İstər yaz, istərsə də payız ayları yetəndə yurd nisgilli
kövrək qəlbimdə köç ab-havası yaranır. Yazda havalar
istiləşər-istiləşməz Aran Qarabağdan başlayan köç elat yolu ilə
yaylaqlara yön alar, payız gələr-gəlməz, soyuqlar düşəndə,
güllər-çiçəklər solanda üzü geri, arana qayıtmağa başlardı. Məlum
olduğu kimi, elat yaylağa çıxmaq üçün ən azı iki həftə, bəzən də
bir az çox yolda olurdu. Hər iki halda bu köçlərin bir çoxu
Qasımuşağı obasının kəndlərinin ərazisindən, vaxtaşırı
abadlaşdırılan elat yolları ilə keçib gedərdi. Qayıdarkən bu yollar
ayrı-ayrı yaşayış məntəqələrinə aparsa da, yazda bu yollar köçləri
bir ünvana — Qırxqıza aparırdı.
Bildiyimiz kimi, müxtəlif vaxtlarda ulu babalarımız doğma yurdda
olan yerlərin hər qarışına hansısa səbəbdən bir ad verib. Verilən
coğrafi adlar əsrlər boyu formalaşıb, dilin inkişaf
xüsusiyyətlərinə uyğun olaraq dəyişib. Bu dəyişmələr zamanı tarixdə
baş vermiş ictimai-siyasi hadisələr də az rol oynamayıb. Bu
səbəbdən də öncə Qırxqız dağının ad mənzərəsinə nəzər yetirək.
Bu dağın adının yaranması, mənşəyi və mənası, qrammatik
quruluşu, düzgün yazılışı və əsl mənası haqqında dəqiq yazılı
məlumat əldə edə bilməyən, tez-tez sürgünlərdə olan, yarımköçəri
həyat sürən yerli əhali özündən müxtəlif fantaziyalar yaradıb.
Sonda bu cür fantaziyalar bir rəvayətin yaranmasına gətirib
çıxarıb. Yerli əhali arasında yayılan bu rəvayətə görə, Qızqalanın
40 qız üçün tikildiyi ilə Qırxqız dağ adının yaranması arasında
əlaqə olduğu iddia olunur.
Rəvayətə görə, mahalın zalım padşahı eldə olan gözəl qızları öz
sarayına gətirib özünə arvad edərmiş. Zalım şah bir bahar çağı
növbəti dəfə elin say-seçmə, gözəl qızlarını yenə öz sarayına
toplayır. Öz abır, ismət və ləyaqətini qorumağa çalışan qızlar
başqa çıxış yolu tapmadıqda sözbir edib gecələrin birində qaçmağa
üstünlük verir. Gecənin qaranlığında gözətçini öldürən qızlar
uzaqlarda görünən zirvəsi dumanlı-çənli bir dağa üz tutur. Nabələd
olduqları bu dağda xeyli müddət gizlənir.
Rəvayətə əsasən, burada ömür-gün sürən qızlar sonra iki-iki
qruplara ayrılaraq, özlərinə Qarabağın dağ və aran bölgələrinin
əlverişli yerlərində koma tikir, yaşayış məskənləri salır.
Deyirlər, qızların qaçıb gizləndiyi bu dağı sonralar "Qırxqız"
(yəni qırx qızın qaçıb gizləndiyi, saxlandığı dağ) adlandırırlar.
Bir müddət sonra bu rəvayətlə əlaqədar olaraq, xalq arasında belə
bir zərb-məsəl də yaranır: "Qırx qızla bir dağda tək
qalmamısan".
Qırxqız adının bəzi mənbələrdə əvvəllər "Qızqala" adlandırıldığı
qeyd edilib. Maraq doğuracaq məsələlərdən biri də Azərbaycan
ərazisində əllidən çox "Qızqala" adlı abidənin qeydə alınmasıdır.
Onu da qeyd edək ki, təkcə Azərbaycanda deyil, Yaxın Şərq
ölkələrinin çoxunda "Qızqala" adlı abidələrə təsadüf edilir. Bu ad
altında olan qalaların əksəriyyətinin əsas xüsusiyyəti onların
dəniz və çay sahillərində, hündür yerlərdə tikilməsidir.
Qırxqızın ən uca zirvəsində inşa edilən Qızqalanın tikilmə
tarixi, funksiyası barədə bu günə qədər heç bir arxeoloji qazıntı
və araşdırma aparılmayıb. Bu abidə ətrafında yerli əhali arasında
rəvayətlər danışılsa da, onun hansı məqsədlərlə tikilməsi dəqiq
məlum deyil. Yüksək ərazidə tikilməsi onun hərbi təyinatlı
olmasına, digər qız qalaları kimi müdafiə-gözətçi istehkamı kimi
tikildiyini güman etməyə əsas verir. Əslində, Qızqalanın tədqiq
olunması ilə Qarabağın qədim tarixi və bu ərazidə mövcud olan
minlərlə abidələrdən biri haqqında maraqlı faktlar üzə çıxa
bilərdi.
Aparılan araşdırmadan belə qənaətə gəlmək olur ki, Qırxqız
oronimi iki hissədən - qırx və qız komponentlərindən ibarət
birləşmədən yaranıb. Xatırladaq ki, sözün birinci komponenti olan
qırx həm Azərbaycan, həm də digər türk dillərində sakramental
(müqəddəs) olduğundan, türkdilli xalqların leksikasında olduqca
işləkdir. İslamın təsiri ilə əhəmiyyətini daha da müqəddəsləşdirən
qırx (Kırk, Gırk, Kırh, Kırn və s.) türk, altay, orta Asiya və
yaxın şərq mifologiyalarında və xalq mədəniyyətində islamdan öncədə
mövcud idi. Bu səbəbdən də toponimkada da bu sözün özünəməxsus yeri
var.
Sözün ikinci komponenti olan qız/kız/kuz sözü isə ümumtürk
mənşəli leksik vahid olaraq, aşağıdakı mənaları kəsb etməkdədir:
"nadir", "əziz", "qiymətli", "mühafizə yeri", "sığınacaq",
"səngər", "gizli yer", "qala" və s. Beləliklə, Qırxqız sözünün
etimoloji mənası – qırx sığınacaq, qırx gizli yer, qırx səngər,
qırx qala anlamına gəlir.
Aparılan araşdırmalardan və Qırxqız dağında olan yer adlarından
aydın olur ki, bu yaylaqlarda heç bir erməni və yaxud kürd
mənsubiyyətindən söz açmağa dəyməz.
Qafqazda olan 2 dağ sıralarından biri, ümumi baş su ayrıcısı
olmayan Kiçik Qafqaz sıra dağlarında müxtəlif istiqamətlərdə uzanan
bir neçə silsilədən ibarət olan Qarabağ silsiləsinin şimal
hissəsində, Laçın, Kəlbəcər və Xocalı rayonu ərazisini əhatə edən
və Qırxqız adı ilə tanınan dağ ümumilikdə orta hesabla dəniz
səviyyəsindən 2697 metr yüksəklikdədir. Ən hündür zirvəsi Laçın və
Xocalı rayonlarının sərhədində və dəniz səviyyəsindən 2843 m
yüksəklikdə qərarlaşan Qızqala dağ zirvəsidir. Qırxqız adlanan
zirvə isə dəniz səviyyəsindən 2629 m yüksəklikdə yerləşir. Dağın
qərb ətəklərində Laçın, şərq ətəklərində isə Xocalı rayonunun
kəndləri sıralanır.
Qarabağ silsiləsinin şərq yamaclarında olan Qırxqız dağı
kaynazoy erasında yaranmış cavan dağlardan biridir. Bu dağı təşkil
edən süxurlar yura və tabaşir dövrünün süxurlarıdır. Burada
vulkanik süxurlar geniş yayılıb. Qırxqızın qoynunda duruş gətirən
qaya karvanları bir-birindən görkəminə görə çox fərqlənsə də,
bir-birini tamamlayır.
Qeyd edək ki, Azərbaycanın ən səfalı və füsunkar təbiətli
dağlarından biri sayılan Qırxqızın dağ ətəyi ərazilərdən başlayaraq
hündürlüyə doğru meşə, subalp, alp, subnival, minvallandştaft
qurşaqları bir-birini əvəz edir.
Torpaq, bitki və heyvanat aləmi şaquli zonalılıq üzrə dəyişən
Qırxqız dağına torpaq örtüyünün və bitkilərin inkişafı üçün lazımi
miqdarda yağıntı düşür. Qırxqız dağında qış fəsli quraq keçən
soyuq, yay fəsli isə sərin olur. Yaz və payız fəslində daha çox
yağıntının düşdüyü Qırxqız dağında illik yağıntının miqdarı orta
hesabla 500-900 ml-dir. Burada ən isti günlər iyul, ən soyuq günlər
isə fevral ayında özünü göstərir.
Zəngin bitki örtüyünə malik olan ərazidə minlərlə bitki növünə
rast gəlinir. Ərazi dərman, endemik və nadir bitkilərlə də zəngin
olmaqla yanaşı, bu əraziləri ən yaxşı təbii muzey hesab etmək olar.
Qəhvəyi dağ-meşə, qonur dağ-meşə, çimli dağ-çəmən torpaqları
üstünlük təşkil edən Qırxqızın həm şərq, həm də qərb yamaclarının
orta və yuxarı dağ meşə qurşaqları meşə örtüyü ilə zəngindir. Bu
dağ meşələrində geniş yayılan palıd, fıstıq, vələs ağacları ilə
bərabər bir çox digər ağaclar - cökə, ağcaqayın, qaraağac, həmçinin
kol bitkiləri - yemişan, əzgil, dovşanalması, doqquzdon (qızqızik),
alça, fındıq, itburnu, zoğal, adi badam və s. geniş yayılıb. Qərb
yamaclarında, Hacısamlı meşələrində dünyada qiymətli olan və
Azərbaycanda yalnız bu ərazidə bitən qırmızı palıd ağacı (qızıl
palıd) var.
Meşə qurşaqlarından yuxarıda subalp (2200-2500 m) və alp
(2500-2800 m) çəmənlikləri qurşağı öz yerini tutur. Bu yerlərin
bitkiləri dağ-çəmən bitkiləridir. Bu qurşaqlarda çətin şəraitin
hökm sürməsinə baxmayaraq, sayı və növü kifayət qədər olan heyvan
və quşlar buranı özlərinə məskən seçiblər. Bu qurşaqların meşəsiz
sahələri yay otlaq sahəsi kimi əvəzedilməzdir. Qədim dövrlərdən
başlayaraq, bu dağ tirəsinin yuxarı yamaclarında və ətəklərində
maldarlıqla məşğul olan tayfaların yaylaqları yerləşir. Xanlıqlar
dövründə xanlıq torpağı, sovet dönəmində isə burada dövlət
torpaqları və şəxsi yaylaq yerləri mövcud idi. Hətta dövlət
torpaqları bəzən icarəyə də verilirdi. XIX əsrin sonu XX əsrin
əvvəllərində hər desyatin üçün 40 qəpik pul ödənilirdi.
Heyvanat aləmi də Qırxqızda şaquli zonalılığa uyğun inkişaf
edib. Qırxqız meşələrində əlik (cüyür), donuz, ayı, vaşaq, tülkü,
çaqqal, çöl pişiyi və digər heyvanlara rast gəlinirdi. Quşlardan
qaratoyuq, bülbül, ağacdələn, şanapipik, quzğun, qızılquş, qırğı,
bildirçin, alabaxta, göyərçin, kəklik və s. göstərmək olar. Hündür
yalçın qayalarda əsasən dağ keçisi və qartal məskən salıb.
Qırxqız dağlarına düşən illik yağıntı burada sürətlə axan
çayların qidalanmasının əsas hissəsini təşkil etdiyindən şərqə və
qərbə doğru axan bütün çaylar (Narzan, Ələkçi, Piçənis, Kolatay,
Bədərə və başqa çaylar) daşqın xarakterlidir. Dağ yamaclarında bu
çay və sel sularının güclü təsiri nəticəsində dərin və sıldırım
yamaclı dərələr əmələ gəlib.
Dağ yamaclarında olan yer adları bunlardır: Kəmər qaya,
Qaranlığın dərəsi, Cinni gədik, Qara qaya, Dolubasan, Kotan qaya,
1-ci yurd, 2-ci yurd, Sarıyurd, Dəlik daş, Ağ qaya, Dərə yurd,
Ağalı, Bərə güney, Çoban güney, Yağlı bulaq, At qoruğu, Qatar qaya,
Haça qaya, Qoruğun yalı, Duzlağın yalı, At bulağı, Göz bulaq,
Meydan, Seyid qəbri, Yal Yurd, Çubuq qayası, Qoyun yolu, Dərviş
qaya, Göy xir, Ağcayazı, Ağ uçuq, Bala güney.
Bir vaxtlar qırx xanımın, qırx qızın sığınacaq tapdığı və sonda
onlara nicat bəxş edən Qırxqız dağı indi öz doğma övladlarına qucaq
aça bilmir, artıq bizlər üçün çox-çox yadlaşıb. Qoynunda yağı
düşmən gəzib-dolaşır, dünyaya gələn və dünyada analoqu olmayan
düşmən bu gün özünü bu yurd yerlərinin sahibi hesab edir.
P.S. Təqdim etdiyimiz şəkillər Laçın rayonunun
işğalından sonra çəkilib. Bəzi şəkillərdə əks olunan təyyarə
parçaları, 1990-cı il avqustun 1-də İrəvandan Xankəndinə uçan
Yak-40 təyyarəsinin qəzaya uğramasından sonra indiyə qədər qalan
qalığıdır. Hadisə nəticəsində 39 sərnişin və 4 ekipaj üzvü həlak
olub. Təyyarənin qalığı və cəsədlər Laçın rayonunun Fərraş kəndi
yaxınlığında aşkar edilib. SSRİ-nin Dövlət Komissiyasının rəsmi
versiyasına görə, pilot məhdud görünmə şəraitində təyyarəni düzgün
istiqamətləndirə bilməyib.