Axar.az araşdırmaçı-jurnalist Fatimə Kərimlinin uzun
axtarışlardan sonra üzə çıxardığı Məmməd Rahimin Mikayıl Müşfiq
haqqında 1 iyul 1937-ci il tarixində "Ədəbiyyat" qəzetində yazdığı
"Kontrrevolüsioner, kontrabantçı, oğru…" adlı məqaləsini təqdim
edir.
"Ədəbi sahə ideologiya cəbhəsində sinfi mübarizənin ən kəskin və
mürəkkəb sahəsi olduğundan düşmən buraya soxulmağa və öz
fikirlərini yeritməyə çalışır.
M.Müşfiq belələrindən biri idi. Zahirən "səmimi", "məzlum"
görünən əsas mahiyyəti etibarilə isə hiləkar olan Mikayıl Müşfiq
çox zaman ifşa olunmaq ərəfəsində "Sovet əsəri" yazaraq özünü
gözdən yayındırmışdır. Onun zahirən Sovet, lakin bütün daxili
quruluşu etibarilə qəddar kontrrevolüsioner ruh ilə dolu olan bir
sıra əsərləri vardır. "Səməndər" əsərində revolüsion rus xalqının
Azərbaycan xalqına olan yardım əli, onun səadəti, çiçəklənməsi üçün
olan köməyi inkar olunmuşdur.
Burada müsavatçıların dediyi od yurdu vardır ki, o, özünü yalnız
bu od yurdunun "Səməndər"i sayır. İki üzlü Mikayıl Müşfiq uzun
zaman öz-özünü sədaqət nümayəndəsi kimi tanıtdırmağa can
atmışdır.
Halbuki, gördüyü işin mahiyyəti etibarilə o, fəlakət carçısından
başqa bir şey deyil. O, Azərbaycanın döyüşkən əməkçi xalqını aciz,
üzü qara vermişdir. Tarix qabağında isə bu xalq heç də üzüqara
olmamışdır. O, əsirlərcə döyüşmüş, isyan etmiş və nəhayət şanlı
Aprel revolüsiasını yaradaraq öz həqiqi azadlığını əldə etmişdir.
Müşfiq bunu görməyə kordur.
Müşfiq ilk qidasını Türkiyənin aristokrat şairi Hamid və
kontrrevlosioner Hüseyn Caviddən almışdır. Onun "Küləklər"
kitabçası hər cür meşşan, anarxist və yaramaz qara anti-sovet
kontrrevolüsion fikirlər ilə doludur. O, kitabının düşmən əsəri
olduğunu gizlətmək üçün "etiraf" yazdı. Bəzi prinsipsiz, liberal,
averbaxçı tənqidçilər bu etirafı həqiqi etiraf kimi qələmə
verdilər. (Mehdi Hüseyn) tənqid düşməninin bu pərdələməsini
görmədi, onu yırtmadı.
Mikayıl Müşfiq maskalanmaq üçün bəzən çox gurultulu məsələdən
yapışıb revolüsion temalar arasında gizlənməyə çalışırdı.
O, Leninin obrazını vermək iddiasında bulunurdu, lakin sözdə
xalq səadətindən danışan, işdə isə xalq azadlığını satan bu sənət
dəllalı ulu Lenini qaniçən cahangir, peyğəmbər Məhəmməd ilə, Budda
ilə müqayisə etmişdir. O, dahi Lenin obrazını qəsdən təhrif edir,
alçaqcasına öz ideyasını yürüdərək sinfi mübarizəni nifrətlə
qarşılayır. İlk baxışda "müsbət" görünən misraların arasında əsas
kontrrevolüsion fikrini yürüdür, düşmən ilə aparılan mübarizədə
tökülən qanı qardaş və sevgili qanı adlandırır. Lenini
düşmənçilliyi yaratmış kimi göstərir.
Böyük Sovet xalqının və dünya proletarlarının ulu rəhbərini,
ancaq türkün dastanında gurladığı üçün qəbul edir.
