Köhnə avtomobillər və sovet maşınları
yığışdırılmalıdır.
Publika.az xəbər verir ki, bu təkliflə Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Elmira
Axundova çıxış edib.
Millət vəkili avtomobil qəzalarının və bu qəzalar zamanı
dünyasını dəyişənlərin sayının artmasına diqqət çəkib. Bildirib ki,
bu halların əsas səbəblərindən biri məhz istifadəyə yararsız
avtomobillərdir.
Bu təklif uzun illərdir müzakirə olunsa da, hələ ki, real nəticə
hiss edilmir. Təklif maraqlı olsa da, diqqət çəkən məqamlardan biri
də bu avtomobillərin sonrakı aqibətidir. Yəni qanun bu
avtomobillərin istifadəsini qadağan edə bilər. Bəs belə avtomobil
sahibləri nə etməlidir? Bu avtomobillərin qalıqları harada və necə
istifadə edilə bilər?
Reallıq budur ki, həm paytaxt, həm də bölgələrdə bu cür
avtomobillərin sayı kifayət qədərdir.
Statistik məlumatlara görə, respublikada 1 milyon 360 mindən çox
avtomobil var, onlardan təxminən 760 mini Bakı şəhəri ərazisində
qeydiyyatdadır. Avtomobil parkına gəlincə isə 1980-ci ilə qədər
buraxılışı olan 103 minə yaxın nəqliyyat vasitəsi qeydiyyatdadır.
1981-90-cı ilə qədər buraxılışı olan avtomobillərin sayı 125 minə
yaxın, 1991-2000-ci illər arasında istehsal olunan avtomobillərin
sayı 310 min, 2000-2010-cu illərdə istehsal olunanların sayı 420
minə yaxın, qalanı isə 2011-ci ildən bu yana istehsal
olunanlardır.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov əslində qanunda bu
məsələnin tələb edildiyini, lakin buna əməl edilmədiyini deyib:
"Bəzi insanlar köhnə, istifadəyə yararsız avtomobillərin
istifadəsinə bəraət qazandırırlar. "Maşınım var və bunu sürməliyəm"
prinsipi ilə yanaşırlar. Avtomobili idarə etmək üçün standart
tələblər var. Yol Hərəkəti haqqında Qanunda göstərilən tələblərə
uyğun olmayan avtomobili idarə etmək olmaz. Dünyada qəbul olunmuş
standarta əsasən, avtomobil istismara yararsızdırsa, o istifadə
edilməməlidir. Bizdə bu yanaşma yoxdur, lakin bu mədəniyyəti
gətirmək lazımdır. Bu gün ölüm və xəsarətlə nəticələnən qəzaların
əksəriyyəti texniki standarta uyğun olmayan avtomobillər səbəbindən
baş verir. Yol hərəkəti haqqında Qanunun 1 saylı əlavəsində
avtomobilin beynəlxalq standarta uyğun olması tələb edilir.
Standarta uyğun olmayan avtomobil sürülməməlidir. Lakin bu
tələblərə əməl edilmir. Həmin avtomobil qanuna görə texniki
baxışdan keçməməlidir. Texniki baxışdan keçməyən avtomobili
sürənlər isə polis saxladığı halda 50 manat cərimə nəzərdə
tutulub".
Bu gün ölkənin avtomobil parkının 40-50 faizinin köhnə sovet
maşınlarının təşkil etdiyini vurğulayan Ə.Hüseynov onların
hamısının istismara yararsız olmadığını bildirib. Onun sözlərinə
görə, Rusiya və Sovet istehsalı avtomobillərin 20-30 faizi tam
yararsızdır:
"Bunların əksəriyyəti rayonlardadır, Bakıda da belə avtomobillər
var. Orta hesabla ölkənin avtomobil parkının 20-25 faizi tam
yararsızdır. Rayonlarda bu avtomobilləri kənd içində istifadə
edirlər. Taksi fəaliyyəti göstərənlər də var".
Ekspertin sözlərinə görə, problemdən çıxış yolu bununla bağlı
dövlət proqramının qəbul edilməsidir:
"Bu məsələdə inzibati nəzarət mühüm rol oynayır. Bu gün
avtomobillər texniki baxışdan keçir. İstismara yararsız avtomobil
sahibinə onu utilizasiya etmək tövsiyə edilməlidir. Dünya
ölkələrində müəyyən qrup əhaliyə güzəştlər etdilər, inkişaf etmiş
ölkələrdə köhnə avtomobilləri təhvil vermək üçün əhaliyə əlavə pul
da verirdilər. Bizdə maarifləndirmə ilə yanaşı, bu istiqamətdə
proqramlar hazırlanmalıdır. İnsanlar köhnə metal yığınından əl
çəkməyə təşviq edilməlidir. Bu avtomobillərin ləğvi üçün
utilizasiya ilə məşğul olan zavod olmalıdır. Bu çox sadə prosesdir.
Avtomobil zəruri detallara ayrılıb, təkrar emala göndərilir. Bu
müəssisələri ya dövlət yaratmalı, ya da özəl quruma belə bir
müəssisə yaratmaq üçün dəstək verilməlidir. Naxçıvan Muxtar
Respublikasında bu nümunə var. Orada bir dənə də köhnə avtomobil
tapa bilməzsiniz".
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin
(DYPİ) İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif
Əsədov yol nəqliyyat hadisələrinin sayında köhnə, texniki cəhətdən
nasaz avtomobillərin payının çox olmadığını deyib:
"Yol nəqliyyat hadisələrinin səbəbini təhlil edəndə onların
arasında texniki cəhətdən nasaz avtomobillərin olduğunu görürük.
Lakin yol nəqliyyat hadisələri istifadə edilən nəqliyyat
vasitəsinin növü, markasından deyil, sürücünün necə idarə
etməsindən asılıdır. Bakı şəhərində baş verən hadisələrin 41 faizi
sürət həddinin aşılması, 58 faizi piyadaların vurulması, sonrakı
yerləri yol ayrıclarını keçmə, əks istiqamətli yola daxil olmadır.
Texniki cəhətdən nasaz avtomobillərin qəzaların sayında payı 1
faizi keçmir. Respublika üzrə son 5 ildə baş verən qəzaların sayı 2
dəfə aşağı düşüb. Ötən ilin 10 ayı ərzində ölkə üzrə 1846 yol qəza
baş verib, 741 nəfər ölüb, 1905 nəfər xəsarət alıb. Bu ilin anoloji
dövründə 1677 hadisə baş verib, 618 ölüm, 1721 nəfər xəsarət alıb.
Demək 169 hadisə azalıb, 103 ölüm, 184 xəsarət halı az olub".
V.Əsədov bölgələrdə, eləcə də Bakıda köhnə avtomobillərin
qalmasını istisna etmədiyini deyib:
"Son günlər cərimə meydançalarındakı yararsız avtomobillərin
çıxdaş edilməsi ilə bağlı sahiblərinə xəbərdarlıq edilib. Hazırda
köhnə avtomobili olanlara bu xəbərdarlığa əməl etməyi tövsiyə
edirəm. Bunun üçün sadəcə avtomobil sənədləri ilə birlikdə
diaqnostika mərkəzinə təqdim edilir. Ərizə ilə müraciət əsasında
avtomobil çıxdaş edilir. Qalıqları "metalloma" təhvil verilir və
dəmirin çəkisinə görə vətəndaş pul alır. Anaq bu cür avtomobillərin
payı çox deyil".
Qeyd edək ki, qonşu Rusiya 2011-ci ildən köhnə avtomobillərin
utilizasiyası üzrə dövlət proqramı çərçivəsində sertifikat
verilməsini başa çatdırıb. Vətəndaşlar 10 ildən artıq yaşı olan
köhnə avtomobillərini təhvil verməklə yerli zavodlarda istehsal
olunmuş yeni avtomobil almaq üçün 50 min rublluq güzəşt nəzərdə
tutan sertifikat əldə ediblər.