Yuxarı

Adıgözəlovun “kəsdiyi” professor: Ən varlı tələbə oldum

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Konservatoriyasının professoru, musiqiçi Abbasqulu Nəcəfzadə ilə Kult.az-ın “İnsan taleyi” layihəsində həmsöhbət olduq.

- Abbasqulu bəy, sizi hər kəs tanıyır, amma tanınmayan tərəfiniz də az deyil...

- Çoxuşaqlı ailədə böyümüşəm – 3 bacı, 5 qardaşıq. Hamımız ali təhsil almışıq. Rəhmətlik anam Bibixanımın atası Həmid 1937-ci il repressiya qurbanlarından olub. Atam İsmayıl Cəfəroğlu isə hüquqşünas olub, ali məktəbi bitirdikdən sonra bir neçə ay məhkəmədə müstəntiq işləyib.

- Bəs, sizdə musiqiyə maraq necə yarandı?

- Atam musiqinin bütün janrlarını, xüsusilə də muğamları çox sevirdi və bizə muğam tərbiyəsi verirdi. Belə ki, bazar günləri saat 14-15 arası radioda muğam dəstgahları verirdilər. Atam musiqiçi qardaşlarımı konsertə qulaq asmağa məcbur edir, şöbələr, guşələr dəyişdikcə suallar verirdi ki, indi hansı şöbə çalınır. Bilmədikdə özü həmin şöbənin adını söyləyirdi, beləcə muğam dinləmək bizim ailənin həyat tərzinə çevrilmişdi.

1965-ci ilin yay ayında atam Kislovodskda dincələrkən kamança ifaçısı Habil Əliyevlə tanış olur. Oradaca atam qərara gəlir ki, oğlum Abbasqulunu kamança sinfinə qoymalıyam. Bakıya gəldikdən sonra mənə kiçik ölçülü kamança alır. Sentyabr ayından mən 16 saylı musiqi məktəbində məşhur xanəndə Ramiz Hacıyevin kamança sinfində qeyri-rəsmi təhsil almağa başladım.

AzTV-nin nəzdində fəaliyyət göstərən “Qırmızı qərənfil” məktəblilər ansamblının üzvü idim, mütəmadi olaraq telekonsertlər verirdik. Həmyaşıdlarım arasında seçilirdim, həm musiqi məktəbində, həm də 53 saylı orta məktəbdə əlaçı idim. Deməli, 8-ci sinifdə oxuyarkən İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin “Şəlalə” xalq ansablının üzvü idim. “Qırmızı qərənfil” ansamblının repertuarından fərqli olaraq burada mövzu seçimində məhdudiyyət yox idi.

- Deyəsən, sənət yollarınızda maneə olmayıb…

- Olub. 1973-cü ildə 8-ci sinfi bitirib sənədlərimi Asəf Zeynallı adına indiki Bakı Musiqi Kollecinə verdim və həyatımda ilk haqsızlıqla üzləşdim.

Sonuncu, 5-ci imtahanda imla yazmışdım. Bir neçə gündən sonra imladan 2 aldığımı bildirdilər. Texnikuma böyük qardaşım Nəcəflə getmişdim, o, bərk əsəbləşdi: “Bu, necə ola bilər, qardaşım heç vaxt 4 almayıb, indi burada 2 alır?” O vaxt direktor bəstəkar, xalq artisti Vasif Adıgözəlov idi. Nə isə, qardaşım yanına gedər ki, Abbasqulunun yazısını verin görək, hansı sözləri səhv yazıb? V.Adıgözəlov da bildirib: “Bizim yazını göstərməyə ixtiyarımız yoxdur. Gedin, kimə istəyirsiniz, şikayət edin”.

- Yəqin, şikayət etdiniz…

- Biz məktəbin qapısından çıxanda qardaşımın tanışı olan cavan bir oğlan onu səslədi: “Nəcəf, bir dəqiqə dayan, sözüm var. Özünü yorub şikayət eləmə, bunlar səni inandıracaqlar ki, qardaşın imlanı 2-yə yazıb. Belə edirlər də: “o” yazmısan (o vaxtlar kirill əlifbası işlədilirdi), ortasından bir xətt çəkir, oldu “ö”. Yoxlayan müəllim “ö”nü qırmızı qələmlə pozub üstündə “o” yazır, yaxud “o”ya “quyruq” qoyub edir “a”, sonra “a”nı pozub, üstündə “səhvi” düzəldib “o” yazır. Beləcə, 10-15 dənə “səhv” tapır və “2” ilə qiymətləndirir”.

- Xeyirxah bir insan tapılmadımı?

- Dünya xeyirxah insanlardan xali deyil. 53 saylı məktəbdə 9-cu sinfi bitirib, növbəti ildə də bəxtimi sınamalı oldum. Bu dəfə Ceyhun Cəbrayılov adlı tarzən dostumun təkidi ilə sənədlərimi Sumqayıt Musiqi Texnikumuna verdim. Burada iki xeyirxah gözəl müəllimlə tanış oldum. Musiqi məktəblərinə imtahan qabağı ixtisas üzrə əsərləri ifa etmək üçün ifaçılara fortepiano üzrə müşayiətçi verirlər (ona konsertmeyster deyirlər). Sinifdə məşq edirdik, içəri bir nəfər daxil oldu, repertuarıma qulaq asıb, konsertmeysterə dedi ki, mən bir azdan gələcəyəm, heç yerə getməyin. Sinifdən çıxdı və konsertmeysterdən onun kim olduğunu soruşdum. Dedi ki, bu müəllim Xalq çalğı alətləri şöbəsinin müdiri Mürsəl Həsənovdur. Heç yarım saat ötməmişdi ki, Mürsəl müəllim bir nəfərlə sinfə daxil oldu və imtahanda çalacağım əsərləri ifa etdim. O, üzünü Mürsəl müəllimə çevirib, “Sən bu uşağı nəzarətə götür, sentyabrdan dərslərə gəlməlidir” – deyib sağollaşdı.

Bəlli oldu ki, ikinci adam məktəbin direktoru, xalq artisti Bayandur Mehdiyevdir. Konsertmeyster hələ imtahanlar başlamamış tələbə olmağım münasibətilə məni təbrik etdi.

- Bütün mərhələlərdə – məktəbli, tələbə, müəllim ikən, daha sonra elmi fəaliyyətlə məşğul olarkən ifaçılığı da paralel aparmısınız. Bunlar sizə maneçilik törətmir ki?

- Əksinə, onlar bir-birini tamamlayır. Məktəbli olduqda kütləvi tədbirlərdə solist kimi çıxış edirdim. Sonrakı mərhələlərdə ifaçılıq sənəti ilə təkcə televerilişlərdə, konsertlərdə, qastrol səfərlərində deyil, eləcə də toy-düyünlərdə məşğul olurdum. Bütün bu fəaliyyətimə görə yaxşı qonorar alırdım. Əldə etdiyim gəlirlə ehtiyaclarımı tam ödəyirdim, valideynlərimə də kömək edirdim. Ümumiyyətlə, toy fəaliyyəti ilə 15-16 yaşlarımdan məşğul olmağa başlamışam.

- Maddi imkanınız pis olmayıb, deyəsən.

- Rəhmətlik atam oğlanlarının hər birinə 18 yaşı tamam olanda maşın hədiyyə edirdi. Mən hələ tələbəlik illərində dərsə SSRİ-nin ən bahalı və yaraşıqlı maşınlarından biri olan QAZ-21-lə gedib-gəlirdim. O vaxtlar ən varlı tələbə idim. Müəllim işləyirdim, gündəlik toya gedirdim. Hər gün toyda bir aylıq maaşım qədər pul qazanırdım. Bir neçə ildən sonra isə QAZ-24 aldım, başımı bəlaya saldım. Bir həftədən sonra məhkəməyə çağırdılar ki, bu qədər pulu harda qazanmısan? Bir neçə gün əvvəl böyük qardaşım Nəcəfin lotereyada udduğu pul dadıma çatdı.

- Müxtəlif ansamblların, o cümlədən, bir sıra folklor kollektivlərinin üzvü olmusunuz...

- Azərbaycanda ansambl ifaçılığının çox dərin tarixi kökləri var. Dünyada ansamblla bağlı hələlik ən qədim arxeoloji mənbə Azərbaycan ərazisində aşkarlanıb. 1961-1966-cı illərdə ABŞ arxeoloqları İran Azərbaycanının Cığamış ərazisində 7-8 min illik tarixi olan gildən hazırlanmış qab tapıblar. Bu qabın üzərində kiçik ansambl təsvir edilib ki, bu da bəşər tarixində ansamblla bağlı ən böyük kəşf sayılır...

- Siz əsasən qədim musiqi alətlərində ifa edirsiniz və onların tarixiliyini öyrənib, öyrədirsiniz. Bu, hansı zərurətdən irəli gəlir?

- Hər hansı çalğı alətini öyrənərkən ilkin olaraq onun yaranma tarixi araşdırılmalıdır. Bu zaman xalqımızın həmin dövrdəki yaşam tərzini də öyrənməliyik. Daha sonra çalğı alətinin adının etimologiyası, morfologiyası, ifaçılıq xüsusiyyətləri, tanınmış ifaçıları və s. elmi şəkildə araşdırılır. Bu alətlər tarixi, arxeoloji, ədəbi, linqvistik, etnoqrafik mənbələrdə, miniatür rəsm əsərlərində izlənilir. Məhz bu faktların əsasında çalğı alətlərimizə sahib çıxırıq, onların kimliyini veririk, xalqımıza məxsusluğunu təsdiqləyirik. Azərbaycan ərazisində kifayət qədər belə faktlar var. Xoşbəxt nəslin övladlarıyıq ki, ulularımız otaylı-butaylı ölkəmizin müxtəlif bölgələrində belə nişanələr, izlər qoymuş, alimlərimiz də onları tədqiq edib üzə çıxarırlar.

Çalğı alətlərimizin tədqiqində bir sıra boşluqları, təhrifləri görüb bu sahədə araşdırmalar aparmaq qərarına gəldim.

- Siz həm də bir neçə musiqi alətində ifa edirsiniz. Hansı daha doğmadır?

- Bu alətləri bir-birindən ayırmaq mənə görə “əti dırnaqdan ayırmaq” kimidir. Valideyn hər bir övladını çox sevdiyi kimi, mənim də topladığım alətlərə sevgim bərabər bölüşüb. Etiraf edim ki, bütün alətlərin “açar”ı kamança olub.

- Bu qədim alətləri necə tapırsınız, araşdırmalar necə gedir? Olubmu ki, təsadüf nəticəsində hansısa musiqi alətini kəşf edəsiniz?

- Bir sıra alətlər var ki, başqa xalqlar bu gün də öz musiqi mədəniyyətlərində onlardan geniş istifadə edirlər: musiqar, gərənay (boru), davul, tənbur və s. Bu alətlərin kimliyi, “pasportu” isə xalqımıza aiddir. Mən zarafatca bunlara “mühacir” alətlər deyirəm. Səfərlərdə olarkən onları alıb ölkəmizə gətirmişəm. Bir neçə unudulmuş alət isə mənim layihəm əsasında bərpa olunub.

- Elmi yaradıcılığınızdan da bəhs edin, bu, oxucularımız üçün maraqlı olardı.

- Uzun müddət musiqi mədəniyyətimizin və folklorumuzun müxtəlif sahələri – muğam, aşıq musiqisi, çalğı alətləri, meyxana janrı, rəqs sənəti ilə məşğul olmuşam. Mövzusu həmin sahələri əhatə edən 14 kitabım, 12 tədris proqramım, 150-dən artıq elmi məqaləm çap olunub.

- Necə oldu ki, ifaçılıqdan elmə, araşdırmaya gəldiniz? Ola bilərmi ki, musiqi ifaçısı kimi məşhur olmadınız deyə, elmə baş vurdunuz?

- Adətən belə hallar olur, məsələn, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əvəz Rəhmətov, professor Vaqif Əbdülqasımov və başqa tarzənlər, kamança çalan, sənətşünaslıq üzrə elmlər doktoru, professor Rafiq İmrani və b. elmə gəldikdən sonra ifaçılıq sənətinə “son” dedilər. Onlar ifaçı kimi məşhur olmadılar. Mənim yaradıcılığımda bu məqamlar bir az fərqlidir.

- Qədim musiqi alətlərini tapmaqla millətin daha da qədimliyini isbatlamaq mümkündürmü?

- Təbii ki, Azərbaycanda musiqi mədəniyyəti e.ə. XVIII-XV əsrlərlə ölçülür. Antik dövrə aid edilən, üzərində çalğı alətləri vəsf olunan arxeoloji maddi mədəniyyət nümunələri, qayaüstü və miniatür rəsmlərdəki çalğı alətlərinin təsviri və s. qaynaqlar ölkəmizin qədim tarixə malik olduğunu isbatlayan faktlardır. Dünya elmi Azərbaycan ərazisinin ilkin yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir.

- Məlumdur ki, mənfur qonşularımız təkcə torpaqlarımıza deyil, həm də musiqimizə, incəsənətimizə əl uzadır, siz onlarla çoxmu qarşılaşmısınız və alətlərimizi özümüzünküləşdirə bilmisiniz?

(Ardı var)

Tarix
2017.08.12 / 08:15
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla