Mayın 1-dən qüvvəyə minəcək
yeni İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyətə cəlb etmə
müddətləri ilə bağlı maraqlı yeniliklər var. Bu yenilik daha çox
yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aiddir. İki
yenilik daha maraqlıdır.
Avtosfer.az-ın
məlumatına görə, birinci yenilik odur ki, yol hərəkəti qaydaları
əleyhinə olan inzibati xətalara görə cəlbetmə müddəti bir ilə
qaldırılır. Hazırda bu müddət iki aydır. Yalnız icraatı dayandırmaq
üçün əsaslar olduqda həmin müddət dayandırmadan sonra bir ilədək
davam edə bilər. Yeni layihə isə hər bir halda cəlbetmə müddətini
bir il müəyyən edir. Yəni yol hərəkəti qaydasını pozmuş sürücüyə,
piyadaya və ya başqa hərəkət iştirakçısına cərimə və digər
tənbehlər qayda pozuntusundan sonrakı bir il ərzində tətbiq oluna
bilər.
İkinci yenilik isə daha maraqlıdır. Məcəllənin layihəsində qeyd
olunur ki, sürücünün törətdiyi və xüsusi texniki vasitələrlə
(kameralarla və ya radarla) qeydə alınmış qayda pozuntuları
elektron protokolla rəsmiləşdirildikdən sonra həmin elektron
protokol hər bir sürücünün elektron kabinetinə 1 aydan gec
olmayaraq yerləşdirilməzsə, sürücü həmin qayda pozuntusuna görə
məsuliyyətdən azad olunur. Başqa sözlə, sürücünün törətdiyi qayda
pozuntuları cəmiyyətdə "MMX protokol" kimi tanınan elektron
protokolla rəsmiləşdirilibsə, həmin protokol xətanın törədildiyi
gündən bir ay müddətində sürücünün özünün, bankın, poçtun görə
biləcəyi sistemdə yerləşdirilməlidir. Əks təqdirdə, yəni MMX
protokol qayda pozuntusundam sonrakı bir ay müddətində "elektron
kabinet"də yerləşdirilmədikdə həmin sürücü bu qayda pozuntusuna
görə cərimə oluna bilməz.
Qanunvericiliyin belə yanaşması DYP-nin Mərkəzi İnformasiya
Sisteminin tərtib etdiyi elektron protokolların aylarla, bəzən
illərlə virtual aləmdə heç kəsin xəbəri olmadan dolaşmasının
qarşını almağa yönəlib. Qanunvericiliyin tələbinə əsasən, xüsusi
texniki vasitələrinin qeydə aldığı qayda pozuntusu real vaxt
rejimində avtomatik olaraq elektron protokolla
rəsmiləşdirilməlidir, daha sonra həmin protokol dərhal "ASAN
ödəniş" sisteminə ötürülməli və sürücünün fərdi elektron kabinetinə
yerləşdirilməlidir. Amma təcrübədən məlumdur ki, bu heç də həmişə
belə edilmir. Bəzən sürücülər hətta bir neçə ildən sonra yolda
saxlanıldıqda onlara məlum olur ki, barələrində elektron MMX
protokol var. Bəzən də elektron protokol sürücüyə göndərilmiş olsa
da, sürücü aylarla banka gedərək onu ödəyə bilmir. Çünki həmin
protokol bankın və sürücünün özünün görə biləcəyi sistemə
yerləşdirilmir. Belə vəziyyətlərin istisnası üçün yeni Məcəllədə
konkret müddət müəyyən edilir.
Şübhəsiz ki, belə yanaşma qayda pozuntularının sənədləşməsi ilə
bağlı işləri sürətləndirməyə və operativliyi artırmağa yönəlib.