Mən yenə gecikdim
II hissə
əvvəli
burada
Məğlubedilməzləri yuxu məğlub
edər.
Yeriyən, hərəkət edən əksərən qalib olur, uğurlu
olur.
…Mən yuxulu idim, mürgü döyürdüm, azca ayılır və təkrar yuxuya
gedirdim. Uçurumların üstündə, sərt dolanbac yollarda dağ keçiləri
tək özümü tam arxayın hiss edirəm, arxayınlıq özümün bacarığımdan
daha çox dağların etibarına güvəncdən irəli gəlir. Yenə Könülün
səsini eşidirəm: "O şərfi qoy onun başının altına, sonra boynu
ağrıyacaq. İlahə, eşidirsən, şərfi götür, oradadır".
Mən ön oturacaqdaydım. Kəmərimi bağlamışdım. Xatırlayıram ki,
şərf ortada, oturacağın üstündə olmalı idi, "bəlkə də İlahənin
altında qalıb", –düşündüm... "Yəqin, başım çox yana əyilib", –
mürgülü halda vəziyyətimdən utandım. Bizdə adət belədir, yanımızda
bacı varsa, həyat yoldaşı qayğısını açıq göstərə bilməz. Bu, qəribə
tərzdə mənə xoş gələn hissdir, bəlkə də bu hissləri yaşadıqca
üzümdə bir təbəssüm də yaranmışdı. Xoş bir yuxu görürmüş kimi.
Maşında "Gecə yolçuları"nın CD-si fırlanırdı, hələ Bakıdan
gedəndə gecə qoymuşdum, geriyə qayıdanda dəyişməyə tənbəllik etdim,
sadəcə, səsini çox azaltmışdım. Güclə eşidiləcək tərzdə bir söz
təkrarlanırdı: "Affedeceksenmi beni?"
Bu an hiss etdim ki, maşının sürəti artdı. Başımı dikəltdim,
maşın yoldan çıxmışdı. Yol qırağında olan ağacların budaqları
şüşələrə çırpıldı. Əlimi tez sükana atdım ki, yola çəkim. "Rafiq
kişi, nə edirsən?" – deyə qışqırdım. O, yuxudan dik atıldı, nəsə
oldu, maşın daha sürətlə irəli götürüldü. Qarşıda torpaq topası var
idi, maşının orda ilişib dayanacağına ümid etdim. Amma əksinə oldu,
maşın daha da çox sürət yığdı. Torpaq topasına dəyib hündürə
tullandı və dərhal sağ çiyin üstə yana aşdı. Səs səsə qarışmışdı:
"Vay dədə", "Vay Allah", "Ay ana..." Qızların səsi, bizim səsimiz
gur bir uğultunun içində batır və yalnız o gur uğultu eşidilir.
Maşın bir, ya iki dəfə çevrildi. Bu an nəyəsə çırpıldıq. Mənə elə
gəldi ki, biz hansısa ağaca dəydik. Düşündüm ki, artıq bura son
duraqdır, burda dayansa, demək, salamat qurtara biləcəyik. Deyəsən,
ağac maşının zərbəsinə və ağırlığına dözmədi. Tavandan asılan
çilçıraq kimi yerindən qopdu, sürətlə diyirlənməyə başladı. O zaman
artıq ağlım, şüurum, bədənim üzərindəki nəzarətim (?), hissiyyatım
tam itdi. Elə bil çəkim, ağırlığım qeyb oldu, quru, içi boş bir
kötük parçasına çevrildim.
Həmin an öldüyümü zənn etdim.
Ağlımdan heç nə keçmədi, həyatımın kino lenti də işə düşmədi.
Sadəcə böyük bir gurultu ilə maşının necə diyirləndiyini və
sonradan harasa zərblə çırpıldığını duydum. Səslər tam kəsildi,
qulaqların heç çıqqıltı eşidə bilməyəcəyi bir sükut çökdü. Dünya
cansız, səssiz, duyğusuz, rəngsiz bir yoxluğa çevrildi.
Ölüm belə olurmuş demək. Bu qədər sakit, heç nə hiss etmədən,
əzab çəkmədən, mübarizə aparmadan.
Üstündən nə qədər keçdi, bilmirəm, gördüm ki, lap uzaqdan bir
işıq gəlir, maşının sınan pəncərəsinin işığı, gözlərimi qamaşdırdı,
bir neçə dəfə gözlərimi açıb-yumdum. Ani olaraq nə baş verdiyini
anlamağa çalışdım. Əllərim dərhal hərəkətə gəldi, sürücü tərəfdən
arxa oturacağın pəncərəsinə tərəf dartındım. Tora düşən balıq kimi
xilas olmaq üçün dərhal bütün bədənim toparlandı. Əslində, elə bil
suda boğulmuşdum, nəfəsim kəsilmişdi, birdən su üzünə qalxdım və
ciyərlərimə hava doldu. "Demək, ölməmişəm". Öz-özümə "tez, tez,
tez", - deyib, arxa qapının şüşə yerindən sürünüb bayıra çıxdım.
Bir az da irəli iməklədim; iməklədikcə, hərəkət etdikcə daxildəki
bir göz bədənimi rentgen edir, bütün əzalarımı dolanıb əzikləri
təxmin etməyə çalışırdı. Hələ də heç nə hiss etmirdim, səsləri
ayırd edə, seçə bilmirdim... Özümü hava boşluğunda zənn edirdim.
Qarşımda qara paltarlı bir nəfəri gördüm, ağzı üstə yerə düşmüşdü.
"Bu kimdir? Bu kimdir?" – öncə sakit səslə, sonra ucadan soruşdum,
bu zaman öz səsimi eşitdim və ümumən, səsləri eşitməyə başladım.
Cavab gəlmədi. Ona yaxınlaşıb əlimlə toxundum, silkələdim, heç bir
reaksiya olmadı, kürəyindən yapışıb özümə tərəf çevirdim.
Bu… Könül idi.
"Könül, bu sənsən, Könül! Niyə, Könül! Vay, vay, vay, Könül!
Niyə belə oldu?!"
Bu, niyə belə olmuşdu? Görünür, onu maşın atmışdı, ya ilk
zərbədə, ya da ikinci zərbədə. Əslində, sürücünün arxasında
oturduğuna görə onun irəli şüşədən çıxması heç ağlasığan deyil, o
ən təhlükəsiz yerdə oturmuşdu. Bəlkə, özünü tullamağa cəhd etmişdi
və alınmamışdı – qapını açır, tullanmaq istəyir, maşının aşma
sürəti onun tullanma sürətindən üstün olduğu üçün o, sadəcə yerə
düşür və sərt yamac boyu yuvarlanmağa başlayır. Hər halda, o
yuvarlanmışdı, maşından əvvəl, bizdən əvvəl bu çay yatağına o
gəlmişdi.
Mən yenə gecikmişdim...
Kim nədən qorxur, başına o gəlir.
O, hündürlükdən qorxurdu, buna görə təyyarəyə minməzdi. Rayona,
harasa dağlara gedəndə isə maşını mənim idarə etməyimi üstün
tutardı: "İncimə, yalnız sən sürdüyün maşında özümü rahat hiss
edirəm". Hələ gedəndə, Masallıdan Yardımlı ərazisinə keçəndə:
"Bəlkə sən özün sürəsən", – məsləhət etmişdi, mən də sürücüdən
soruşdum, o isə: "Yox, narahat olmayın", – dedi.
Hansı hissəsinə toxundumsa, hərəkətsiz gördüm, əlləri, ayaqları,
bədəndə hey qalmamışdı.
Paltarları bədəninə elə dolanmışdı, elə bil uşaq bələmişdilər.
Qara kostyumu sanki sarmaşıq budaqlarıydı, xəzanqarışıq üstünə
hörülmüşdü.
