Yuxarı

Avropada müəmma: Xəyalat kimi dolaşan ruh

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropada müəmma: Xəyalat kimi dolaşan ruh

Bu yaradılış ki var, əndrabadi məxluqdur. Həyatı boyu böhranlara tuş gəlir, ən amansız işgəncələrə uğrayır, ən pisi isə bütün bunlara dözür. Allah ona fitrət verir, istedad verir. Di gəl ki, gərək böyründə travmasını da əskik etməsin. Yalnız bu təqdirdə o istedadı günəşə çıxarmaq mümkün olur. Bəli, razılaşıram, tükürpərdən paradoksdur, nə etməli.

Əlqərəz, sözümün canı bu deyil, Dünya müharibəsini deyirəm axı. İnkişaf, tərəqqi deyə bağırdığımız bu XX əsr ki var, həm də yaman qəribə yüzillik oldu. Həm insan yaradıb, həm də insanı öldürən bu əsrin Cahan müharibələri insan həniri dəyən, toxunan elə bir dərmə-deşik qalmadı ki, ondan yan keçsin. Müharibə mərmilərinə qolların, qıçların qurban verən kim, güllələri bədənindən keçirib ölən kim, hə, bir də o güllənin sədasından sarsılıb ümidlərin biryolluq itirən kim... özgələşib öz qınına çəkilən kim. Bütün hallarda insanlar "ölür", bəli, insanlar həqiqətən ölür və həqiqi romanlar yazılır. Al sənə bu da travma. Ağrı, sızıltı, itki, aclıq, ümidsizlik, zədələnmiş psixologiya, ayaq açıb yeriyən depressivlik və sairə və ilaxır. Hər şey bir tərəfə, müharibədən sağ-salamat qayıtmış insanların "şikəstliyi" bəlkə bu romanları yazdırdı? Öz həyatına əvvəlki kimi cəhənnəm, barı bir nöqtədən tutunub başlamaq istəyən fərdin itib-batan gerçəkliyi heç bir vəchlə axtarmağa can atmaması, ən dəhşətlisi, gerçəkliyə inamın yerli-dibli itməsi.

Hə, burda dayanıb ədəbiyyatda hansı istiqamətdə nələr yazıldığına səthi göz gəzdirək. Ənənəvi ədəbiyyat hələ də atıb gedən məşuq, onun xəyanətindən alışıb yanan aşiq, tutulan gündəliklər, yazılan məktublar və bunca bəsit, yorucu, monoton mövzular. Yeni nəsə lazım idi, nəyəsə ehtiyac vardı. Bu danılmaz idi. Əlbəttə, biz bilirik ki, hər yeni yaranan cərəyan özündən əvvəlkində artıq cücərtilər yetişdirir. Klassik ədəbiyyat "Müəllif, əsər, oxucu" zəncirində yazıçı bioqrafiyasını ön planda tuturdusa, XX əsrin ilk onilliklərində ortaya çıxıb, realizmin ənənəvi qanunlarını aşan, novatorluğa yer verməklə fərdi, onun daxili aləmini, sarsıntılarını yeni üsullarla, yanaşmalarla göstərən modernizmdə əsər artıq üstünlüyü əlinə alır. Nə anlama gəlirdi bu firəng sözü? "Müasir, yeni" anlayışlarını ifadə edib niyə qəhrəmanların modern həyata öyrəşdirə bilmir?

Modernizm XX əsr mədəniyyətinin geniş, qarma-qarışıq irrasional mərkəzinə uyğun gələn estetik bir proqram, cərəyan idi. Əsası adını çəkdiyim əsrin başlanğıcında P.Eluarın, L.Araqonun timsalında şeirdə qoyulsa da, bir mədəni cərəyan kimi nəsrdə inkişaf etdi. Nə deyirdi modernistlər? Oxucu üçün yazmıram, yazdıqlarımı oxucu marağına təslim etmirəm. Bəli, bu qədər kəskin. Bu baxımdan Q.Torrenin aşağıdakı deyimi yada düşür: "Mən özüm. Sən özün. O özü. Cəm halı rədd edərək mənəmliyi vəsf edək. Bizi təkrar etmək olmaz. Bizi məhdudlaşdırmaq olmaz. Başlıcası isə biz tayı-bərabəri olmayan mənimizdən inadla yapışmışıq. Mən özüm özümün səbəbiyəm. Mən özüm özümün tənqidçisiyəm. Mən özüm özümün hüduduyam. Mən mənəmliyin yüksəkliyini və əvəzolunmazlığını təsdiq edirəm".

Özünü püxtələşmiş şəxsiyyət sayan modern sənətkar elə şeylərə cəhd edirdi ki, seçdiyi üslub təkrarsız olsun, yeganəliyini isbat etsin.

Modernizm yeni-yeni özünü büruzə verən fəlakətə ilkin reaksiya qismində mübarizədir, barışmazlıqdır, dağılmaqda olan şəxsiyyəti hətta onu inkar edərək hər vəchlə xilas etmək cəhdidir. Bu cür yazılan əsərlər yazıçının tam nəzarətində olduğundan müəllifin fikri yeganə mümkün izah idi.

Nümayəndələrindən (F.Kafka, C.Coys, V.Vulf, M.Prust, Ezra Paund) ispan filosofu Xose Orteqa-i-Qasset modernist rəssamların sərgisi haqda yazırdı: "Yeni incəsənət kütlə tərəfindən anlaşılmazdır. O, həmişə soyuq münasibətlə qarşılanacaq".

Modernistlərə görə, dünyada heç bir nizamlanmış təbii məkan yoxdur. Bu cərəyanın nümayəndələri isə yazılan əsərlərdə daxili vəhdət, bütövlüyün mövcudluğunu tələb edir, vahid tam yaratmağa cəhd edirdilər. Belə kəskin, "mənizm"i göz çıxardan bu cərəyan bəs nəyə görə sıxışdırılıb aradan çıxır? Sönükləşir? Cavab çox sədə idi: Yeni nəsil heç vaxt özündən əvvəlkini bəyənmir, qəbul etmir. Buna misal olaraq, bundan qaynaqlanan Avropada tələbə hərəkatını, hippiləri, atalar-oğullar problemini və yeni söz deməyə çalışan bir qrup ədibi göstərmək olar. Modernistlərin özləri üçün səciyyəvi cəhət hesab etdiyi keçmişdən imtina, yenilik həvəsi, ağır simvolları əsərə daxil edib, bədii nümunənin dilini ağırlaşdırmaqla oxucu problemi yaradır. Kütlə oxuduğunu qavramır, başa düşmür. Beləliklə, modernizm cərəyanı yavaş-yavaş çökməyə başlayır. Əgər əsər oxunmursa, cərəyan üzvləri tanınmırsa, ədəbi məktəbin populyarlığından danışmaq müşküldür. Və bu prosesin baş verdiyi dönəmdə öz sözünü deməyi bacaran, üstəgəl, modernizmin içərisindən işartı kimi görünən bir neçə söz, fikir adamları belə təklif irəli sürürlər ki, əgər burda oxucu problemi yaranıbsa, deməli, elə bir yeniliklə gündəmə gəlmək lazımdır ki, bu hal yaşanmasın.

XX əsrin 70-ci illərindən romanlarda artıq postmodernist cərəyanın ünsürlərinə rast gəlirik. Yunanların antik filosofu Anaksoqorun bir deyimi var: "Hər şey hər şeydədir". Bundan bir addımda isə "Hər şey olar" dayanır. Bəli, postmodernistlərin də şüarı bu idi. Bu cərəyanın erkən ideoloqlarından biri H.Arendt postmodernizmin formalaşdığı şəraiti belə səciyyələndirir:

"Ənənənin ipi artıq qırılıb və çətin bir də onu düyünləyib bərpa edə bilək. Keçmişin aramsızlığı məhv olub. Buna baxmayaraq, keçmiş yoxa çıxmamışdı. Biz yenə də onunla üz-üzə dayanmışıq. Fəqət bu, artıq fraqmentlərə parçalanmış tarixdir".

Məhz buna görə də postmodern dönəmdə keçmişin bütöv bərpası artıq mümkün deyil. Sitat ona müraciətin əsas formasıdır. Bu əsərləri artıq mətn adlandırırıq, müəllif bu mətni yazıb qələmi yerə qoyduqdan sonra "ölür". Ona oxucu sahib çıxır. Oxucu isə mətnin dekonstruksiya edilmiş şəklini qavrayır. Postmodernistlər sələflərindən fərqli olaraq, nəinki keçmişi inkar etmir, hələ bir ondan yaxşıca istifadə də edir.

İntertekstuallıq, metotəhkiyə, konstruksiya, pastiş, parodiya və s. bu mətnlərin nəzəri qaydalarıdır. İnkarı inkar etməklə, yaxud "hər şey olar prinsipi" təbii ki, bu qanunlarla yazılan əsərləri "su içim" etmir. Xüsusi intellekti olmayan, mənbələrin haradan, necə, niyə qaynaqlandığını çözə bilməyən oxucunun mətnə kor-koranə yanaşacağı dəqiqdir.

Postmodernizm klassik ənənə ilə hadisələrə və insana modernist baxışları çulğaşdırmağa, klassik və modernist ovqatları barışdırmağa məcbur idi.

Postmodernizm anlayışının məzmunu ilə mahiyyəti, əhatə dairəsi haqqında xeyli informasiya əldə etmək olar: bir də ki, söz özü haqqında çox şey deyir axı. Məlum olur ki, postmodernizm humanitar fikrin inkişafında öz yerini modernizmdən sonrakı dövrə ("post") aid edir. Keçən əsrin 80-ci illərində postmodernizm Amerika və Avropanın bəzi inkişaf etmiş ölkələrində müstəqil ümumestetik fenomen kimi qəbul olunmuş, modernizmin həm davamı, həm inkarını göstərmiş bir bədii cərəyan kimi təşəkkül tapmışdı. Bu isə o deməkdir ki, postmodernist düşüncə tərzi daha çox modernist formada özünü göstərib və bununla əsl mahiyyətini ört-basdır edir. Yeni dövr sənətinə qəti zidd olan bu cərəyan öz sələfinə daha yaxındır. Umberto Ekonun sözlərini yada salaq: "Əvvəllər postmodernizmi son 20 il yazıçılarına aid edirdilər. Sonra aparıb, XX yüzilliyin əvvəlinə çıxardılar. İndi görürəm ki, Homerəcən qaldıracaqlar. Deyəsən, artıq indi nəyisə öymək, pafoslu demək istəyəndə postmodern sözünü işlədirlər".

Bu cərəyanda sonranın nə vaxt, necə qurtaracağı, yəni bitmə anı bəlli deyil. Bəlkə, doğrudan da Avropada bir xəyalat kimi dolaşan ruh idi postmodernizm? Bəlkə də hələ çözülməmiş, sehri açılmayan müəmma...

Tarix
2016.07.04 / 21:10
Müəllif
Aysu Kərimova
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla