Yuxarı

Biz Qərbə nə verə bilərik? – Yazıçı baxışı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz Qərbə nə verə bilərik? – Yazıçı baxışı

Axar.az ədəbiyyat adamlarının "Qərb oxucusuna milli ədəbi dəyərlərdən nəyi təklif edərdiniz, yaxud milli ədəbiyyat dünyadan nələri əxz etməlidir" sualına verdiyi cavabları təqdim edir.

Səfər Alışarlı

"Qərb oxucusuna təqdim etməyə bizim cəmi-cümlətanı iki-üç yazıçımız var. Onlardan yalnız biri sağdır. Fikrimcə, bu yazıçıların bəzi əsərləri müasir Qərb oxucusunun müəyyən marağına səbəb ola bilər. Yəni biz onlara "milli ədəbi dəyər" dedikdə Heminqueyin, Folknerin, Servantesin, Kafkanın, Kastanedanın, Kamünün, Platonovun, Bulqakovun qarşısında xəcalət çəkmərik. İndi dünyada inzibati sərhədlər zəifləyib, mənəvi sərhədlər isə tamam silinib. O baxımdan bütün milli yazıçılar bütün xalqların yazıçılarıdır. Həyat göstərir ki, bədii əsərdə həqiqi humanizm dəyərlərini daşımayan milli kolorit ünsürləri çox qısa bir zaman ərzində bayağılaşır və istehza doğurur. Əgər bizim qranitləşmiş ədiblərimizin əsərlərini götürüb vərəqləsəniz və ya onların süjetləri əsasında çəkilmiş filmlərə baxsanız, bunu dərhal görərsiniz. Müasir yazıçı hər bir xalqın oxucusu üçün maraqlı olmalıdır. İnsanın mübarizliyinə və məğlubedilməzliyinə xidmət etməyən, ilahi həqiqətin və ədalətin dərkindən uzaq bütün əsərlər zaman qarşısında acizdir. Və bizim ədəbiyyatımızın bu dəyərləri daim təşviq etməyə, nəyin bahasına olursa-olsun onları dəyərləndirməyə və qorumağa qadir olan təəssübkeşlərinin yoxluğu, əlbəttə, böyük təəssüf doğurur".

Əlabbas Bağırov

"Çağdaş nəsrimiz "Mirvari"nin bədii mükəmməlliyini, "Əyilməzliy"in ideya-məzmununun sanbalını, "Qırmızı başınağacı"nın bal kimi təhkiyəsini, "Dəniz kənarı ilə qaçan Alabaş"ın detallı təsvirini, "Mən, nənəm, İliko və İllarion"un milli kolorit və şirin dilini, "Ağ arvana"dakı çöl ətrini Azərbaycan oxucusuna az-çox dadızdıra bilsə, heç bir əxzə-məxzə ehtiyac qalmaz. Bəyəm, Azərbaycan ədəbiyyatı da dünya ədəbiyyatının pis-yaxşı bir parçası deyil ki?"

