Yuxarı

“Başımı onun yolunda fəda etmişəm...”

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

("Qənirə Paşayeva ilə addım-addım Konya")

Əvvəli burada

"MƏN BAŞIMI GƏTİRMİŞƏM..."

Mövlanə dərgahından Şəms Təbrizi məqamına yolçuluq etdiyim o 10-12 dəqiqəlik zaman müddətində xəyal məni yüzilliklərin o biri başına götürməkdəydi. Elə bil, hər şeyi apaydın görürdüm. Eləcə də həmin o İplikçi mədrəsəsini... Şəms Təbrizi, bax, həmin mədrəsənin qapısı ağzında oturub hücrədə əyləşmiş Mövlanəni soruşanlara deyərmiş: "Mövlanəni sənə göstərməyimin əvəzində mənə nə gətiribsən?"

Biri də bu sualın müqabilində "bəs, sən özün nə gətiribsən ki, bizdən nə tələb edirsən?" - deyə soruşub.

Cavabında "mən özümü gətirmişəm", - deyib Şəms Təbrizi. - "Başımı onun yolunda fəda etmişəm..."

Könül dostları Mövlanənin ciyərparası Sultan Vələdin dilindən qələmə alıblar bu söylənilənləri. Bir deyil, beş deyil ki, bu xatirələr. Yenə də Sultan Vələdə istinadən yazıya alınanlardandır... Günlərin gözəl bir günündə bir az öncə ziyarət etdiyimiz mədrəsədə Mövlanə həzrətləri sevimli oğlu Sultan Vələdə Şəms haqqında, onun fəzilətləri barədə könül dolusu danışırmış. Həyəcana gələn gənc qalxaraq birbaşa Şəmsin hüzuruna gəlib təzim edərək deyir:

- Atam indicə mənə sizin uca xislətiniz barədə çox yaxşı təriflər söylədi.

Şəms köks ötürərək deyir:

- Allaha and olsun ki, atanın haqqımda söylədiklərindən min qat artıq olsam da, mən sənin atanın ucalıq dəryasında bir damla da deyiləm.

Gənc Sultan Vələdin öz könül dostuna söylədikləridir: "Yenidən qayıtdım atamın yanına, Şəmsin söylədiklərini sözbəsöz ona çatdırdım. Atam "Şəms öz nurunu da tərif edib, böyüklüyünü də göstərmişdir - dedi. - Həqiqətən də o, haqqında söylənilənlərdən yüz qat artıqdır..."

Bu, o Sultan Vələddir ki, fars dilində qələmə aldığı bir divanı və üç məsnəvisi hələ də qiymətli sənət örnəkləri olaraq tədqiq olunur. Onun türkcə yazdığı sətirlər anadilli şeirimizin unudulmaz örnəklərindən hesab edilməkdədir:

Gözümdən çıxma kim, bu ev sənindir,

Mənim gözüm sənə yaxşı saraydır.

Tamaşa çün bəri gəl kim, bu ev sənindir,

Necə gözüm yaşı irmacü çaydır.

Vələd yoxsuldu sənsiz bu cahanda,

Səni buldu, bu gözdən bəyü baydır...

EY, NƏ XOŞ Kİ...

Bu gün sevərək danışdığımız, ortaq dəyərlərimizin başlıca qaynağı olan Türk dilinin Türkiyədə dövlət dili olaraq XII əsrdə yenidən hakim mövqe qazanması üçün ilk növbədə Qaramanoğullar soyadına borcluyuq. Fikir babalarımızdan olan Əhməd Yəsəvinin poeziya müstəvisində haqqını qoruduğu türkcə rəsmi dairədə məhz Konyanı qısa vaxt müddətində idarə edən Qəhrəmanoğlu Məhməd bəyin göstərişiylə rəsmiləşib. Onun ölkənin hər yerinə xüsusi olaraq verdiyi göstərişində "bundan sonra dərgahda, sarayda, məclisdə və meydanda türkcədən başqa dil işlənməyəcək" - deyilirdi.

Səlcuqlu bəyliklərində Yəsəvi yetirmələri hörmətlə qarşılandığından onların yaydığı türkcə tezliklə bütün bəyliklərdə rəsmi şəkildə işlənməyə başladı.

Qaramanoğlu Məhməd bəy bu qərarı ilə Konyadan, Səlcuqluların baş şəhərindən başlayaraq, Anodoluda türk dilinin rəsmi dil kimi yayılmasında müstəsna xidmətlər göstərib.

Ey, nə xoş ki, Qaramanoğullarının soy-kökü, kökəni gözəlimiz Azərbaycana bağlı olub. Azərbaycandan Sivasa köç edən Xoca Saadəddinin oğlu Nuri-Sufi bu soy-kökün təməl daşlarından biri idi.

Qaramanoğulları Oğuzların Avşar boyundandır. Nuri-Sufinin oğlu Kəriməddin Qaraman bəy XIII əsrdə Konya da daxil olmaqla böyük bir bölgəyə sahiblik etmişdir.

DƏRVİŞ KİMİ YAŞAR, PADŞAH KİMİ UYUYARAM!..

BİR KONYA ZİYARƏTİNDƏ

"Nə zaman bu şəhərə gələcək oluramsa, içimdə bir həyəcan duyuram. Həzrəti Mövlanə düşüncəsiylə mənliyimi sarır..."

Mustafa Kamal Paşanın bir Konya ziyarətində söylədiklərindəndir. Konyaya hər gəlişi coşqun sayğıyla qarşılanarmış o böyük insanın. O da deyərmiş ki, Konyanın qonaqpərvərliyi məni həddindən artıq mütəəssir edir. Konya Atatürkün İstanbul və İzmirdən sonra ən çox ziyarət etdiyi şəhər olmuşdur. Üst-üstə 13 dəfə Konyaya gəlmiş, toplam olaraq 33 gün burada müsafir olmuşdur.

39 min kvadratmetr bir əraziyə sahiblik edən Konya toplam olaraq 31 qəzanı özündə birləşdirir. 130 ölkəylə ticarət əlaqələri var.

SƏKKİZ SULTAN YATIR

BİR TÜRBƏDƏ

1220-ci ildə Konyada Anadolu Səlcuqlu dövlətinə başçılıq edən Sultan I Alaəddin Keykubad tərəfindən yaradılmış eyniadlı təpə üzərində inşa etdirilmiş camidə səkkiz Anadolu Səlcuqlu sultanı uyuyur. I Alaəddin Keykubadın, I Rüknəddin Məsudun, I Qılınc Arslanın, IV Qılınc Arslanın, II Süleyman şahın, I Qiyasəddin Keyxosrovun, II Qiyasəddin Keyxosrovun, III Qiyasəddin Keyxosrovun qəbri bir yerdədir... Ziyarət edib, ruhlarına dualar oxuduq.

ƏBƏDİYYƏT ARXAYINLIĞI

Deyirlər ki, İkinci Dünya savaşı ərəfəsində bir tanışı Tayyip Ağaya öz məqamını bildirmək istəyir:

- Aman, Tayyip Ağa, bu dünyanın taleyi nə olacaq?

Tayyip Ağa halını pozmadan soruşur:

- Nə var, oğlum, bu dünyanın halında?

- Nə olacaq, Tayyip Ağa, baxsana, dünyanın hər tərəfi yıxılıb gedir.

Tayyip Ağa bu dəfə də halını pozmadan cavab verir:

- Yıxılırsa yıxılsın, oğlum, dünya yapılarkən daşını sənmi daşıyırdın?..

Dünyanın əbədiliyinə dönməz inamın ifadəsi, şəkillənməsi belədir. Tayyip Ağa əmin-arxayın idi. Konyanın əbədiyyət qoxuyan durumu da böylə anlatmaqdadır. Keçmişindən və gələcəyindən arxayındır.