"Küləklər"də Sovet Gürcüstanı "Zagesi"nə qarşı olduqca reaksiyon
kontrrevolüsion fikirlər vardır. O, üzərində "Zages" qurulan Kür
çayına müraciət edib kim tərəfindən kilidləndiyini, sinəsinə dağ
çəkildiyini soruşur. Tbilisi nura boyayan "Zages"-dəki çarxları Kür
çayının başına bəla kəsilmiş bir xəncər kimi verir. Kənddə
sosializmin simvolu olan traktoru "torpağın köksünü bıçaqlayan",
"ulayan nər", "təzə cəllad" kimi göstərir. Öz zəhərli müsavatçı
nasionalist kisəsini Türkiyənin hər cür reaksion, mühafizəkar,
millətçi şairlərindən dolduran bu reaksioner təbiət qoynunda
çəkilən dəmir yollarına amansız fikirlər bəsləyir. O, təzə çəkilən
dəmir yollarını "dağların qəddini bükən", "çəlik bağrını sökən",
"sinəsinə ayrılıq dağı çəkən" bir amil kimi göstərir. Halbuki,
tənqid belə vicdansızlığa qarşı öz sözünü deməli, onu bolşevik
atəşinə tutmalı idi.
Xalq səadətinə düşmən olan bu əclaf, "İnqilab" şeirində proletar
revolüsiasını yandırıb yaxan lava, bir vulkan stixiyası kimi təsvir
edir. Əcaba bu bir şanlı Oktyabr revolüsiasının xüsusiyyətlərini
inkar demək deyilmi? Əcaba bu əməkçi xalqları səadətə çıxaran işçi
kəndli revolüsiasına böhtan deyilmi? Əlbəttə böhtandır, əlbəttə söz
yox ki, bu əməkçi xalqların azadlıqlarını təmin edən işçi
revolüsiasını inkardır.
Müşfiq "Tərtərges nəğmələri" və "Mingəçevir həsrəti" kimi son
şeirlərində öz kontrrevolüsion fikirlərini yürütmüşdür. Müşfiqin
hayasızlığı oraya gəlib çatmışdır ki, o, Sovet Azərbaycanında heç
bir yenilik görməyirdi. "Mingəçevir həsrəti"ndə xəstə canımızın
asta-asta öldüyündən bəhs edib cəfəngiyyat söyləyib sovet
quruluşuna kontrrevolüsion böhtanlar atır. O, Azərbaycanın
azadlığını danmaq üçün Mingəçeviri bir vasitə kimi götürürdü. O,
guya Mingəçeviri həsrətlə gözləyirdi. Halbuki bu, hiyləkarcasına
olan bir metoddur. Şeirdəki ruh isə Azərbaycanın asta-asta öldüyünü
iddiadan başqa bir şey deyildir. Bizə yabancı Müşfiq "Duyğu
yarpaqları" şeirində "Bir üzüm qaradır, bir üzüm sarı" deməklə
özünün ikiüzlülüyünü yaxşı göstərir.
Həmid kimi qatı pantürkistin
şeirlərindən ilham alan b düşmən, bəxtiyar ölkəsi üçü fədakarlıq
göstərən mübariz neft işçilərini "Canavar" obrazı ilə təsvir edir.
Onun doğma dilini bir yana qoyaraq ona böhtan atır. Neft
qəhrəmanına saxta bir dil, pantürkistlərin dilini verir. İşçini
Türkiyə saraylarının dili ilə danışdırır, "Canavar" şeirində Bakı
işçisi danışırkən "məqsəd" əvəzinə "maqsad" deyir. O beləliklə, öz
çirkin hiyləsini yürütmək üçün döyüşçü işçi əvəzinə saxta bir obraz
yaradaraq oxuculara təhvil verir. Ümumiyyətlə, dildə osmanizmə
oryentasiya hiləkar Müşfiqin apardığı siyasətin bir qolu idi.
Pantürkist Müşfiq dildə osmanizmi təbliğ edirdi. O, müstəqil Sovet
Azərbaycanının dilini tanımayırdı. O, pantürkist, panislamist bir
dil ilə Azərbaycan xalqı dili arasında büllurlaşmağa doğru gedə
doğma sovet ədəbiyyatı dili arasında heç bir fərq görməyirdi. O, öz
fikirlərini yürütmək üçün "gəliyor", "gediyor"-u rayonlarımızdakı
"aleyir", "gəleyir" ilə qarşılaşdıraraq Sovet Azərbaycanı ilə
Türkiyə dili arasında heç bir fərq olmadığını iddia edirdi. Onun
dildə pantürkist bir siyasət yürütdüyünü göstərmək üçün
leksikonundan gətirəcəyimiz bir neçə misal kifayətdir. O, "vətən"
deyil, "vatan", "həftə" əvəzinə "hafta", "şəfəq" deyil, "şafaq"
işlədirdi.
Müşfiq dili və şeirlərindəki
qandrabanda yolu ilə gətirdiyi fikirləri etibarilə bü günə,
proletariata sadiq bir şair olmamışdır. O, proletar revölüsiasında
əsərləri ilə aktiv iştirak edən Mayakovskiyə nifrət bəslədiyi halda
"Mingəçevir həsrəti" və "Şən Tiflis" şeirlərində onun Sergey
Yeseninin ölümünə yazdığı şeirindən açıq-aydın oğurluq etməkdən
çəkinməyirdi. Mayakovskinin "Yüzəlli milyon" adlı poemasından açıq
oğurluq edərək "Zəfər səsləri"ni yazdığı bir faktdır. Mikayıl
Müşfiq şeirləri üçün oğurluq ta ilk günlərdən bu günə kimi xarakter
bir hal olmuşdur. Aleksandr Zarovun "Qarl Libknext", Utkinin
"Veter" şeirlərini oğurlayıb "Qonağım" və "Qarl Libknext" adı ilə
çap etdirən bu şeir oğrusu Vasili Qazinin, "Ruçnoy lebed"ini dəxi
"Əl ördəyi" deyə vaxtilə təb etdirmişdir. Müşfiq sinfi qardaşı
Çobanzadədən də oğurlayardı. Onun qatı millətçi "şeirlər"
kitabından "Bulutlar"ı oğurlayaraq "Küləklər" kitabçasına
köçürmüşdür. Nə üçün o belə edirdi? Çünki o, quruluşumuza sadiq
deyildi. Ona görə də sovet tematikasından müstəqil olaraq yaza
bilməyirdi. Odur ki, o yandan, bu yandan rus, erməni sovet
yazıçılarından, Nəsimidən, Məmməd Akifdən, Baba Tahirdən, Hamiddən
və başqalarından çırpışdırırdı. O, əclaf ideyası üçün hər cür
qandrabandçılıqdan istifadə etmişdir. Vaxtilə yazdığı
kontrrevolüsion "Banditlər" poeması ifşa edilmişdir. O, həmin
"Banditlər"i "Dağlar macərası" adı ilə yaxınlarda "Ədəbiyyat
qəzeti"ndə çap etdirmişdi. O, bu kimi hərəkətləri ilə Azərbaycanın
kulturunu, səadətini əlindən almaq, onu eyni kaloniya salmaq kimi
çirkin bir ideyaya xidmət edirdi. Mikayıl Müşfiq kimi satqınlar
sinifsiz dünya qurmaq uğrunda mübarizə aparan sovet ədəbiyyatına az
əngəl olmamışlar. Artıq onlar ifşa olunmuş, maskaları tamamilə
yırtılmışdır. Düşməni amansızcasına ifşa etməkdə prinsipial tənqid
hələ çox işlər görməlidir. Tənqid hər cür ziyalı əhvali-ruhiyyəyə
atəş açmalı, namuslu sovet yazıçılarının yaradıcılığını yüksək
səviyyəyə qaldırmalıdır".
Arqument.az