Etimad Başkeçid

"Biz əvvəlcə "milli ədəbi dəyər" deyəndə nəyi nəzərdə tuturuq, onu müəyyənləşdirməliyik. Məsələn, ruslar öz ədəbiyyatını xalq üçün mənəvi-tarixi mənalar yaradan "rus Bibliyası" sayır. Buna onların haqqı da çatır, çünki ən axırıncı rusun da öz ədəbiyyatı və onun dünyaya ötürdüyü mesajlar haqqında təsəvvürü var. Bizdə belə şeyi yalnız arzulamaq olar. Ona görə ki, bizim "Azərbaycan Bibliyası" ya hələ yazılmayıb, ya da şüurlara yerləşməyib. Odur ki, özümdə olmayan şeyi Qərb oxucusuna necə təklif edə bilərəm? Amma sözsüz, burada hər şey birmənalı deyil – məsələn, mən "Kitabı-Dədə Qorqud"u folklor nümunəsi kimi yox, yazılı ədəbiyyat kimi qəbul edirəm. Bu əsər sanki konkret dahi müəllifin qələmindən çıxıb. Bizdə bir az fərasət olsa, bir az pul qoyarıq, Hollivud aktyorlarının iştirakı ilə möhtəşəm bir film çəkərik. Yunan miflərinin motivləri əsasında çəkilən filmlər kimi... Nəticədə, hamı bu kitabdan xəbərdar olar, təkcə ixtisaslaşmış tədqiqatçılar yox. "Kitabi-Dədə Qorqud" milyonlarla nüsxədə satılar. Bu kitab lokomotiv kimi bütün Azərbaycan ədəbiyyatını, mədəniyyətini, folklorunu və tarixini dünyaya tanıtmağa qadirdir. Bu barədə düşünmək lazımdır. Sualın ikinci hissəsinə gəlincə, ədəbiyyatımız dünyadan çox şeylər əxz etməlidir. Bilməliyik ki, milli və ümumbəşəri dəyərlər, ictimai həyatın inkişafından asılı olaraq, daim dəyişilir, burada statik olan heç nə yoxdur. Biz ilk növbədə hansısa arxaik dəyərlərdən dördəlli yapışıb qalmamağı öyrənməliyik. Pafosu, yersiz bəlağəti minimuma endirməliyik. Ən müxtəlif yazı maneralarını, üslubları və müəllif texnikalarını incələyib, öz yolumuzu tapmalıyıq. Əsas olan budur".

Nərmin Kamal

"Bu gün dünyada islamçılıq, sekulyarlıq ətrafında müzakirələrin getdiyini nəzərə alsaq, Azərbaycanın ən sekulyar müsəlman dövləti kimi Qərb oxucusuna maraqlı olan bir sərvəti var: 19-cu əsr, 20-ci əsrin birinci yarısındakı maarifçi ədəbiyyat dediyimiz xətt. Dünyanın on ciddi ədəbiyyat jurnalında Azərbaycan ədəbiyyatını təmsil edən ikicə mövzu olub indiyə qədər: bildiyiniz kimi, biri "Əli və Nino"dur, biri də "Molla Nəsrəddin" jurnalı irsi.

Müasir ədəbiyyatın ürəyi "Nyu Yorker" səhifələrindən boy atıb. Təsadüfi deyil ki, həmin jurnal "Molla Nəsrəddin" jurnalı, maarifçi Azərbaycan yazıçıları haqda məqalə çap etmişdi bir neçə il əvvəl. Bu, ədəbiyyatımız üçün tarixi hadisədir.

"Milli ədəbiyyat dünyadan nələri əxz etməlidir" sualına gəlincə, elə bil, nə isə almaq üçün uzun bir növbədə dayanmısan. Nə özündən əvvəl dayananları görürsən, nə özündən sonra gəlib sıraya qoşulanları. Növbədə Esxildən müasir dövrümüzə qədər xeyli yazıçılar, əsərlər dayanıb. Bir addım kənara çəkilib onların hamısını görüb heyrət etməlisən, onda öz kiçik yerini, öz demək istədiyin sözü, o sözü necə demək istədiyini daha aydın qət edəcəksən özün üçün".

Sevinc Elsevər

"Mən ədəbiyyatda, incəsənətdə millidən çox bəşəri dəyərlərin tərəfdarıyam. Amma bununla belə düşünürəm ki, milli ədəbiyyatımız da dünya ədəbiyyatında layiqli yerini tapmalıdır. Məsələn, folklor nümunələrimizi götürək. Xüsusən, xalq mahnılarımızın mətnlərini. Xalq mahnılarımızın mətnləri hamısı şedevrdir. Heç bir fransız bu cür gözəl misralar qoşa bilməz: "Üzündə göz izi var, sənə kim baxdı, yarım"... Bayatılarımız, dastanlarımız çox yüksək bədii dəyərə malikdir.

Amma təəssüf ki, biz onları dünyada kifayət qədər tanıda bilməmişik. Məsələn, yapon haykuları qədər bizim heç bir şeirimiz məşhur deyil. Götürək elə aşıq şeirini. Aşıq şeirinin çox gözəl nümunələri var bizdə. Hətta bu gün də müasir istedadlı şairlərimiz var: Murad Köhnəqala, Yaralı Bəxtiyar, Elnur Astanbəyli necə gözəl yazırlar. Yaxud bizim dastanlarımız hind dastanları qədər məşhur deyil. Bu da obyektiv və subyektiv səbəblərlə bağlıdır. Məncə, milli ədəbi dəyərlərimizi təbliğ eləməyə dəyər. Milli ədəbiyyatımız dünya ədəbiyyatından çox şeyi əxz edib.

Yazarlarımız, şairlərimiz həmişə dünya ədəbiyyatında gedən proseslərdən ayrı düşməmək üçün cəhd göstərib. Amma təəssüf ki, biz çox vaxt ləngimişik. Məsələn, bu gün bizim müasir gənc şairlər, yazıçılar dünya ədəbi prosesindən çox kənardadırlar. Sanki uzaq, yalqız bir adadadırlar. İyirmi beş yaşlı azərbaycanlı yazıçı iyirmi beş yaşlı fransız yazıçısının nə yazdığından xəbərsizdir. Dünya ədəbi prosesində hər hansı bir ədəbi cərəyan, istiqamət parlayıb sönəndən sonra biz də ayılırıq ki, filan şey varmış, ondan gərək bizdə də olsun. "Bəyin oğurlanması" filmindəki məşhur bir səhnədə deyildiyi kimi, "o əjdahadan niyə bizdə yoxdur?!" - deyib həmin əjdahanı süni surətdə dartıb ölkəmizə gətirməyə çalışırıq.

Müasir dünya ədəbiyyatındakı proseslərdən xəbərsizliyimizin ən böyük səbəbi dil baryerimizin olmasında və tərcümə problemindədir. Yeni çıxan əsərlər ya vaxtında tərcümə olunmur, ya da ümumiyyətlə, tərcümə olunmur. Bəzən çox keyfiyyətsiz şəkildə çevrilir. İngilisdilli yazıçılarımız yox səviyyəsindədir. İngilis dilini öyrənməyimiz dünya ədəbi dəyərlərini əxz eləməyimiz üçün çox vacibdir".

Vaqif Sultanlı

"Qərb rasional düşüncə ilə ona lazım olanları zaman-zaman əxz etməyin yolunu müəyyənləşdirdiyindən bu gün ədəbi dəyərləri bütün dünyaya diktə edir. Azərbaycan isə Şərqin bir parçası olaraq, tarixən rasionallıqdan qopduğu üçün öz yaratdıqları özünə də sirr olaraq qalıb, ədəbi mirasını dünyaya çıxara bilmədiyi kimi, Qərb estetik təfəkkürünü də sistem halında qavraya bilməyib.

Orta çağlardan günümüzədək Azərbaycan bədii fikrinin miqyası daralan çevrə ətrafında fırlanıb. Bu isə təbii olaraq, Azərbaycan ədəbiyyatının tarixən sahib olduğu bəşəri ruhu söndürərək məhəlli düşüncəyə yuvarlayıb, iqtibas və təqlid sənətinə yol açıb. Azərbaycanın parçalanması doğma türkcəni zədələyib, yasaqlayıb, bədii dilin coğrafi sərhədlərini məhdudlaşdırıb, vahid ədəbi mühitin yaranmasına imkan verməyib. Bu isə nəticə etibarilə dünyanı tanımağa və dünyada tanınmağa mane olan ən mühüm səbəblərdən biridir".

Seyfəddin Hüseynli

"Hötenin "Ekkermanla söhbətlər"i yayılandan, yəni haradasa 2 əsrə yaxındır ki, "ayrı-ayrı xalqların ədəbiyyatı", yaxud "milli ədəbiyyatlar" anlayışının yerini dünya ədəbiyyatı tutmağa başlayıb. Bu da, təxminən, o anlama gəlir ki, ədəbi dəyərlərə münasibətdə universal-beynəlmiləl ölçülər, yaxud ümumbəşəri ədəbi parametrlər sözün lokal mənasında, milli meyarlardan önə keçir. Başqa sözlə, estetik və etik mündəricə baxımından dünya ədəbiyyatı ilə üzvi vəhdətdə təzahür tapmayan, bu kontekstdə təsdiqlənməyən ədəbiyyat nümunələri, nəinki beynəlmiləl, heç milli statusunda da doğru-düzgün qərar tutub oturuşa bilmir. Bu proses dünyada artıq böyük ölçüdə gerçəkləşmiş, özünü doğrultmuş sayıla bilər. Azərbaycanda da milli və beynəlmiləl ədəbi dəyərlər arasında sərhədlər, bir qədər gec, bir az ləng də olsa, şəffaflaşmaqda, aradakı nisbət birincinin tərəfinə tədricən dəyişməkdədir. Odur ki, ədəbi dəyərlər kimi Qərb, bütövlükdə isə dünya oxucularına təklif etdiklərimiz də, dünya ədəbiyyatından əxz etməli olduqlarımız da - əgər inkişaf naminə mübadilədən, tərəqqiyə aparan inteqrasiyadan söhbət gedirsə - məhz həmin üstün meyarlarla müəyyən olunmalıdır. Yəni əsas olan meyarların, ölçülərin dürüst, sərrast təyinidir. Onda bu meyarlara cavab verib ədəbi dəyər adlandırılacaq konkret nümunələri – istər dünya, istərsə də Azərbaycan ədəbiyyatından - müəyyən etmək heç də çətin olmaz. Elə bilirəm ki, nəticədə kifayət qədər geniş, zəngin, rəngli bir siyahı ələ gələr".

İlqar Rəsul

"Hesab etmirəm ki, ədəbiyyatın Qərb və ya Şərq qarşısında hər hansı öhdəliyi, yaxud düşünülmüş missiyası olmalıdır. Fikrimcə, həqiqi ədəbi əsər özü yazılır və bu cür yazı prosesində bunu bacaran yazıçı özü də təxminən oxucu vəziyyətində olur. Ona görə də əvvəlcədən nəyisə təklif etmək barədə düşünməyi məqbul saymıram. Amma prosesin gedişində Azərbaycanın tarixindən - xüsusilə cümhuriyyəti quranlar, onların taleyi, bolşevik işğalı və s. eləcə də mədəniyyət nümunələrimiz hansısa formada əsərdə özünə yer taparsa, bunu çox yüksək dəyərləndirirəm.

Milli ədəbiyyatımızın hələ ki, dünyadan əxz etdikləri göz qabağındadır. Bir çoxları ya üslubu götürməyə, ya da hansısa, deyək ki, romanın strukturunu təkrarlamağa çalışır. Məncə, biz dünyadan, sadəcə, oturub yazmağı, yəni öz istedadımızı sərgiləməyi öyrənməliyik. Kim daha istedadlıdırsa, gec-tez onda alınacaq".

Akif Əhmədgil

"İsmayıl Şıxlının "Dəli Kür" romanını , Anarın "Yaxşı padşahın nağılı"nı və Elçinin "Şuşaya duman gəlib" hekayəsini... Klassik poeziyamızdan Füzuli və Sabirin, müasirlərdən isə Musa Yaqub və Məmməd İsmayılın şeirlərini... Qərbdən və rus ədəbiyyatından isə Qoqolun, Çexovun hekayələrini, bir də fransız yazıçısı Antuan de Sent Ekzüperinin əsərlərini..."

Qan Turalı

"Azərbaycan ədəbiyyatından Qərb oxucusuna heç nəyi təqdim edə bilmərik. Dəyərlər isə milli deyil, bəşəridir".

Tarix
2016.10.04 / 08:30
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla