Mayın 1-dən qüvvəyə minməsi gözlənilən yeni İnzibati
Xətalar Məcəlləsində (İXM) ciddi konseptual dəyişikliklər olmasa
da, bəzi maraqlı məqamlar da var. Onlardan biri sürücülərlə
piyadaların qarşılıqlı münasibəti ilə bağlıdır.
Avtosfer.az-ın
məlumatına görə, məlumdur ki, hazırda sürücülərin piyadalar
barəsində, daha doğrusu piyada keçidində hərəkətlə bağlı qaydaları
pozduğu halda şəraitdən asılı olaraq daha çox İXM-in iki maddəsi
ilə inzibati məsuliyyət yarana bilər:
1. Yolayrıcından kənardakı nizamlanmayan (svetoforsuz) piyada
keçidində piyadaya yol verməməyə görə sürücülər İXM-in 151-3-cü
maddəsi ilə 50 manat cərimə olunurlar;
2. Yolayırıcında sağa və ya sola dönərkən döndüyü yolu keçməkdə
olan piyadaya yol verməyən sürücülər İXM-in 151.2-ci maddəsi üzrə
yolayrıcını keçmə qaydalarını pozmaya görə 60 manat cərimə
olunurlar və onlara 3 cərimə balı yazılır.
Yeni Məcəllə bu qarışıqlığa birdəfəlik son qoyaraq vahid bir
maddədə piyadaya yol verməyən sürücü üçün məsuliyyət nəzərdə tutur.
Özü də sürücülərin məsuliyyətini əhəmiyyətli dərəcədə
yüngülləşdirməklə. Belə ki, Məcəllə qüvvəyə minəndən sonra istər
yolayrıcında dönərkən, istərsə də yolayrıcından kənarda
nizamlanmayan keçiddə piyadaya yol verməyən sürücü 50 manat cərimə
olunacaq. Buna görə də heç bir cərimə balı nəzərdə tutulmur.
Yeni maddənin ən mühüm özəlliyi isə odur ki, piyadaya yol
verməməyin normativ anlayışı nəzərdə tutulur. Bu zaman yol
verməmənin klassik anlayışı əsas götürülməklə qeyd olunur ki,
sürücünün piyadaya yol verməməsi onun idarə etdiyi nəqliyyat
vasitəsinin hərəkətini davam etdirəcəyi və ya yenidən hərəkətə
başlayacağı təqdirdə piyadanın öz hərəkət sürətini və ya hərəkət
istiqamətini dəyişməyə məcbur olması kimi başa düşülməlidir.
Təvazökarlıqdan uzaq olsa da, bu normativ anlayış illərdir bizim
apardığımız təbliğatın və şərhlərin mahiyyətinə uyğundur. Hesab
edirik ki, bu yeniliklər qüvvəyə minəndən sonra yollarımızda
piyada-sürücü münasibətlərində xeyli aydınlıq yaranacaq. Digər
tərəfdən, sürücülərin piyada keçidlərində hərəkətlə bağlı
törətdikləri qayda pozuntularına daha obyektiv və ədalətli hüquqi
qiymət vermək mümkün olacaq.