Tanınmış türkoloq alim, filologiya elmləri doktoru,
professor Minəxanım Nuriyeva-Təkləli eşitdiyi, gördüyü və oxuduğu
maraqlı əhvalatları kiçik hekayətlər şəklində yazır.
Axar.az professorun xalq şairi Söhrab Tahirlə bağlı qələmə
aldığı xatirə yazısını təqdim edir:
Mən də onları təmiz türkcə danışdırdım...
Bir gün mərhum Prezident Heydər Əliyev Söhrab Tahirə təkidlə
"Yaxşı bilirəm, sən şeir alverçisi deyilsən, götür Azərbaycanın ən
qədim tarixini nəzmə çək", - deyir.
Şair də düz 14 ilə 62 min misralıq, 2000 səhifəlik "Ata" eposunu
yazıb. Lakin vaxt uzanıb və Ulu Öndərə əsəri görmək müyəssər
olmayıb. Vaxt bir də o üzdən uzanmışdı ki, şair bir dənə də olsun
ərəb-fars sözü işlətməyib. Bu gün dilimizdə möhkəmlənən bir çox
sözü dəyişib əsil türkcə ilə əvəzləməyə çalışıb. "Bu, necə mümkün
oldu, qəribə deyilmi", - deyə, ondan soruşanlara şair belə cavab
verir:
- 11 min il bundan qabaq tariximizdə nə ərəb, nə də fars var
idi, sözləri də yox idi dilimizdə. 800 aparıcı surətim –
sərkərdələr və şahlar daxil olmaqla, hamısı o vaxt təmiz türkcə
danışıb. Mən də onları təmiz türkcə danışdırdım.
Mən bir də qayıdıb gələcəyəm...
Söhrab Tahir Tacikistanda imiş: Azərbaycandan və digər
ölkələrdən gələn şairlər çıxış edir. Özü bir ürək adamı olan Söhrab
müəllim burada deməyə seçdiyi şeir alqış və göz yaşları ilə
qarşılanır. Həmin şeirdə gənc həkim ana sağalmaz xəstəliyə düçar
olub, nəhayət, müalicənin əbəs olduğunu, xəstəliyinin çox
ağırlaşdığını görüb, özü dərin iztirablar içində olsa da, balaca
balasını - oğlunu düşünür və onunla söhbət etməyi qərarlaşdırır:
"Oğlum, mən səndən ayrılacağam yaxınlarda, öləcəyəm, məni
aparacaqlar... Amma üzülməni, ağlamanı istəmirəm. Çünki mən bir də
qayıdıb evə gələcəyəm, amma belə olmayacağam, istəyirəm, o zaman
düşünməyəsən ki, o gələn mən deyiləm, çünki mən daha cavan olub
gələcəyəm, sağlam, yanaqlarım qırmızı, saçlarım gözəl, şən, hey
danışıb güləcəyəm... Sən bil ki, o mənəm, yenə gəlmişəm evimizə
sənə görə... Səni döysəm də, ağlama... Mən çox
dəyişiləcəyəm..."
Hökumət sırasından belə hıçqırıq səsləri gəlirmiş. Sabahkı
tədbirdə dövlət başçısı xanımı ilə ona yaxınlaşıb "mən evdə o şeiri
dedim, xanımım sizi görməyə, o şeiri özünüzdən dinləməyə gəldi", -
deyir.
Bu oxuduqlarım Söhrab Tahirindi...
Böyük şair Xəlil Rza Ulutürkün şeir məclisləri çox coşqun, hər
biri bayram şənliyi kimi keçərdi. Getdiyi yas məclislərində belə
təkcə onu dinləyirdilər. Beləcə, heç kim, şair dostlarından heç
birisi şeir görüşlərinə şair olaraq qatılmaq istəməzdi: onsuz da,
hər kəs Xəlil Rzanı dinləməyi arzulayardı, kimsəyə yer qalmazdı.
Xəlil Rza bir gün Söhrab Tahiri özü ilə aparır, təbiəti etibarı ilə
nikbin, həm də mehriban insan olan Söhrab razılaşır. Gedirlər
görüşə: salon müntəzir, aşıb-daşır. Xəlil Rza tribunaya qalxır, bir
şeir deyir əzbərdən, alqışlanır, təkrar birini, sonra digərini,
salonu ələ almaq mümkün deyil: hamını bir həyəcan sarıb. Bu anlara
ya salon de, ya da fırtınalı dəniz, fərq etməz. 5-6 şeirdən sonra
yenə qopan alqışlar səngiyəndə Xəlil Rza "Bu oxuduqlarım Söhrab
Tahirindir, indi sizə öz şeirlərimi oxuyacağam", - deyir. Belə
böyüklük vardı onda.
Kranlardan süd, bal axır...
Təbrizdə qurulan Demokratik Milli Hökumət onu 1946-cı ilin
aprelində Bakıya oxumağa göndərir. Şair o günləri belə
xatırlayır:
- Qatarla yol gəlirdik, sovet təbliğatçıları orada demişdilər
ki, Bakıda evlərdə üç kran var, açırsan birindən süd, birindən su,
digərindən pivə və ya bal gəlir. Toyuqlar harada gəldi yumurtlayır,
baxan yoxdur. Amma elə ki, qatarımız sərhədi keçirik, Culfada
vaqonun yanı ilə uşaqlar "çörək, çörək", - deyə qışqırıb qaçırlar.
Əvvəl elə bildik, bu, bir quramadır, bizi yoxlayırlar. Lakin
onların halına dözməyib onlara çörək atdıq, yumru, koppuş Təbriz
çörəklərimiz vardı. Pəncərələrdən atdıq və uşaqların bir an içində
onları necə didişdirib yemələri, gördüklərimiz bizi sarsıtdı. Elə
sərhəddəcə kranlardan süd-bal gəlməyəcəyini dərk etdik.
Bura sənin yerin deyil...
Qarabağ müharibəsi başlayan vaxtlar idi. Şair Söhrab Tahir ön
cəbhəyə, birbaş səngərlərə - əsgərlərlə görüşə gedir. Onun ön xəttə
gəldiyini düşmən mövqeyindən də görürlər. Başında qaragül papaq,
əynində böyük, isti palto olan yaşlı şair sadəlövhcəsinə düz yolla,
gizlənmədən, qorunmadan gedir. Ermənilər öz səngərlərindən
bağırışır: "Molla, ay molla, qayıt get, bura sənin yerin
deyil".
Nə bilim, sən Söhrabsan?
Cənubi Azərbaycanda Demokratik Hökumət qurularkən 16 yaşında
olan Söhrab Tahiri oxumaq üçün Bakıya göndərirlər. Şah qoşunları
hücum edib Təbrizdə Milli Hökuməti yıxdıqdan sonra o da bir çoxları
kimi geri dönə bilməyib Sovet Azərbaycanında qalmalı olur. Təbii
ki, o tayda yaxınlarının onun öldü-qaldısından xəbəri olmur.
Məktublaşmaq da yasaq. Nəhayət, 20 ildən sonra hökumət izn verir,
o, evlərinə zəng edir. Ana bu səadətə birdən-birə inana bilmir,
səsi titrəyə-titrəyə "nədən bilim, sən Söhrabsan", - soruşur. Nə
deyəcəyini kəsdirə bilməyən şair üzündəki mis pul böyüklüyündə xala
işarə ilə "ana, sənin üzündəki xaldan eynilə mənim üzümdə də var",
- deyir.
Məşədi xanım...
Söhrab Tahirin xanımı rus qızı idi: təbiətən baməzə adam olan
şair arvadına "Meşat xanım", - deyirdi. Şairin ağzından bu ifadəni
götürən yaxın dostları da onu beləcə adlandırırdı. Xanım isə o
taylı olan ərinin onu çox hörmətkar bir tövrlə anmasından məmnunluq
keçirirdi. Bəs necə? Məşədi xanım! Xanım belə şərəfli tituldan çox
razı qalırdı. Əslində isə şairin xanımı çox qısqanc olduğundan onun
hər bir hərəkətini izləyir, sərbəstliyinə darılaraq hər bir işinə
qarışırdı. Böyük sənətkar isə onu sadəcə "Meşat xanım", yəni "mane
(meşat) olan" adlandırırdı.