Almaniyadan bir məktub aldım. Hans adında biri yazmışdı
ki, "Əli və Nino" kitabının kolleksioneridir və bizdə çıxan
kitabları almaq istəyir.
Həm bizim nəşr etdiyimiz, həm də digər nəşrləri toplayıb, ona
göndərdim. Ödəniş məsələsi gələndə isə dedim ki, Frankfurtda kitab
yarmarkasında görüşsək, bir kofe alarsan.
Bu dəfə Frakfurtun mərkəzi küçəsində Hauptewache kafesinin
arşısında görüşdük. Evinə dəvət etdi. Bəxtim gətirib, mərkəzdə
yaşayıram,- dedi.
Üçüncü mərtəbədə yaşayır. Qapını açan kimi uzun tüklü kök bir
pişik qarşımıza çıxdı. Qucağına alıb "Koşka"dır, İstanbulludur,
dedi.
Mənzilin üç otağından biri həm də ofisdir. Xırda bir nəşriyyatı
var.Cəmi 50-60 kitab nəşr edib. İş otağının bütün divarları
kitabdı. "Sevirəm taxtadan düzələn kitab rəflərini".Birinin
qarşısında dayanır, bu dolab "Əli və Nino"dur, deyir.
Gerçəkdən, beş rəfli bir dolab "Əli və Nino" idi. İlk nüsxədən
tutmuş bütün dillərdəki nəşrləri. Kitab 67 ölkədə 33 dildə nəşr
olunubş İlk dəfə almanca çıxan 1937-ci nəşrini götürüb bu
araşdırmanın səbəbini izah edir. Bu nüsxəni tapmağa 3 il vaxt sərf
edib.
"Kitabxanaya getmişdim. Məhəmməd Əsəd bəyin kitabını gördüm. Ad
məni cəlb etdi. Kitabda müəllif haqqında olan hissədə bir cümlə
oxudum. Yazılmışdı ki, İtaliyada ölüb, amma hələ də bilinmir ki, o,
Qurban Səiddir, ya yox. Bu cümlə məndə maraq yaratdı, özümə dedim
ki, mən müəyyən edəcəyəm. Və o vaxtdan axtarışlara başladım. Məni
dəli hesab edənlər də var. Kimə lazımdır bu, bilmirəm. Amma mənə
çox lazımdır".
On ildir məlumat yığır. İlk olaraq "Azadlıq" radiosunda 1972-ci
ildə səslənən verilişin stenaqromını, 1990-cı ildə "Azərbaycan"
jurnalının skan olunmuş variantını, Məhəmməd Əsəd bəyin
şəkillərini, kitabxanalarda rastlaşdığı məlumatların surətini,
kitablarını nəşr edən naşirlər barədə məlumatları, o vaxtkı qəzet
materiallarını göstərir. Bəlli olur ki, ən xırda nüsxəyə belə pul
ödəyib.
Məhəmməd Əsəd bəyin dostlarından birinin oğlunu tapıb, hazırda
onunla məktublaşır. O, atasının gündəliklərini göndərib, orada
Məhəmməd Əsəd bəydən də söhbət gedir. Həmin hissəni həvəslə oxuyur.
O vaxtdan qalan qədim bir fotoda Məhəmməd Əsəd bəyi və dostunu
göstərir.
Divarda Məhəmməd Əsəd bəyin şacərəsini asıb. Amma onlardan heç
biriylə əlaqə yoxdur. O, dövrdən kimsə həyatda qalmayıb.
Arabir fasilə verib nə yaxşı gəldin və bunları sənə danışıram
deyir. "Axı burada bu mövzu heç kəsə maraqlı deyil. Kimə
danışım".
Məhəmməd Əsəd bəyin Bakıya, müsəlman mühitinə olan sevgisindən
danışır. "Kiyevdə doğulub, amma Bakıda böyüyüb. Beş yaşı olanda
anası intihar edib. Səbəb stalin olub. Anası barmağında almaz
üzüyünü Stalinə göndərib. Fəhlə hərəkatına yardım məqsədiylə.
Bundan xəbər tutublar. Güman ki, elə ona görə də intihar edib".
O, Hitlerin Məhəmməd Əsəd bəyə münasibətindən, Almaniyanı tərk
edib İsveçrəyə getməsindən, bir müddət üzləşdiyi aclıqdan,
imzasının Qurban Səid olma səbəblərindən danışdı.
"Əli və Nino"nun tərcümələri arasındakı fərqlərdən də danışdıq.
Söhbətə fasilə vermədən bir kofe dəmlədi.
Amma, iki saatdan çox vaxt ötmüşdü. Aeroporta getmək lazım idi.
"Əli və Nino"nun ilk nüsxəsinin fotosunu çəkirəm. Bir də kitab
dolabı önündə Hansı. Yalnız özün üçün deyir.
Mənə elə gəlir ki, sənin kitabın hazırdı artıq, deyirəm. Gülür.
Demək olar ki, deyir. Görüşdüyümüz meydana qayıdırıq. İllərin
dostları kimi ayrılırıq. Son sözü " bu qədər məni heç kəs, heç vaxt
dinləməyib", oldu.
Bakıya enəndə məktub aldım. "Məni maraqla dinlədiyinə görə
təşəkkür edirəm. Hiss etdim ki, üzdüyüm gəmidə tənha deyiləm. Mənim
52 yaşım var. Sağlam olsan da, vəsiyyətimi yazmışam. Qurban Səidlə
bağlı bütün arxivimi Alman Milli Kitabxanasına vəsiyyət etmişəm.
Bildiklərinin yalnız iyirmi faizindən də azını danışa bildim.
Qalanı qaldı. Başqa vaxta, Hans".
Hələ də ağlımda Hansdı. Necə ola bilər ki, heç zaman
Azərbaycanda olmadan, həyatının on ilini, vəsaitini, düşüncələrini
bir kitaba, tarixdə qalan bir düyünü açmağa həsr edəsən.
Məgər bu, böyük insan ruhunun və kitaba olan sevginin qüdrəti
deyilmi.
İndi isə növbəti kitabları tövsiyyə edirəm:
1.Ziqfrid Lentsin "Məhəbbət yuvası" hekayələr kitabını gözdən
qaçırmayın. Hekayələr ustasını tanıyın.
2.Knut Hamsunun hər üç kitabı, "Aclıq", "Torpağın bərəkəti",
"Misteriyalar" romanlarını tövsiyə edirəm. "Misteriyalar"ı ən sonda
oxuyun.
3.Xuan Rulfonun "Pedro Paramo", Markes, Borxesi oxuyanlar gərək
ki, bu imzaya biganə qalmasınlar.
Sonda isə öz ünvanımı qoyuram, yeni tərcümələrlə bağlı
təkliflər, iradlarınızı yazın.
Sizdən gələn hər məktubu incələyirəm, təkliflərinizi ayrıca qeyd
edirəm.
İradlarınızı isə məsul olan şəxsə göndərirəm.
Hörmətlə, Şahbaz Xuduoğlu.
Bakı fevral 2014.
Məktubu bu ünvana yazın: [email protected]
Bakı Az 1102, Tbilisi pros, 76.