MƏNƏ DOSTLARIMLA ƏZİZDİR KONYA

Xəyal, fikir dostlarım haqqında ilk kəlmədən, ilk sözdən bəhs etmişəm; Hz. Şəms Təbrizi, Cəlaləddin Rumi, Konəvi, Sultan Vələd...

Gerçək həyatda sıx təmasda olduğum dostlar da əzizdir, doğmadır mənə. Xüsusilə Konyanın millət vəkilləri, bələdiyyə yetkililəri, dəyərli aydın dostlarım...

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu da məhz bu qədim bölgədə dünyaya göz açıb. Zaman-zaman onunla, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun sabiq rəhbəri M.Kabakçı, millət vəkili Ayşə Türkmənoğlu və bir sıra digər dostlarla görüşüb, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı geniş söhbətlər etmişik. Bu tarixi şəhərdə eyni zamanda bir çox azərbaycanlı elm, sənət xadimlərimiz çalışır, qardaşlıq, tarixi əməkdaşlıq, dostluq ənənələrimizə öz töhvələrini verirlər. Sıx-sıx görüşürəm hər Konyaya gəlişimdə. Eyni zamanda hər səfərimdə mütləq Konya Universitetlərində təhsil alan azərbaycanlı tələbələrimizlə də mütləq görüşür, fikir mübadiləsi aparıram.

HƏR QƏZA DOĞMAMDIR,

HƏR KƏND ƏZİZİM

Hər il orta hesabla iki milyon turistin ziyarət etdiyi Konyanın ən böyük qəzası Səlcuqludur. Yaşı 3 min illik vaxt-zaman məsafəsi ilə ölçülür buradakı məskunlaşmanın. Möhtəşəm tarixi əsərləri, muzey və sarayları ilə önəmli bir turizm mərkəzidir Səlcuqlu. Tarixi Sille məhəlləsi burada yerləşir.

Böyük Səlcuqlu İmperatorluğunun hökmdarı Sultan Alp Arslan zamanında belə səsləniş edirdi ərzin səs çatıb-ün yetərinə: "Biz türklər təmiz müsəlmanlarıq və bidət bilmərik. Buna görə də Allah xalis türkləri əziz tutur".

Tarixi həqiqətdir ki, bəzən bəyliklər çox böyüyür, genişlənir və böyük bir imperatorluğa da çevrilə bilirdi. Məsələn, "bir Səlcuq bəy, bir Osman bəy çıxır, öz adları ilə anılan bəylikləri yenə öz adları ilə anılan bir imperatorluq halına gətirirdilər". Böyük Səlcuqlu İmperatorluğu 1040-cı ildən başlayaraq, 117 il idarəçiliyini sürdürmüşdü. Bu imperatorluqdan 29 il sonra qurulan Suriya Səlcuqlu İmperatorluğu 118 il ömür edə bilmişdi. Girman Səlcuqlu imperatorluğunun hökmranlığı isə daha az - 95 il olmuşdur. İraq Səlcuqlu dövləti ondan daha az – cəmi 35 il tarixə yoldaşlıq etmişdi. Anadolu Səlcuqlu dövlətinin ömrü isə 215 illik bir zaman məsafəsiylə ölçülməkdədir. O böyük, tam bir yüksəliş dövrü olan dövlətin xatirəsini Səlcuqlu bələdiyyəsi özündə yaşatmaqdadır. Ənənə bu gün də davam edir. Sille bələdiyyəsinin ərazisinə nəzər salmaq bəhs edər; Qaradaş camisi, Məzarkayası camisi, Ağ cami, Məzarlıq, Qızıl, Mağara kilsələri, Hacı Əli Ağa, Subaşı, Qaradaş tarixi çeşmələri, qədim Sille qonaq evi Sille məhəlləsində yer alıb. Konyaya yolunuz düşsə, bu gözəl tarixi məkanları görmədən dönməyin...

Sultan Alaəddin Keykubad tərəfindən Səlcuqlu sarayı yaxınlığında ucaldılan cami Səlcuqlu memarlığının ən möhtəşəm abidələrindən biri kimi hələ də diqqət çəkməkdədir.

1264-cü ildə İkinci İzzəddin Keykavus tərəfindən yapdırılmış İnce Minarə muzeyi hələ də tarixə yoldaşlıq edir.

Qaratay çini əsərləri muzeyi, Zazadin hanı burdadır.

Tarixi Alaəddin Təpəsi Səlcuqlu qəzasında yer alıb. Eləcə də Ağ Monastr, İncə Minarə. Bu minarə Konyada turistlərin ən çox ziyarət etdikləri abidələrdən biridir.

BURASI AHIRLIDIR

Ahırlı qəzası isə ən çox bağçılıq, taxılçılıq təsərrüfatı ilə məşhurdur. Burada bol-bol noxud yetişdirilir. Mərkəzi Seydişəhər – Bozqır şosse yolu üzərində yer alıb.

BU DA QARATAY QƏZASI

Bütövlükdə 24 kəndi birləşdirən Qaratay, 8 kəndi əhatə edən, torpaqları May Barajının sularından barınan Ağörən qəzalarını gəzib-dolanmağa zamanmı yetər? Hələ bir Ağşəhər qəzası gözləyir səni; batısından Sultan dağları, Ağşəhər gölüdü əl edən sənə... "Gəl məni seyr et" deyir Adıyan çayı. Bu qəza Xoca Nəsrəddinin yaşadığı bir yer kimi tanınır. Hər il ənənəvi Nəsrəddin Xoca şənlikləri başlanır burda.

HƏR BİRİ ƏZİZDİR, DOĞMADIR MƏNƏ...

Altunəkin, Bəyşəhər qəzalarından söz açım sizə... Bəyşəhərin quzeyi Sultan Dağları, doğusu Ərənlər, güneybatısı Dədəgöl dağları ilə çevrələnib. Böyükkörpü və Böyük çayları burdan axıb keçər öz nəğməsiylə. Burada mədən sularının qaynağı boldur. Bozkır qəzası 10 kəndi bağlayır bir-birinə. Yıldızlı dağları bu səmtdən baxar, güney batısında Esenler dağı... Çərşənbə suyundan içəsən gərək...

Cihanbəyli qəzası Cihanbəyli obası, İnsuyu dərəsi, Duz gölüylə çevrələnib. Çəltikli, Dərbənd qəzaları göz çəkir elə. Dərbənd Aladağın ətəyindədir. Dərəbucuq qəzası Dədəgöl, Geyik, Geytan dağlarına söykənib durur. Bağ-bağat yeridir ilkdən, əzəldən. Doğanhisar qəzası səbzə və meyvə məskənidir. Burda mal-qara bəslənər bütün fəsillər.

Əmirqazi, Ərikli qəzaları fabrik, zavod yatağıdır. Hadim qəzası zəngin meşəsiylə, Göysuyuyla tanınar. Eləcə də Güneysınır, Halkapinar qəzalarında dədə-babadan arpa, buğda, şəkər çuğunduru əkilib-biçilər.

Konyanın İlğın, Kadınhanı, Kulu, Sarayönü qəzalarının hər birinin öz gözəlliyi var. Dəyirmanözü və Bizarözü dərələri, Samsam, Köpek və Kiçik göllər Kulu qəzasının yavrularıdı. Daşkənd qəzası Geyik dağlarına sahiblik edir. Qoyun-keçi sürüləri barı-bərəkəti sayılır hər vaxt. Duzluqçu xəfif düzəngahlar məkanıdır. Mal-qara bəslənir bu gözəl eldə.

Ardı var

Tarix
2017.01.18 / 09:09
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla