Yuxarı

Bu gözəlliyi ömür boyu unuda bilməzlər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

(“Qənirə Paşayeva ilə addım-addım Konya”)

Əvvəli burada

KONYA MƏTBƏXİNDƏN SÖZ AÇIM SİZƏ

Süfrələrdən Ərəbaşı, Bamya şorbaları kəm olmaz ki! Tirid bişirərlər, düyün plovu dəmlərlər. Ətrəkmək, Fırın kababı, Sacarası, yoqurt (qatıq) şorbasından dad ki, dadasan... Gözəl mətbəxi var Konyanın.

BURASI BİR ELM OCAĞIDIR

Konyada Səlcuq, Nəcməddin Ərbakan, Qaratay, Mövlanə, Qida və Tarım Universitetləri kimi tanınmış elm-təhsil ocaqları var. Hər birində müəllimlik edən çoxlu dəyərli dostlarım var. Bu elm-təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrimizin də sayı hər il daha da artır ki, onlar bu gün də, gələcəkdə də qardaş ölkələrimiz arasında bağların daha da möhkəmlənməsinə xidmət edəcəklər.

KONYANIN GÖZ-BƏBƏYİ MERAM

Yetkililər Meramı Anadolunun ən önəmli tarix və mədəniyyət mərkəzlərindən olan Konyanın göz-bəbəyi adlandırır. Tunc dövrünə qədər ulaşan zəngin tarixi ilə Meram bir çox müxtəlif, dəyişən mədəniyyətlərə ev sahibliyi edib. İbn Bətutədən tutmuş Övliya Çələbiyə, İbn Bibiyə qədər bir çox tarixi şəxsiyyətlər Meramla bağlı ən səmimi ürək sözlərini söyləmişlər. Övliya Çələbi Konyanı ziyarət edərkən Meramı Belqraddakı Valiva, Budın, Sudan, Mora və Alaşəhər kimi mədəniyyət mərkəzləri ilə müqayisə edir. Meram bu təsvirlərdə su, yaşıllıq və tarix qoynu, qucağı kimi qələmə verilir.

Meram kəlməsi “Amac, arzu, hədəf, qayə, mövzu” anlamındadır. Meram şəhər mərkəzindən 8 km-lik məsafədə, batıdakı Loras dağının dik meyilli çılpaq yamacları boyunca Konya yönünə doğru yelpazə kimi açılan bir yaşıllıqlar məkanıdır. Əsl gözəlliyini Səlcuqlular zamanında əldə edib. Bu gözəlliklər Qaramanoğulları, Osmanlılar və Cümhuriyyət dönəmlərinin quruculuq işlərilə zaman-zaman artıb, çoxalıb. Meramın Mövlanəli və Mevlevili zamanları Səlcuqlu başkəndi Konyanın tarixinə unudulmaz xatirələr bəxş etmişdir. Bu məkan o qədər əfsunkardır ki, yüzillərin o başında Konyaya gələn ünlü müsafirlər, bəylər, şahzadələr, sultanlar Meramda qarşılanırdılar. IV Sultan Murad 1637-ci ildə Meram bağlarında dincəlmiş, “Cedidiyye”, “Hadika-i Maarif”, “Sefiyye” adında məktəblər o zamanlarda fəaliyyətə başlamışdı. Yaxşıya, xeyirə doğru dəyişmək Meramın ruhundan, yaşam tərzindən irəli gəlir. Həzrəti Mövlanənin özü də bu dəyişmənin, yeniləşmənin bayraqdarı, məsləhətçisi olmuşdu. Bu barədə deyilənlər, hekayət edilənlər saya-hesaba gəlməz. Tək bircəsini yada salmaq kifayət edər ki, bu böyük insanın düşüncə ənginliyinin çevrəsini fəhm edə biləsən...

