Bu yazını Yardımlı yolunda avtomobil qəzasında
həyatını itirən bütün insanlara həsr edirəm
Qohum-əqrəba məni sevməz,
xeyir-şər adamı deyiləm. Əvvəllər toylara dəvət edirdilər, görəndə
ki dəvət cavabsız qalır, daha onu da etmirlər. Yaslar barədə də
xəbər tutmuram, çünki xəbər verə biləcək insanlarla əlaqəm
kəsilib.
Son dəfə kəndə Alış əmimin hüzrünə getmişdim. Ondan öncə Tərxan
dayı rəhmətə getdi, yasına gedə bilmədim. Üstündən bir neçə il
keçməsinə baxmayaraq, hələ indi də oğulları ilə üz-üzə, göz-gözə
gəlməkdən ehtiyat edirəm. Elə bilirəm, məni hələ də qınayırlar və o
qınaq onların baxışlarında, sifətlərində güzgü kimi mənə baxır.
Yadımda qalan bir səfərim də olmuşdu, onda Balaş əmi 105
yaşındaydı. Pəncərədən süzülən günəş işığında ona diqqətlə baxdıqca
anlamaq istəyirdim: görən, bu qədər uzun yaşamağın bizdən –
uşaqlarından başqa kiminçünsə əhəmiyyəti varmı? Dostları,
həmfikirləri, tay-tuşları yox, hamı atıb gedib, təkcə üstündə
günü-gündən yüngülləşdiyi və kiçildiyi dəmir çarpayısından başqa.
Çox keçməz, dəmir dostu da ondan imtina edəcəkdi.
Uzunömürlü insanlar yalnız təsəlli üçün var olmalı deyil, onlar
həm də ötürücüdür, yaddaş ötürücüsü. Qısa ömürlü insanlar, həyatını
tez itirən insanlar isə sevgi ötürücüsüdür, onlar sevginin nə
olduğunu anladırlar. Onlardan bizə əbədi sevgi qalır. Hər bir
vaxtsız itki ifadə edə bilmədiyin sevginin dərin təəssüf hissini
yaşadır. Yaşadığın çevrəyə, insanlara qayğın, mərhəmətin, diqqətin
daha da artır.
Balaş əmimin yaşaması onun ürəyindən deyildi, narahat idi,
ətrafına verdiyi əziyyətdən daha çox özü əzab çəkirdi. Mən onun
əzabını yüngülləşdirmək gücündə deyildim, bu dağ kəndində
yüngülləşdirmə işlərinə yalnız əcəl baxır. Əlbəttə, dövlətdən də
söhbət gedə bilməz. Burada dövlət vətəndaşın cibində toz basmış
pasportundan başqa bir şey deyil. Bir dəfə soruşmuşdum: "Əmi, nəyin
çatışmır?" "Ünsiyyətim, bala, danışacağım adamlar", – demişdi.
Məhz kənd yerində ahılların yaşamaq əzabını görməmək üçün
nədənsə insanlardan, özümdən yox, kənddən küsdüm və daha ən xırda
səbəblər belə ora getməyimə mane olurdu.
Bir gün gözlədiyim xəbər məni işimdə yaxaladı, əmimin dəfninə
yollandım. Yenə hamıdan gec çatmışdım, yenə qohumların tənəli
baxışları məni təqib edirdi. Yas yerində, demək olar ki, heç kimlə
kəlmə kəsmədim, bu yerlərin yaddaşını kökləyən bir adam var idi, o
da rəhmətə getmişdi.
Kiçik qardaşım yaşayan evə gəldim, çay içdim və vaxt itirmədən
geri döndüm.
Növbəti dəfə kəndə səfərim Alış əminin dünyadan köçməsi ilə
bağlı idi; yenə hamıdan gec getmişdim. Yağış yağırdı, üstəlik,
soyuq külək bədənimi süzgəcə çevirmişdi, adamlar həyətə toplaşıb
cənazənin dəfnə hazırlığını gözləyirdi, mən isə soyuğa məğlub
oldum, maşında oturub sobanı yandırdım, az sonra gəlib irad
tutdular ki, gec gəlməyin bir yana, heç olmasa, camaatın içində
dur.
Dəfndə iştirak edəndən sonra heç kimə demədən dərhal geriyə,
Bakıya yol aldım.
Dörd qardaşın sonuncusu Ayxan əmimin ölümünü gecə 4-də mənə Faiq
dedi: "Qobustanı keçmişik, xəbərin olsun". Düşünmədən "gəlirəm"
deyə cavab verdim.
Könülə məsləhət etdim:
– Əmim rəhmətə gedib, getməliyəm.
– Gəlinlər gedirsə, mən də gedim?
– İstəyirsən, gedək.
– Gözlə, gedirəm.
Sürücünü çağırdım, gəldi. Həyətdən çıxanda Könülə baxdım.
– Ayaqqabımın dabanları hündür deyil? – soruşub, mənə zəndlə
baxdı.
– Yox, belə gözəldi, –
gülümsədim.
Çöl qapıdan çıxanda tələsik geri döndü, bildim ki, unutduğu
əhəmiyyətli bir əşya üçün qayıtdı (baxmayaraq ki, çantasızdı və
məntiqlə "onun dalınca getdi" deyə düşünə bilərdim), amma dərhal
ağlıma gəldi ki, yəqin, Tengizi öpməyə döndü. Gələndə "az qala
unudacaqdım", – dedi. Yenə ağlımdan keçdi ki, yəqin, Tengizlə
vidalaşmağı nəzərdə tutur.
Kəndə bazarlıq etmək üçün Masallı bazarına döndük, əlimizə
keçəndən aldıq. Yolumuza davam etdik.
Masallıda bazarlıq etmək yaxşıdır, amma bazarın o halını görmək
qədər utancverici bir şey yoxdur, hər tərəf palçıq, dağınıqlıq,
səliqəsizlik, çürük meyvə zibillikləri. Bazarın içindən keçən
avtomobil yolu elə bil bombardmandan təzə çıxıb, bir salamat yeri
yox...
Əmimin dəfninə çatırıq, yenə hamıdan gec. Amma önəmli odur ki,
gəldim. Əmimin hələ də tamamlanmamış evinin qabağındayam. Eyvana
çıxıb qarşıdakı evlərə baxıram, Fətişin evi, arxasında Səfərxanın,
üstündə rəhmətlik Qoçəlinin, qarşı tərəfdə rəhmətlik Çaparın,
Tavarxanın və digərlərinin damları dəmir və azbes şifer
parçalarından yamanmış miskin kənd evləri... tüstüləri ilə qürurlu
görünürlər.
Yanımda dayanan Araza deyirəm, əmim 80 illik həyatını bax, bu
balaca bir evi tikməyə həsr etdi, tamamlanmaq üzrəydi, özü getdi.
İçində rahatlığını qura bilmədi, nə istiyə çarə tapdı, nə soyuğa,
nə işıqsızlığa, nə susuzluğa. Səksən il bəs etmədi... bu balaca
evə. Üzbəüzdə evi olan Fətiş əminin – babalarımız əmiuşağı olub –
halını soruşuram, deyir, o da qocalıb, evdən bayıra çıxmır. Evinə
baxıram, hələ də aynəbəndi bağlanmayıb, hələ də tualeti həyətin o
biri başındadır – ömrünün bu ahıl çağında heç olmaya tualeti evin
içində olardı. Yəqin, yerində uzanıb düşünür ki, Allah bir az da
ömür versəydi, bu evin yarımçıq işlərini tamamlayardım.
Demək olar ki, bu kəndin camaatı hamısı belədir – su qıt, işıq
fasilələrlə verilir, münbit torpaq yox, geniş otlaq əraziləri yox,
yaşlı-yaşlı kişilərin həyatı bir uzun gün kimi gedib batır, bir-bir
tikintisi bitmədən köhnələn evləri tərk edib gedirlər.
Atam da belə oldu, üçotaqlı ev tikdi, ikinci otağın yerini
döşəyənə kimi gözləri tutuldu, elə tutuldu ki, heç eynək də taxa
bilmədi, həmişə düşünürdü ki, görəsən, eynəkli olanda camaat nə
deyəcək, el arasına necə çıxacaq, amma kəmfürsət, namərd gözlər elə
sürətlə tutuldu ki, heç eynəyə gərək olmadı. Beləcə, həyatı keçdi
və başladığı evi tamamlaya bilmədi. 73 yaşında rəhmətə getməzdən
bir gün öncə dedim: "Sən gedirsən artıq, biz səni bir daha
görməyəcəyik?! Bu qədər qəddar olmaq olar?!"
"Bala, eyvana çıxıb məni səsləsəniz, gələcəm, bu dağlardan uzaq
gedən deyiləm", - dedi.
Bəlkə, ona görə belə təsəlli verdi ki, sadəcə biz o eyvana
tez-tez çıxaq, ordan üzümüzü dağlara tutub onu yad edək, adını
çəkək, haqqında danışaq, o evi tərk etməyək. Amma dediyi kimi
olmadı, ölümündən bir neçə il sonra o eyvan da, o ev də
dağıdıldı.
Əmimə yaxşı oxşama deyirdilər. Qadınlarla kişilər baş-başa verib
birgə ağlayanda sanki yer üzündə olan bütün səslər batır və
əvəzində bu möhtəşəm xor səslənir – nizamsız, ritmsiz, amma həm də
böyük bir nizam içində hər kəsi ovsunlayan ağı...
Hamı bir ağızdan "laylay,
əmim, laylay hey!" deyir. Səsin cazibəsinə düşürəm, bir azdan
onların yanında olduğumu fərq etdim.
Bizim adamlar bir hündürdən danışmağı, bir də pəsdən, həzinlə
oxşama deməyi çox yaxşı bacarırlar. Bir də görürsən, sən də dizini
yerə atıb səs çəkirsən.
Gözlərim Könülü axtardı - gəlinlərin arasındaydı. O da
ağlayırdı. "Əmiməmi, ya bütün ölənlərə, görəsən, kimə ağlayırdı bu
an, bəlkə anasına, bəlkə atasına, ya bəlkə cavan ölən qardaşına...
mənim anama görə, yaxud atama görə də ağlaya bilərdi". Bilmədim
hardan bu fikir ağlıma gəldi. "Mən niyə kiminsə hətta ağlama
səbəblərini bilməliyəm? Düşüncələri oxumaq kimi biədəb fikirlərə
düşmək rəzillikdir", – qınayıram özümü.
Əmini dəfn etdik, yenə adəti pozdum, evlərinin qabağına getmədim,
birbaş qardaşım yaşayan evə gəldim. Odun sobasının yanında stol
qoyub oturdum. Gəlin çay verdi. Könülü soruşdum, dedi hələ ordadı,
indilərdə gələcək. "Tez gəlsəydi, gedərdik", – öz-özümə dedim.
Bir müddətdən sonra hüzrdə olan digər qardaşlar da gəldi, bu
dəfə də qınaqla, "hamı orda, sən isə burda. Kəndə gələndə özünü
buranın adətinə uyğun aparmalısan", – kimsə dedi. Cavab vermədim.
Birlikdə yemək yedik.
Burada yemək meditasiyadır. Hinduşka supu ləzzətli, yanında isti
çörək və pendir, sonra qatıq, hərəsindən bir az.
Qapıdan çıxanda böyük qardaşım acıqla: "Sən toya gəlməmisən ki,
qırmızı kurtka geyəsən", – məni görəndən yığıb hazırladığı "zəhəri"
üstümə atdı. "Fikir verməmişəm", – günahkar kimi dilləndim.
Yalnız indi anladım ki, əynimdə olan gödəkcə qara deyil, onun
dediyi kimi tam qırmızı da olmasa, rəngliydi.
"Bu rəng məsələsini, görəsən, kim çıxarıb, kim deyib ki, hüzr
yerlərinə getməkdən daha önəmli bir şey var, o da paltarın
rəngi".
Bu fikirlə kənddən ayrıldıq. Mən tez gəldim, yenə narazı
qaldılar.
Hafizin evindən Seyidlərə qədər dirsəklərlə yoxuş, ordan
Yardımlı çayına qədər eniş. Hər iki tərəfdə lopa-lopa buludlar kimi
kəndlər, təpəliklər, dağlar, çılpaq meşələr.
Arxa oturacaqda ortada bacım, solunda Könül, sağında isə yeznə
Ziyarət oturmuşdu.
Arxadakılar söhbət edirdilər.
Yardımlı–Masallı avtomobil yoluna düşəndən sonra
mürgülədim...
Məğlubedilməzləri yuxu məğlub edər.
Yeriyən, hərəkət edən əksərən qalib olur, uğurlu olur.
Bir müddət gedəndən sonra hiss etdim ki, maşının sürəti artdı.
Başımı dikəldəndə maşın yoldan çıxmışdı...
1-ci hissənin sonu