İstədim qollarıma alım, gücüm çatmadı, elə bil qollarımın
bağları qırılmışdı. Gücüm yalnız başına çatdı, başını dizimə
qoydum.
– Yox, Könül, belə olmaz! Könül, mənə bax, Könül!
Könül mənə baxdı, sonra nəsə demək istədi, ya bəlkə dişlərinin
arasından çıxan son nəfəsiydi. "Tsss, ss".
- "Tengiz"mi dedin, Könül, "Sevinc"mi, ya nə dedin?! Könül,
etmə, etmə!
- ………..
Həyacanlı, sözlü, bir az da anlaşılmaz baxışları qəfil yox oldu.
Gözləri çevrildi. Bəbəklərində lopa buludlar, ağac budaqlarının
əksi göründü.
Özümdən asılı olmayaraq əllərimlə gözlərini qapadım. Elə
toxunmağa bənd idi. Dərhal qapaqlar düşdü.
Başının altını rahatlayıram. Az əvvəl qırmızılığına görə
kimlərinsə yeməyinə zəhər qatan gödəkcəmi çıxarıb Könülün üstünə
sərirəm.
İnsan öləndə gözlər elə asan qapanır ki: sadə bir mexanizm kimi.
Bir dəfə əsgər yoldaşımın gözünü belə qapatmışdım. Ağzı açıq
qalmasın deyə dəsmalla çənəsini də sarımışdım. Bilmirəm, bu bilgi
hardan idi, amma bilirdim ki, göz, ağız və qulaq mütləq
qapanmalıdır.
Maşından bir-bir çıxırlar, bacımın içəridən səsi gəldi, "ona
kömək edin", – dedim.
Mənə elə gəlir ki, ağlım yerindədir, amma eyni zamanda nə etmək
lazım olduğunu tam dərk etmirəm. Bircə onu bilirəm ki, maşından
uzaqlaşmaq lazımdır. Mümkün qədər tez.
Ətrafa baxıram, hər tərəf çıxılmazlıq, elə bil quyunun dibinə
düşmüşük. Yalnız bir istiqamətə çıxış mümkündür, o da maşının
üstündən.
Köməyə adam çağırıram, amma kimsə yox. Avtomobil yolundan
maşınlar keçir. Səsim ora yetməz. Nə qədər hay-haray salsam,
bağırsam da, cavab yox.
Bəlkə, heç səsim çıxmır. Ya öz səsimi eşitmirəm. Ətrafımdakı
səsləri ki yaxşı eşidirəm. Bacım maşından çıxdı, o, sonuncu idi.
Təlaşla, çaşqın halda suallar yağdırır: "Biz hardayıq, bura
haradır? Könül harda? Ay qız, Könül, hardasan?"
Nəhayət, özümü toparlayıb avtomobil yoluna tərəf qalxıram. Bəzi
yerlər dik olduğundan əllərimlə dırmaşıram. Əl edirəm, haray
salıram, anlaşılmaz hərəkətlər edirəm, bir daş axtarıram ki, ötüb
keçən maşınlara atım, amma məni görmürlər.
Axı məntiqlə məni görməli idilər. Bu an bir nəfər qəza yerinə
tərəf gedir. Onun qarşısına keçirəm, amma yoxammış kimi mənə heç
bir reaksiya vermir.
Varlığıma şübhə yaranır: "Mən olmaya bilərəmmi? Bəs ölən Könül?"
Məntiqsiz, dolaşıq, səfeh fikirlər ağlımdan keçir. "O ölənmidir, ya
qalanmı? Mən kimlərin yanındayam, ölənlərin, ya qalanların? Əgər
yanımdan adam məni görmədən keçirsə, demək, sağ deyiləm. Bəs
aşağıda, maşın altından çıxanlar necə, onların həyat uğrunda
mübarizəsi sadəcə görüntüdürmü? Bəlkə, onlar canlı deyillər, elə
sağ qalan Könüldür? Bəlkə, mən özüm də ölmüşəm?"
Sağ tərəfdə, yolun alt yamacında yay evləri görünür. Daha
əvvəllər burda olmuşam, burda gecə yarısına kimi şam etmişik – o
zaman burda Aynur, Anar, Dilavər var idi. Arxaya baxıram, bəli, bax
bu taxta evin aynəbəndində oturmuşuq. Hətta birlikdə oturduğumuz
adamlar yadımda.
Bəs onda məni bu adam necə görməyə bilərdi; üz-gözüm qan,
paltarlarım bulaşıq, belə tör-töküntü olduğu halda.
Yardım istəmək hissi çox dəhşətli olur, sən hiss etməsən belə,
səsin batır, kəlmələr dolaşır, ağlın çaşır, yardıma ehtiyacı sözlə
ifadə edə bilmirsən, onda adam sadəcə yerə düşüb çapalamaq
istəyir.
Üstümə baxıram, əynimdə paltarlar, sifətimdə ağrılar əmələ
gəlib, sol qolum çətinliklə hərəkət edir... Demək, mən mövcudam,
mən sağam.
Çarəsizliyin məğlubiyyəti yazıqlıqdır. Mən təhqirlərə, iradlara,
tənqidlərə, cəhalətə - hamısına məğlub olmuşdum. İnsanlar məni
görmürdülər, çünki görünməz haldaydım, üstümə yeriyən, həyatı boyu
məni tapdalamağa çalışanlar, varlığımı inkar edənlər, halal haqqımı
belə özlərinə çıxanlar haqq qazanmışdı. Onlar yenə haqlıydı. Yenə
yolumdan mən çıxmışdım. Yenə ölümlə mən üz-üzə gəlmişdim. Yenə
itkini mən vermişdim. Təpədən bir təsadüf daş çıxsaydı, o da mənim
başıma tuşlanacaqdı. Bax indi əslində, bu məqamda arzu etdiyim
yeganə bir şey o daş idi. Mənim başımın ona böyük ehtiyacı var idi.
Yazıqlıq, əslində, elə budur.
Yoldan gələn daha bir adamı gördüm, qarşısına keçdim, "ay insan,
sən məni görmürsən?" – deyə qışqırdım.
– Nə olub, nə lazımdır?
– Zəng et, yardım et!
– Telefon nömrəsini ver.
Heç bir nömrə yadımda deyildi. Yadımda bir nömrə belə
qalmamışdı. Bir müddətdən sonra Sabirin nömrəsini xatırladım. Ona
zəng etmədim. Elçinin nömrəsi də bənzər olduğundan onu yığdım.
Əziz dostlar, oxucular,
Bilirəm ki, bu yazılanları oxumaq heç kimə xoş deyil, bilin ki,
bunları yazmaq ondan da ağırdır. Sadəcə, bir məsələni bilmənizi
istərəm: əgər o yolların kənarında maneə olsaydı, kəmərlər
taxılsaydı, dirəklər basdırılsaydı heç zaman belə hadisə baş
verməzdi.
Yardımlı Masallı yolunda ildə bir neçə belə hadisə olur, o
yollarda düşən elə bir maşın yoxdur ki, ölümlə nəticələnməsin.
Bizim hadisədən də daha ağrılı, faciəli hadisə yaşayanlar olub. Qış
vaxtı düşüblər, görən olmayıb, soyuqdan ölüblər, qarnında
körpəsiylə həyatını itirənlər var.
Mən 11 fevralda və ondan sonrakı günlərdə yaşantılarımı qeyd
etməkdə davam edirəm. Amma nəşrini bu yerdə saxlayıram.
Yardımlıdan olan ağsaqqallarla danışıqlara başlamışıq. Yardım
toplamaq, ya büdcədən əlavə vəsait ayrılması, yaxud camaatı
səfərbər etməklə o yolun təhlükəsizləşməsinə çalışacağam. Bu
mövzuda kimin nə ideyası olarsa, lütfən paylaşsın.