ÜÇ YOLLA GƏLƏRSƏN GƏLSƏN MERAMA

“Meram bir az məkandır, bir az da insan!” söyləyən tarixçi Saim Sakaoğluna ehtiramla “Düz buyurmusunuz, əfəndim, yüzdə yüz belədir!” səslənişimi boğa bilmirəm. Yenə də unudulmayan xatiratları dinləyib dururam: “Həzrəti Mövlanə Hüsaməddin Çələbinin bağında qonaqmış... Sübh çağı bağçada dolaşarkən bülbüllərin nəğmələri Həzrəti Pirin zikrinə qarışır. Məsnəvi şairi də öz səmimi istəyilə bülbüllərin susmasını istər. Yəni iki gözəlliyin bir arada olmasına şaşırır, istəmir bülbüllərin xoş cəh-cəhi Mövlanənin xoş avazını eşidilməz edə. O gün-bu gün, Meramda bülbül ötməz deyirlər...” Ancaq Meramda xatirələr birər-birər ötməkdədir və biri o birinin haqqına sahib çıxası da deyil. “Merama üç yolla yetmək olar” deyilməkdədir... Ən qədimi Əski yoldur. Yenisini də eyni adla anırlar; Yeni yol! Bir də Aşkandan dolaşıb Yakadan keçəndi...

Məncə, Meramın bir əbədi, dəyişməz yolu da var ki, o da Könül, Qəlb yoludur.

SƏNMİ YAŞLISAN, SAQQALINMI?

Bir gün Mövlanə Həzrətləri könül dostlarıyla bərabər Meram məscidindən şəhərə dönürmüş. Qarşılarına çıxan bir rahib onlara baş endirib təzim edir. Mövlanə ona ötəri bir nəzər salıb sorur: “Sənmi yaşlısan, saqqalınmı?”

Rahib “Mən saqqalımdan iyirmi il böyüyəm - deyir, - o, daha sonra çıxdı”.

Həzrət Mövlanə bu cavabı alınca belə deyir: “Ey zavallı, saqqalın səndən daha sonra çıxdığı halda dəyişdi və kamala yetdi. Sənsə əvvəllər necə idinsə, indi də o cür qalıbsan; qaranlıq və pərişanlıq içində üzürsən. Əgər dəyişməz və olğunlaşmasan, yazıqlar olsun sənə!”

Meramın öz kutsal, pirani keçmişini hifz etməklə bərabər modern şəkildə yeniləşməsi, çağdaş dünyamızın ən üstün dəyərlərinə sahiblənməsi Mövlanə nəsihətindən gəlir. Bu dediklərimizə şahid olmaq üçün Məcidiyyə Camisi səmtindən Meramın hüsnü-camalına bir baxışlıq göz yetirmək bəs edər. Ya da vaxt tapıb Yeniyol Caddəsi boyunca yolçuluq edəsən gərək... Meramda hər ağac altı, hər ev bir gözəllik qaynağıdır. Çələbi qonaq evlərinin müsafiri olanlar bu gözəllikləri bir ömür boyunca unuda bilməzlər. “Xəmiri, mayası eşqlə yoğrulub Meramın” söyləyənlərin zövqünə əhsən. Yıldız köşkünə bircə gecəlik mehman olanlar bu zövqün hardan gəldiyini daha gözəl duyar, gözəl anlayar. Aşpaz Vəlinin Türbə qapısı önündə necə xatırlamayasan bu olmuşları? Bir göz qırpımındaca xəyalın necə qanadlanmasın yüzilliklərin o biri başına: Dərgahın mutfağında odun tükənibmiş. Aşçı Vəli “Nə yapalım?” deyə Mövlanədən soruşur. O da cavabında ayaqlarını qazanın altına salıb yemək bişirən aşpazın hekayətini nəql edir. Bir az sonra həmin yerdən keçən Mövlanə durumu görərkən “vay, atəşbaz, vay!” deyərək gülümsünür. Aşçı Vəli Şəmsəddin Yusufun adı o gündən-bu günə “Atəşbaz Vəli” olaraq qalır. 1265-ci ildə haqqa qovuşur, türbəsi Meram yolu üstündədir. O səmtin adı “Aşıklar” deyə anılmaqdadır. Burası bir huzur köşəsidir. Uzaqdan, yaxından gələnlərin qalması, dincəlməsi və ədəbi məclislərə qatılması üçün yanında bir zaviyesi də var. Meramın hər daşından, hər qədəmindən bir Mövlanə xatirəsi oyanmaqdadır. Camal Ali dədə Türbəsinin qədim-qayımlığı şahiddir ki, bu deyilənlər doğruların doğrusudur. Camal Ali Dədənin Mövlanənın Lələbəyi, baxıcısı olduğu söylənir. Sultanül-Uləmanın könüldaşları ilə bərabər Konyaya gəldiyi bilinir. Gəlmiş, o böyük şəxsiyyətlərə bir ömürlük xidmət etmiş və haqq dünyasına qovuşmuşdur. Məzar və türbəsi Dürüst səmtindədir. Bu tərəflər 5-6 yüz il əvvəllərə qədər Meramın ən canlı, ən qaynar yeri olub. Yaya yolundan Meram, Göycegiz və Dərə səmtinə buradan keçilir. Mevlevi dərvişlərin, Çələbi həzrətlərinin xatirəsi, ruhu burada uyumaqdadır. Camal Ali məscidinin bir adı Dədəbağı, bir adı da Təkkəbağı məscididir. Bir az yorğun-arğın görünməyi var. Yeddi sərdabədən biri Dədəyə, digərləri yaxınlarına aiddir.

