Yuxarı

Dedi, utanma, etiraf et, ağla...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

(“Qənirə Paşayeva ilə addım-addım Konya”)

Əvvəli burada

Konyanın o şaxtalı günlərində, soyuğun əl-ayaq kəsən zamanında, günəşin qürub çağında... üz-üzə qalmışdıq. Heç birimiz danışmırdıq... Səssizlik içində sükut danışırdı... Eynən “qoy, sükut danışsın, ikimiz susaq” misalı... Bu qədər soyuq olmasına baxmayaraq, heç üşümürdüm - bir qədər öncəki üşüməm səssizcə çəkilib getmişdi. Həzrəti Şəmsin - Eşq Günəşinin yanında idim - həm bu üzdən, həm də iç dünyamın aydınlanması, öz durumumun özümə bəlli olması səbəbindən, yəqin...

Bilirdim, ona nəyisə uzun-uzadı izah etməyə ehtiyac yoxdur. O, mənim niyə gəldiyimi bilirdi, gələcəyimi bildiyi kimi. Heç bir şey hiss etmirdim, heç bir şey duymurdum, onun söylədiklərini qulaqlarımla eşitmirdim, təbii. Qəfildən qeyri-ixtiyari ağlamağa başladım. Özüm də səbəbini bilmədən hönkür-hönkür ağlayırdım... Dayanmadan ağlayırdım. Sanki illərlə bu gün üçün içimə yığılmış gözyaşı vardı da, indi ağzı açılmışdı. Ağlayaraq pıçıltı ilə nəsə söyləyirdim, deyəsən. Amma sonralar nə söylədiyimi heç cür xatırlaya bilmədim...

O isə... o isə susurdu, susurdu...

İlahi, sükut da danışa, anlada, duyula, eşidilə bilərmiş!..

İlahi, sükut da insana hüzur verə bilərmiş...

Sükut mənə nələrisə söyləyirdi...

Sanki mənə “neyçün can və könül aynasına baxıb da özünü axtarmırsan, aramırsan”, - deyə sual edirdi...

Nə qədər belə davam etdi, nə qədər ağladım, bilmirəm. Amma artıq gecə idi, qaş qaralmış, şər düşmüşdü. Sürücünü xatırladım. Bu soyuqda məni gözləyirdi. Elə bir az toxtamışdım ki, onun pıçıltılarını eşitməyə başladım.

- Ağla-deyirdi, - Ağla...

Ağla ki, durulsun, təmizlənsin o ürək...

Ağlayan tək gözlərin deyil... Könlün ağlayır... Ağla!

– ...

– Nəfs-i Ləvvaməyə keçid daxili etirafdan, etirafla axıdılan göz yaşlarından keçir. Ağla. Özünə yolçuluq üçün təmizlənənə qədər ağla... Bu göz yaşların, cavan ömründə çəkdiyin bütün əzab-əziyyətlər, yaşadığın ağrı-acılar, çətinliklər səni Rəbbinə daha da yaxınlaşdıracaq. Utanma. Qorxma. Ağla. Etiraf et. Səmimi ol. Təmizlən. Durul!

Ağlayırdım... Etiraf edirdim... O-na edirdim... Şahidim isə Şəms idi...

O-na yalvarırdım, şükr edirdim... El sözü ilə desəm, Şəmsin üzü hörmətinə, mənə Həqiqətə gedən yolun ikinci mərtəbəsinin qapısını açdığı, Nəfs-i Ləvvaməyə daxil olma niyyəti, gücü, izni verdiyi üçün... Çünki oxumuşdum, bilirdim ki, dünyada insanların çox azı bu mərtəbəyə keçə bilir...

Ona görə də göz yaşları ilə dayanmadan O-na şükr edirdim. Mənə Nəfs-i-Əmmarədən xilas olmağa yardım etdiyi üçün...

Bilirdim ki, İnsan ondan o zaman xilas olmağa başlayır ki, nəfsinin qəzalarını, çatışmazlıqlarını, yanlış vərdişlərini ayırd edir və onları düzəltmək niyyətinə düşür. Yalnız bundan sonra daxili yolçuluğa çıxmanın Nəfs-i Ləvvamə mərhələsinə daxil olur.

Mən özümə yol(çuluğ)a başlamışdım və Şəms mənə çox şey öyrədə bilərdi.

– Ağır olacaqdı bu Yol... – deyirdi Şəms sükut dili ilə... Dinlə, Daxili Yol(çuluq) çox ağır bir Yoldur... Dayanmadan özünlə, nəfsinlə amansız mübarizə aparmalısan. Sənin əsl mübarizə Yolun indi başlanır. Yavaş-yavaş, addım-addım. Böyük çətinliklər qorxutmasın səni.

Onun pıçıltı içində səsini eşidirdim – getdikcə daha aydın, daha təsirliydi. O deyir, mən cavab vermədən dinləyirdim:

– Artıq gözlərin bayıra deyil, öz içinə baxmağa başlayıb. Nəfs-i Əmmarədən fərqli bir həyata başlamısan...

– ...

– Daim başqalarını günahlandırırsansa, özündə qüsur tapmaq asan deyil...

– ...

– Olub-keçən və ya yaşadığın hər şeydə həmişə başqalarını deyil, özünü ələk-vələk, çək-çevir eləyib tənqidə tutmaq asan deyil...

– ...

– Hər zaman nəfsini qınamaq və günahlandırmaq asan deyil...

– ...

– Yorulmadan özünlə mübarizə aparmaq, nəfsin ilə savaşmaq asan deyil...

– ...

– Qorxma – deyirdi Eşq günəşi... Deyirdi: “Bəzən xətalar, yanlışlıqlar da edəcəksən, amma dərhal üzülüb, Allahın hüzurunda peşman olub, ağlayarsansa, Nəfs-i Əmmarəyə geri dönməyəcəksən... Qorxma. Bu halları sıx-sıx özündə görməyə başlayacaqsan. Amma Haqqa qarşı məcburiyyət duyub, gözyaşı tökərək həmin xətaları, yanlışları təkrar etməyəcəksənsə, Kamilliyə, Həqiqətə, Haqqa gedən yolun digər mərtəbələrinə qalxa biləcəksən...”

– ...

– ...Ona getmək istəyirsənsə, Həqiqəti, Haqqı tapmaq istəyirsənsə, bundan başqa Yolun yoxdur... Gerçək İnsan olmaq istəyirsənsə, bundan başqa Yolun yoxdur...

Nəhayət, bir cümləlik sual verdim:

– Bu Yolu gedə biləcəmmi? - Yalvarırcasına soruşdum...

– Özündən sor... – dedi Eşqin günəşi.

– ...

– Amma heç zaman unutma, haraya dönərsən dön, Allahın üzü ordadır...

– ...

– ...

... Beləcə, sükutla başlayan söhbətimiz sonunda yenə sükutla tamamlandı, sükuta döndü. Ancaq Eşqin günəşi içimdəki buzları əritmiş, küllər altındakı qoru qığılcımlandırmış, alovlandırmışdı...

Ümidsizlik qapısı deyil bu qapı

“SƏN MƏNİM QƏLBİMƏ HAKİM,

SƏNƏ QUL OLDU KÖNÜL...”

Böyük Azərbaycan şairi Nizami Gəncəvi öz könül dostuna xitabən belə yazıb. Heyranlığın, məftunluğun bundan da o yana səmimi ifadəsi varmı? “Sən əzizsən, mən ucuz” - deyib də, sarınmaqdan mutlu nə ola bilər könül aşiqlərinə?

Konyaya ilk gəlişimin şəkillənməsini Nizami babamızın bu misraları qədər heç nə, heç bir söz düzümü ifadə edə bilməz: “Sən mənim qəlbimə hakim!” O ilk səfərim çərçivəsində Konya Səlcuq Universitetində düzənlənən konfransa dəvətli idim. Çox dəyərli, görkəmli sənətşünas alimimiz İlham müəllim başda olmaqla Səlcuq Universitetinin müəllimləri təşəbbüs göstərmişdilər ki, Azərbaycan-Türkiyə, “Bir millər, iki dövlət“ olan qardaş ölkələrimizin birliyinin daha da gücləndirilməsi istiqamətində hər birimizin, gənclərimizin üzərinə düşən vəzifələri bir arada müzakirə edək. Çıxış zamanı gənclərimizin ortaq tariximizi öyrənməsinin vacibliyini xüsusi vurğuladıq. Eyni zamanda bütün Türk dünyasının ortaq problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın törətdiyi Xocalı soyqırımının dünyada daha geniş tanıdılması və günahkarların ədalət qarşısında cavab verməsinə nail olmamız istiqamətində gənclərimizin daha duyarlı olması, birlikdə səylərimizi daha da gücləndirmənin önəmini müzakirə etdik. Konyada Qarabağ parkının açılması, Xocalı Soyqırımı qurbanlarına abidənin qoyulması təklifimiz tədbir iştirakçıları tərəfindən dəstəkləndi. O cümlədən, qədim Konyanın Azərbaycan bölgələrindən biri ilə qardaşlaşması barədə fikirlərimiz də müsbət dəstək aldı.

“YAD ET MƏNİ, AŞİQANƏ YAD ET!”

Konyaya ikinci səfərimin də öz unudulmaz xatirələri var. Rəsmi görüşlər, Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsi, sözdə erməni soyqırımı iddiaları ilə bağlı konfranslar bitən kimi Konya ilə yenidən baş-başa qalmaq üçün hər kəsdən ayrılıb Konyanı pıçıltılar arxasınca gəzməyə başladım. Heç unutmuram. Elə, o cür mistik yaşam anı həyatımda nadir hallarda baş verib. Həzrəti Mövlanənin qəbrini təkrar ziyarət etdim. Özünün dediyi kimi, susmaqda, dinləməkdə idim. İç dünyama və Mövlanə dərgahına çəkilmişdim. Birdən isti, istilikdən də çox məhrəm, nəvazişli bir əlin çiynimə qonduğunu hiss etdim. Sanki mələk qanadı, göyərçin lələyi idi... Sanki nurdan, şəfəqdən yapılmış xəyal heykəli dayanmışdı önümdə və dilsiz, susqun baxışlarıyla mənə düşüncələrini anladırdı. Mən o sükut heykəlinin anlatmaq istədiklərini sonradan bütün aydınlığı ilə dərk etdim, buldum, anladım...

