Azərbaycan ədəbiyyatı nümunələrinin Qərb oxucularına
çatdırılması üçün nə təklif edərdiniz?
Axar.az əyalətdə yaşayan yazar Nisə Bəyimin suala verdiyi cavabı
təqdim edir:
"Ədəbiyyat insan duyğularının, təfəkkürünün məhsulu olduğu üçün
milli dəyərlərdən öncə, bəşəri dəyərlərin daşıyıcısıdır. Düzü, mən
heç vaxt ədəbiyyat anlayışını coğrafi sərhədlərlə məhdudlaşdırmaq
fikrində olmamışam. Bəşəriyyətin yaratdığı bütün gözəlliklər -
musiqi, rəsm, memarlıq, teatr, kino dünya üçündür. Belə baxanda,
dünya o qədər kiçikdir ki, onu bir daha nəyəsə bölmək doğru deyil.
Xüsusən, indiki zamanda. Bütün xalqların folkloruna və
mifologiyasına nəzər salsaq, onların məzmunca, ideyaca biri-birinə
nə qədər yaxın olduğunu görəcəyik. Bizim "Göyçək Fatma"mız var,
qərbin "Zoluşka"sı. Bunlar biri-birindən çoxmu fərqlənir? Qrim
qardaşlarının, Andersonun nağıllarının bizim nağıllardan çoxmu
fərqi var? İncəsənət və texniki tərəqqi bəşərin bölüşəcəyi, anlaya
biləcəyi və sevəcəyi dəyərlərdir. Şərq və Qərb məsafəcə
biri-birindən fərqli ola bilər, amma insan faktoruna, yaşam
dəyərlərinə görə, heç nədə fərqlənmir. İnsanın sevgisi, nifrəti,
kədəri, arzuları hər yerdə eynidir. Düşünmürəm ki, hər hansı xalqın
yaratdığı ədəbiyyat biri o birindən zəif və ya üstündür. Doğrudur,
ədəbiyyat həm də şəxsiyyət və xarakter məsələsidir. Amma dərin
düşünəndə şəxsiyyəti və xarakteri də zaman və şərait
yetişdirir.
Biz Qərb ədəbiyyatını necə maraqla oxuyuruqsa, Qərb də Şərqi
eləcə maraqla oxuyur. Düşünürəm ki, ədəbiyyatı bütöv bir kütlə
halında danışa bilməyimizin səbəbi tərcümədir. Sovet dönəmində
güclü tərcümə siyasəti olmasaydı, biz Qərb ədəbiyyatını bu qədər
dərinliyi və zənginliyi ilə bilərdikmi? İnanın, fransız
ədəbiyyatını ən azından fransızlar qədər oxumuşam. Son dövrü çıxmaq
şərti ilə. O zamanlar heç bir əcnəbi dil bilmədən də dünya
ədəbiyyatını oxumaq mümkün idi. Bizim ədəbiyyatdan kim təqdim
olunubsa Avropaya, onu da eyni sevgi ilə qarşılayıb qəbul ediblər.
Məsələn, mən Nizaminin və Vazehin adını çəkə bilərəm. Əgər başqa
müəlliflər də təqdim olunsaydı, o da eyni uğuru qazanardı. Mənim öz
milli ədəbiyyatımızın ümumdünya ədəbiyyatından geri qalması və ya
zəif olması yönündə heç bir kompleksim yoxdur. Bir sözə həssas
yanaşan, duyğulu və istedadlı xalqıq. Əminəm ki, M.F.Axundov kimi
dramaturqun və nasirin yaradıcılığı Qərb oxucusunda böyük maraq
yaradar. Və yaxud Mirzə Cəlilin nəsri və dramaturgiyası,
Cabbarlının, Cavidin böyük miqyaslı, qlobal, bəşəri problemləri
təsvir edən irsi böyük sevgi və rəğbətlə qarşılanar.
Biz Latın Amerikası ədəbiyyatını oxuyuruq. Nəyin sayəsində? Əgər
Paulo Koelyonu və başqa məşhurları ruslar tərcümə edib, böyük
tirajla yaymasaydı, biz çox yazıçının əsərlərini tanımayacaqdıq.
Bizdə yapon və ya çin dilini bilən varmı? Tərcümədə azsaylı yapon
yazıçısını tanımağa nail olmuşuq. Bizim müasir ədəbiyyatımız da
əvvəl olduğu kimi, tərcümə sahəsində çox uduzur. Şeiri tərcümə
eləmək çox çətindir, bilirəm, buna xüsusi peşəkarlıq lazımdır. Amma
nəsri ki çevirmək olar. Bizim hər birimiz nəsə yazan zaman onu daha
çox insanın oxumasını istəyirik. Yazıçı üçün şöhrət, tanınmaq
arzusu təbii bir duyğudur. Bunun üçün heç kim, heç kimi qınaya
bilməz. Mən də çox istərdim, müasir ədəbiyyatımızdan nümunələr
başqa xalqların dillərinə tərcümə olunsun. Bunun üçün böyük maddi
vəsait və peşəkar kadrlar lazımdır.
Soruşursunuz ki, kimin əsərinin təqdim olunmasını istərdim?
İnanın, çoxlu sayda yazıçının tərcümə edilməsini istərdim. Heç
olmasa, ən yaxşı bir ədəbiyyat adamının tərcüməsini təşkil
edəydilər. Əgər mən - Nisə Bəyim bir Azərbaycan yazıçısının
romanını maraqla oxuyuramsa, əmin olun ki, dünyanın hansısa
yerində, hansısa bir insan o romanı mənim qədər maraqla oxuyacaq.
Çoxmənalı, hikmətli bir ifadə var, mən bu kəlamı çox sevirəm, bunu
Lermontovda oxumuşdum ilk dəfə: "Hər bir insanın tale hekayəsi bir
xalqın taleyi qədər maraqlı və önəmlidir". 18-ci əsrdə ruslar
romançılığı fransızlardan öyrəndilər, amma 19-cu əsrdə daha güclü
ədəbiyyat yaratdılar. Hər bir xalqın mənəvi taleyində yüksəliş və
tənəzzül dövrü olur. Baş verən hadisələrin təsiri birbaşa
ədəbiyyatda əks olunur.
Şübhəsiz ki, bu tarixi keçid yeni mənəvi stimullaşma
mərhələsidir. Müstəqillik dönəmində xaosdan doğulan əsərlər də
meydana çıxdı. İndi qələm yoldaşlarımdan kiminsə əsərinin adını
çəkib, başqa birinin xətrinə dəymək istəmirəm. Əgər əlimdə elə bir
imkan və səlahiyyət olsaydı, xoşuma gələnləri tərcümə etdirərdim.
Əlbəttə, öz romanlarımdan da birinin tərcümə olunmasını mütləq
istəyərdim. Təsəvvür edirsinizmi, Avropa və ya yapon oxucusu
"Onlayn" və "Təkbuynuzlu"nu oxuyur. Gözəl mənzərədir, deyilmi? Niyə
də oxumasın? Fantastika hər zaman maraqla qarşılanır. Vaxtilə Jül
Verni o qədər sevgi ilə oxumuşam ki! Gerçəkdən, bütün yaradıcı
adamlar kimi, çox istərdim ədəbiyyatımız dünya ədəbiyyatı sırasında
layiqli yerini tutsun. Hər şeydən əvvəl ədəbiyyatın özü mənəvi
dəyərdir.
Mən yaxşı olan, tərəqqiyə aparan biliklərin öyrənilməsinin
tərəfdarıyam. Yazıçı həm fiziki, həm mənəvi cəhətdən azad
olmalıdır. İçindəki buxovları qıra bilməyən, səmimi və dürüst
olmayan yazıçının əsəri də eyni keyfiyyətin daşıyıcısı olacaq. Biz
əvvəlcə asılılıq duyğusundan azad olmalıyıq. Harada yaşamasından
asılı olmayaraq, yazıçı üçün - istedad, zəhmət, səmimiyyət, cəsarət
və dürüstlük vacib olan keyfiyyətlərdir. Yazıçı tarixi keçmişini
bilməklə yanaşı, hər bir yeniliyə, dəyişikliyə açıq olmalıdır.
Ədəbiyyat təkcə özünü ifadə etmək deyildir, o, keçmiş və gələcəyin
kəsişdiyi konkret bir zamanın məhsuludur".