MERAMI MERAM EDƏN ÇAY

Adını anmamaq imandan deyil... Meramı məram edən, “Yaşıl olur bu Konyanın Meramı” dedirdən çayın haqqına sayqısızlıqmı göstərmək olar? Minillərdir axmasına ara verməyən, Konya ovasına həyat verən ölümsüz su qaynağıdır Meram çayı. Ruha lətafət verən dadlı bir məlhəm kimidir. Bir su ki, gül-çiçək, çəmən ətri daşıyar, ciyəri təmizlər, ömrü təzələr. Meram vadisinə quzey yaxasındakı Kadıyoxuşundan daxil olub, güneyə çıxar. Tavusbaba türbəsi ilə Hasbeyoğlu məscidinin quzey ətəyindəki Cənnət qayalarını yalayaraq ətrafa həyat bəxş edir, sonra ovalara yan alıb gedir. Burdan baxanda könül qanadlanır Şahanə körpüsü səmtə, Xatunsaray yolu üstünə marağın qov kimi qovur cismini.

Körpü üzərindən axışına baxdıqca ulu çinarların şəkillənməsi bəhsləşər kölgənlə. Böyüklü-kiçikli körpülər arasında ən önəmli olanı Meram körpüsüdür. Səlcuqlular dönəmindən salındığı və ya Qaramanoğulları zamanında yeniləndiyi bilinməkdədir...

Gedavet parkı bu gözəl məkanda seyr etməli ən gözəl yerlərdən biridir. Məram ən gözəl günlərini Səlcuqlu və Karaman dönəmində yaşamış, bağlar, bağçalar arasına məscidlər, külliyələr yapılmışdır.

HƏR ƏSRİN ÖZ ŞAHİDİ

Sahib Ata Camisinin var olma tarixi 1253-cü ildən hesablanır. İplikçi 1201-dən öncə yapılıb, Xoca Həsən XIII əsrdə. Daş məscid 1215-ci ilin yadigarıdır. Erdenşihın yaşı 1220-ci ildən, Abdul Əzizinki 1253-cü ildən hesablanır. Ondan 4 il sonra Abdulmömün inşa edilib. Aksinne və Bulgür təkkəsi XIII əsrə. Azizeyə 1876-cı ilə aid abidələrdir. Meramda Sərçəli Mədrəsəsi Bedreddin Mühlisə aiddir, 1242-ci ilin abidəsi olaraq qorunur. (1264), Atəşbaz Vəli (1285), Serhavan (XIII əsr.), Turqutoğlu Türbələri (1432) koskoca ərdəmliyi ilə tarixə yoldaşlıq edir. Hələ bir Qızılörən (1206), Quruçeşmə (1205), Pambıqçı (XIV əsr) sarayları... Hansından söz açım, hansından danışım? Bəlkə, Meramdakı külliyələrdən başlayım? Ən öncə Sahib Ata Külliyəsi gəlir, kitabəsinə görə 1258-ci ildə memar Kəlük bin Abdullah tərəfindən yapılıb. Mərmər işləmələri göz çəkir. Çini mehrabı öz dönəminin ən yaxşı örnəklərindən biridir. Mehrab çini sütunlarla çevrələnib. Firuzə rənginin kölgələnməsi ən müxtəlif çeşidlərlə bir araya gəlib. Caminin güney səmtində Sahib Ata Hanegahı yer alıb. Kitabəsinə görə 1279-cu ildə Allahın mömin qullarına mənzil və takva sahibi sufilərə məskən olaraq inşa edilmişdir. 1283-cü ildə Hanegahın quzey eyvanına türbə yerləşdirilmişdir. Sonra gəlir Sahib Ata Türbəsi... Türbənin üzərindəki yazıya görə türbə Səlcuqlu vəzirlərdən Sahib Ata Fəxrəddin Ali tərəfindən yapdırılıb. Ortasındakı çini sərdabələr üzərində qabartma yazılar yer alıb. Sərdabələrin ən böyüyü Sahib Ataya aiddir. Digərlərində oğlu Taceddin Hüseyn, Nəsrəddin Hasan, qızları Seyidə və Məsumə Məlikə Xatun və yaxınlarından Şəmsəddin Məhəmməd uyumaqdadırlar. Hər birinin sərdabəsi önündə ayaq saxlayır, fatehə verir, dua oxuyuram. Yazılması, ifadə edilməsi mümkünsüz olan bir sükut düşüncələrimi çəkib, aparır. Xalq arasında Sultan hamamı kimi tanınan Sahib Ata Sultan hamamı burdadır. Səliqə-sahmanı bircə baxışdan hiss edilir, sadə görünüşlüdür.

Və nəhayət Sahib Ata Çeşməsi. XIX əsrin abidəsi olaraq qorunur. Topraklı su çeşməsi Üçlər məzarlığının sol tərəfindədir. Məzarlığın Kərimlər səmti Koyuntoğlu muzeyi, İstiqlal şəhidliyi, Üçlər mərkəzinin sağ tərəfini çevrələyib. Aslanlı qışlası səmtində Konya mədəniyyət Mərkəzi göz oxşayır. Buradan Mövlanə Kültür mərkəzinə 10-15 dəqiqəlik bir məsafə var. Şəhid Nazim bəy camisi Mövlanə muzeyinin sol səmtindədir. Buradan Körpübaşına, Makiboğlu camisinə aparan yollar keçir. Sahib Ata camisindən, Sahib Ata külliyyəsindən keçən yolların bir ucu Yavuz Səlim camisinə aparır. Konya Dövlət Teatrının möhtəşəm binasına yol burdan keçir. Atatürk Anıtına buradan yol ayrılır. Eləcə də Qazi liseyinə, Amber Rəis camisinə, Şeyx Sədrəddin Konəvi Türbəsi və camisinə. Qazi liseyi səmtindən Atatürkün ev muzeyinə aparan yol bir göz qırpımı qədərdir. Hacı Həsən Camisi sol tərəfində, Abdulmömin məscidi sağda... Ondan da sağ səmti Tahir Paşa camisi çevrələmiş... Bir az da sağda Sərçəli mədrəsəsi öz kutsal, mistik durumu ilə gəlişimizə qucaq açır. Bu səmtdən Alaəddin bulvarı, Alaəddin türbəsi və camisi apaydın görünür. Az əvvəl bizi götürən arabalar bu ətrafı dolanıb keçmişdi. Ziyarət etdiyimiz camilərin, anıt mərkəzlərinin paklığını, tarixi vüqar, fəxarət duyğularını qəlbimizdə sıx-sıx tutaraq döndük. Daş pillələrdən qalxan xəfif ayaq səslərimizi içimizə çəkə-çəkə döndük. Yığın-yığın xatirələrin, çeşidli tarix dönəmlərinin yuxusunu qaçırmamaq, ancaq nəfəsini, gerçəkliyini qoxumaq amacıyla yürüdük. Ayaqlarımızla yox, qəlbimizlə irəlilədik, duyğularımızın gül ətri götürdü bizi.

Ardı var

Tarix
2017.01.19 / 09:09
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla