Bu qeydlərimi Yeni il hədiyyəsi seçimində sizə kömək
üçün yazdım.
Əsərlər arasında seçim etmək çətindir. Xüsusən bir naşir kimi.
Oxucu üçün daha asandır. Naşir gərək oxusun, nəşr etsin, sonra da
oxucuları inandırsın ki, bu kitab oxunmalıdır.
Kitablara olan münasibətim bir neçə meyara görə fərqlənir. Əlbəttə,
buraxılan kitabın satılması ilk amildir. Kitab satılmalıdır.
Vəssalam. Bu mənə görə ilk meyardır.
Kitabın gözəl, zövqlü, səliqəli, ələ və gözə yatımlı olması da
mütləqdir.
Son dərəcə səliqəli, şokolad qutusu kimi bəzəkli kitabı götürüb
düşünürəm, görəsən, bu bizim dildə oxunacaqmı?! Mətnə baş vurursan.
ölkəsindəki reytinqə baxırsan. Fikrin qətiləşəndə içindən bir səs
də gəlir.
Mənim səs duyumum pis deyil. Ona həmişə inanmağa çalışıram.
Oxuduğum bir kitab mənə təsir etdisə, demək, onun oxucusu
olacaq.
Buna tam əminəm. Öz oxucularımızı mən uzaqdan, əllərində kitab
paketi olmasa belə, hətta yerişlərindən tanıyıram. Onlar, həm
digital gənclik, həm də orta yaşın nümayəndələridir.
Hərəkətlərində bir əminlik, fikirlərində aydınlıq və dürüstlük var.
Onlar qorxmurlar, yaltaq deyillər. Onlar qarşılarındakı insanlara
dözümlü, dinləməyi bacaran, fikir mübahisələrindən
yorulmayanlardır.
Onlar etibarlıdır. Soyuq, isti bilməzlər. Yarmarkalarmızı
qaçırmazlar. Buraxdığımız kitabları anında əldə edərlər. Lazım
gələndə bizimlə bərabər dayanaraq kitab satarlar.
Digital nəsil Çak Palanik, Selincer, Martin Paj, Beqbeder,
Murakami, Mark Levi, Jostein Gaarder, Tabukkini oxuyar.
Xanımlar Seselia Ahern, Paulo Koelyo, Fransuaza Saqan, David
Nikols, Cudit Maknot, Stefani Meyer, Elizabet Gilberti izlər.
Nisbətən siyasi və ictimai aktiv gənclik Corc Oruel,Tabukki, Filip
Moro Defarj, Sartr, Voyniç, Kamyü, Cek Londonun "Martin İden",
Markesin "Patriarxın payızı", "Yüz ilin tənhalığı"nı, M.Qandinin
"Bütün insanlar qardaşdır", Bzejinskinin "Şahmat taxtası"na
üstünlük verir.
Fəlsəfi fikrə üstünlük verənlər isə Nitsşe, Kamyü, Sartr, Erix
Fromm, Umberto Ekonu oxuyar.
Bir də var klassika: Onları sabit oxucular sevər. Düma, Tolstoy,
Dostoyevski, Remark, Herman Hesse, Heminquey, Stendal, Şarlotta
Bronte, Somerset Moem və sair.
Detektiv ustaları Aqata Kristi, Den Braun, Konan Doylunun
kitablarını nəşr etməkdə davam edirik.
Özünü inkişaf sahəsində isə Karnegi, Kiosaki, Robert Qrin, Cerri
Foks, Allen Karr, OSHO, Ronda Bern, Stiven Kovi, John Grey, Robin
Şarma bizim əsas seçimlərimizdir.
Türk yazarlarının tam ayrı yeri var. Məncə, bizim oxucu və
ədəbiyyatçılarımız Tanpınarı tanımalıdır. O cümlədən Orhan Pamukdan
sonra avropa dillərinə sürətlə çevrilən yazarlar həmin an bizdə
nəşr olunmalıdır.
İndi qayıdıram seçim etdiyim on
kitaba:
Onları belə düzürəm:
1) Con Steynbek "Siçanlar və adamlar".
2) Corc Oruel "1984"
3) Orhan Pamuk "QAR"
4) Amin Maalof "SƏMƏRQƏND"
5) Sartr "SÖZLƏR"
6) Heminquey "Kilimancaro qarları"
7) Xalid Hüseynin hər üç əsəri təsirlidir. Məncə, onları belə
bölmək olar "Çərpələng uçuran" – dostluq, "Min möhtəşəm günəş" –
nifrət, "Və dağlardan səda gəldi" – sədaqət haqqında ən yaxşı
əsərlərdi.
8. ) Murakamı – "Norveç meşəsi"
9) Antonio Tabukki – "Pereyra iddia edir".
10) Dino Bussati – "Tatar çölü"
"Siçanlar və adamlar" "Balaca Şahzadə" qədər təsirli bir qısa
romandır.
Dünya ədəbiyyatının bütün işığını sanki bu iki əsər daşıyır.
Onluğa daha çox rəqəmlər daxil olsaydı, oraya "Hüzur","Mən necə
idiot oldum", "Xəz Paltolu Madonna", "Məsumiyyət Muzeyi", "Eşq",
"Lolita", "Heyvanıstan", "Qara Kitab"ı da əlavə edərdim.
Bu siyahını ona görə yazdım ki, YENİ İL bayramlaşmasında kitab
seçərkən çətinlik çəkməyəsiniz.