Əksər ədəbi tənqidçilər bədii ədəbiyyatın çağdaş həyatı
və problemlərimizi kifayət qədər əks etdirmədiyindən şikayətlənir.
Sizcə, ədəbiyyat nə dərəcədə siyasiləşməli,
sosiallaşmalıdır?
Axar.az ədəbiyyat adamlarının bu suala cavablarını təqdim
edir:
Şair Musa Yaqub:
"Ümumiyyətlə, tənqiddən nə yazıçılar, nə də ədəbi mühit heç vaxt
razı qalmayıb. Ədəbiyyat özünü yazmaq, tənqid isə yazılanı tənqid
və təhlil etməkdir və bu, çox çətindir. Yazıçı özünü, öz fikrini
yazır, tənqidçi isə başqasının yazdığına münasibət bildirir. Bəzən
tənqid yazanlar münasibətlərə baxır, nəyinsə, kiminsə xətrinə
yazılanlar daha çoxdur, nəinki ədəbiyyat naminə. Əvvəllər kim nə
yazırdısa, hansı uğurlu şeiri, yaxud nəsr əsərini ürəklə yazırdısa,
onu təbrik edirdik. İndi pis yaxşıya qarışıb, ayırmaq çətindir.
Tofiq Bayram deyərdi ki, şair zəif olanda oxucu da şairlik edir.
Bu, doğrudan da belədir, zəif şeiri görən hər bir oxucu, "mən də
belə yaza bilərəm" deyir. Hazırda vəziyyət belədir. Tənqid
siyasiləşməməlidir, siyasi müstəviyə enməməlidir. Ədəbiyyatlanmalı,
insan ruhuna, sosial tərzinə, təbiətinə, yaşayışına enməli,
işıqlandırmalı, təhlil etməlidir. Siyasiləşsə, çox pis! Axı siyasət
və ədəbiyyat arasında çox böyük fərq var. Siyasət xalqın xeyrinə
işləmir. Tənqidin siyasətə enməsi faciə deməkdir".
Dramaturq Firuz Mustafa:
"Ədəbiyyat haqqında indiyəcən yüzlərlə tərif deyilib. Amma mənə
elə gəlir ki, ona verilən klassik tərif bu gün də qüvvədə qalır:
yəni ədəbiyyat gerçəkliyi obrazlı şəkildə inikas etdirməlidir. Heç
kəs deyə bilməz ki, bədii əsər konkret olaraq, insan həyatına filan
qədər, filan bucaq altında müdaxilə və ya nüfuz etməlidir. Belə
olsaydı, ədəbiyyatın mahiyyəti, funksiyası, paradiqması və ünvanı
dəyişərdi. Amma burası da var ki, ədəbiyyat özündə hər zaman
sosial-siyasi-mənəvi keyfiyyətləri ehtiva edib. Bəzən birinin
"dozası" həddindən artıq çox olur və elə bu səbəbdən də bir çox
hallarda belə deyirlər: "Filan əsər siyasi məna kəsb edir, daha
doğrusu, siyasi romandır". Heç bir yazıçını hansısa problemi (lap
elə olsun çağdaş həyatı) nə dərəcədə işıqlandıra bilib-bilməməsinə
görə tənqid və ya təqdir etmək olmaz. Elə yazıçılar var ki, öz
dövrünün problemlərini qabardıb, hətta mövcud quruluş və
hakimiyyəti kəskin tənqid edib, amma ortalığa zəif əsər çıxarıb.
Əlbəttə, yazıçı cəsarətli olmalıdır. Lakin təkcə cəsarətlə iş
bitmir, istedad vacibdir. Fəqət yalnız istedadla da iş bitmir.
Yazıçıya və əsərə lazım olan başlıca keyfiyyətlərin siyahısını
kifayət qədər sadalayıb uzatmaq olar. Hesab edirəm ki, çox vacib
olan bircə şərt var: yazıçı ortaya əsər qoymalıdır. Vəssalam!"
Yazıçı Təranə Vahid:
"Yaradıcı insana nəyisə diktə etmək, "niyə
filan mövzuda yazmırsan, niyə filan problemi işıqlandırmısan"
demək, məncə, kökündən yanlışdır. Çünki o, istənilən halda azaddır.
Hansı mövzuda yazacağına özü qərar verər. Ədəbi tənqidin missiyası
isə hazır mətnləri araşdırmaq, təhlil etmək və münasibət
bildirməkdir. O ki qaldı ədəbiyyatın siyasiləşməsi və
sosiallaşmasına, siyasiləşən və sosiallaşan ədəbiyyat təbii
təyinatını itirir, əsl ədəbiyyat nümunəsinə çevrilə bilmir. Yaxın
tariximizə nəzər salaq. İdeologiyaya xidmət edən böyük sovet
ədəbiyyatından əsrimizə barmaqla sayılacaq əsərlər keçdi. Yerdə
qalanlar zamanın xəlbirində ilişib qaldı. Ədəbiyyatı çağdaş
problemləri əks etdirməməkdə də suçlamaq, məncə, doğru deyil.
Ədəbiyyat – xüsusi ilə nəsr, hadisələrə kənardan baxmağı xoşlayır.
İkinci Dünya müharibəsi haqqında ən gözəl əsərlər uzun illərdən
sonra yazıldı. Ədəbiyyat hamının gördüyünü yox, heç kimin
görmədiyini görən və göstərən güzgüdür. Ədəbiyyat həyatımıza yox,
duyğularımıza, ruhumuza müdaxilə edə bilər. Ədəbi tənqid belə
əsərlərin sorağında olmalıdır".
Şair Mübariz Məsimoğlu:
"Fərqində olsaq, görərik ki, ədəbi tənqidin əli heç ədəbiyyatın
ətəyinə belə çatmır. Bugünkü ədəbiyyatın sərhədi çoxspektrlidir.
Ədəbi tənqid dar bir dairədə fırlanmaqdadır. Ədəbiyyatın vəzifəsi
təbiətləşmə, siyasiləşmə, məişətləşmə və s. deyil. Əksinə, təbiəti,
siyasəti, məişəti bədiiləşdirmək, poetikləşdirməkdir. Bizim
ədəbiyyatımız bu yolla da gedir. Sadəcə olaraq, ədəbi tənqid bunu
görmür".
Şair Həyat Şəmi:
"Müasir dövrdə ədəbi tənqidin arzusu Azərbaycan ədəbiyyatını
çağdaş ictimai-siyasi düşüncə, müasir problemlər və real həyat
müstəvisində görməkdir. Ədəbiyyat həyatın bütün sahələrinə, dibinə
qədər nüfuz etməyi bacarmalıdır. Bütün demokratik cəmiyyətlərdə
ədəbiyyat sosiallaşmaqla yanaşı, siyasiləşə də bilir. Ədəbiyyatın
siyasiləşməsi yazıçının siyasi şüurunun inkişaf göstəricisidir,
məncə. Hər yazıçı və ya şair istedadı ilə yanaşı, öz
müşahidələrini, təfəkkürünü, siyasi, ictimai və ya ədəbi şüurunu
ortaya qoyur. Tənqidçi öz hədəfini düzgün müəyyənləşdirməlidir.
Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri günümüzün ən aktual
problemlərindəndir. Yazıçının işi yazmaq, tənqidçinin işi isə
yazılanları öz təhlil süzgəcindən keçirməkdir. Problemlər isə bütün
dövrlərdə olub, var və olacaq".
Şair Rafiq Hümbət (Gürcüstan):
"Hesab edirəm ki, ədəbiyyatımızın bütün
sahələrində inkişaf olsa da, bütövlükdə durum acınacaqlıdır. Çünki
ədəbiyyatımız da bazar və yarmarkalarımız kimi basırıq və
nizamsızdır, tənqidçilərimiz bu basırıqda ağı qaradan seçməkdə
çətinlik çəkir, eynən bazarlarda olduğu kimi, orijinalı piratdan
ayırmaq zorlaşıb. Millət kütləvi şəkildə bazara, ədəbiyyata və
manıs şoularına köçüb. Bu sahələri də əsasən imkanlı istedadsızlar
işğal edib, üstəgəl, qrup maraqları və şəxsi mənfəətlər prioritetə
çevrildiyindən, bəzi gözəl əsərlər gözardı edilir, ya da, olsun ki,
basırıqda nəzərə çarpmır. Orası da var ki, çağdaş həyatı və
problemlərimizi kifayət qədər əks etdirə bilməsi üçün bədii
ədəbiyyata ilk növbədə tam ruhi azadlıq və ya çılğınlıq gərəkdir.
Bir sürü ədəbiyyatdan uzaq "ədəbi vampirin" cəmiyyətin ədəbi
zövqünü zəli kimi sorması da gerçək söz adamlarının bədii
yaradıcılığında ən mənfi stimullardandır. İstənilən halda,
ədəbiyyat öncə yaranmalıdır, onun siyasiləşməsi, sosiallaşması
sonrakı mərhələdir. Və... əgər sən hansısa ədəbi əsəri oxuyursansa,
deməli, o artıq sənin həyatına müdaxilə edib".
Yazıçı Yunus Oğuz:
"Ədəbiyyat həyatın bir hissəsidir. Siyasətdə,
iqtisadiyyatda, dini-mənəvi, sosial, şəxsi həyatımızda nə baş
verirsə, ədəbiyyat bu və ya digər şəkildə onları əks etdirir. Bir
sözlə, ədəbiyyat həyatın inikasıdır. Ədəbiyyat
təkcə çağdaş həyatımızı deyil, həm də keçmiş və gələcəyi
yazmalıdır. Əslində, bədii ədəbiyyat hadisələrə düşüncələrlə
yanaşmaq deməkdir".