Bu yaxınlarda Londonda Markesin ədəbiyyat agenti ilə
görüşmüşdüm. Xəstəxanadan evə götürülmüşdü. Sağalmayacağı bəlli
idi.
İlk dəfə ondan "Polkovnikə məktub yoxdur" əsərini oxumuşdum.
Sonra Əkrəm Əylislinin tərcüməsində "Gözlənilən bir qətlin
tarixcəsi"ni.
Ona marağım Natiq Səfərovdan qaynaqlanırdı. Natiq onu davamlı
izləyir və bir müddətə qədər təbliğatını aparırdı. Mən də Natiqi
təkrar edirdim.
Xeyli müsahibələrini, çıxışlarını, hekayələrini oxumuşam.
Ümumiyyətlə, o, Nobel alandan sonra bizim ədəbiyyat çevrəsində
Markes birmənalı sevilən yazıçı idi. Çayxanada, yasxanada Markesdən
bir cümlə de, səni keçirsinlər masanın başına.
Natiq Səfərov bir müddət onun hekayələrini, kiçik həcmli
yazılarını, müsahibələrini, çıxışlarını toplayırdı. Bir az
"Patriarxın payızı" üzərində də əlləşdi. Sonra Afaq xanım tərcümə
etdi. Amma "Yüz ilin tənhalığı" bizim tərcüməçilərin gözünü hələ o
vaxtdan yaman qorxutmuşdu.
"Yüz ilin tənhalığı" əsərinin birinci cümləsini az qalan bütün
tərcüməçilər şeir kimi əzbər bilirdi. Bir yazarın kefini posmaq
istəyəndə, dərhal o cümləni deyirdilər və davam edirdilər ki, deyin
görüm hansı yazıçı bu cümləni yaza bilər, yaxud kim bunu tərcümə
edə bilər.
Bunlar hamısı keçmişdə qalıb. Bir dəfə Günel Mövluda dedim ki,
Markesdən tərcümə edərsən? "Əlbəttə", - dedi. Nəşriyyata gəldi və
"Yüz ilin tənhalığı"nın tərcüməsini ona tapşırdım. Günel xeyli
tərcüməçinin və yazıçının yaxın dura bilmədiyi əsəri bir neçə aya
bitirdi. Eyni zamanda, Nadir Qocabəyli də bu əsəri tərcümə edib.
Bizdə eyni əsərin iki təcüməsi var.
İndi demək olar ki, Markesin bütün əsərləri dilimizə tərcümə
olunub. "Eşq və Başqa cinlər", "Hüzünlü fahişələrim", "Vəba
günlərində eşq", "Qaçırılma", "Sənin qar üzündəki izinlə" kitabları
Əziz Rzabəyli, Nəriman Əbdülrəhmanlı və Mahir Qarayevin
tərcüməsindədir.
Sovet dönəmində dilimizdə yalnız iki kiçikhəcmli novellası
çıxmasına baxmayaraq, Markes mistik aurasını, xofunu ədəbi
məkanımızda yarada bilmişdi. Markesə görə yazı yazmayan,
yazılarından imtina edən, onun kimi yazan xeyli ədəbiyyat adamları
yarandı.
Bəlkə də Markesin Azərbaycan ədəbiyyatına daha böyük təsiri var
idi, nəinki ispan. Bu bizim ədəbiyyatçıların danışıqları,
yazılarında aydın görünür.
Onun bütün əsərlərində insan və hakimiyyət problemləri təhlil
olunur. Diktator obrazlarını mükəmməl yaradır. Rejimlərin
xüsusiyyətlərini kardeoqramm kimi çıxara bilir. "Patriarxın
payızı"nda öz rəqibini yeyən diktator, "Yüz ilin tənhalığı"nda isə
ailə-klanların hakimiyyət uğrunda bitməyən müharibələri,
"Polkovnikə məktub yoxdur"da isə təqaüdünün artırlıması haqqında
məktub gözləyən qoca polkovnik, yazılarına görə qaçırılan
juranalıtslər, bunlar hamısı Markesin mövzularıdır.
O, qəddar siyası rejimlərin anatomiyasını əzbər bilir, elə
mükəmməl yazır ki, hər kəs yazılanların içində olduğunu zənn
edir.
Pablo Neruda Markesin əsərlərinin dilini Don Kixotdan sonra ən
mükəmməl ispan dili hesab edib.
Markes dünən – 17 apreı 2014-cü ildə 87 yaşında dünyadan getdi.
Onun ədəbi irsi bizimlə qaldı. Belə insanların hər bir yaşda
ölümləri ağrılıdır, dünya üçün itkidir.