MƏNƏVİ BİR BORC

Üçüncü gəlişimin təfərrüatlarına keçməzdən əvvəl bəri başdan Məram bələdiyyə başqanının Konyada yeni salınacaq parkda Azərbaycanın 3 tarixi abidəsinin – Şirvanşahlar sarayının, Möminə Xatun Türbəsinin və Qız Qalasının kiçildilmiş modellərinin qoyulacağını söyləyəndə keçirdiyim qürur hissini demək, söyləmək istəyirəm. Məram ilə bizim Şəki şəhəri qardaşlaşıblar. Məramım Alavar məhəlləsində Şəki parkı salınıb. Məram bu baxımdan örnək bələdiyyələrdəndir.

Bələdiyyə başqanı ilə görüşümdə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabımın ikinci hissəsini yazmağı planlaşdırdığımı və bu hissədə mənəviyyat dünyamız və ortaq tariximizdə xüsusi yer tutan Konya ilə bağlı geniş yer ayıracağımdan söz açdım: “Konya haqqında yazmaq mənim üçün mənəvi bir borcdur. Bu kitabı yazmaqda məqsədim Türk dünyasını daha geniş tanıtmaq, gənclərdə sahiblik duyğusunu daha da yüksəltməkdir. Gənclərimiz bizim olana “mənim”, “sənin” olaraq yox, “bizim” olaraq sahiblənməlidirlər. Eyni zamanda vurğuladım ki, Türkiyənin uğuru Azərbaycanın uğuru, Azərbaycanın uğuru isə Türkiyənin və bütün Türk dünyasının uğurudur.

Konyada keçirdiyim o unudulmaz görüşləri, ziyarətləri indi an-an xatırlayır, yenidən yaşayıram. Konyanı andıqca böyük qəlb şairimiz Məhəmməd Füzulinin ölməz misrası öz istəyim, fikrimin əksi kimi şəkillənir yaddaşımda: “Ey, nə xoş günlər idi səninlə həmraz idim”.

SƏNİN VARLIĞINI VƏSF ETMƏK ÜÇÜN...

Yüzilliklərin o biri başında Malatyalı Mövlanə Şəmsəddin belə rəvayət edirmiş ki, günlərin gözəl bir günündə Şeyx Seyfəddin Baharzının oğlu Müzhirüddin Konyaya təşrif buyurur. Fəzilətli kişilər onun ziyarətinə gəlib layiqincə hörmət göstərirlər. Təsadüfən həmin gün Mövlanə Həzrətləri bütün dostlarla birgə Meram məscidinə gedibmiş. Şeyx Müzhirüddin Konyaya gəlişinin Mövlanəyə yetməməsindən təəccüblənir. Təbii ki, bir şəhərə gələnin ziyarət edilməsi gərəkdir. Söz sahibinə çatdırılır. Mövlanə halını pozmadan cavab göndərir: “Biri Bağdaddan gəldi, bu biri isə öz evindən və məhəlləsindən kənara çıxdı... Əlbəttə, Bağdaddan gələni ziyarət etmək gərəkdir. Biz həqiqətdə məkansızlıq Bağdadından gəldik. Bu əziz şahzadə isə bu dünyanın bir məhəlləsindən gəlir. O halda ziyarət edilməyə biz daha çox layiqik”. Cavabı Şeyx Seyfəddin Baharzının oğlu Müzhirüddinə çatdırırlar. Dinləyir və durub Mövlanənin ziyarətinə gedir. Qəlbinin ən səmimi sözlərini açıb-tökür: “Babam demişdi ki, dəmirdən çarıq gey, əlinə dəmir əsa al, Mövlanəni aramaya get. Çünki o ulu kişinin söhbətini dinləmək ən böyük fəzilətlərə yetmək məqamıdır... İndi şahidi oldum ki, babam doğru buyururmuş. Sizin məqamınız babam söylədiyindən də uca imiş. Sənin varlığını vəsf etmək üçün nə söyləsələr də, yenə azlıq edər. Sən söylənilənlərdən daha böyük bir kamal sahibisən...”

O böyük kamal sahibinin unudulmaz deyimləri ilə baş-başa daxil oluram yenə Konyaya. Bələd­çimiz, sabiq millət vəkili, ədəbi-tarixi məxəzlərin ensiklopedik bilicisi, gözəl aydın və insan Abdulla Gəncər oldu. Sultan Yavuz Camisinə açılan geniş həyətdə unudulmaz bir səmimiyyətlə bizə “Xoş gəldiniz!” - dedi və Konyada olduğumuz bütün vaxt ərzində bilgilərini əsirgəmədi, sonacan bizimlə oldu.

Ardı var

Tarix
2017.01.16 / 10:25
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla