Yuxarı

Tək qalmaq, onunla bir arada olmaq...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

(“Qənirə Paşayeva ilə addım-addım Konya”)

Əvvəli burada

MƏSCİDLƏR ALLAHA AİDDİ -

ALLAHLA BƏRABƏR BAŞQASINI DƏVƏT ETMƏYİN!

Belə yazılıb daş kitabədə.

Hz.Mövlanə türbəsinin ümumi mənzərəsi önündə dayanıb tarixin bütün müqəddəsliklərini, paklıqlarını və paklarını xəyalımdan keçirdiyim məqamlarda bu qosqoca daş kitabə yazısının ehtiva etdiyi düşüncə fikrimdə dolanmaqdaydı. Eyni düşüncələrlə dönüb ətrafıma, gözlərim önündə qədəm-qədəma açılan, hərəsi bir müqəddəs qapıya dəvət edən küçələrə (sokaklara) nəzər salırdım. Zamanın çox qədimliyində Mövlanə Həzrətləri Konyanın bir küçəsiylə gəzə-gəzə köhnə bir evin önünə yetişmişdi. Beş-on köpək o köhnə evin ətrafında şən-şən oynaqlaşır, mehribancasına davranırlarmış. Bu durumu görən tələbələri Mövlanəyə dönərək “baxın, bu aşağıladığımız köpəklər biz insanlardan yaxşı davranırlar, qovğa etmədən yaşaya bilirlər” söyləyirlər. Heç bir cavab vermir Mövlanə. Tələbələrindən birini göndərib qəssabdan ət aldırır, atır o köpəklərin önünə. Bir tikə ət üstündə köpəklər bir-birini parçalamaq halına gəlirlər. Hz.Mövlanə baxıb-baxıb anladır: “İnsanlar da eynən belədir. Arada bir mənfəət yox ikən gözəl-gözəl davranarlar. Ancaq aralarına maddi-mənəvi bir ünsür girincə əski günlərini belə xəyallarına gətirməzlər, bir-biriləri ilə dava edib durarlar. O zaman da insanlıqdan çıxıb, bu heyvanların sırasına keçərlər...”

Düşünürəm... Aradan uzun əsrlər keçib. Ancaq nə dəyişib? Təəssüf ki, bu anlamda elə də çox şey dəyişməyib...

ZƏFƏR NƏĞMƏLƏRİ ÖTÜR BÜLBÜLLƏR...

Xəyal etməyin yolu yolçuluqdan addım-addım, qədəm-qədəm keçir. Müqəddəs dərgahlara varmayınca ruhən, mənən böyüməyin yolu yoxdur, gərək yolçuluq edəsən. Mənəvi paklaşmanın bir kutsal çevrələnməsi belədir: Konyadakı tarixi Bağdad otelindən Şeyx Sədrəddin Türbəsi və Camisinə 930 metrdir. Buradan Atatürk evinə 220 metr məsafə keçmək gərəkdir. Sonra İncə minarə muzeyinə 400 metr məsafə gözləyir səni. Karatay Mədrəsəsi bir az kənarda - 350 metrlikdədir. 90 addım atdınmı - Alaeddin Camisinə yetişəcəksən. Buradan İplikçi Camisinə 400 metr yol var. Sonra da 250 metrlik yolu keçib Şəms Təbrizi Türbəsinə yetiş. Şərafəddin Camisi tam 150 metrlikdədir. Buradan Əziziyə Camisinə 270, Süleyman Camisi və Mövlanə Muzeyinə 280, İstiqlal Hərbi Şəhidlik Anıtına 30, Mövlanə Kültür Mərkəzinə 100 metrlik yoldur. Yeriyib-yürüsən çox qısa bir zamanda qət edə biləcəyin yoldur. Ancaq bu zaman məsafəsi yüzilliklərin o başını bu başına gətirən anlarla liməlim doludur, hər qədəmdə Onunla başlayan iç söhbətimin ətri, xoş qoxusu duyulur. Gül bağçasından Dərgaha aparan yolçuluğun dönəmləri addım-addım izləyir yaddaşımı; XII-XIII əsrlərin Səlcuqlu dönəmi, XIV-XV əsrlərin Bəylik məqamı, XVI-XVII əsrlərin klassik Osmanlı idarəçiliyi, XVIII-XIX əsrlərin Osmanlı yaşamı, idarəçilik tərzinin qoxusu addım-addım mənimlə olur. Hz.Mövlanə türbəsi, muzeyi, dərgahı önündəyəm. Öncə Mövlanə dədəmizin qosqoca səsini, nəfəsini duymaqdayam:

Ey aşik! Kendine bak da,

insanların işine karışma;

Şu şunu söylüyor, bu bunu söylüyür

deyib durma!

Filan bağa diken diyor,

Filan yasemin diye çağırıyor

düşüncelerine kapılma.

Her söze, her kese aldanma;

Gül gibi kokmaya bak sen.

Filan sana kafir diyor,

Bir başkası da sana

din adamı diyor...

Vazkeç bunlardan, vazkeç,

Gözünü aç!

Allah sana basaret gözü,

Könül gözü vermiş!

Öyle bir göz vermiş ki,

Senin mağmur bakışlarına karşı

Cebrailin kanadı bile secdeye kapanır.

Doğrudan da “səni yüksəklərə uçuracaq qanadların olduğu halda insanlardan sənə nə qəm var?” Dayandığım Ahır səkisi, ötdüyüm Turan türküsü, açdığım könül qapısıdır... Hər naxış dil açıb, hər daş dillənib sanki “qədəm basıb asta-asta sən bu diyara xoş gəldin”, - deyə önümdə durur. Bu, o yerdir ki, İbn Bibi “Oradakı ağacların meyvəsi ikbal meyvəsi idi, oradakı bülbüllər zəfər nəğmələri söylərdi”, - deyə təsvir etmişdi. Əlavəsi belədir: “Oranın bütün meyvələri dünyanın iksiri, ağaclarının kölgəsi sevgilərin dinləndiyi yer idi”.

Bir anlıq nəfəsimi dərmək üçün dayanıram. Gücümü-qüvvətimi toparlayıram. Dünyanın ən gözəl dualarını vird edirəm dodaqlarım altında...

Və O qapını açmaq üçün könlümə “buyur” deyirəm. Qulaqlarıma Mövlanənin “Mehrem və mum kimi ol”, “dost ol, heç kimsənin kinini ürəyində tutma” səslənişi gəlməkdədir. Oğlu Sultan Vələdə öyüdü, nəsihəti beləydi:

Kötü söyləyici,

Kötü öyrədici,

Kötü düşüncəli olma!

Atdığım hər qədəm, aldığım hər nəfəs Mövlanənın o gözəl səslənişilə həmahəng, həmniyyətdir...

Ayrı cür gəlməkmi olar bu məqama? Necə arzulanmışsa, eləcə qədəm basıram Mövlanə türbəsinə. Tək qalmaq, Onunla bir arada olmaq, Onunla pünhan həsbi-halda olmaq üçün. Bilirəm ki:

ÜMİDSİZLİK QAPISI DEYİL BU QAPI

Mövlanə dərgahının qərar tutduğu məkan Səlcuqlu sultanının gül bağçası olub. Sultan Alaeddin Keykubad tərəfindən Mövlanənin babası Sultanül-Uləma Bahaəddin Vələdə hədiyyə edilmişdi. Bu, o Bahaəddin Vələddir ki, indiki Əfqanıstanın Bəlx şəhərində yüksək mənsəb sahibi olub. 1214-1217-ci illər arasında köçmüşdü Səlcuqların paytaxtı olan Konya şəhərinə. Bu hesabla Mövlanə həzrətləri 7-10 yaşlarında olmuşdu o tarixi köç günlərində. Cənnətlik Bəhaəddin Vələdi 1231-ci ildə haqq dünyasına qovuşunca burada dəfn olunmuşdu. Zaman ötmüş, onun mübarək cisminin bir parçası olan Mövlanə həzrətləri də burada əbədiyyət yuxusuna dalmışdı. İki könül və irfan adamı eyni yerdə dəfn olunub, təbrizli memar üzərlərində türbə ucaldıb. Daha sonra yapılan əlavələrlə böyük bir külliyə halına gətirilən indiki Mövlanə Muzeyi 1926-cı ilə qədər dərgah olaraq fəaliyyət göstərib. Dərgahın, muzeyin giriş qapısından bir qədəm atıram. İç dünyamda yüzilliklərin o başında tarixləşən unudulmaz bir məclisin gedişatı aydınlaşır:

BELƏ NAĞIL EDİLİR

Bahaəddin Vələd Sultanın məclisində vəəz verməkdədir... Dinləyənlər arasında uzun boylu, bilik-mərifət sahibi və sarayın ustalarından Əmir Bədrəddin Göhərdaş da var. O, Bahaəddin Vələdin üslubuna, zəka və bilgisinə heyran olanlardandır. Ustaddan “Aşır” oxumasını istəyir. O da “Müminlər felah buldular” anlamında Qurandan “Mümin” surəsini oxuyur, açıqlamasını söyləyir. Heyranlığını gizləyə bilməyən Bədrəddin Göhərdaş ustadın əllərini öpür və ona mürid olur. Bahaəddin Vələd də bu halın şükranlığı olaraq “oğullarım üçün bir mədrəsə yapdır”, - deyir. Beləcə, “Xudavəndigar” mədrəsəsinin özülünə daş qoyulur. Həyatının son illərində ricası mədrəsə yapdırmaq olmuşdu Sultanül-Uləma Bahaəddin Vələdin. İndi həmin mədrəsənin yapıldığı mübarək məkanda uyumaqdadırlar. Bu dərgahda ilk sərdabə Həzrəti Mövlanəyə məxsusdur. Fanilikdən çox əbədilik dərsi keçməkdədir. Böyük söz ustadımız Seyid Əzim Şirvani elə bil Həzrəti Mövlanənin dilindən yazıb heç vaxt unutmadığım misralarını:

Mövfti, cisman ilə sanma mənim ölməyimi,

Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

NECƏ ÇIXSIN QARANLIQLAR AYDINLIĞA?

“Aləmdə səsi olanlara salam olsun” ehtiramı ilə yad edir, ən pünhan dualarımı zikr edirəm Mövlanənin sərdabəsi önündə... Gördüklərimə birər-birər nəzər yetirirəm. Dəfələrlə ziyarət etsəm də, yenə hər şey mənə təzə, ilkin görünür. Elə bil, bu gördüklərim yüzilliklərin o tərəfinin xatirələri deyil, bir çimir yuxu daxilində gördüklərimin gerçəkliyidir...Bu, Mövlanənin oğlu Sultan Vələdin sərdabəsidir... Yanında, söykəyində atası Bahaəddin Vələdin uyuduğu sandıqça. Şəmsəddin Abib Çələbi, Ulu Arif Çələbi, Zahid Çələbi, Şeyx Kəriməddin və Vacid Çələbi həzrətləri burada uyuyurlar; Mövlanənin ailəsilə bir arada, eyni məkanda. Həzrəti Mövlanənin sərdabəsi oğlu Sultan Vələdlə eyni örtü altında yan-yanadır. Ağac oymalı naxışları olan sərdabədə isə atası Bahaəddin Vələd uyumaqdadır. Mövlanə soyundan və onun müridlərindən olanların qəbirləri də bu aradadır. Bu mübarək zatların çoxu vaxtilə Bahaəddin Vələdlə bərabər gələn Xorasan ərləridir. Behiştlik, cənnətlik insanlardır. Layiq olduqları torpağa gömülüblər. Mövlanənin atasına və özünə aid olan cübbələrə nəzər yetirirəm. Elə bil, sahibləri dəstəmaz alıb, namazlarını qılıb, dualarını oxuyub indicə dönəcəklər, sonra bu cübbələri ədəbi-ərkanla üstlərinə alacaq, yan köşədə taxçaya qoyulmuş “Məsnəvi”nin ilk əlyazma nüsxələrinə, “Divani-Kəbir”ə doğru qədəm basacaqlar... Mövlanənin 5 mükəmməl əsərinin 5-nin də əlyazması, cildləri qorunur burda. Bələdçimiz dərin hörmət və sayğıyla Mövlanəyə aid əşyalar haqqında məlumat verir; qızıl və gümüş işləmələrlə süslənmiş Nisan tası hər baxışda ötənlərin pozulmaz qanunlarını yenidən göz önünə gətirməkdədir. Toplanan nisan yağmurları bu tasda süzüldükdən sonra Mövlanənin sar­ğısının ucu bu suya batırılır, sonra həmin su sifa niyyətilə paylanırmış...

Hər şey qədimlik, tarix qoxuyur. 10-12 dəqiqəlik yolu qət edib Şəms Təbrizinin əbədiyyət yuxusu tapdığı məkanın ziyarətinə yetirsən. Ancaq bu 10-12 dəqiqəlik yol məsafəsi adamı 750-780 illik bir zaman məsafəsinin olaylarından keçirib gətirir. O tarixi zamanlardan ki, Sultanül Uləma Bahaəddin Vələd Konyaya gəlişində İplikçi Caminin güney səmtində yerləşmişdi, İplikçi Mədrəsəsində dərs vermişdi. Burada oğulları üçün Bədrəddin Göhərtaşdan bir mədrəsənin yapılmasını istəmişdi, lakin burada işləməyə ömrü çatmamışdı. Mövlanənin vəfatına qədər evi ilə bitişik olan bu öyrətim qurumu uzun illər boyu ayrı-ayrı adlar altında fəaliyyətini davam etdirmişdi.

Səlcuqluların dilində bu qədimliklə nəfəs-nəfəsə “Mövlanə” anlamında “Xudavəndigar” sözü işlənirdi və bu xitab da Bahəddin Vələdin özünə aid idi. Çünki Bahəddin Vələd heç zaman oğlunu adıyla çağırmamış, həmişə “Xudavəndigar” deyə xitab etmişdi. Hz.Mövlanə bu mədrəsəyə xüsusi bir duyğuyla bağlı idi və “bizim mədrəsəmiz vəlilərin mədrəsəsidir” deyə anladarmış. Bu mübarək məkanın bir köşəsini o, könül dostu, ruhdaşı Şəms Təbrizi üçün ayırmışdı. Şəms Təbriziyə olan heyranlığı, mənəvi bağlılığı bütün zamanların dostluq örnəyi olaraq tarixə köçmüşdü. Bu sevgi və sayğı o qədər ucalmışdı ki, Mövlanə oğlu Sultan Vələdi Şəms Təbriziyə mürid etmişdi.

Nə yazıqlar ki, asilərin, ruh­suzların bulandırdıqları sular daşıb-daşıb da məcrasını aşa bildi... Nə yazıqlar ki, bu mənəvi bağlılıqları qıran qaranlıqlar hələ də aydınlığa çıxa bilmir...

Ardı var

Tarix
2017.01.17 / 08:45
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla