" şeirini demişdim. Uşaqlar
elə bilmişdi ki, mən bunu ironiya ilə deyirəm. Amma elə deyildi,
tam səmimi demişdim.
- Bəs Anar müəllim sizə nəsə vəd elədi?
- Anar müəllimin mənə ilk sualı belə oldu ki, mən sizə nə kimi
köməklik edə bilərəm? Məsələn, bu sözü mənə heç bir dostum deməyib.
Orda özümü bir az pis hiss etdim ki, necə olub mən bu adamı bu
qədər müddət düzgün tanımamışam.
- Yəni peşman olduz bu günə qədərki mövqeyinizə
görə?
- Bəli, peşmanam. O, ədəbi-estetik polemikalara görə yox,
sadəcə, ona münasibətimə, onu tanımadığıma görə. O, məndən
yaşlıdır, böyük bir nəslin, ailənin nümayəndəsidir. Mən onu öz
dostlarımla müqayisə etdim. Gördüm ki, mənim heç bir dostum mənə
deməyib ki, sənə hansısa köməyim dəyə bilərmi?
- Yəni söhbəti belə yekunlaşdırmaq olarmı ki, siz öz
yolunuzu dəyişmisiz, dostlarınıza da xəyanət etdiyinizi
düşünmürsüz...
- Yox, mən heç bir yolumu dəyişməmişəm. Sadəcə, yanıldığımı
görmüşəm. Kiməsə çox inanmışam, kiməsə az. Peşmançılıqlarım var bir
az. Söhbət Anardan gedirsə, bu günə qədər onu yaxşı, düz
tanımamışam.