Yazarla naşirin və kitabçının fərqi ondadır ki, yazar
əsasən, yalnız öz kitabı çıxanda kitab problemini qabardır, kitabın
yayımında, satışında üzləşdiyi problemlərdən danışır, amma kitabçı
və naşir bu çətinlikləri hər gün yaşayır.
Hər gün kitabın məhdud bazarını genişləndirmək barədə düşünür.
Hər gün kitab ətrafında bir hadisə yaratmağa çalışır. Endirimlər,
aksiyalar, fləşmoblar, oxu saatları, imza günləri keçirir.
Plakatlar, kataloqlar çap edib pulsuz yayır. Hər gün yeni yayım
nöqtələrinə baş vurur, kitaba yeni dostlar, fərqli oxucular
axtarır.
Yalnız böyük yazarlar imzalara görə, qalan kitablar isə
formatlarına görə yerləşdirilir. Hər yazar üçün ayrı bir format
yoxdur, hər yazara ayrı bir münasibət də olmamalıdır.
Heç bir ciddi yazıçı öz kitabını tam kitab halında təsəvvür edə
bilmir, önun gözünün önündə yalnız yazdığı sətirlər canlanır. Hətta
bəzən o səhifələri, həcmi belə unudur, lakin kitabın içindəki
mənanı, ruhu unutmur. Naşir isə yazılan mətnin dərhal kitab həllini
görür. Kitab səhifələnmədən qabaq, formasını, rəngini, qapaqda
gedən mətni, mətbuata gedəcək xəbəri, oxucu üçün yazılan təqdimat
cümləsini müəyyən edir. O, təxmini bilir ki, oxucu bu kitabla
üzbəüz qalanda hansı hisslər keçirəcək.Yüzlərlə kitabın içindən əl
atıb bu kitabı götürəcəkmi, ya dodağını büzüb gedəcək, ya
gülümsəyəcək, bəlkə telefonla şəklini çəkəcək, ya adını bloknotuna
yazacaq, ya tərəddüd etmədən kitabın dəyərini ödəyib alacaq.
Yazıçı yazdığı əsəri hər hansı
zaman və məkanı nəzərə almadan yaza bilər, amma naşir kitabın
harada və hansı şəraitdə çıxmasını, təqdim olunan oxucu dairəsini
mütləq bilməlidir.
Hər hansı bir kitabın nəşrində ilin, fəslin, ayın, hətta
günlərin belə böyük rolu var. Məsələn, hüquqi nihilizm ölkəsində
hüquq kitablarını heç pulsuz da almazlar. Bunun əksi də olur, gözəl
səliqəli məktəblər var, amma təhsil kitabları yoxdur.
Yazıçıya görə məqalələr toplusunu yığıb bir kitab etmək olar,
bu, yazıçının uğuru ola bilər, amma eyni şey naşirin
məğlubiyyətidir.
Yazıçının kitablarının çoxluğu onun adını ucaldır, satılıb
satılmasından asılı olmayaraq, amma naşirə görə, satılmayan
kitablar kitab dükanına gedə bilməz, kitab dükanındakı böyük
rəqabətə tab gətirən kitablar yalnız ora yol açmalıdır. Məqalələr
toplusu, ailə albomları, araşdırma kitabları ya ixtisaslaşmış
dükanlara, ya da kitabxanalara gedə bilər. Bir tarixi əhəmiyyətli
fakt kimi. Bu mənada biz çox zaman kitab dükanı ilə kitabxanaları
bir-birindən ayırmaq istəmirik.
Kitab bazarında böyük rəqabətə çıxarılan kitablar çox ciddi
sınaqlardan keçməlidir.
Bir dəfə İskəndər Pala ilə söhbətimdə redaktə məsələsini necə
həll edirsən, deyə soruşdum, "son kitabımı 22 redaktor oxuyub, hər
biri rəyini yazıb, düzəlişini edib və hamısını nəzərə almışam",
-dedi. Bu misal bir tirajlı kitabın necə ərsəyə gəlməsi haqqında
azca da olsa, təsəvvür yaradır. O kitab mətbəəyə gedəndə artıq
kitab dükanları qapının ağzını kəsdirirlər.
Yaxud, Harri Potterin hər bir yeni cildi nəşr olunanda mətbəələr
xüsusi nəzarət altında işləyir, İngiltərədə yeniyetmələr arasında
cinayətkarlığın faizi sıfıra enir, çünki hamının başı yeni cildi
oxumağa qarışır.
Hər bir kitabın taleyində əsas rolu əlbəttə yazar oynayır,
yazarın təfəkkürü, ruhu, fantaziyası kitabı yaradıdır. Amma kitabı
təqdim edən, onu kitablar ailəsinin bir üzvü edən, ona yeni bir
həyat bəxş edən isə əlbəttə naşirdir.
Naşir bütün yazarların marağından çıxış edir. Eyni zamanda
yalnız yazarların yox, buraya tərcüməçilər, filoloqlar,
jurnalistlər, hətta kitabın ərsəyə gəlməsində iştirak edən ən adi
işçi də aid olunur. O, kitab sahəsində olan problemləri sadəcə söz
xatirinə yazmır, onları bütün varlığı ilə hiss edir.
Yaxşı kitab özü özünə yol açır. Onu istəyirsən başının üstünə
qaldır, istəyirsən, lap pulsuz elə, yaxud götürənə bir manat ödə,
xeyri yoxdur. Bəxti, taleyi yoxdursa, daim yeri arxalarda olacaq,
daim üstünü toz basacaq.
O mübahisə effektlidir ki, səmərəli nəticəsi olsun. Dalaşmaqla
mübahisə etmək tam fəqlidir. Kitab ətrafında mübahisə etmək
lazımdır, amma dalaşmaq olmaz, çox yersiz görsənir. Və bu
mübahisələr daim olmalıdır, mübahisələr maraqlı mətnin
axtarışlarına xidmət etməlidir. Maraqlı mətn hətta yandırılsa da,
mütləq hardasa bir nüsxəsi qalacaq - o mətn ki naşirin, kitabçının,
redaktorun, korrektorun və bütün bu camedən olanların hamısının
üzünü ağ eləsin.