Dil insanı cəmiyyət üçün
yaradır. Dilin yoxsa, demək cəmiyyətin böyük bir kəsimindən
kənardasan.
Biz bir-birimizlə hansı dillə danışırıq? Bu dil nə qədər mədəni,
təbii, nəzakətlidir? Danışıqda, ünsiyyətdə dilin nəzakət
qaydalarından istifadə edirikmi? Və bunlar bizim gündəlik
həyatımıza necə öz təsirini göstərir?
İngilislər heç zaman "mənə çay ver" deməzlər. Onlar "please
bring me a cup of tee" deyərlər. Hətta düşmən də olsa ingilis
dilinin bu qaydası pozulmazdır.
"Mənə o kitabı verin". Bizdə adətən heç "verin"də işlətmirlər,
elə "ver" deyirlər. İngilis dilində "Could you please give me this
book" deyərlər. Nəyisə anlamayanda biz "nə?" deyə sual veririk.
"What?" desən, bu, ingilis üçün ən böyük nəzakətsizlik olar . Gərək
"pardon?", yaxud "sorry?" deyəsən.
Niyə biz taksi sürücüsünə "zəhmət olmasa, saxlayın" yox, "saxla
burda" deməliyik, niyə biz süfrəçiyə, yeməkçiyə "zəhmət olmasa",
yaxud "lütfən", "bağışlayın" deyə müraciət etmirik? "Ala, yol ver",
"qaqaş, icazə ver, keçim", amma "zəhmət olmasa yol verin"
demirik?
Niyə bizdə nəzakət xatirinə işlədilən sözlər və hərəkətlərə
"saxta", "qeyri-ciddi", yaxud "səmimi deyil" kimi yarlıqlar
vurulur.
"Bəli", "baş üstə", "oldu" kəlmələri tamamən leksikondan
çıxarılıb. Bizim ən nəzakətli müraciət forması indi "müəllim" olub.
O da palançı, çəkməçı, taksiçi, qapıçı, xidmətçi ucdantutma hamıya
"müəllim" deyildiyinə görə gülüş hədəfinə çevrilib. Və elə düzgün
də olub. Niyə biz bir-birimizə "dost", "qardaş", "əzizim" deyə
müraciət etmirik. Bütün məktublarımızı "hörmətli" deyən
qeyri-müəyyən bir müraciət forması ilə başlayırıq. Əgər hətta
"Hörmətli" deyə başlayırıqsa.
Bizdə ən böyük ədəbsizlik gülməkdir. Xüsusən rayon yerlərində
günlərlə insanlar gülümsəmirlər. Kişi acıqlı, qadın itaətkardır.
Hətta qadınları tərif edəndə "filankəs çox ismətli insandır, kimsə
onun dodağının qaçdığını görməyib" kimi əcaib təqdimatdan istifadə
edirlər. Gülümsəməyən kişiyə isə "çox zəhmlidir" deyirlər.
Gülənə "yəqin havalanıb", yaxud "dişlərini ağartma"
deyərlər.
Avropada təsadüfən gözlərin kiminsə gözünə sataşsa dərhal
gülümsərlər. Mümkün qədər insanların daha çox gülümsəmələrinə
çalışarlar.
Bizdə küçədə təsadüfən bir qadının gülümsəməsi onun təqib
olunması ilə nəticələnir. Evdən çıxan qızlara verilən ilk çol
tapşırığı "küçədə az gül" olur.
Avropada hətta yemək dadsız olanda belə insanın zəhmətini yerə
vurmazlar, ən azı gülümsəyib "dadlıdır" deyərlər. Bizdə isə dərhal
tənqidə keçərlər "duzu azdır", "yağını çox etmisən", "bunu belə
etsəydin, daha yaxşı olardı", "mən bunu belə edirəm" və sair.
Bizim dilimiz "məlahətlidir", "poetikdir" deyənlər görmürlər ki,
danışıqlarda, müraciətlərdə heç bir məlahət, poetiklik qalmayıb.
Kobud və çox yabanı bir dil, danışıq üslubundan bəhrələnirik. Məhz
bu səbəbdəndir ki, kimsə kimsəni dinləmir, kimsə kimsəyə inanmır.
Hamı üz-üzə yox, arxa-arxayadır. Üz-üzə oturub danışmaq daha çətin
olub, nəinki ardınca, qarasınca danışmaq. Çünki üz-üzə oturub
danışanda istifadə olunan ortaq kəlmələrdən imtina olunub.
Sözün, fikrin kəsərini məna və tutumluluqla deyil, sonda qoyulan
nida ilə bildirməyək. Daha çox hamının ortaq kəlmələri ola biləcək
"buyurun", "zəhmət olmasa", "təşəkkür edirik", "çox sağ olun",
"minnətdaram" , "bəli" və sair sözlərdən istifadə edəyin.
Kitab oxumaq vərdişi
Hər gecə yatmaqdan öncə körpənizə nağıl oxuyun. Bəzi analar bunu
hələ körpə qarında olarkən edir. Təbii, hər bir ana uşağına öncə
layla oxuyur. Heç bir uşaq anasının laylasını unutmur. Həyatı
boyu.
Tədricən laylanı nağıllarla əvəz edin. Qoy uşağın yaddaşında
layla ilə yanaşı o nağıllarda yaddaşına hopsun.
Körpə rəngləri şeçməyə başlayanda, valideynlərini tanıyanda,
nağılların həcmini artırın.
Artıq 5-6 yaşa gələndə uşaq özü kitablar oxumağa meyllənəcək.
Birinci sinifdə isə rahat oxumağı bacaracaq.
Misal:
Dostum deyir ki, o uşağa hər gecə nağıl oxuyurdu. Uşaq məktəb
yaşında artıq özü oxumağa həvəsli idi. İndi harasa səyahətə gedəndə
mütləq nağıl kitabları götürür. Oynamaqdan yorulanda, yaxud
oynamaq, əylənmək imkanı olmayanda dərhal kitabı açıb oxuyur. Ətraf
ona mane olmur. Səs-küy onun diqqətini pozmur. Kitab onun üçün ən
yaxşı əyləncədir.
Əziz dostlar,
Bu məktubumu oxuduğunuz günü nəzakətli ifadələr günü elan edin,
nəzakətli ifadələr barədə mənə öz fikirlərinizi yazın.
Uşaqlar üçün çoxlu nağıl kitabları buraxmışıq, onlar qalın,
səliqəli, keyfiyyətlidirlər. Oxuduğunuz kitabı qeyd edib körpənizin
kitabxanasına qoyun. Qoy indidən onun kitabxanası olsun.
Keçən məktuba 83 cavab gəlmişdi. Hamısında təkliflər və iradlar
var və heç birini cavabsız qoymamışam. Sizdən oxumaq istədiyiniz
kitablarla bağlı təkliflər gözləyirəm. Oxuduğunu kitablar haqqında
isə rəylərinizi bildirməyi unutmayın.