Yuxarı

Müstəqillik dövrünün qəhrəmanı kimdir? - Sorğu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müstəqillik dövrünün qəhrəmanı kimdir? - Sorğu

Azərbaycan nəsrində müstəqillik dövrünün qəhrəmanı hansı obrazdır? Ümumiyyətlə, o qəhrəman yaranıbmı?

Axar.az bu sualla ədəbiyyat adamlarına müraciət edib.

Tənqidçi İradə Musayeva:

"Bu mövzuya 4-5 məqalə həsr etmişəm. Problem də ondadır ki, çağdaş nəsrimizdə həmin o müstəqillik dövrünün insanını, Yeni İnsanı, bizim tanıdığımız, hər gün yanından ötüb keçdiyimiz, həmsöhbətimiz olan insanı tam şəkildə, bitkin və zamanın siması kimi əks etdirən olmayıb. Bəzi əsərlərdə bəzi xarakterik əlamətlər olsa da, nəzərdə tutduğunuz zamanın insanı yoxdur bu nəsrdə.

Halbuki o qəhrəmanlar bütün gün o yazıçıların yan-yörəsində, gözlərinin qarşısında dolaşır. Liftdə, metroda, televiziya ekranlarında, restoranlarda, qəzet-jurnal səhifələrində, həbsxanada, xəstəxanada, siyasi partiyaların iclaslarında, dəniz kənarında - hər yerdə öz yazıçılarına məlul-məlul boylanır, "Məni gör!" - deyə..."

Yazıçı Pərviz Cəbrayıl:

"Qəhrəmanlar əvvəl cəmiyyətdə yaranır, sonra ədəbiyyata adlayır. Müstəqillik dövrümüz Xalq hərəkatıyla başladı, sonra Qarabağ savaşı, işğal gəldi, cəmiyyətin ictimai-siyasi həyatında təlatümlü sayılacaq dərəcədə önəmli hadisələr baş verdi. Xalq hərəkatında da, Qarabağ savaşında da, siyasi proseslərdə də fərdi anlamda qəhrəman sayılacaq şəxslər oldu. Ancaq elə müstəqilliyin ilk günlərindən başlayaraq qulağımız bir sözü daha çox çaldı: Satqın… Ədəbi camianın özündən tutmuş siyasi proseslərə qədər hansı sahəyə baxdın, orada kimsə cəbhəsini dəyişirdi, kimsə mövqeyini, ideyasını dəyişirdi və yalnız bütün olayların fövqündə bir söz dururdu: Satqın… Mənə görə çağdaş ədəbiyyatın qəhrəmanı satqınlıq oldu, həm də satqınlığın özü yox, sözü, yəni "satqın-xəyanət" sözləri. Bunu da bacardığım şəkildə bütün faciəsi ilə "Yad dildə" romanımda verməyə çalışdım… Həyat, yaşamaq uğrunda savaş bu gün bu kəlmənin umuduna qalıbsa, demək, ədəbiyyatda da bu cəhət əsas qəhrəman, əsas motiv olmalıdır".

Yazıçı Nəriman Əbdülrəhmanlı:

"Çətin sualdır. Ona görə ki, müstəqillik dövrünə xas xüsusiyyətləri bir obrazda cəmləşdirmək çətindir. Eləsi var, baş verən dəyişikliklərdən karıxır, həyat yolunu itirir, aydın məqsəd arxasınca gedə bilmir. Elə qəhrəman da var ki, döyüş meydanına gedir, vətənpərvərlik hisslərini təcəssüm etdirir. Şəxsən mənim belə bir qəhrəmanım "Yolsuz" romanımdakı obrazdır. Onun simasında yeni situasiyaya düşən adamın yaşantılarını verməyə çalışmışam".

Şair Rüstəm Behrudi:

"Mənə elə gəlir ki, Saday Budaqlının müstəqillik dövründə yazdığı əsərlərin qəhrəmanları müasir ədəbi qəhrəmandır".

Dramaturq Firuz Mustafa:

"Doğrudur, hər dövrün "öz obrazı" olur. Amma bir çox hallarda bu obrazlar bir-biri ilə daban-dabana ziddiyyət təşkil edir. Məsələn, ötən əsrin (yüz il əvvəlin) bu dönəminin "qəhrəmanları" kimlər idi? Mirzə Cəlilin Usta Zeynalı və Kefli İsgəndəri, Cabbarlının Oqtay Eloğlusu və Aydını, Cavidin Azəri və Şeydası... Mənə elə gəlir ki, bu günün əsl ədəbi qəhrəmanlarının kimliyini müəyyənləşdirmək üçün müəyyən bir zaman gərəkdir".

Şair Ramiz Qusarçaylı:

"Cavab verməyə çətinlik çəkirəm. Azərbaycanda müharibə şəraiti olduğu üçün o qəhrəman Mübariz ola bilərdi, onun da obrazı hələ də yaranmayıb. Düşünürəm ki, Azərbaycan nəsrində müstəqillik dövrünün qəhrəmanını yarada biləcək istedadlı nasirlərimiz var və o obraz nə vaxtsa yaranacaq".

Yazıçı Şərif Ağayar:

"Mənim üçün müstəqillik dövrünün ən təsirli qəhrəmanı Kərpickəsən kişidir. Qeyri-təvazökarlıq olsa da, deməliyəm ki, özümün yaratdığım obrazdır. Yəqin, buna görə mənə bu qədər doğmadır. Həm də Kərpickəsən bütün evsizləri, həyatı alt-üst olanları, bu boyda vətəndə başını soxmağa bir balaca koma istəyənlərin ümumiləşmiş obrazıdır".

Şair Əkbər Qoşalı:

"Bu dəqiqə ağlıma Aqil Abbasın "Dolu"sunda Rza Rzayevin canlandırdığı Drakon obrazı gəlir; hər halda başqa obrazlar da olmamış deyil. Bu barədə düşünməyin özü, hələ düşüncələrini yaxşı əsər formasında təcəlla etdirmək böyük sayğıya layiqdir".

Şair Kəramət Kəramət:

"Bu sual bir neçə sualı da özüylə birgə cavablandırmağı gərəkdirir. Müstəqil (həm də azad) olmaq nə demək, kütlə bunun fərqinə varmaya bilir, amma ədəbiyyatçısı, siyasətçisi, alimi bunu fikrən, ruhən yaşayıb cəmiyyətə improvizə etdirməlidir axı, çoxluq motivə olunmalı bu istiqamətə. Öndə gedən düşüncə sahiblərimiz, təəssüf ki, həyatı sorğulamaqdan çox qarğış-alqış üzərində kirayələnmiş ömür yaşadıqlarından (və ya buna məcbur qaldıqlarından) dünyada baş verən proseslərin fonunda Azərbaycan müstəqilliyinin gerçək mahiyyətini dərk edə bilmədilər, buna qapı da açılmadı. Məhəlli sosial məsələlərdə boğulan, düşünə bilməyən, düşüncəsinə "qlavlit" qoyulan yazıçı artıq missiyasını yerinə yetirə bilməz hala gətirildi. Sualdakı "obraz"ı yaratmağı ideoloji konyunkturaya uyğunlaşdırmaq da elə mahiyyətcə pambıqdan, neftdən yazmaq kimi bir şeydir. Bir... istisnalar varsa, nəzərimdən qaçıbsa, o kimsələr üzrlü saysın".

Tarix
2016.09.16 / 08:30
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla